Bakı şəhəri
43 nömrəli məktəb-lisey kompleksinin
direktor müavini Kəmalə Bədəlovanın
çıxışı
Hörmətli qurultay iştiraçkıları!
Azərbaycan müəllimlərinin XIV qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar bir hadisədir. Hazırda bütün təhsil
işçilərinin diqqəti bu qurultaya yönəlmişdir,
çünki bu qurultayda möhtərəm Prezidentimiz
cənab İlham
Əliyevin tarixi sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"ndan irəli gələn vəzifələrin
həyata keçirilməsi, Azərbaycan təhsilinin gələcək
inkişaf
yollarının müəyyən edilməsi istiqamətində
mühüm qərarlar qəbul
olunacaqdır.
"Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda müxtəlif səbəblərlə
yanaşı, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa
təhsil almaq imkanının
yaradılması müddəasının təsbit edilməsi
və bunun təhsil sahəsində
dövlət siyasətinin
əsas prinsiplərindən biri kimi qeyd olunması, heç şübhəsiz, dövlətimizin humanist mahiyyətinin parlaq
təzahürüdür.
Məlum həqiqətdir
ki, insanın hansı sağlamlıq vəziyyətində
dünyaya gəlməsi bilavasitə onun özündən asılı deyildir. Bununla belə, istər əqli, istərsə də fiziki cəhətdən qüsurlu
şəxslərin cəmiyyətdə "artıq adam"a çevrilməməsi
hamımızdan, xüsusilə də biz
təhsil işçilərindən çox
asılıdır. Çünki
insanın şüurlu həyatla ilk təmasları, məsuliyyətli dövrü, inkişafı, bir qayda olaraq,
təhsildən başlanır.
Ölkəmizdə
sağlamlıq imkanları məhdud uşaqların təhsilinin
təşkili üzrə hərtərəfli imkanlar
mövcuddur və hazırda onlar üçün təhsil
müəssisələrinin geniş şəbəkəsi
yaradılmışdır. Lakin
sağlamlığında ciddi
qüsurları olan elə uşaqlar
da var ki,
onlar daha artıq
qayğı və diqqətə möhtacdırlar, onların
təhsilinin təşkili xüsusi forma, yanaşma tələb edir.
Bunun ən optimal
nümunəsi inklüziv təhsildir.
Uşaqların inklüziv təhsilə cəlbi tarixi Azərbaycanda o qədər
də uzaq keçmiş deyildir.
Artıq inklüziv təhsil layihəsinin
həyata keçirilməsindən 8 il keçir.
Çalışdığımız məktəb-lisey
kompleksində inklüziv təhsilə 12 uşaqla başlamağımıza baxmayaraq, hazırda 60 şagirdlə davam edirik. Bu
şagirdlərlə işi səmərəli
təşkil etmək üçün
müəllim köməkçiləri ştatı
ayrılmışdır. Müəllim və müəllim
köməkçiləri ibtidai siniflərdə nitq
pozuntusu olan, uşaq serebral iflicindən
əziyyət çəkən, autizm diaqnozu ilə qəbul edilən, bir sözlə, xüsusi
qayğıya ehtiyacı olan uşaqlarla işləyirlər. Beşinci sinifdən isə şagirdlərimiz
təhsillərini müəllim köməkçilərinin
iştirakı olmadan müstəqil şəkildə
davam etdirirlər. Xüsusi
qayğıya ehtiyacı olan
uşaqları cəmiyyətin layiqli üzvü etmək hamının diqqətindədir.
Onlara sağlam uşaqlarla bir yerdə təhsil
almaq şansının verilməsi isə
yaşamaq həvəsini, gələcəyə
ümid hissini, özlərinə
inamı, müstəqil qərar vermək imkanını
yaradır və artırır. Artıq
sağlamlığı məhdud olan uşaqlar da öz hüquqlarını bilir,
tələb edir, cəmiyyətin bərabərhüquqlu
bir üzvü
olduqlarını sübut etməyi
bacarırlar. Bu təcrübəni illərdir tətbiq edən bir təhsil müəssisəsi kimi əminliklə deyə bilərik ki, xüsusi qayğıya
ehtiyacı olan uşaqların elə gözümüzün qarşısındaca
pillə-pillə, nəzərəçarpacaq dərəcədə
inkişaf edib sinif əlaçılarına çevrilmələrinin,
hətta sağlam uşaqlara
belə qayğı göstərmələrinin şahidi olmuşuq. Onu da qeyd
edək ki, xüsusi
qayğıya ehtiyacı olan şagirdlərlə
birlikdə təhsil alan sağlam
uşaqlar digərlərindən çox fərqlənirlər. Belə ki, onlar daha
qayğıkeş, diqqətli, yardımsevər, inanclı, cəmiyyətdə,
sosial həyatda olan hər
cür qeyri-adiliyi normal qarşılayan şəxsiyyət kimi yetişirlər.
Valideynlərimiz
övladlarının təlim-tərbiyəsində
yaxından iştirak edir,
inklüziv təhsilin icrasında və onun inkişafında onlar
müəllim və müəllim köməkçiləri
ilə birlikdə əsas aparıcı qüvvəni təşkil
edirlər. Bütün uşaqların eyni hüquqlara malik olmaları
valideynlər tərəfindən hörmətlə
qarşılanır.
Bir də onu qeyd etmək istəyirik
ki, inklüziv təhsil
məktəbin icma ilə daha
sıx dostluq, partnyorluq
şəraitində münasibət qurmasına gətirib
çıxarar. Bunu biz
öz kollektivimizin bu sahədə təcrübəsindən
görə bilərik. Dəfələrlə milli
və beynəlxalq ekspertlər inklüziv
təhsilin gedişi ilə tanış
olarkən məhz bu işin
qurulmasının, icmanın məktəbə
marağının artmasının şahidi
olduqlarını vurğulayıblar.
Layihə çərçivəsində
pedaqoji kollektivin
üzvləri bir neçə beynəlxalq
səviyyəli konfrans və
seminarların iştirakçısı olaraq
Şotlandiya, Rusiya, Litva, Ukrayna kimi dövlətlərdə bu
istiqamətdə olan təcrübəni
öyrəniblər.
Pedaqoji kollektivin məqsədyönlü işinin nəticəsi kimi
qeyd etməliyik ki, inklüziv təhsil təkcə
yaşıdlarından hansısa səbəbdən geri qalan uşaqları deyil, məktəbin bütün
şagirdlərini əhatə edir. 8 il öncə bu münasibətlə
valideynlərin yalnız bir hissəsi razılaşırdısa, hazırda əksəriyyət
bu fikirdədir. Deməli, bu gün deyə bilərik
ki, inklüziv təhsilin
əsas məqsədinə - müasir
dövrdə psixofiziki inkişafında fərqlənən
uşaqların hüquqlarının tanınması, onlara dövlət və cəmiyyət tərəfindən
yeni baxışın formalaşmasına az da olsa
nail oluruq.
İnklüziv təhsilə
başladığımız dövrdə əsasən iki problemlə üzləşirdik: məktəb
pedaqoji kollektivinin psixoloji problemi (Bunun öhdəsindən biz
gələ bilərikmi?), adi uşaqlar və onların valideynlərinin problemi ( Biz
kimlə oxuyuruq? Bizim övladımız necə
uşaqlarla oxuyur?).
Bu gün ürəklə
qeyd edə bilərik ki,
bu iki problem
öz həllini tapıb. Bu
gün soruşsalar ki, inklüziv təhsil bizim kollektivə nə verdi,
cavabımız bu olar
ki, biz icmanın,
valideynlərin hörmətini qazandıq, belə bir böyük 2 problemin öhdəsindən gəldik.
Müasir dövrdə xüsusi
təhsilin sistemi tamamilə dəyişir,
cəmiyyətin, dövlətin bu sahəyə
diqqəti zaman-zaman artır. Bu mənada müəllim əməyinin,
müəllim hazırlığının əhəmiyyəti, şübhəsiz
ki, böyükdür.
Möhtərəm
Prezidentimiz cənab İlham
Əliyevin dediyi kimi,
təhsil sisteminin səmərəliliyində,
onun nailiyyətlərinin
formalaşmasında müəllim amilinin
həlledici əhəmiyyətini nəzərə almaqla müəllim hazırlığının
gücləndirilməsinə xüsusi
önəm veriləcəkdir. Bütün ümumi
təhsil müəllimləri üçün
fəal (interaktiv) təlim
texnologiyaları və inklüziv təhsil
üzrə məqsədli ixtisasartırma təmin ediləcək.
Bu sistemin mükəmməlliyi
biz müəllimlərdən çox asılıdır. Hesab
edirik ki, pedaqoji kollektiv inklüziv təhsillə bağlı
ideyalarını digər təhsil müəssisələri
ilə paylaşmalıdır. Bu
ideyaların bəyənilməsi istiqamətində iş qurulmalıdır. Bundan əlavə, pedaqoji kollektiv məktəbin
yerləşdiyi ərazidə fiziki və
sosial maneələrə rast
gələn uşaqlar haqqında məlumatlı
olmalıdır, beləliklə, icma ilə
bərabər gələcəkdə bu cür uşaqların cəmiyyətə inteqrasiya məsələsi heç
bir hüquq pozuntusu olmadan həyata
keçirilməlidir. Bu isə, öz növbəsində, Uşaq
Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərin
bütün şagirdlərə eyni dərəcədə şamil
edilməsi məsələsini hər bir pedaqoji kollektiv
qarşısında qoyacaqdır.
Lakin zaman keçdikcə başa
düşürük ki,
yeni problemlərlə üzləşməli
oluruq. Onların bəzilərini sizin diqqətinizə çatdırmaq istərdik.
Əvvəla, belə
uşaqların adaptasiya dövrü
çətin yaşanır. Bu zaman defektoloqlara, psixoloqlara böyük ehtiyac yaranır. Eyni zamanda ixtisaslaşmış müəllim
köməkçiləri də azlıq təşkil edir. Bundan əlavə, bu uşaqlar üçün məktəbdə xüsusi şəraitin olmasının vacibliyini və sosial
işçilərə olan tələbatı
da qeyd etmək istərdik.
Xüsusilə texniki təminatın
olmaması da qarşımıza
çıxan problemlərdəndir. Yeni
tikilən tədris binalarında bu kateqoriyadan olan
uşaqların xüsusiyyətləri nəzərə
alınmalıdır. Vurğulayaq ki, cəmiyyətdə inklüziv
təhsil az təbliğ olunur.
Belə ki, valideynlər arasında maarifləndirmə
baxımından böyük işlər
görülməsinə ehtiyac duyulur. Onlara düzgün məlumatın
verilməsi, eyni zamanda
bu mövzunun kütləvi
informasiya vasitələri tərəfindən
işıqlandırılması, valideynlərdə,
ümumiyyətlə, cəmiyyətimizdə yanlış təsəvvürlərin
yaranmasının qarşısının alınması və
bu yöndə aparılan işlərə
xüsusi diqqətin ayrılması vacib məsələlərdəndir.
Fənn
standartları, kurikulumlar və dərsliklərin
hazırlanması zamanı inklüzivliyin
nəzərə alınmaması da müəyyən
çətinliklər yaradır.
İlkin müəllim hazırlığı və
ixtisasartırma kursları zamanı inklüziv
təlimin öyrədilməsi də məqsədəuyğun
olardı.
Çıxışımı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə
baxış" İnkişaf
Konsepsiyasından müasir təhsil sistemi ilə bağlı fikirlərlə
bitirmək istəyirəm.
"12 illik ümumi təhsil
sisteminə keçid təmin ediləcək,
bununla əlaqədar şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən
"təfəkkür və düşüncə məktəbi"nə
keçidin təmin olunması məqsədi
ilə sistemli tədbirlər görüləcəkdir. Tam orta təhsil səviyyəsində
təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar
üçün inkişafetdirici
fərdi proqramlar yaradılacaqdır. Eyni zamanda, xüsusi
qayğıya ehtiyacı olan,
sağlamlıq imkanları məhdud uşaqlar
üçün də müxtəlif inkişafetdirici, korreksiyaedici inklüziv təhsil
proqramları tətbiq ediləcəkdir".
Diqqətinizə
görə təşəkkür edirəm.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.7.