Naxçıvan Muxtar Respublikasının

təhsil naziri Piri Nağıyevin çıxışı

 

Hörmətli qurultay nümayəndələri!

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan təhsilinin böyük hamisi, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan təhsilini himayə etməsi, təhsilin gələcək inkişaf yollarını müəyyənləşdirməsidir. Heydər Əliyev şəxsiyyəti olmasaydı, Azərbaycan təhsili də bugünkü səviyyəyə gəlib çata bilməzdi.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr, bütövlükdə müasir təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ölkə Prezidentinin təhsil sahəsində müəyyənləşdirdiyi vəzifələr uğurla həyata keçirilməkdədir.

Son illər Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində 200-dən artıq yüksək keyfiyyətli, dünya standartlarına cavab verən, yeni avadanlıqlarla təchiz edilən, kompüter dəstləri və elektron lövhələrlə təmin olunan təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir.

Heydər Əliyev Fondu tərəfindən də Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində və ucqar dağ kəndlərində, ümumilikdə 1072 şagird yerlik müasir avadanlıqlarla tam təmin olunan məktəblər tikilib istifadəyə verilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri zamanı təhsil ocaqlarının açılışında iştirak etmiş, öz tövsiyə və tapşırıqlarını, xoş arzularını ifadə edərək demişdir: "Naxçıvanın uğurlu inkişafı məni xüsusilə sevindirir. Muxtar Respublikanın rayonlarının abadlaşması, yeni-yeni binaların tikintisi, yerlərinin açılması Naxçıvanı möhkəmləndirir, Naxçıvanın yaşaması üçün bütün infrastruktur layihələri həyata keçirilir".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)"na və 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində 542 elektron lövhə quraşdırılmış, həp 14 şagirdə bir kompüter düşməklə 3355 kompüter dəsti verilmiş, bu kompüterlərin 84 faizi İnternetə qoşulmuşdur.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə 1753282 nüsxə dərslik paylanmış, ümumtəhsil məktəblərindəki kitabxanalara hədiyyə olaraq 620117 nüsxə bədii ədəbiyyat verilmişdir.

Həyata keçirilən uğurlu təhsil islahatı özünü ali məktəblərə qəbulda da qabarıq şəkildə göstərir. 2012-2013-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərini 4186 nəfər bitirmişonlardan 3238 nəfəri ali məktəblərə sənəd vermişdir. İmtahanda iştirak edən abituriyentlərdən 1677 nəfəri ali məktəblərə qəbul olmuşdur ki, bu da sənəd verənlərin 51,79 faizi deməkdir. Ali məktəblərə qəbul olanlardan 312 nəfəri 500-700 intervalında bal toplamışdır. Bu da ötən ilə nisbətən 45 nəfər çoxdur.

Qeyd etmək yerinə düşər ki, 2012-ci ildə ali məktəblərə qəbulda 500-600 arası bal toplayanlar 197 nəfər idisə, 2013-cü ildə bu göstərici 204 nəfər təşkil etmişdir. Ötən il 600-700 arası bal toplayan 70 nəfər idisə, bu il 108 nəfər olmuşdur. Keçən il 650-700 arası bal toplayan 17 nəfər idisə, bu il 31 nəfər təşkil etmişdir.

2012-2013-cü tədris ilində orta ixtisas məktəblərinə qəbul da yüksək səviyyədə aparılmış və ötən ilə nisbətən irəliləyişlər olmuşdur. 2012-ci ildə 382 nəfər orta ixtisas məktəblərinə daxil olmuşdusa, 2013-cü ildə 554 nəfər orta ixtisas məktəblərində oxumaq hüququ qazanmışdır.

Muxtar respublikada hərbi peşəyə maraq ildən-ilə artmaqdadır. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə 995 nəfər sənəd vermiş, onlardan 257 nəfəri liseyin kursantları sırasına daxil olmuşdur.

2013-cü ildə 6 nəfər məzun yüksək bal topladığına görə Prezident təqaüdünə layiq görülmüşdür.

Ötən dərs ilində muxtar respublikada təhsildə yüksək nəticələrə nail olan 20 şagirdə medal verilmişdisə, bu il medal alanların sayı 24 nəfər olmuşdur. Həmin məzunlar onlara göstərilən etimadı doğrultmuş, 3 nəfəri 550-600, 7 nəfəri 600-650, 14 nəfəri isə 650-700 intervalında nəticə göstərmişdir.

Muxtar respublikanın ümumtəhsil məktəblərində müəllim və şagirdlər üçün vahid forma tətbiq olunur. Məktəbli formasının tətbiqi tədris müəssisələrində təlim-tərbiyənin yüksəldilməsinə, şagird intizamının yüksək səviyyəyə qaldırılmasına, şagirdlər arasında olan fərqin aradan götürülməsinə müsbət təsir göstərən amillərdəndir.

Qeyd etmək yerinə düşər ki, muxtar respublikamızın aliorta ixtisas məktəblərində də müəllim və tələbə heyəti üçün vahid forma tətbiq olunur. Bu da orta ixtisasali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsində və tələbələr arasında intizamın gücləndirilməsində mühüm rola malikdir.

Pedaqoji kollektivlərin fəaliyyətinin qiymətləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin nəticələrinə uyğun olaraq Naxçıvan şəhər 10 nömrəli, Şərur şəhər 1 nömrəli və Ordubad şəhər 3 nömrəli tam orta məktəbləri ölkə Prezidentinin 6 avqust 2013-cü il tarixli sərəncamı ilə mükafatlandırılmışlar. Son 6 ildə muxtar respublika üzrə bu mükafata layiq görülən məktəblərin sayı 18-ə çatmışdır.

2013-cü ildə  muxtar respublikamızın 5 nəfər müəllimi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş və beləliklə də muxtar respublikamızda həmin müsabiqənin qaliblərinin sayı ümumilikdə 30-a çatmışdır.

Son 10 ildə Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə 54 nəfərə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmiş, 52 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bu dövrdə 63 nəfər qabaqcıl təhsil işçisinə "Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir. 30 avqust 2013-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təhsil işçilərinin əməkhaqları artırılmışdır. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.

Azərbaycan təhsilində gedən keyfiyyət dəyişiklikləri və ümumtəhsil məktəblərində aparılan yeniliklər, təhsilə göstərilən ən yüksək dövlət qayğısı təhsil işçilərini ürəkdən sevindirir, onları Azərbaycan müəllimlərinin XIV qurultayında qəbul olunacaq qərarları layiqincə yerinə yetirməyə ruhlandırır.

Hörmətli qurultay nümayəndələri!

Naxçıvan Muxtar Respublikasının təhsil işçiləri bundan sonra da öz üzərlərinə düşən çətin və şərəfli işin yerinə yetirilməsində məsuliyyətlərini daha da artıracaq, vətənimizin çiçəklənməsi və Azərbaycan xalqının rifahı üçün öz layiqli töhfələrini verəcəklər.

Diqqətinizə görə sağ olun!

 

Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.4.