Milli Məclisin deputatı

Bəxtiyar Əliyevin çıxışı

 

Hörmətli qurultay iştirakçıları, əziz müəllimlər!

Sizin hər birinizi bu gözəl gün münasibəti ilə təbrik edir, qurultayın işinə və gələcək fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

Memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanda bu günlər quruculuq işləri davam edir və Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirərək dünya arenasında özünə layiq, özünəməxsus bir yer tutmuşdur. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda son 10 ildə həyata keçirilmiş uğurlu daxilixarici siyasət Azərbaycan iqtisadiyyatını daha da sürətləndirmiş və öz bəhrələrini verməkdə davam edir.

Bu günlər Prezident İlham Əliyevin uğurlu xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutmasına və dünyada ən etibarlı tərəfdaş olmasına, nəhayət, keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan yaratmışdır.

Təhsilin modernləşdirilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Ayrı-ayrı layihələr həyata keçirilir və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin və digər layihələrin həyata keçirilməsi nəticəsində həm məktəbəqədər təhsil müəssisələri, həm də orta məktəblərin siması günü-gündən dəyişir və mükəmməl maddi-texniki bazaya malik olaraq Azərbaycan xalqının xoşbəxt gələcəyinə xidmət edir. Bütün bunlar təhsildən olan gözləntilərin geniş miqyasından xəbər verir. Cənab Prezidentin bu gün qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunda da qeyd edildiyi kimi, Azərbaycan müəlliminin qarşısında çox böyük vəzifələr durur. Təsadüfi deyil ki, bu qurultay qəbul edilmiş Dövlət Strategiyasından sonrakı dövrə təsadüf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü ildə imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin ən mühüm məsələləri, onun inkişaf istiqamətləri dəqiq və aydın müəyyənləşdirilmişdir. Bütün bunlar bir daha göstərir ki, biz təhsil işçilərindən gözləntilər olduqca böyükdür.

Qeyd etmək lazımdır ki, hələ də Azərbaycanda təhsilin beynəlxalq rəqabətə davamlılıq göstəriciləri və ali təhsil müəssisələrinin reytinq səviyyəsi heçarzu etdiyimiz səviyyədə deyildir. Statistik məlumatlar göstərir ki, ali təhsil müəssisələri məzunlarının tərkibi bu gün sürətlə inkişaf edən iqtisadiyyatımızın tələbatlarına və tələblərinə tam cavab vermir. Əlbəttə, biz bu barədə düşünməliyik. Bəs bunun səbəbi nədir? Bəlkə ali məktəblərimizin sayı azdır? Amma təhlillər göstərir ki, müasir dövrün tələbləri baxımından bəlkə də Azərbaycanda  ali məktəblərin sayı kifayət qədər çoxdur. Belə olan halda problemlərin kökü nədədir? Bir neçə fakta diqqəti cəlb etmək istəyirəm. Burada da Azərbaycanın ali məktəblərində tələbələrin sayı səsləndirildi. Nisbətlə götürəndə hər bir ali məktəb müəlliminə 10 nəfər tələbə düşür. Görəsən, bu çoxdur, ya azdır? Beynəlxalq standartlarla müqayisə edəndə bu rəqəm olduqca azdır. Bəs bunun səbəbi nədir? Təhlil göstərir ki, dövlət ali məktəblərində ümumi tələbələrin, təxminən, 130 mini təhsil alır. Yerdə qalan, təxminən, 20 min tələbə özəl, yəni qeyri-dövlət təhsil müəssisələrinin payına düşür. Orta hesabla hər bir qeyri-dövlət təhsil müəssisəsinə 1300 tələbə düşür. Bu çoxdur, yoxsa az?  Amma biz buna təhsilin idarə edilməsi, maliyyələşdirilməsi nöqteyi-nəzərindən yanaşsaq, hər halda narahatedicidüşündürücü bir məsələdir. 

Bazar iqtisadiyyatının tələblərinə və dövlətin iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq mülkiyyət formasından asılı olmayaraq ali məktəblərin bərabərliyi və onlara qarşı tələbkarlıq təmin edilməlidir. Bu problemin həlli və dövlətin təhsil xərcləri yükündən tədricən azad olmasını təmin etmək məqsədi ilə ali məktəblərə planlı qəbul qaydalarına yenidən baxılmalıdır. Hesab edirik ki, bəzi ixtisaslar və istiqamətlər üzrə dövlət sifarişi saxlanılmalı, yerdə qalan planlar, ümumiyyətlə, ləğv edilməli  bu məsələdə ali məktəblərə tam sərbəstlik verilməlidir. Onsuz da hər 100 min nəfərə düşən ali məktəb tələbəsinin sayına görə Azərbaycanın göstəriciləri beynəlxalq göstəricilərdən xeyli geridədir. Əgər biz bu layihəni həyata keçirsək, bölgələrdə gənclərimizin təhsilə yollarını açmaq və təhsili əlçatan etmək imkanı yaranareyni zamanda, burada vurğulandığı kimi, bölgələrdə, ucqar kəndlərimizdə kadr çatışmazlığı problemiöz həllini tapa bilər.

Ali təhsildə özəl sektorun rolu gücləndirilməli və dövlət maliyyələşdirilməsi tədricən özəl sektorun öhdəsinə buraxılmalıdır. Burada söhbət qeyri-dövlət təhsil müəssisələrindən yox, məhz Azərbaycanda fəaliyyət göstərən özəl sektordan gedir. Hansı ki, bu Azərbaycan iqtisadiyyatının 85 faizini təşkil edir, onlar sifarişçi rolunda çıxış etməli və ali məktəblər bilavasitə bu sifarişlə işləməli, onlarla qarşılıqlı əməkdaşlıq qurmalıdırlar.

Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura, keyfiyyət göstəricilərinə malik yeni təhsil sisteminin yaradılmasıdır. Hesab edirik ki, artıq universal biliklər universitetindən yeni nəsil universitetlərə, tədqiqatçı universitetlərə keçidin əsası qoyulmalıdır.

Burada elmlə təhsilin vəhdəti məsələsi səsləndi. Hesab edirik ki, universitet tədqiqatlarında elmə geniş yer verilməli və hər bir səy dəstəklənməlidir. Bu gün tələbə bilavasitə tədris prosesində özü bu elmi nailiyyətləri əldə etməli və gələcək mütəxəssis kimi artıq bunun tətbiqinə də özü hazır olmalıdır.

Təhsilin idarə edilməsində mərkəzləşdirmə və mərkəzsizləşdirmə prinsipi bir-birini harmonik şəkildə tamamlamalıdır. Təhsil Nazirliyinin müstəqilliyindən tutmuş məktəbəqədər və ali təhsil müəssisələrinə qədər bütün təhsil qurumlarının müstəqilliyi tam təmin edilməlidir. Çox təəssüflər olsun ki, bu gün təhsil qurumlarının müstəqilliyi kifayət qədər buna imkan vermir ki, o öz işini günün tələbləri səviyyəsində geniş qura bilsin. Bəzi hallarda isə, ümumiyyətlə, bu hüquqlar olduqca məhduddur.

Təhsil müəssisələrinin ictimai özünüidarəetmə orqanlarının yaradılması və real bir idarəetmə orqanı kimi işləməsi günün tələbidir. Bunsuz irəli getmək artıq mümkün deyil. İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə bu mexanizmlər işlək hala gətirilməlidir. 1999-cu ildə qəbul edilmiş islahat proqramında bu işin islahatın I pilləsi kimi 1999-cu ildə başa çatdırılması nəzərdə tutulduğu halda, bu günə qədər bu məsələ mülahizə və təkliflər səviyyəsində qalmaqdadır.

Məlumdur ki, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosialiqtisadi inkişafındakı rolu ilə müəyyən olunur. Amma biz bu gün nə ilə rastlaşırıq? Orta məktəb şagirdlərimiz ali məktəblərə qəbul üçün repetitor yanında hazırlaşır və çox təəssüf ki, cəmiyyət bunu normal qəbul edir. Ali məktəbi yenicə bitirmiş məzunlar dövlət qulluğuna, iri şirkətlərdə işə düzəlmək üçün yenidən hazırlığa gedirlər. Amma bu biz müəllimlərin göstəricisidir. Bu göstərici nə qədər ürəkaçandır? Biz bu barədə düşünməliyik. Yəni dövlətin bizə göstərdiyi etimad və qayğıya biz yəqin ki, öz əməli işimizlə tamamilə başqa şəkildə cavab verə bilərik.

Ali məktəblərə qəbul üçün şagirdlərimizin hazırlıq səviyyəsi, əlbəttə, günü-gündən yaxşılaşır. Bir faktı qeyd etmək lazımdır ki, dünya fənn olimpiadalarında azərbaycanlı məktəblilər birinci yerləri tutaraq dünyanın ali məktəblərinə birbaşa qəbul olunurlar. Əlbəttə, bu faktlara görə biz yenə də təhsil sistemimizə daim diqqət və qayğı göstərən cənab Prezidentimizə öz minnətdarlığımızı bildiririk.

Fikrimizcə, bir tərəfdən təhsilin idarə olunmasının yeni modeli, digər tərəfdən isə bilik universitetindən yeni nəsil universitetlərinin yaradılması və eyni zamanda bu işi həyata keçirəcək müəllim hazırlığına diqqət artırılmalıdır.

Müəllim kadrlarının hazırlanması bizim ən ağrılı yerimizdir. Burada bu fikir səsləndi. Bu gün Azərbaycanda müəllim hazırlığının bitkin modeli yoxdur. Hesab edirəm ki, bu layihə üzərində düşünməliyik. Müəllim necə hazırlanmalı, müəllimə hansı tələblər verilməli? Bunlar barədə biz ətraflı düşünməli və bu işi köklü şəkildə yerinə qoymalıyıq. Yeni müəllim hazırlığı modeli hazırlanmalıdır. Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı uzrə infrastrukturun zəif olması müəllimin fəaliyyətinə təsir göstərən amillər sırasındadır. Bu baxımdan müəllimin peşəkarlığının inkişafı üçün yeni stimul mənbələrinin axtarılıb tapılması və bu stimulların yaradılması günün əsas tələblərindəndir. Bunların son nəticəsi müəllim nüfuzunun, nəhayət ki, müəllimə qaytarılmasıdır. Bu gün bu bir sosial sifarişdir, cəmiyyətin tələbidir və əgər biz irəliləyişə nail olmaq istəyiriksə, müəllimə öz müəllim nüfuzunu qaytarmalıyıq.

Fikrimizcə, islahatların uğurla həyata keçirilməsi həm də psixoloji xidmətin təşkilindən asılıdır. Çox təəssüflər olsun ki, bu gün məktəblərimizdəki mövcud psixoloji xidmət bir çox hallarda formal xarakter daşıyır. Düşünürük ki, Təhsil Nazirliyi yanında yeni bir metodik mərkəz yaradılmalı və şagirdlərin, tələbələrin yeni mühitə alışması, onların yaradıcılıq potensialının aşkar edilməsi, gerçəkləşdirilməsi, pedaqoji kollektivdə sağlam psixoloji iqlimin yaradılması üçün psixoloji xidmətin əhəmiyyəti önə çəkilməlidir.

Burada xüsusi olaraq vurğulamaq istərdik ki, təhsil mühitinin yaradıcı təlim mühitinə çevrilməsi yaradıcı təfəkkürə malik tələbələrin və şagirdlərin hazırlanmasını tələb edirbunun üçün də, ilk növbədə, biz yaradıcı, prioritet təlim mühitinin yaradılmasında səylərimizi artırmalıyıq.

Sonda deyilənləri ümumiləşdirərək bir neçə konkret təklifləri bir daha səsləndirmək istərdik.

Birincisi, yeni nəsil universitetlər yaradılmalı, elm və təhsilin vəhdəti təmin edilməli və onların tədqiqatçı-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən, rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən mexanizmlər hazırlanmalıdır.

İkincisi, ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi, idarəetmə, akademik, maliyyə və təşkilati müstəqillik verilməlidir. Mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə öndənişli təhsil üzrə qəbul planı ləğv edilməli və dövlət sifarişi istisna olmaqla, tələbələrin qəbulu və yerləşdirilməsi mexanizminə yenidən baxılmalıdır.

Nəhayət, müəllimin nüfuzunu artırmaq, sosial müdafiəsini təmin etmək üçün ona dövlət qulluqçusuna bərabər status verilməsi haqqında fikrə bir də qayıdılmalıdır.

 

Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.5.