Təhsil strategiyasında
məzmun
islahatları: əsas strateji hədəflər
Təhsil
strategiyası - hədəflər
Cəmiyyətin gələcək tərəqqisi
indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən
asılıdır.
Heydər ƏLİYEV,
ümummilli lider
Müstəqil Azərbaycanın
son illərdə fenomenal
inkişaf tempinə görə regionda və dünyada siyasi nüfuzu və iqtisadi qüdrəti artmış, BMT-nin məlumatına əsasən,
"yüksək insan inkişafı"
ölkələri qrupuna yüksəlmişdir.
Bu gün bütün dünyada geniş vüsət alan qloballaşma prosesləri və sürətlə
dəyişən informasiya-kommunikasiya
texnologiyaları ölkələrin sosial-iqtisadi
və mədəni həyatına güclü
şəkildə nüfuz etməkdədir.
Belə bir şəraitdə
ölkə həyatının bütün
sahələrində qloballaşmanın mənfi təsirlərini
önləmək, Azərbaycanın davamlı,
dayanıqlı və rəqabətqabiliyyətli
inkişafını təmin etmək üçün
dövlət başçısı, Prezident
İlham Əliyev tərəfindən bu yaxınlarda "Azərbaycan 2020: Gələcəyə
baxış" İnkişaf
Konsepsiyası təsdiq edilib. Konsepsiyada ölkədə biliklərə əsaslanan
iqtisadiyyatın qurulmasının həlledici amili
olan insan
kapitalının adekvat inkişafı ön plana çəkilib.
Azərbaycanda insan
kapitalının inkişafı
çağırışları ölkədə nəzərdə
tutulan iqtisadi inkişaf modelinin
qurulmasında qloballaşan dünyanın
tələblərinə cavab verən, insan resurslarının yetişdirilməsinə
cavabdeh olan müasir təhsil sisteminin
formalaşdırılması kimi milli və planetar xarakterli missiyanın
reallaşdırılması tələbini ortaya
qoyub. Bu baxımdan ölkənin gələcək sosial-iqtisadi və mədəni yüksəlişinin
əsas şərtlərindən, müstəqil dövlətin
təməl təsisatlarından olan müasir təhsil sisteminin
qurulmasını hədəfləyən "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın bu günlərdə
ölkə Prezidenti tərəfindən təsdiq
olunmasının müstəsna tarixi əhəmiyyəti
vardır.
Strategiya sürətlə modernləşən
Azərbaycanda müasir təhsil sisteminin formalaşdırılması məqsədilə
aşağıdakı beş strateji istiqamətdə genişmiqyaslı, kardinal islahatların gerçəkləşdirilməsini
nəzərdə tutur:
* Səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun
yaradılması;
* Təhsilalanların
fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim
metodları və texnologiyaları vasitəsilə təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin
edən yüksək nüfuzlu təhsilverənin
formalaşdırılması;
* Nəticələrə
görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik,
dövlət-ictimai xarakterli və dövlət-biznes
partnyorluğuna əsaslanan təhsildə
yeni idarəetmə sisteminin
qurulması;
* Müasir
tələblərə cavab verən və
ömür boyu təhsili
təmin edən infrastrukturun
yaradılması;
* Təhsilin
dayanıqlı və müxtəlif mənbələrdən
istifadə olunmaqla yeni
maliyyələşdirmə mexanizminin bərqərar
olması.
Göründüyü kimi, Strategiyada
nəzərdə tutulan strateji
istiqamətlər içərisində birinci
yerdə "səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun yaradılması" durur.
Bu strateji istiqamət
təhsilin məktəbəqədər, ümumi,
ilk peşə-ixtisas, orta
ixtisas və ali olmaqla, bütün pillələri
üzrə yeni kurikulumların
hazırlanması və inkişafı kimi
vacib olan strateji hədəfləri əhatə edir.
Düşünürəm
ki, Strategiyada əsas strateji istiqamətlər içərisində
təhsilin məzmununun ön plana çəkilməsi və bu amilin digər istiqamətlər
üçün sanki
bir çıxış nöqtəsi kimi seçilməsi istər tarixi-mədəni
ənənələr, istərsə də müasir
yanaşmalar baxımından uğurlu addım kimi dəyərləndirilməlidir. Təsadüfi deyildir ki, təhsil strateqlərinin yekdil
fikrinə görə, təhsilin məzmununu düzgün
müəyyənləşdirmədən təhsildə uğurlu nəticədən, keyfiyyətdən,
eləcə də təhsilalanların layiqli
vətəndaş və peşəkar kadr
kimi yetişdirilməsindən söhbət
belə gedə bilməz. Ancaq etiraf etmək lazımdır ki,
bu gün təhsil
sistemində mövcud olan
problemlərin bir qismi
bu mənbədən qaynaqlanır. Bu baxımdan Təhsil Strategiyası bu problemlərin həlli yollarına
işıq tutur, təhsilin bütün pillə və səviyyələrində
məzmun islahatlarının aparılmasının aydın
proqramını verir...
Azərbaycanda təhsil
quruculuğunun banisi və
böyük himayəçisi, ümummilli lider Heydər
Əliyevin bir müdrik
kəlamını burada xatırlatmaq yerinə
düşərdi: "Cəmiyyətin gələcək tərəqqisi
indi gənclərimizə nəyi və
necə öyrətməyimizdən asılıdır".
Hesab edirəm ki, təhsilin
məzmununa böyük önəm verilməsi
həm də müstəqil dövlətçilik prinsipləri,
sosial-iqtisadi inkişaf
tələbləri və beynəlxalq təcrübə
baxımından da özünü
doğruldur.
Strategiyada deyildiyi
kimi, beynəlxalq təcrübədə təhsilin
məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin
sosial-iqtisadi inkişaf
tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən
ibarətdir. Kurikulumlar hər şeydən öncə iqtisadi
inkişaf məqsədlərinə xidmət
edən bilik və bacarıqları, səriştəni
aşılayan məzmuna malik
olmalıdır. İqtisadi inkişafda uğurlar əldə
etmiş ölkələrdə biliklərə
əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi
siyasətin prioriteti olduğundan
kurikulumlarda innovasiyaların əhəmiyyəti,
təhsilalanların müxtəlif sosial fəaliyyətə
təşviq olunması və onların tədris
bacarıqlarının inkişafı xüsusi
vurğulanır.
Bu
da tarixi
reallıqdır ki, son
30-40 ildə dünyada baş
verən elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində
təcrübi bilik və vərdişlərlə
zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz
fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin
məzmununun formalaşdırılmasında akademik
biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin
vacibliyi ön plana çəkilir.
Səriştə təhsilalanın təlim prosesində
qazandığı bilik və
bacarıqları praktik fəaliyyətdə
səmərəli şəkildə tətbiq etmək qabiliyyətidir.
O, şəxsin (fərdin) qazandığı bilik
və bacarıqların konkret fəaliyyətin
nəticəsinə çevrilməsini təmin edir. Bu mənada səriştəyə əsaslanan
nəticəyönlü təhsil sosial-iqtisadi
inkişafa daha səmərəli
xidmət göstərir.
Strategiyada təhsilin məzmunu ilə bağlı
yeni strateji tədbirlərdən
biri kurikulumların inkişafının
davamlılığı ideyasının irəli sürülərək
elmi cəhətdən əsaslandırılması
sayıla bilər. Sənəddə deyildiyi
kimi, kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi
yenilikləri, innovasiyaları nəzərə almaqla,
daim inkişaf etdirilməlidir.
Bu da nəzərə
alınmalıdır ki, kurikulumlar müxtəlif təhsil pillələrində
spesifik yanaşma tələb
edir. Mətləb
aydınlığı üçün
deməliyəm ki, ümumi
təhsil pilləsində kurikulumun məzmununda
əsas prioritet - azərbaycançılıq
ideyalarına sadiq olan,
milli mənəvi dəyərlərə,
insan hüquq və
azadlıqlarına hörmət edən, müstəqil və
yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdirsə, ali təhsildə isə əmək
bazarının cari və perspektiv
tələblərinə cavab verən
peşəkarlıq, müasir texnologiyalar üzrə kompetensiyalar
əsas prioritet kimi götürülür. İlk
peşə-ixtisas, orta ixtisas
təhsili və ali təhsil
kurikulumlarının daim inkişafı,
müntəzəm yeniləşdirilməsi və modernləşdirilməsi
əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini və
onların zaman-zaman nəzərə
alınması zərurətini doğurur.
Lakin yeri gəlmişkən, qeyd
etmək yerinə düşər ki,
hazırda ilk peşə-ixtisas və orta ixtisas təhsili
kurikulumları müasir tələblərə
cavab vermir, ali təhsil pilləsində isə
kurikulumların inkişafı iqtisadiyyatın inkişaf
dinamikasından geri qalır.
İnanıram ki, Strategiyanın təhsilin
bu pillələrinin
kurikulumlarının yeniləşdirilməsinə dair tələblərinin, hədəf və tədbirlərinin
reallaşdırılması bu sahədəki
boşluğun qısa zamanda
aradan qaldırılmasına güclü təkan verəcəkdir. Sənəddə
yer alan yeni hədəflərdən biri
də ali təhsil müəssisələrinə
təhsilin məzmununun tətbiqi müstəqilliyinin, ali məktəblərə akademik
muxtariyyətin verilməsi məsələsinin nəzərdə
tutulmasıdır.
Azərbaycan təhsilinin
məzmunu üzrə qarşıdakı dövrdə
aparılacaq islahatlara dair
Strategiyada 14 konseptual
hədəf müəyyənləşdirilmişdir.
Hazırda hazırlanmaqda olan,
Strategiyanın icra mexanizmlərini nəzərdə
tutan Fəaliyyət Planında bu hədəflərin alt-komponentləri bundan dəfələrlə çox
və əhatəli olacaqdır.
Əsas
hədəflərdən biri Azərbaycanda
məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını,
sosiallaşmasını təmin edən, yaradıcılıq
qabiliyyətini üzrə çıxaran, onlarda
həyati bilik və bacarıqları,
davranış qaydalarını, ünsiyyət mədəniyyətini
aşılayan müasir təhsil standartlarının və yeni
kurikulumların hazırlanmasıdır. Azərbaycan
cəmiyyətinin böyük gözləntiləri
olan Strategiyada məktəbəqədər
təhsillə əhatə dairəsinin inkişaf
etmiş ölkələrdəki səviyyəyə
(90 %-ə) yüksəldilməsi, məktəbəqədər
təhsil müəssisələri şəbəkəsinin
genişləndirilməsi, əhalinin bütün təbəqələri
üçün onun əlçatan
olması, məktəbəhazırlıq təhsilinin (1 il) icbariliyinin təmin
olunması ilə bağlı müddəalar təhsilin bu pilləsinin aydın sabahından və uğurlu gələcəyindən xəbər
verir.
Strategiyada 12 illik ümumi təhsilə (10 il
icbari ümumi orta təhsil və 2 il təmayüllərə
əsaslanan tam orta təhsil)
keçidin təmin olunması üçün mövcud
təhsil standartları və kurikulumlarının yeniləşdirilməsi,
tam orta təhsil səviyyəsində
təlimin profillər (təmayüllər) üzrə bölünməsi mexanizmi
rəsmən təsbit olunmuşdur. Düşünürəm ki, 1 illik məktəbəhazırlıq təhsilinin
icbariliyinin təmin olunması və əsas
təhsil pilləsinin 1 il uzadılması
Azərbaycan cəmiyyətində çoxdan
formalaşmış ümumi təhsilin ibtidai və əsas təhsil səviyyələrində
"məzmunun ağırlığı", "dərs yükünün çoxluğu"
barədə illərdən bəri kök
salmış stereotiplərin aradan
qaldırılmasına yardım edəcək, icbari
ümumi orta təhsildə
məzmunun təhsilalanlar tərəfindən mükəmməl
şəkildə mənimsənilməsinə öz
töhfələrini verəcəkdir. Eyni
zamanda onu da deməliyəm ki, tədris
ili inkişaf etmiş ölkələrdə 38 həftə
olduğu halda, bizdə
32 həftə təşkil edir. Sözsüz,
bu mexanizm təhsilalanların
həddən artıq yüklənməsinə (yuxarı
siniflərdə beşgünlük iş rejimi ilə işləyən
məktəblərdə həftədə 40 saat,
gündə 8 saat) səbəb olur, məzmunun lazımi səviyyədə mənimsənilməsinə
əngəl törədir. Sevindirici
haldır ki,
Strategiyada bu
istiqamətdə də islahatların aparılması, həftəlik
(gündəlik) dərs yükünün
azaldılması və tədris ilinin
müddətinin uzadılması da nəzərdə
tutulmuşdur. Hesab edirəm ki, bu hədəf təhsilalanların
sağlamlığının qorunmasına, tədris prosesinin optimallaşdırılmasına və
səmərəli təşkilinə, ən
başlıcası isə təhsilin məzmununun keyfiyyətli
mənimsənilməsinə imkan verəcəkdir.
Digər tərəfdən, tam
orta təhsil səviyyəsinin təmayüllər
əsasında təşkili ölkədə ictimaiyyət
arasında geniş müzakirələrə
və narahatlıqlara vəsilə olan
"repetitorluq" sindromunun
sındırılmasına yardım göstərəcəkdir.
Bu
bir həqiqətdir ki,
ümumi təhsildə səriştəyə
əsaslanan şəxsiyyətyönlü məzmuna
keçilməsi təhsilalanlarda yaradıcı (kreativ) düşüncənin
formalaşmasına, praktik vərdiş və
bacarıqların yaranmasına birbaşa
xidmət edir. Ümumi
təhsilin məzmunu ilə bağlı maraqlı bir məqama toxunmaq yerinə düşərdi. Düşünürəm ki, ümumi icbari orta təhsil pilləsində təhsilin məzmununda
həyati bacarıqların, praktik vərdişlərin
formalaşmasına xidmət edən bütün
fənlər üzrə "zəruri minimum
bilik" modeli ümumi təhsilin ibtidai
və əsas təhsil səviyyələrində tətbiq
olunmalı, tam orta
təhsil səviyyəsində isə müxtəlif təmayüllər
üzrə dərinləşdirilmiş praktik
əsaslı elmi biliklər verilməlidir.
Təhsilalanlara o biliklər
verilməlidir ki, o,
şəxsin gələcək həyatında tətbiq oluna bilsin,
qazandığı bilik və
bacarıqlar səriştəyə, kompetensiyalara
çevrilə bilsin. Əgər təhsilalana
verilən bilik yeni
biliklərin yaranmasında baza, təməl
rolunu oynamırsa, yaxud
əməli fəaliyyət sahələrində tətbiq
olunmursa, bu bilik heç zaman kreativ, yaradıcı
düşüncəyə xidmət edə bilməz. Təhsilşünaslıqda
aparılan tədqiqatlarla müəyyən edilib
ki, təhsilalanlara verilən hazır nəzəri
biliklərin yarıdan çoxu onların
gələcək həyatlarında, praktik
fəaliyyətlərində istifadə olunmur.
Təhsilin məzmununa bu cür
yanaşma artıq öz
funksiyasını itirib. Təhsilalana
hazır bilik verilirsə və bu praktik həyatda tətbiq
olunmursa, Qərb təhsilşünaslığında
bu cür yanaşma yaradıcı təfəkkür
aktı deyil, bir hafizə,
yaddaş aktı kimi
dəyərləndirilir. Bu baxımdan Strategiyada səriştəyə
əsaslanan təhsil məzmununun yaradılması haqqında
müddəa özündə təhsilalana "zəruri minimum biliy"in (yaxud "təmayül
əsaslı praktik biliy"in) ənənəvi hafizə faktı kimi deyil, müasir
yaradıcı düşüncə, təfəkkür
faktı kimi verilməsini nəzərdə
tutur. Başqa sözlə, Strategiya ümumi təhsilin məzmununda təhsilalanın
idrak fəallığını təmin
etməyən "hafizə (yaddaş) məktəbi"ndən
müstəqil, yaradıcı düşüncəni inkişaf etdirən "təfəkkür məktəbi"nə
keçidin aydın yollarını
göstərir. Bu cür yanaşma
bilikləri təhsilalana hazır şəkildə deyil, təhsilalanın yaradıcı
düşüncəsinin məhsuluna çevirmək və
sonrakı müstəqil düşüncələr üçün təməl, baza
yaratmaq yolunu, öyrənməyi
öyrətmək yolunu prioritet
kimi qəbul edir.
Əslində bu cür
yanaşma Avropada
çoxdan sınaqdan
çıxmış, Qərbə sivilizasiyanın öncülü olmaq
şansını vermiş kreativ düşüncənin ətalət və
passivlikdən azad olması, hər kəsə
öz ağlı ilə müstəqil
çalışmaq imkanının verilməsi yoludur. Bu da nəzərə
alınmalıdır ki, YUNESKO-nun
sənədlərində qloballaşan dünyada təhsilin məzmunu
qarşısında da dörd
mühüm tələb qoyulub:
bilik əldə etməyi öyrətmək,
bir yerdə yaşamağı öyrətmək,
işləməyi öyrətmək, yaşamağı
öyrətmək...
Strategiyada ümumi təhsilin
məzmununa bu cür
yaradıcı yanaşma təhsilalana maksimum bilikləri deyil, zəruri,
optimal bilikləri verməyi, "maksimal bilikdən optimal
biliyə" prinsipinə əməl etməyi özündə
ehtiva edir ki, bu işıqlı ideya mühüm dövlət
sənədinin tarixi-mədəni əhəmiyyətini daha da
artırır. Strategiyada ümumi təhsilin məzmunu ilə
bağlı hədəflərdən biri
də istedadlı uşaqlar üçün xüsusi
inkişaf proqramlarının, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf
və inklüziv təlim
proqramlarının hazırlanmasının və reallaşdırılmasının
nəzərdə tutulmasıdır.
Aydın məsələdir
ki, ümumi təhsilin
məzmununun reallaşdırılmasında dərsliklərin,
dərs vəsaitlərinin, digər tədris-metodik vasitələrin
rolu böyükdür.
Strategiyada kurikuluma əsaslanan
yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin
təmin olunması, elektron dərsliklərin
və elektron tədris resurslarının
yaradılması nəzərdə tutulmuşdur.
Hesab edirəm ki,
Strategiyanın icra mexanizmini
nəzərdə tutan Fəaliyyət
Planı bu yaxınlarda təsdiq edildikdən
sonra 12 illik ümumi təhsilə keçidlə
bağlı yeni dərsliklərin
hazırlanması və tətbiqi vaxtı məlum
olacaqdır. Hələlik isə I-VI siniflərdə
tətbiq olunan kurikulum
əsasında hazırlanan yeni dərsliklərin
davamı olaraq yuxarı sinif
dərsliklərinin hazırlanması, yeni
dərsliklərin pilot layihə kimi 1 il məktəblərdə
sınaqdan keçirilməsi işi davam etdiriləcəkdir. Yaxın
gələcəkdə Strategiyada nəzərdə
tutulduğu kimi, alternativ, variativ dərsliklərin,
elektron dərsliklərin
hazırlanması və tətbiq edilməsi mümkün
olacaqdır. Ölkə ictimaiyyətini ən çox
maraqlandıran yaxın gələcəkdə hər bir şagirdin fərdi
planşetlə təmin olunması, dərsliklərin və
digər tədris resurslarının həmin planşetdə
yüklənməsinin mümkünlüyü
haqqında Strategiyada yer
alan müddəalardır. Təhsil
Nazirliyi dərslik islahatında keyfiyyətin
yüksəldilməsini, keyfiyyətli dərslik məsələsinin
prioritet sahə kimi inkişaf etdirilməsini əsas hədəflərdən
hesab edir, keyfiyyətli
dərsliklərin hazırlanması və nəşri üçün gərəkən bütün addımları atmaq
əzmindədir. Dərsliklərin hazırlanması
işinə ölkənin intellektual
potensialının cəlb olunması məqsədilə Strategiyada stimullaşdırıcı tədbirlərin
gerçəkləşdirilməsi də nəzərdə tutulmuşdur. Hazırda bu
sahədə dünya təcrübəsi
öyrənilir. Strateji xəttimiz belədir ki, bütün ümumtəhsil məktəb dərslikləri
pilot layihə kimi 1 il sınaqdan keçirildikdən sonra şagirdlərin istifadəsinə verilməlidir.
Ümumiyyətlə, dərslik məsələsi hər zaman təhsil ictimaiyyətinin, ölkə əhalisinin
maraq dairəsində olub,
bundan sonra da olacağına şübhə etmirik. Bu da
nəzərə alınmalıdır ki,
ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin
dövlət vəsaiti hesabına pulsuz
verilməsi Azərbaycan dövlətinin təhsilə və təhsilalanlara
qayğısının parlaq nümunəsidir.
Təhsilin məzmununda
tərbiyə, milli mənəvi və
ümumbəşəri dəyərlər, azərbaycançılıq
məfkurəsi, milli vətənpərvərlik
prioritet ideyalar kimi haqqında söhbət gedən sənəddə
öz əksini tapıb.
Əlbəttə,
bu yazıda biz, əsasən,
təhsilin məzmunu ilə bağlı Strategiyada
yer alan strateji hədəflərdən qısaca söz açdıq, onların
reallaşdırılmasının təhsilimizə gətirəcəyi
yeniliklərə aydınlıq gətirməyə
çalışdıq.
Hesab edirəm ki, Strategiyada yer alan digər dörd strateji istiqamət də (təhsilin məzmununun
səmərəli mənimsənilməsini təmin edən təhsilverənlərin
formalaşdırılması; təhsildə təlim nəticələrinə
görə cavabdeh, şəffaf və səmərəli
idarəetmə sisteminin yaradılması;
müasir tələblərə cavab verən təhsil infrastrukturunun
qurulması; təhsilin dayanıqlı, yeni maliyyələşmə mexanizminin
bərqərar olması) bu və ya başqa şəkildə
təhsilin məzmununun reallaşdırılmasına birbaşa və ya
dolayısı ilə xidmət edir.
Düşünürəm
ki, Azərbaycanda səriştə əsaslı
təhsilin məzmununun yaradılmasını təmin edəcək
elmi-pedaqoji potensial var. Əsas məqsəd bu
potensialdan səmərəli istifadənin
yollarını tapmaqdan, onların intellektual əməyinin
stimullaşdırılmasını və motivasiyasını
təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə qayğıkeş münasibəti və güclü siyasi iradəsi sayəsində ərsəyə gələn, ölkə başçısının "qara qızılı insan kapitalına çevirməliyik" konseptual ideyasının gerçəkləşdirilməsinə xidmət edən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədi sürətlə modernləşən ölkəmizdə təhsil sistemi qarşısında qoyulan məqsəd və strateji hədəflərə çatmağa, milli təhsil sisteminin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına imkan verəcək, Strategiyanın reallaşdırılması nəticəsində təhsilin məzmunca milli və ümumbəşəri dəyərlər, müstəqil dövlətçilik prinsipləri və beynəlxalq təcrübə əsasında, Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun yenidən qurulması mümkün olacaqdır.
Əsgər QULİYEV,
Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdir müavini,
filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.11.