Layihə çərçivəsində
Bakının beş məktəbində
şagirdlərə hüquq dərsləri keçilir
Təhsil və
Ədliyyə nazirliklərinin dəstəyi ilə "Azərbaycan
Hüquq İslahatları Mərkəzi"
İctimai Birliyinin
"Hüquq və mən" adlı
layihəsi çərçivəsində Bakının 5 məktəbində
şagirdlərə hüquq dərsləri
keçilir.
İctimai Birlikdən AzərTAc-a bildirmişlər
ki, Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə
reallaşdırılan layihəyə əsasən, dərslər
peşəkar hüquqşünaslar tərəfindən
5 həftə ərzində keçiləcəkdir.
Bu
pilot layihə çərçivəsində
"Azərbaycan Hüquq
İslahatları Mərkəzi" İctimai
Birliyinin sədri Anar
Bağırov və Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin rəhbəri Tomas Meltser 18 nömrəli tam orta məktəbdə olmuş,
keçilən dərslərdə iştirak
etmiş və layihə barədə müəllimlərə
və şagirdlərə ətraflı məlumat vermişlər.
Layihənin rəhbəri,
"Azərbaycan Hüquq
İslahatları Mərkəzi" İctimai
Birliyinin sədri Anar
Bağırov bildirmişdir ki, bu layihə indiyədək
buna oxşar
keçirilən tədbirlərdən öz
qeyri-adiliyi ilə seçilir.
Dərslərdə istifadə olunması üçün
ilk dəfə Azərbaycan dilində
ayrıca dərs vəsaitləri hazırlanmışdır.
Dərslikdən və işçi dəftərindən
ibarət olan bu vəsaitlər
həm məzmun etibarilə, həm də dizayn
baxımından şagirdlərin böyük
marağına səbəb olmuşdur. Vəsaitlərin
dizayn tərtibatı Almaniya
Rəssamlıq Akademiyasının keçirdiyi
müsabiqədə qalib olan
tələbələrin rəsmləri əsasında qurulmuşdur.
Layihənin əsas məqsədi
X və XI sinif şagirdlərinin hüquqi biliklərinin inkişaf
etdirilməsi və onlara gələcəkdə
üzləşə biləcəkləri hüquqi
vəziyyətlərdə necə davranmağın öyrədilməsidir.
Eyni zamanda, dərslərdə
fərqlənən şagirdlərin məhkəmələrdən
birinə ekskursiyaya aparılması nəzərdə
tutulmuşdur.
Tomas Meltser isə məktəbdə
şagirdlərin keyfiyyətli təhsil almaları üçün yaradılmış şəraitdən
məmnunluğunu bildirmişdir. Layihə
barədə danışan T.Meltser bu metodik vəsaitlərin Almaniyada çap edilən
ilk Azərbaycan dilində nəşrlər
olduğunu xüsusilə
vurğulamışdır.
Bu dərslərin şagirdlərin hüquqla bağlı anlayışlarına böyük töhfələr verəcəyini
deyən Tomas Meltser
şagirdlərlə sual-cavab formatında
diskussiya aparmış və məktəblilərin
bu layihə ilə bağlı fikrini öyrənmişdir.
Şagirdlərin bu dərslərə böyük
maraq göstərdiyini deyən 18 nömrəli
tam orta məktəbin
direktoru Vaqif Hüseynov bildirmişdir ki, hər bir insan öz hüquq
və vəzifələrini bilməlidir. Bütün
bunların şagirdlərə məktəb illərində
çatdırılması çox
müsbət haldır.
Məşğələlərin
keçirilməsi üçün
hazırlanmış dərs vəsaitində Azərbaycanın
hüquq sistemi və hüquq tarixi, əsas insan hüquq və
azadlıqları, ölkəmizin məhkəmə sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə
məlumatlar yer almışdır. İşçi dəftərdə isə qeyd olunmuş hüquqi məlumatlara
həsr edilmiş illüstrativ-praktiki
tədris tapşırıqları krossvord,
test, sual-cavab
formasında əksini tapmışdır.
Pilot layihə ilkin olaraq Bakının 18, 236, 240, 276 nömrəli
tam orta məktəblərində
və məktəb-lisey kompleksində keçirilir.
Layihənin gələcəkdə digər tam
orta məktəblərdə də
keçirilməsi nəzərdə tutulur.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.11.