"Məktəb,
şagirdlər həyatımın bir
parçasıdır"
Hər dəfə rayonumuza yolum düşəndə gedişimin məqsədindən asılı olmayaraq, doğma müəllimlərimlə, Ağsuda yaşayan ziyalılarla görüşməyi özümə borc bilirəm. Mənə dərs deyən, deməyən bütün müəllimlərə, pedaqoqlara olan ehtiramım kiçik ikən qələm tutmağı, yazıb-oxumağı öyrəndiyim ilk müəllimim Hikmət Əfəndiyevin unudulmaz xatirəsi boydadı. Səksən ildən artıqdır ki, Mirzəyevləri Ağsuda ziyalılıq ənənəsini nəsildən-nəslə ötürən bir şəcərə kimi tanıyırlar. Canalı Mirzəyev, Ziba Mirzəyeva artıq əbədiyyətə qovuşsalar da hələ də yetirmələrinin yaddaşında yaşayırlar. Bu gün respublika müəllimləri sırasında çalışan 30 nəfərdən artıq oğul, qız, gəlin, nəvə, nəticə Canalı və Ziba Mirzəyevlər ailəsinin layiqli davamçılarıdır. Bu nəslin övladları hər zaman bacarıq və istedadları ilə seçilir. Çalışdıqları kollektivdə onları ən yaxşı müəllim kimi xarakterizə edirlər. Fikrət Canalı oğlu Mirzəyevlə işlədiyi Ağsu rayonundakı A.Nadirov adına 1 nömrəli məktəb-liseydə görüşdük. Söhbətimizə Fikrət müəllimin şəxsən təşkil etdiyi "Ədəbiyyat kabineti"ndən başladıq.
- Gördüyünüz
bütün bu texniki avadanlıqları- kompüter
dəstini, proyektoru keçən il ad günümdə
ölkəmizin birinci xanımı Mehriban Əliyeva hədiyyə edib.
- Azərbaycan Dövlət Universitetinin
(İndiki BDU) filologiya
fakültəsini bitirmisiniz. Korifey müəllimləriniz olub,
eləmi?
- Həqiqətən
belədir. Ali təhsil illərimdə XX əsrin ən maarifpərvər
ziyalılarından olan böyük
yazıçımız Mir Cəlal Paşayev, Məmməd
Cəfər, Əkbər Ağayev, Muxtar Hüseynzadə, Səlim Cəfərov,
Əlövsət Abdullayev, Musa Adilov, Xəlil və Xalid Əlimirzəyevlər, Ağamusa
Axundov, Tofiq
Hacıyev kimi pedaqoqlardan
dərs almışam.
- Tələbəlik
illərindən yadınızda qalanlar...
- Tbilisi
və Şevçenko şəhərlərində
keçirilən elmi-praktik konfranslarda tələbə kimi
iştirak etmişdim.
Tbilisidə
"Mirzə Fətəli Axundzadə və gürcü ziyalıları", Ukraynada isə "Azərbaycan-Ukrayna ədəbi
əlaqələri" mövzusunda oxuduğum məruzələrim
birinci dərəcəli diploma
layiq görülmüşdü.
Universiteti bitirəndə "Cəfər Cabbarlının poeziya lirikası" mövzusunda
yazdığım diplom işim
yüksək qiymətləndirildi. Diplom
rəhbərim, şəxsiyyətinə ehtiram
etdiyim ən əziz müəllimlərimdən
biri- Tofiq Hacıyev idi.
Kafedra müdiri, professor Əlövsət Abdullayevin
və diplom rəhbərim Tofiq
Hacıyevin təkidi ilə mənə aspiranturada
oxumaq üçün
zəmanət verildi. Gözlənilməz
avtomobil qəzasına tuş
gəlməyim müəllimlərimin
də, mənim də arzumu gözümdə
qoydu. Çox uzun müddət
müalicə olundum.
- Müəllim kimi neçə ildir ki, fəaliyyət göstərirsiniz?
- Bi ilin oktyabr ayında qırx il olacaq.
Pedaqoji fəaliyyətə 30 oktyabr
1973-cü ildə Ağsu
rayon mərkəzindən 80 kilometr aralıda yerləşən Padar-Çöl
kənd səkkizillik məktəbində başladım.
Direktorumuz Alxan müəllim məktəbdə gözəl
bir kollektiv yaratmışdı. İki
il həmin
məktəbdə işlədim.
Qəza zamanı ayaqlarımdan aldığım zədələrim
hələ tam sağalmadığından
dərsə qoltuq ağacları ilə gedib-gəlməyə məcburdum.
Səhhətimə görə əziyyət
çəksəm də,
ürəyimdə böyük
bir öyrətmək
şövqü vardı.
İlk olaraq məktəbdə
"Ədəbiyyat kabineti"
yaratdım. Klassiklərimizdən tutmuş dünya ədəbiyyatının görkəmli
simalarına qədər
ədəbiyyatda izi olanların portretlərini,
əsərlərini əldə
edib "Ədəbiyyat
kabineti"nə yerləşdirdim.
Həmin
məktəbdə işlədiyim
dövrdə respublika
mətbuatında çıxış
etməyə başladım. O illərdə "Azərbaycan
müəllimi" qəzetində
çap olunmuş "Quluyev, yoxsa Quliyev" başlıqlı
bir yazım geniş müzakirəyə
səbəb olmuş,
mərhum professorumuz
Musa Adilov həmin yazımla bağlı mənə məktub ünvanlamış, yazdıqlarımı
təqdir etmişdi. İki il Padar-Çöl,
səkkiz il Ərəbuşağı
kənd orta məktəblərində işlədikdən sonra rayon mərkəzindəki 1 nömrəli
məktəbdə işləməyimi
məsləhət gördülər.
Artıq
30 ildir ki, bu məktəbdə çalışıram. Burada
da "ədəbiyyat
kafedrası" yaratmış,
zəngin kitabxana təşkil etmişəm.
20-dən çox diplom və tərifnamə almışam.
- Şagirdlərinizin
diqqətini dərsə
yönəltməkdə çətinlik
çəkmirsiniz?
- Mən
dərs zamanı çalışıram ki,
şagirdlərə demək
istədiyim fikirlərimi
əyani dərs vəsaitlərindən istifadə
etməklə çatdırım.
Müəllim ilk cümlədən şagirdin diqqətini özünə yönəltməyi
bacarmalıdır. Məsələn, tutaq ki, növbəti
dərsimizdə II Dünya
müharibəsinin əfsanəvi
qəhrəmanlarından- Mehdi
Hüseynzadədən bəhs
edəcəm. Dərsin
mövzusunu elan etdikdən sonra mətləbə keçirəm:
"Uşaqlar, Mehdi Hüseynzadə mavi Xəzərin sahilində yerləşən Novxanı
kəndində doğulub
böyümüşdü. Vətənini qızğın məhəbbətlə sevirdi.
Ən çətin döyüş tapşırıqlarını
yerinə yetirəndə
də Bakını,
Novxanını xatırlayardı.
Darıxanda hisslərini şeirə
çevirərdi".
- Kənd müəllimlərini
şəhər müəllimlərindən
fərqləndirən nəsə
varmı?
- Kənddə, rayonda
müəllim işləmək
o demək deyil ki, dərsini keçib qurtardın, sənin vəzifən bitdi. Paytaxtdan kənarda çalışan
müəllimlərin çiyninə
düşən məsuliyyət
ikiqat ağırdır.
Müəllim hər zaman
öz üzərində
çalışmalı, bilik
səviyyəsini artırmalı,
dünyagörüşünü zənginləşdirməlidir. Müəllim şagirdi maraqlandıran
hər bir suala dürüst, dəqiq, sərrast cavab verə bilməlidir. Bugünkü
İnternet əsrinin şagirdlərini otuz-qırx
il əvvəlki şagirdlərlə bir
tutmaq olmaz. Bu gün Azərbaycan
məktəblilərinin sorağı
beynəlxalq olimpiadalardan
gəlir. Rayonumuzdan neçə-neçə
şagirdimiz respublika fənn olimpiadalarının
iştirakçısı və
qalibi olub.
- Yuxarıda dediniz
ki, dərs deməklə müəllimin
vəzifəsi bitmiş
hesab olunmur...
- Demək istəyirdim
ki, müəllim dərs deməklə yanaşı, cəmiyyətdə
gedən proseslərdə
də fəallıq göstərməlidir. 1975-ci ilin
dekabr ayında Maarif Nazirliyi Göyçay şəhərində
"Yuxarı sinif şagirdlərinin əmək
tərbiyəsi" adlı konfrans təşkil etmişdi. Orada oxuduğum məruzəyə
görə I dərəcəli
diplom qazandım.
Vətənimiz müstəqilliyini
yenidən bərpa etdikdən sonra bir müəllim
kimi mənim də uğurlarım çox olub. 1996-cı ildə ali dərəcəli
müəllim, 2000-ci ildə
I dərəcəli diplom,
2002-ci ildə I dərəcəli
diplom, 2003-cü ildə
"İlin ən yaxşı müəllimi",
2005-2007-ci illərdə "Qabaqcıl təhsil işçisi",
2008-ci ildə Azərbaycan
müəllimlərinin XIII qurultayının nümayəndəsi,
2009-cu ildə "Əməkdar
müəllim", 2010-cu ildə
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibi olmuşam. Pedaqoji fəaliyyətim dövründə
50-dən artıq elmi-pedaqoji
məqalə, üç
bədii əsərə
ön söz yazmışam. Ulu öndərimizin
şərəfinə "Rəhbərim" adlı
poemam çap olunub. Salyan, Neftçala, Hacıqabul, Şamaxı, Quba, Xaçmaz rayonlarının
məktəblərində vətənpərvərlik
mövzusunda məruzələr
etmişəm.
- Fikrət müəllim,
ilk müəlliminiz kim olub?
- Heç vaxt unutmadığım Novruz
Nəsirov. O, çox
zəhmətkeş və
bacarıqlı müəllim
kimi qalıb yadımda.
- Orta məktəbdə
oxuyanda ən çox sevdiyiniz fənn hansı olub?
- Kimya istisna olmaqla bütün fənlərdən qiymətlərim
yüksək olub.
- Müəllim sənətinə
məhəbbətiniz haradan
qaynaqlanıb?
- Müəllimlik valideynlərimin bir vaxtlar getdikləri şərəfli yoldur, indi də mən gedirəm.
- Estafet hələ
ki sizdədir?
- Mən estafeti
çoxdan etibarlı
əllərə ötürmüşəm.
Böyük oğlum Babək
Mirzəyev və gəlinim Sevinc xanım Bakıdakı 218
nömrəli tam orta məktəbdə Azərbaycan
dili və ədəbiyyat fənnindən
dərs deyirlər.
İkinci oğlum Kamal
Mirzəyev Ağsu
Rayon İcra Hakimiyyətində
çalışır. Qızlarım Günel və
Şəbnəm də
Azərbaycan dili və ədəbiyyatından
dərs deyirlər.
Baba və ata
yolunun davamçılarıdırlar.
- Fikrət müəllim,
Azərbaycanı gələcəkdə
bugünkü şagird
potensialı təmsil
edəcək. O "gələcək"
təsəvvürünüzdə necədir?
- Tez-tez şagirdlərimə
deyirəm ki, ulu öndərimiz illər öncə demişdi: "Azərbaycan
dünyaya günəş
kimi doğacaq". Azərbaycanın Təhsil
Strategiyası haqqında
da mənim subyektiv fikrim budur ki, yeni
təhsil nazirimiz Mikayıl
Cabbarovun təhsil sahəsində götürdüyü
kurs ümidvericidir. Bir pedaqoq kimi mən
də bu kursun davamlı olması yolunda əlimdən gələn
köməyi əsirgəməyəcəyəm.
- Prezidentimiz cənab
İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri
diqqət və qayğı göz qabağındadır.
- Hazırda rayonumuzun
Rəhimli kəndində
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni məktəb
binasının tikintisi
başa çatmaq üzrədir. Biz də ölkə rəhbərinin
bu diqqət və qayğısının
qarşılığı olaraq səviyyəli
şagirdlər yetirməyə
səy göstəririk.
- Fikrət müəllim,
təqaüdə çıxmaq
ərəfəsində, ovqatınız
necədir?
- Dekabrın ikisində
63 yaşım tamam oldu. Təqaüd yaşına çatmağıma
təəssüflənmirəm. Məktəb,
şagirdlər həyatımın
bir parçasıdır.
Səliqəli, tərtəmiz,
müasir bir dərs otağında şagirdlərə elm öyrətməkdən
gözəl nə ola bilər
ki?
- Kənd müəlliminin
dolanışığı necədir?
- Səmimiyyətimə inanın. Bir müəllim kimi
dolanışığımdan məmnunam. Mən də, həyat
yoldaşım da müəllim işləyirik.
Biz planlı yaşamağa
vərdiş etmişik.
Ona görə də heç vaxt heç nədən korluq çəkmirik.
- Repetitorluqla məşğul
olmaq müəllim üçün qəbahətdir,
yoxsa hobbi?
- Mənə elə
gəlir ki, nə baş verirsə-versin, müəllim
ona ayrılan dərs saatını səmərəli şəkildə
istifadə etməlidir.
Mənim də
buraxılış siniflərindən əlavə məşğul
olduğum şagirdlərim olur. Ancaq mən bunu maddiyyat xatirinə
etmirəm. Təki, şagirdlərimiz ali
məktəbdən kənarda qalmasınlar.
- Müəllimin fiziki yorğunluğunu
şübhəsiz ki, onun
mənəvi rahatlığı kompensasiya
edir. Heç dərsdə
yorulan vaxtınız olub?
- Müəllim yoruldusa, onun fəaliyyətində
uğur axtarmağa dəyməz.
Bu ömrü bir də yenidən
başlasaydım, müəllim peşəsini əsla başqa peşəyə dəyişməzdim.
Söhbəti yazdı: Ellada
UMUDLU
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.13.