Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının
sədri Məleykə Abbaszadənin
çıxışı
Hörmətli qurultay
iştirakçıları, dəyərli qonaqlar, əziz
müəllimlər!
Sizi Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının kollektivi
adından və şəxsən öz
adımdan salamlayıram. Bu gün sizin
qarşınızda çıxış etməkdən, sizin fikirlərinizi dinləməkdən böyük sevinc və
şərəf hissi duyaraq,
sizə gənc nəslin tərbiyəsi və təhsilinə
həsr etdiyiniz nəcib və fədakar
işinizdə yeni-yeni uğurlar
arzulayıram.
Möhtərəm Prezidentimiz İlham
Əliyev demişdir: "Təhsil bizim gələcəyimizdir. Təhsilin səviyyəsi
ölkəmizin perspektivlərini müəyyən edəcəkdir.
Biz çalışırıq ki, Azərbaycanda bu sahəyə
daim diqqət göstərilsin, praktiki tədbirlər görülsün,
həm təhsil sisteminin maddi-texniki
bazası güclənsin, eyni zamanda və ən önəmlisi, təhsilin
keyfiyyəti artsın. Həm orta, həm
də ali məktəblərdə bu proses
ardıcıllıqla, vahid sistem şəklində
aparılmalıdır". Bu fikirlərdə
həm müasir mərhələdə təhsil
sahəsində görülən işlər, həm də perspektiv vəzifələrimiz aydın şəkildə
göstərilib.
Hazırda, XXI əsrin
öz tələblərini irəli sürdüyü dövrdə yeni
texnologiyaların cəmiyyətin bütün
sahələrini, eləcə də gündəlik həyatımızı
dəyişdiyinin şahidi oluruq. Hər bir mütərəqqi
cəmiyyətin əsasında biliklərin, qeyri-maddi
dəyərlərin istehsalı və biliklərin mübadiləsi
durur. Bununla əlaqədar,
YUNESKO XXI əsr təhsilinə həsr olunmuş
Beynəlxalq Komissiya yaratmışdır.
Bu komissiya müasir dövrün
problemlərinin həlli yolu kimi məhz ömürboyu
(fasiləsiz) təhsili görür.
Beynəlxalq elmi dairələr isə XXI əsrdə
öyrənilməsi vacib olan
aşağıdakı bacarıqları ön
plana gətirirlər:
* Mürəkkəb
problemlərə adekvat cavab
vermə
* Effektiv
ünsiyyət qura bilmə
* Məlumatı dinamik idarəetmə
* Komandada
işləmə və problemlərin həllini tapma
* Texnologiyalardan
effektiv istifadə etmə
* Davamlı olaraq yeni bilik
yaratma
Oktyabr ayında möhtərəm Prezident cənab İlham
Əliyevin Sərəncamı ilə çox
mühüm bir sənəd
- "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası" təsdiq edildi. Sənəddə təhsilin
inkişafı üzrə müəyyən edilmiş
5 əsas istiqamət beynəlxalq aləmdə qəbul edilmiş yuxarıda qeyd etdiyim əsas pinsiplərlə tam
uyğunluq təşkil edir.
Şübhəsiz ki, Strategiyada
ölkəmizin reallıqları və xüsusiyyətləri
də nəzərə alınmışdır. Strategiya ölkəmizdə biliklərə əsaslanan
cəmiyyətin qurulması üçün
çox ciddi siyasi sənəddir.
Biliklərə əsaslanan
cəmiyyətdə əsas istehsal
qüvvəsi müəllimlərdir. Ona
görə də müəllimlərin qarşısında çox önəmli məqsəd və tələblər
qoyan Strategiya, ilk növbədə, məhz pedaqoji
ictimaiyyət tərəfindən öyrənilməli və dərk
edilməlidir. Sabah gələcək nəsildən
gözlədiyimiz nəticələri, bilik
və bacarıqları, kompetensiyaları bu
gün cəmiyyətimiz müəllimin
qarşısında tələb kimi qoyur. Müəllim daim
zamanın nəbzini tutmaq üçün
öz üzərində ömürboyu
çalışmalıdır.
Fikrimcə, müəllim olmaq üçün insanın, ilk
növbədə, zamanın
çağırışlarına cavab
verən bilikləri, qəlbən peşəsinə
bağlılığı və ali vətəndaş
mövqeyi olmalıdır.
Məlum olduğu kimi, biliyin qiymətləndirilməsi təhsil prosesinin ayrılmaz bir hissəsidir.
Təhsil sahəsində yeniliklər baş
verdikcə, qiymətləndirmə özü
də xeyli dəyişikliyə məruz
qalır. Bu dəyişiklik, ilk növbədə, qiymətləndirmənin
məzmun və ya məqsədini
ayrı-ayrı bilik və bacarıqlardan bütöv səriştə və qabiliyyətlərə
- kompetensiyalara doğru
yönəltmişdir. XXI əsrin bacarıqlarını qiymətləndirmək
daha çətindir, ancaq
eyni zamanda, zəruridir.
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası qiymətləndirmə
sahəsində 20 illik təcrübəyə
malik olan qurum kimi bu
sahədə dünyada gedən yenilikləri
izləyir, onları Azərbaycanda tətbiq etmək
imkanlarını öyrənir, bu istiqamətdə
müxtəlif elmi-pedaqoji
araşdırmalar aparır.
Bu işdə yüzlərlə orta və ali məktəb
müəllimi, Milli Elmlər
Akademiyasının əməkdaşları ekspert
qismində yaxından iştirak edirlər.
Məsələnin vacibliyini nəzərə
alaraq, hesab edirik ki, müasir
qiymətləndirmə nəzəriyyəsi üzrə dərslər
pedaqoji kadrları hazırlayan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tədris
proqramlarına daxil edilməlidir.
Digər təklifimiz
Strategiyanın həyata keçirilməsi üzrə
proqramların, "yol xəritəsi"nin
tərtib edilməsi zamanı regionlar
üzrə fərdi yanaşmanın tətbiq edilməsi ilə
bağlıdır. Strategiyada hər bir təhsilalana fərdi yanaşma
prinsipi əks olunmuşdur.
Buna nail olmaq üçün
ardıcıl olaraq əvvəl ölkə
daxilində mərkəzdən hər bir regiona, sonra hər region daxilində hər məktəbə, sinfə
və nəhayət, şagirdə fərdi yanaşma
prinsipi tətbiq edilməlidir. Bunun həyata keçirilməsi üçün TQDK-nın məlumat
bazalarında 20 il ərzində hər bir regiona, məktəbə
dair toplanılmış ölçmə
materiallarının istifadə olunması vacibdir.
Belə ki, hər bir regionun əldə edəcəyi nəticə
ölkə üzrə orta statistik göstəricilərlə
yanaşı, onun özünün
başlanğıc göstəriciləri ilə müqayisə
olunmalı, beləliklə də inkişaf
dinamikası müşahidə edilməlidir. Pedaqoji
kollektivin fəaliyyətinə qiymət
vermək üçün onun
işlədiyi şagird auditoriyası nəzərə
alınmalıdır və s. Bu yanaşma "Mənim
məktəbim" portalında artıq tətbiq edilmişdir. Bildiyiniz kimi, "Mənim məktəbim"
portalı məktəb məzunlarının 1994-cü ildən
başlayaraq qəbul və son iki il
üzrə buraxılış
imtahanlarında göstərdikləri nəticələrin
tarixini əks etdirən portaldır.
Buradakı məlumatlar məktəbin fəaliyyətinin qiymətləndirilməsinin
tərkib hissəsi kimi qəbul edilə
bilər.
Təbii ki, Strategiyanın həyata keçirilməsi
istiqamətində çox böyük işlər görülməlidir.
Mən inanıram ki, Strategiyada əks olunmuş
hədəflərin gerçəklənməsi yolunda bütün cəmiyyətimizin
qüvvələri səfərbər olunacaq
və biz ömürboyu
təhsil almaq imkanından istifadə edərək
əsl biliklərə yiyələnən, öz
şəxsi taleyi ilə yanaşı,
xalqının, ölkəsinin taleyi
üçün məsuliyyət
daşıyan gənc nəsil yetişdirəcəyik.
Diqqətinizə
görə minnətdaram.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.5.