Bakı şəhəri
"Zəngi" liseyinin tarix
müəllimi Taleh Şahbazovun
çıxışı
Hörmətli qurultay
iştirakçıları!
Bu mötəbər tədbirdə
iştirakımdan böyük fəxr duyaraq gənc müəllimlər
adından sizi salamlayır, çətin və şərəfli
işinizdə uğurlar arzu edirəm.
Sirr deyil ki, insanın şəxsiyyət və
vətəndaş kimi formalaşmasında, onun təhsil və
inkişafında müəllimin rolu danılmazdır. Görkəmli alim Nəsirəddin
Tusi "Əxlaqi - Nasiri"
əsərində müəllim peşəsinə yüksək
qiymət verərək yazmışdır:
"Varlıqları ən aşağı dərəcədən
kainatın ən şərəfli mərtəbəsinə
qaldıran sənətdən daha şərəflisi
nə ola bilər?". Zəmanəsinin dahi şəxsiyyəti Mustafa
Kamal Atatürk müəllim
amilinə son dərəcə böyük önəm verərək demişdir: "Milləti yalnız və
yalnız müəllimləri xilas edə
bilər". Ulu öndər Heydər
Əliyev də "Müəllim adı ən yüksək
addır. Mən yer üzündə
müəllimdən yüksək ad
tanımıram" demişdir.
Müəllim
haqqında zaman-zaman deyilmiş bu fikirlər göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim
milli sərvət kimi
qəbul edilmişdir. Müəllimlik
yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Zaman keçəcək,
cəmiyyət və həyat daha yüksək
inkişaf mərhələsinə çatacaq, lakin müəllim
peşəsi yenə də bütün
peşələrin zirvəsində dayanacaqdır.
İnsanlar nə üçün
çox çətin olan
müəllim peşəsini seçirlər? Fikrimcə, bu sualın əsl müəllimlərin
sayı qədər cavabı vardır. Lakin
aydın olan odur ki, həmin insanlar müəllim
kimi doğulurlar, sonradan onu arzu
edirlər və talelərini bu peşəyə
bağlayırlar. Təsadüfi deyildir ki, əsl müəllimlər üçün
başqa peşə olmur,
onlar heç bir zaman öz
peşələrini dəyişə bilmirlər.
Xalq arasında belə bir
fikir də mövcuddur
ki, müəllim cəmiyyətin güzgüsüdür. Bu onunla
bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata
baxışlarının formalaşmasında, dəyişməsində
müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin
şüurunda dəyişiklik etmək
gücünə malikdir. Bu səbəbdən peşəkar kompetensiyalara malik müəllimlərin
seçilməsi Təhsil Nazirliyinin əsas
strateji hədəflərindən biridir.
Son dövrlərdə təhsil sahəsində
atılan ən uğurlu addımlardan biri müəllimlərin işə qəbulunun
mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilməsidir. Heç şübhəsiz ki,
insanların peşə seçərkən rəhbər
tutduqları əsas prinsiplərdən biri
gələcəkdə işlə təmin edilmə
şansının hansı dərəcədə
olmasıdır. Artıq müəllimlik peşəsinə
yiyələnmək istəyən hər bir
şəxs işlə təmin olunub-olunmamasının
özündən asılı olduğunu
anlayır. Bu isə həmin şəxsin məsuliyyətini daha dərindən dərk etməsinə şərait
yaradır və onun özünə
inamını artırır. İşə qəbulun belə bir formada həyata
keçirilməsi ixtisasını dərindən bilməyən,
pedaqoji biliklərə kifayət qədər
yiyələnməyən müəllimlərin məktəbə
daxil olmasının
qarşısını alır. Yeni işə
qəbul olunmaq istəyən müəllimlərin
bu sistemə olan
marağının artmasının əsas səbəblərindən
biri də müsabiqənin tam şəffaf, ədalətli və elektron vasitələrin geniş
tətbiqi ilə həyata keçirilməsdir. Müsabiqədə
iştirak üçün
elektron ərizə verənlərin
sayının hissolunacaq dərəcədə
artması şəffaflığın doğurduğu
inamın nəticəsidir.
Mən də bu müsabiqədən keçərək Lerik rayonunun ucqar dağ kəndində
4 il müəllim işləmişəm.
Hökumətin qərarına əsasən həvəsləndirmə
tədbirlərindən yararlanmışam. Xüsusi vurğulamaq
istəyirəm ki, o
illər mənə çox şey qazandırmış, özümə inam yaratmışdır. Üzümü
gənc müəllimlərə tutub deyirəm
ki, ilk təcrübə
üçün rayon
və kənd məktəblərini seçsinlər, bu zəiflik əlaməti deyil,
gələcək uğurların
başlanğıcı və vətənpərvərlik hissinin bariz nümunəsidir.
Məlum olduğu kimi, hələ
də respublikamızın ucqar kənd məktəblərində
müəllim çatışmazlığı müşahidə
olunur. Bu gün həmin məktəblərdə təhsil
alan şagirdlərin gözü
yoldadır. Onların bizim kimi
gənc müəllimlərə ehtiyacı vardır. İnsan o vaxt
xoşbəxt olur ki, o kiməsə gərəkli olsun.
Ən böyük xoşbəxtlik isə
xalqa, vətənə layiqincə xidmət
etməkdir. Ona görə də bu gün bu
yüksək tribunadan bütün
gənc müəllimləri ucqar kənd
məktəblərində işləyərək vətənpərvərlik
borcunu yerinə yetirməyə
çağırıram.
Fürsətdən
istifadə edərək bir məqamı da diqqətə çatdırmaq istərdim. Ucqar məktəblərin kadr
təminatı probleminin həlli
yollarından biri də gənc müəllimlər
üçün nəzərdə tutulan həvəsləndirmə tədbirlərinin
əhəmiyyətli dərəcədə gücləndirilməsidir.
Onu da vurğulamaq
istərdim ki, Təhsil Nazirliyinin
biz müəllimlər üçün
yaratdığı əlverişli imkandan
istifadə edərək cari ildə
müsabiqədə yenidən iştirak etdim və ən yüksək göstərici
ilə Bakı şəhərindəki "Zəngi"
liseyinə işə qəbul olundum.
Hörmətli qurultay iştirakçıları!
Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiq edilməsi təhsil
tariximizdə ən əhəmiyyətli hadisədir. Strategiyadakı hədəflərdən biri və ən vacibi təhsilalanların
fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim
metodları və texnologiyaları vasitəsilə təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin
edən yüksək nüfuzlu təhsilverənlərin
formalaşdırılmasıdır.
Bizim üçün əhəmiyyətlidir
ki, həyata keçiriləcək tədbirlər
nəticəsində müəllimlərin peşəkarlıq
səviyyəsinin daim yüksəlməsini
təmin edən yeni sistem
yaradılacaq, təhsil müəssisəsi səviyyəsində,
tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin
artırılması
üzrə innovativ modellər tətbiq
ediləcək, artıq tətbiqinə
başlanılmış modul-kredit və
rəqabətəsaslı təlimlər sisteminin
inkişaf etdirilməsi və müəllimlərin
peşəkarlıq səviyyəsinin davamlı şəkildə
yüksəldilməsi təmin ediləcəkdir.
Rəqabət
mühiti yaradan,
peşəkar təlimçilər komandasının
formalaşdırılmasını nəzərdə tutan, ehtiyaca uyğun proqram seçiminə
imkan verən yeni
ixtisasartırma modeli müəllimlərə
XXI əsr bacarıqları adlandırılan təlim və innovasiya, həyat və peşəkarlıq
bacarıqları kimi universal
bacarıqların
aşılanmasına xidmət edəcəkdir.
Ən əhəmiyyətli
cəhətlərdən biri də odur ki, müəllim
peşəsinin itirilmiş nüfuzu bərpa ediləcək, bu sahədə dövlət siyasəti inkişaf etdirilməklə səriştə
və nəticə əsaslı
diferensiallaşdırılmış, əmək bazarında
rəqabətqabiliyyətli əməkhaqqı sistemi
yaradılacaq, müəllimin
karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması üzrə kompleks
tədbirlər həyata keçiriləcək.
Müəllim
hazırlığı sistemində internatura
modelinin tətbiqi nəticəsində
peşəkar kompetensiyalara, praktik bacarıqlara malik
müəllimlər hazırlanacaq, ümumilikdə pedaqoji kadr
hazırlığı beynəlxalq təcrübə nəzərə
alınmaqla həyata keçiriləcək.
Etiraf edim ki,
ali məktəbdə təhsil
aldığım dövrdə bu məsələlərə
o qədər də diqqət yetirilmirdi. Pedaqoji təcrübə bir çox hallarda formal keçirilirdi. İnternatura modelinin tətbiqi,
müəllimliklə bağlı praktik vərdişlərin
aşılanması üçün qismən
əməkhaqqı ödənilən bir illik təcrübənin bilavasitə məktəblərdə,
xüsusilə ciddi ehtiyac
olan ucqar kənd məktəblərində
keçirilməsi daha məqsədəmüvafiq
olardı.
Hörmətli qurultay iştirakçıları!
Ölkə Prezidentinin qayğısı nəticəsində
son illərdə təhsil infrastrukturu
əsaslı şəkildə yeniləşdirilib, məzmun,
dərsliklər, qiymətləndirmə sistemi
sahəsində nailiyyətlər əldə olunub.
Bütün bunlar
keyfiyyətə təsir edən amillərdir. Lakin
etiraf etmək lazımdır ki, müəllim peşəkarlıq
baxımından dəyişmədən təhsil sahəsində
uğurlu islahatlar aparmaq, yüksək nəticələr əldə
etmək mümkün deyildir.
Məhz bu səbəbdən bu gün qarşıda duran əsas vəzifə təhsil müəssisələrində
işləyən bütün müəllimlərin
peşəkarlığının artırılması, onlara müvafiq
bacarıqların verilməsidir. Onu da qeyd etmək
lazımdır ki, həmin müəllimlər
arasında müasir kompetensiyalara
malik olmayan, köhnə
qaydalarla, səmərəsiz metodlarla işləyənlər də az deyildir.
Bütün bunlar müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi
sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin
tətbiqini zəruri etmiş, Dövlət
Strategiyasında müəllimlərin fəaliyyətinin
sertifikatlaşdırılması
(lisenziyalaşdırılması) nəzərdə tutulmuşdur.
Hörmətli qurultay iştirakçıları!
İnanıram
ki, Dövlət Strategiyasına əsasən
müəllim hazırlığı və onların peşəkarlığının
inkişafı sahəsində həyata keçirilən tədbirlər
ölkəmizdə müəllim nüfuzu
və statusunun yüksəlməsinə, son nəticədə isə təhsilin keyfiyyətinin
əhəmiyyətli dərəcədə artmasına birbaşa təsir
edəcəkdir.
Diqqətinizə
görə təşəkkür edirəm.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.7.