Şuşa RTŞ metodkabinetinin müdiri
Rəsmiyyə Məmmədovanın
çıxışı
Hörmətli qurultay nümayəndələri!
Hörmətli qonaqlar!
Müstəqil Azərbaycan dövlətinin qurucusu, dunya azərbaycanlılarının
ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin
adını daşıyan bu möhtəşəm
Mərkəzdə keçirilən Azərbaycan müəllimlərinin
XIV qurultayında
çıxış etmək üçün
mənə söz verildiyinə görə
hədsiz qürur və sevinc hissləri
keçirirəm.
Qurultayımız Azərbaycan
təhsilinin taleyüklü problemlərinin
həll olunduğu mühüm
bir dövrə təsadüf edir. Möhtərəm Prezidentimiz İlham
Əliyevin Sərəncamı ilə təsdiq edilmiş
tarixi əhəmiyyətə malik "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" sənədində
getdikcə qloballaşan müasir
dünyamızda təhsilin prioritetliyi və müstəsna rolu bir daha
təsdiqlənməklə XXI əsr Azərbaycan təhsilinin
inkişaf istiqamətləri uzaqgörənlıklə
müəyyənləşdirilmişdir.
Biz
hamımız hörmətli
nazirimiz Mikayıl Cabbarovun qurultay
iştirakçılarına ünvanlanan analitik təhlil
üzərində qurulmuş dərin məzmunlu
məruzəsini diqqətlə dinlədik. Heç
şübhəsiz, bu məruzə ümumi ruhu və mahiyyəti
ilə yerli
təhsil orqanları və təhsil
müəssisələrinin rəhbərləri,
bütövlükdə hər bir təhsil
işçisi üçün
perspektiv proqram xarakteri daşıyır.
Hörmətli qurultay iştirakçıları!
Dövr və zamanın tələblərinə görə ümumi təhsilin qarşısında duran məqsəd və vəzifələr bu və ya digər dərəcədə
dəyişsə də bütün
dövrlər üçün bir məqam dəyişilməz qalmaqdadır. O da ülvi məqsədlərin ən alisi sayılan uşaq və
gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsidir.
Ulu öndər Heydər Əliyev təhsilə, təhsilin
aktual problemlərinə həsr olunmuş konseptual səciyyə daşıyan
çıxış və nitqlərində böyüməkdə
olan gənc
nəslin vətənpərvər ruhda tərbiyə
edilməsini daim ön
plana çəkir, bu
nəcib amalı təhsilin başlıca vəzifəsi kimi dəyərləndirirdi.
Hesab edirəm ki, bu məqamda ulu rəhbərimizin
bütün təhsil işçilərinə
örnək olan çoxsaylı müdrik fikirlərindən bir
neçəsini xatırlatmaq yerinə düşərdi. Ulu öndər deyirdi:
"Təhsilimizin ən böyük məqsədi Azərbaycan vətəndaşı
hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin
ləyaqətli üzvünü
hazırlamaqdır. Məktəbdə vətənpərvərlik
tərbiyəsi işini təkmilləşdirmək,
onun forma və
metodlarının rəngarəngliyinə
çalışmaq, yüksək səmərəliliyinə nail olmaq lazımdır. Hər
bir gənc
vətəndaş öz ölkəsinin alovlu vətənpərvəri
olmalıdır".
Dahi Heydər Əliyev
siyasi-ideoloji kursunun layiqli
davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham
Əliyevin ölkəmizin ictimaiyyətinə müraciətlə söylədiyi "Biz
istəyirik ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyə alsın...Vətənə bağlılıq, Vətən sevgisi mütləq yüksək səviyyədə olmalıdır. Ümid edirəm
ki, bizim bütün məktəblərimizdə vətənpərvərlik mövzusu daim gündəlikdədir. Vətənə
bağlılıq, sevgi, peşəkar və
yüksək biliyə malik olmaq - bunlar ölkəmizi qabağa
aparacaqdır" müddəası, heç
şübhəsiz, müasir dövrdə
təhsilimizin məqsədinin və fəlsəfi mahiyyətinin parlaq ifadəsidir.
Ulu öndərin
adını daşıyan
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın vətənimizin tarixinə
həssas münasibəti xüsusi qeyd olunmalıdır. Mehriban
xanım Əliyeva ölkəmizdə və dünyada mədəniyyətə, idmana qayğı ilə yanaşan,
elm, təhsil, səhiyyə sahələrində
respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir insan kimi
tanınır.
Heydər
Əliyev Fondunun təşkil etdiyi və 2009-cu ildən keçirilən respublika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə
üz tutan gənclərin
sayını artırıb, həm də milli
muğam musiqimizi dünyaya tanıdıb. Mehriban xanım
Əliyevanın maddi
və qeyri-maddi mədəni dəyərlərimizin
bərpası, qorunması və təbliği sahəsində
zəngin və hərtərəfli fəaliyyəti vətənə, xalqa məhəbbətin
bariz nümunəsidir.
Hörmətli qurultay iştirakçıları!
2013-2014-cü
dərs ili hamımız üçün
əlamətdar, yaddaqalan bir
hadisə ilə başladı. Bu dərs
ilindən etibarən məktəblərimizdə
ilk dərsin "Mənim Vətənim-doğma
yurdum"mövzusuna
həsr edilməsinə dair hörmətli
nazirimizin əmri uşaq
və gənclərdə vətənpərvərlik əzminin və Vətən təəssübünün
gücləndirilməsi amilinin heç bir vaxt aktuallığını itirməyən taleyüklü vəzifə olduğunu
təhsil ictimaiyyətinə bir daha xatırlatdı.
Hörmətli qurultay iştirakçıları!
Mən bu əlamətdar tədbirdə Şuşa rayonunu təmsil
edənlər sırasındayam. Məcburi köçkünlük
həyatı yaşamaq bəlkə də maddi tərəfdən deyil, daha çox mənəvi
cəhətdən ağırdır. Bizlərə
ruh verən, ölkəmizdə hökm sürən coşqun
fəaliyyət tempindən kənarda qalmamağa
sövq edən əsas amil dövlət başçımız cənab İlham Əliyev tərəfindən işğal
altında olan torpaqlarımızın
düşmən ünsürlərdən azad edilməsi
uğrunda
məqsədyönlü və ardıcıl tədbirlərin
həyata keçirilməsi, bu yolda göstərdiyi qətiyyət və siyasi uzaqgörənlikdir. Möhtərəm
Prezidentimizin yürütdüyü
dinamik siyasət nəticəsində
ölkəmizin iqtisadi qüdrətinin ilbəil
artması, milli ordumuzun
durmadan güclənməsi, Azərbaycanın
beynəlxalq aləmdə siyasi nüfuz dairəsinin getdikcə genişlənməsi
düşmən üzərində qələbəmizi, doğma Qarabağımızın azad ediləcəyi anı günbəgün
yaxınlaşdırır. Belə bir
şəraitdə, ölkəmizin yağı düşmənlə
üz-üzə durduğu bir vəziyyətdə
gənclərimizin vətənpərvərlik ruhunda
tərbiyəsinin prioritet mahiyyət daşıması inkaredilməz
həqiqət kimi meydana
çıxır.
Bu
gün ümumi təhsilin
məzmun istiqamətlərini şərtləndirən didaktik prinsiplərdən danışılarkən
onun nəticəyönlü və tələbatyönlü olması ilə yanaşı, həm
də şəxsiyyətyönlü
keyfiyyəti ön plana çəkilir. Əlbəttə,
şəxsiyyətin bütövlüyünü təyin edən çox amillər mövcuddur,
lakin onların arasında
ən vacibi Vətənə, doğma torpağa
bağlılıq xüsusiyyətidir.
Güman edirəm ki,
görkəmli şairimiz Abbas Səhhətin ürəkləri riqqətə gətirən "Vətəni sevməyən insan olmaz, olsa ol şəxsdə
vicdan olmaz"
misraları, əslində, bütün dövrlər üçün danılmaz həqiqət, əbədi
çağırışdır.
Hazırda
təhsilin inkişafı
üzrə Dövlət Strategiyasında irəli sürülən
tələblərə uyğun olaraq, digər həlli vacib
məsələlərlə bərabər, məktəbəqədər
və ümumi təhsilin dövlət
standartlarının və fənn kurikulumlarının təkmilləşdirilməsi və
yeniləşdirilməsi istiqamətində işlərə
başlanmışdır. Elə bilirəm ki,
bu sənədlər hazırlanarkən
istər məktəbəqədər, istərsə də ümumi təhsilin məzmununda vətənpərvərlik komponentinin daha da gücləndirilməsi diqqət mərkəzinə çəkilməlidir.
Eyni zamanda bütün fənlərin, xüsusilə Azərbaycan
tarixi, coğrafiya, ədəbiyyat
fənlərinin məzmununda vətənpərvərlik tərbiyəsinin mühüm tərkib
hissəsi olan milli iftixar hissinin şagirdlərə təlqin edilməsi ciddi
nəzərə alınmalıdır.
Həm
də sirr deyil ki,şagirdlərin
bir çoxu əksər
hallarda yaşadıqları ərazidən
kənara çıxmaq imkanına malik
olmadıqlarından ölkəmizin ayri-ayrı bölgələri,
bu bölgələrdəki flora və fauna, mədəni
abidələr, tarixi məkanlar
haqqında təsəvvürləri məhdud olur. Halbuki Vətənin özəlliklərini öz gözləri ilə görmək, onun gözəllikləri ilə mənəvi
təmasda olmaq şagirdlərdə böyük ruh yüksəkliyi,
iftixar hisslərinin yaranmasında mühüm amildir. Ona görə də ümumtəhsil məktəblərinin
tədris planlarına məqsədli
ekskursiyaların daxil edilməsi və
bu tədbirlərin təşkili üçün maliyyə imkanlarının
axtarılması məqsədəuyğun olardı.
Bu yerdə bir məqamı
xatırlatmaq istərdim. Bir neçə il bundan
əvvəl Təhsil Nazirliyinin təşəbbüsü
ilə ümumtəhsil məktəblərinin şagirdləri
arasında "Mən Vətənim, yaşadığım
şəhər (kənd, qəsəbə) haqqında nələri bilirəm" mövzusunda inşa
müsabiqəsi keçirilmişdi.
Bu əhəmiyyətli bir
tədbir idi, həm də ona
görə ki, şagirdləri tədqiqatlar
aparmağa sövq edirdi. O vaxt bu inşaların
nəticələrinə görə məlum olmuşdu ki, şagirdlərin
bir çoxu hətta öz yaşadıqları yerin
tarixi, coğrafiyası və digər
özəllikləri barədə
dolğun
təsəvvürə malik deyillər.
Bu, əlbəttə, düşündürücü
bir haldır və güman edirəm
ki, maarifləndirmə xarakteri
daşıyan bu tipli
tədbirlərin və layihələrin gələcəkdə
davam etdirilməsi çox
vacibdir. Həm də təklif
edərdim ki, xüsusi
bir layihə çərçivəsində
ölkəmizin hər bir bölgəsinin
tarixini, coğrafiyasını, flora və faunasını, mədəni abidələrini,
görkəmli şəxsiyyətlərini əhatə edən
təlim materiallarının hazırlanması işi
təşkil olunsun və fakültativlər
formasında məktəblərdə tədris edilsin.
Bu bütün
şagirdlər, xüsusilə də məcburi köçkün
rayonlarının şagirdləri üçün
müstəsna əhəmiyyət kəsb edərdi.
Gənclərimizin vətənpərvərlik
tərbiyəsi, şübhəsiz, bir çox amillərlə əlaqədardır.
Yəqin hamı razılaşar ki, tərbiyə işi sahəsində
şəxsi nümunə müstəsna əhəmiyyət kəsb
edir.Vətənpərvərlik hissi öz-özünə yaranmır, bunu nəsihət hesabına etmək çox çətindir. Təlimdə əyanilik
necə mühüm rola
malikdirsə, tərbiyəolunma sisteminin düzgün qurulmasında da
fərdi nümunə bir o
qədər əhəmiyyətlidir. Bu mənada
biz gənclərimizi görkəmli şəxsiyyətlərimizin,
Vətən uğrunda qəhrəmanlıq
göstərənlərin timsalında tərbiyə etməliyik.
Milli Qəhrəmanımız Mübariz İbrahimovun
qısa, lakin şərəfli həyat yolu vətənini, millətini, xalqını
sevən hər bir Azərbaycan gənci üçün örnək olmalıdır. Mübariz İbrahimov bütün Azərbaycan
gəncliyinə nümunədir.
Bəlkə
də bu hələlik bir
arzudur, ancaq bir anlıq təsəvvür edəndə ki, şagirdlər hər gün məktəblərin
qarşısında Vətən uğrunda
döyüşlərdə
canlarını qurban vermiş
insanların şərəfinə qurulan
rəmzi əbədi məşəl abidəsinin önündən keçib
onların xatirəsini yad etməklə məktəbə
daxil olurlar, hesab edirəm ki, onlar üçün bundan ibrətamiz və duyğulu
mənzərə ola bilməz.
Hörmətli qurultay nümayəndələri!
Fürsətdən
istifadə edərək bir məsələyə
toxunmaq istəyirəm. Məlumdur
ki, vətənpərvərlik tərbiyəsində
kütləvi informasiya vasitələrinin
rolu müstəsna əhəmiyyət kəsb
edir. Çox arzu edərdik ki,
xüsusilə televiziya kanallarında gənclərimizin
mənəvi tərbiyəsinə, vətənpərvərlik
tərbiyəsinə həsr olunmuş
verilişlərin sayı üstünlük
təşkil etsin. Elə bilirəm,
çoxlarının fikrini ifadə etmiş olaram ki, dırnaqarası reytinq
gətirən bəzi verilişlərin gənclərimiz üçün heç bir əhəmiyyəti yoxdur.
Çıxışımın
sonunda tam əminliyimi
bildirmək istəyirəm ki, Azərbaycan
dövlətinin, dövlətimizin başçısı cənab
İlham Əliyevin müntəzəm diqqət
və qayğısı sayəsində Azərbaycan təhsili
durmadan inkişaf edəcək,
dünya təhsil sistemində öz layiqli yerini tutacaqdır.
Diqqətinizə
görə təşəkkür edirəm.
Azərbaycan müəllimi.- 2013.- 20 dekabr.- S.8.