2013-cü ili kim necə başa vurdu

 

Leyla ABDULLAYEVA,

Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbin

direktoru, Milli Məclisin deputatı

 

2013-cü il ölkəmiz üçün uğurlu olmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyevin 3-cü dəfə dövlət başçısı seçilməsi xalqın ona olan inam və etimadının  bariz nümunəsidir. 2013-cü il prezident seçkiləri bir daha İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət Azərbaycanda hər bir sahənin inkişafı üçün təməl olmuşdur.

Bu il  ölkə Prezidenti   "Azərbaycan Pespublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması ilə bağlı sərəncam imzalamışdır. Strategiyanın əsas  məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır.  Güclü və dinamilk inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün güclü təhsil olmalıdır və Dövlət Strategiyasında göstərildiyi kimi, islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaqdır.

Bu gün Azərbaycan təhsilinin yüksək nailiyyətlər qazanmasında  Heydər Əliyev Fondunun, onun prezidenti, Milli Məclisin deputatı    Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır. Məhz onun rəhbərliyi ilə yüzlərlə məktəb, uşaq bağçası tikilmiş, təmir olunmuş, yüksək standartlar səviyyəsində təchiz olunmuşdur.

Rəhbərlik etdiyim  Sumqayıt şəhərindəki F.Piriyev adına 18 nömrəli tam orta məktəb Prezident sərəncamı ilə  keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibidir. Məktəbin kollektivi  cari tədris ilində də dövlət başçımız İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğı nəticəsində  böyük uğurlara imza atmışdır. Tələbə qəbulunun nəticələrinə görə rəhbərlik etdiyim məktəb şəhər məktəbləri sırasında öncül yerdədir. Bu il məktəbi bitirmiş 18 şagirddən 15-i  arzuladığı ali təhsil müəssisəsinə daxil olmuş, ötən illərdə qazandığımız uğurlara yeni uğurlar qatmışlar. Məktəbin şagirdləri müxtəlif müsabiqələrin qalibi olmuş, zona və respublika üzrə keçirilmiş yarışlarda I-II-III yerləri qazanmışlar. Çalışırıq ki, məktəbi savadlı, bacarıqlı, vətənpərvər şagirdlər bitirsin və əldə etdikləri bilikləri bacarığa çevirib yüksək ixtisaslı kadrlar kimi vətənə xidmət etsinlər.

Bildiyimiz kimi, 2013-cü il cənab Prezidentin sərəncamı ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdir. Məktəb sadəcə təhsil, elm məbədidir. Amma bu məbədin  müasir bəzək ornamenti  informasiya - kommunikasiya texnologiyalarıdır.

Bu sahədə də məktəbdə böyük işlər görülmüşdür. Şagirdlərimiz ulu öndər Heydər Əliyevin fəaliyyətini əks etdirən təqdimatları elektron  variantda hazırlamış, sürətli İnternet yazı müsabiqələrində fəal iştirak etmiş  və informatika fənni üzrə təşkil olunmuş viktorinaların qalibi olmuşlar.

Təhsildə əldə etdiyimiz nailiyyətləri daha da artırmaq  pedaqoji  kollektivimizin qarşısında duran əsas məqsədlərdəndir. Biz yeni-yeni nailiyyətlərə doğru addımlayırıq və hər bir  uğurumuza  görə  dövlət başçısına minnətdarıq.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təhsil işçilərini təbrik edirəm. Qarşıdan gələn 2014-cü ilin   möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycana yeni-yeni uğurlar gətirməsini  arzu edirəm.

 

Aygün ƏHMƏDLİ,

Bakıdakı 287 nömrəli "Zəkalar"

liseyinin direktoru, əməkdar müəllim

 

2013-cü il Azərbaycan təhsilində bir çox taleyüklü məsələlərin çözümü ilə yadda qalıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilib.

2013-cü ildə  "Zəkalar" liseyi  "Ən yaxşı ümumtəhsil məktəbi", liseyin ibtidai sinif müəllimi Təranə Muradova isə  "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi seçilib.

Liseyimiz yarandıgı gündən bu günə kimi tələbə qəbulu  üzrə orta statistik abituriyent balına (keyfiyyət faizinə ) görə Bakı şəhərində 10 ən yaxşı məktəb sırasında yer alıb.

2013-cü ildə olimpiadaların respublika turunda  2 şagirdimiz riyaziyyat və fizika fənni üzrə III yerə, 1 şagirdimiz isə kimya fənni üzrə IV yerə  layiq görülüb.

2013-cü il dekabrın 6-da keçirilən respublika olimpiadasının şəhər (rayon) mərhələsində 14-16 yaşlı iştirakçılar 3 fənn- riyaziyyat, kimya və fizika üzrə yarışa qatılmışdı. Olimpiadada Bakı şəhərindəki təhsil ocaqlarını təmsil edən 30  şagirddən 10-u rəhbərlik etdiyim 287 nömrəli "Zəkalar" liseyinin yetirməsi idi. Onlardan  6 nəfəri olimpiadanın I, II, III yerlərinə layiq görülərək diplomlarla, qiymətli hədiyyələrlə təltif olundu. 

2013- il  TQDK-nın nəticələrinə görə də bizim üçün uğurlu il olub. 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrinə görə TQDK-nın reytinq cədvəlində liseyimiz III yeri tutub. Tam orta məktəbi bu il bitirən  58  məzunumuzdan  12 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən çox bal toplayaraq tələbə adını qazanıb. Daha bir məzunumuz  685 balla Azərbaycan Tibb Universitetinə daxil olaraq Prezident təqaüdünə layiq görülüb.

Qabaqcıl iş təcrübələrini öyrənmək, müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə liseyimizdə bir çox kurslar- "İntel", "Gələcək  üçün təhsil", "Smart ilə tədris" və s. təşkil etmişik.

Milli sərvətimiz olan istedadlı uşaqların üzə çıxarılaraq onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi baxımından fənn olimpiadalarının və liseyimizdə fəaliyyət göstərən  "Şagird Elm Cəmiyyəti"nin (ŞEC)  rolu çox böyükdür. Bu məqsədlə liseydə "İstedadlı uşaqlar"  bankı da yaratmışıq. Hər il şagirdlər arasında keçirilən  "Məntiq olimpiadası" yarışında qalib gələnlərin adları həmin  "İstedadlı uşaqlar" bankına daxil edilir. 2013-cü ilin yanvar ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin  təşkilatçılığı  və dəstəyi ilə "İstedadlar hazırlığı laboratoriyası" layihəsini də liseyimizdə uğurla  həyata keçiririk. 

Artıq qarşılamağa hazırlaşdığımız  2014-cü ildə körpələrimizə günəşli səma, gənclərimizə dünya elminin ən uca pilləsindən Azərbaycanı təmsil etməyi, Azərbaycan təhsilinə isə daha yüksək zirvələrə qalxmağı arzu edirəm. Bu yolda bir təhsil işçisi kimi mən də əlimdən gələn köməyi əsirgəməyəcəyəm.

 

Kəmalə  BƏDƏLOVA,

Bakının Nərimanov rayonundakı

MLK-nın direktor müavini

 

2014-ci ilin astanasındayıq. Desəm ki, 2013-cü il mənim üçün ən əlamətdar il olub, yanılmaram. Çünki pedaqoji fəaliyyətim dövründə məhz bu il mənə ən böyük  xoşbəxtlik nəsib olub: Azərbaycan müəllimlərinin XIV qurultayında iştirak etmək, həm də məruzə  ilə mötəbər sədarət və bütün Azərbaycan müəllimləri qarşısında çıxış etmək, təlim-tərbiyə verdiyim şagirdlərdən xoş sözlər eşitmək, işlədiyim kollektivin üzvlərindən səmimi alqışlar qəbul etmək.

Elə bilirəm ki, üzümüzə gələn yeni il xalqımıza firavanlıq, əmin-amanlıq gətirməkdən əlavə, təhsilimizdə yeni uğurların qazanılması ili olacaqdır. Yeni ildə hədəflərim: Dövlət Strategiyasında nəzərdə tutulan müddəaların həyata keçirilməsində, müəllimlərin elmi-metodiki yaradıcılığına istiqamət verən, onlara dəstək verən təlim mərkəzlərində yaxından iştirak etmək, çoxminli Azərbaycan müəllimlərinin çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin siyasətinin həyata keçirilməsinə,  hər bir müəllimin tədris etdiyi fənnin proqramının tam mənimsədilməsi, optimal yolları seçməklə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz töhfəmi vermək, şagirdlərin biliyinin və dünyagörüşünün artırılması istiqamətində kollektivimizdə görülən işlərə dəstək olmaq, pedaqoji fəaliyyətə  yenicə başlamış gənclərlə səmərəli, məqsədyönlü işin aparılmasının təşkilatçısı olmaq, inklüziv təhsilin həyata keçirilməsi isitqamətində yeni metodiki işləmələrdə fəal iştirak etmək, şagirdlərimizin təfəkkürünü, məntiqini inkişaf etdirmək məqsədilə metodiki işləmələr hazırlamaqdır.

İnanıram ki, pedaqoji kollektivimiz bu işlərdə  mənə dəstək olacaq, bu mühüm işlərin həyata keçirilməsində əlindən gələni əsirgəməyəcək.

 

Nərminə QARAGÖZOVA,

Bakıdakı 18 nömrəli tam orta

məktəbin ibtidai sinif müəllimi

 

1957-ildə  Bakı şəhərində anadan olmuşam. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmişəm.1991-ci ildən M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyirəm.

Bu illər ərzində  pedaqoji sahədə uğurlarım az olmayıb. 1999-cu ildə Norveç Qaçqınlar Şurasının təşkil etdiyi insan hüquqlarının ümumtəhsil məktəblərində tədrisi ilə bağlı keçirilmiş seminarın iştirakçısı olmuş,  2008-2009-cu tədris ilində yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kursu  üzrə, 2009-2010-cu tədris ilində isə "öyrənənləri öyrədən" kursu üzrə sertifikatlar almışam.  2011-ci ildə "İnnovasiya, Mimio" kurslarında iştirak   "İrs" məşğələlərini  kurikulum əsasında fəal təşkil etdiyimə görə sertifikatlarla  təltif olunmuşam. 2002-ci ildə pedaqoji mühazirələrin şəhər turunda II yerə, respublika turunda I yerə çıxmış və Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşəm. 2009-2010-cu tədris ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam.

Artıq başa vurmaqda  olduğumuz  2013-cü ili isə  həyatımda ən uğurlu il hesab edirəm. Bu il pedaqoji sahədə çoxillik  fəaliyyətim yüksək qiymətləndirilmiş və möhtərəm cənab Prezidentimiz İlham Əliyevin  müvafiq sərəncamı ilə "Əməkdar müəllim"  fəxri adına layiq görülmüşəm. Əməyimə verilən yüksək qiymətə görə ölkə rəhbərinə öz dərin təşəkkürümü bildirirəm. Bu fəxri ad məni daha da fəal olmağa, pedaqoji sahədə qazandığım uğurları birə-beş artırmağa ruhlandıracaq.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün təhsil işçilərini ürəkdən təbrik edir, hər birinə şəxsi həyatlarında cansağlığı, çalışdıqları şərəfli peşələrində uğurlar arzulayıram.

 

Hüseyn ŞAHBƏNDƏYEV,

Avropa Azərbaycan Məktəbinin

müəllimi, əməkdar müəllim

 

1979-cu ilin sentyabr ayından bu günə kimi fasiləsiz olaraq müəllim işləyirəm. Müxtəlif illərdə şəxsi və karyera həyatımda uğurlar, yaddaqalan hadisələr çox olmuşdur. Lakin 2013-cü ili ömrümün ən fərəhli illərindən biri hesab edirəm. Gündoğanı ilə günbatanı arasındakı məsafəsi bir göz qırpımı olan ömrün illərinin hamısı, etiraf edim ki,  hər zaman bu qədər məhsuldar olmamışdır. 2013-cü il mənim şəxsi və karyera həyatımda bir-birindən xoş sürprizləri ilə əlamətdar olmuşdur. Bunların bəziləri şəxsi və ya ailədaxili, bəziləri isə müəllim fəaliyyətimlə bağlıdır. İlin gedişinə nəzər salsam, aşağıdakıları fərqləndirə bilərəm:

Mart ayında anadan olmağımın 55 illiyi tamam olub. Ali məktəblərə qəbul olmaq məqsədilə imtahanlara hazırlaşan bütün şagirdlərim uğurla imtahan verərək tələbə adı qazandılar. Ali məktəbə qəbul sevincini ailəmiz də yaşadı - kiçik oğlum Cavid müvəffəqiyyətlə imtahan verib Azərbaycan Diplomatik Akademiyasına qəbul olundu.

Yaz-yay aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dərsliklərin Qiymətləndirilməsi Şurasının Azərbaycan dili və ədəbiyyat dərslikləri üzrə eksperti kimi fəaliyyət göstərmişəm. Avqust ayında ümumi orta təhsil səviyyəsi üzrə 6-cı siniflərdə dərs deyəcək Azərbaycan dili və ədəbiyyat müəllimlərinin kurikulum əsaslı dərsliklərlə işləməyə hazırlanması məqsədilə Qəbələ  şəhərində  və Bakıdakı 220 nömrəli məktəblərdə təlimçi-müəllim kimi müəllim hazırlığı ilə məşğul olmuşam. Hazırda Avropa Azərbaycan Məktəbində və Xırdalan şəhər 6 nömrəli tam orta məktəbində müəllim kimi fəaliyyətimi davam etdirirəm.

2013-cü ildə elmi-metodik və bədii yaradıcılığımı da davam etdirmişəm. "Azərbaycan müəllimi",  "Xalq qəzeti", "Kaspi" və s. qəzetlərdə çap olunmuş məqalələrim bu qəbildəndir. Uşaqlar üçün yazdığım "Torpaq, bayraq, bir də sevgi nağılı" adlı mənzum kitabım hazırda çap ərəfəsindədir.

Mənim üçün ən böyük hadisə isə oktyabrda olub. Möhtərəm Prezidentimizin sərəncamı ilə "Əməkdar müəllim" adına layiq görülmüşəm. Müəllim üçün ən yüksək ada layiq görülməyimi təkcə öz işimə deyil, bütövlükdə mənə dərs demiş fədakar müəllimlərimin və bu günədək işlədiyim bütün məktəblərdə vicdanla çalışan təhsil işçilərinin əməyinə verilən qiymət hesab edirəm. Məni bu ada layiq gördüyü üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, uğuruma sevinən hər kəsə ürəkdən təşəkkürümü bildirirəm. Bilirəm ki, hər bir yüksək ad daha şərəfli əməyin başlanğıcı üçün stimul verir. Çalışacağam ki, göstərilən etimadı işimlə doğruldum, Təhsil Strategiyasından və müəllimlərin XIV qurultayının qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsində yaxından iştirak edim.

 

İlqar ABDULLAYEV,

Bakıdakı 301 nömrəli tam orta məktəbin tarix müəllimi

 

Müəllim işlədiyim ilk gündən unudulmaz şairimiz  Bəxtiyar Vahabzadənin "Şagird şamdır, gəlin onu yandıraq" misrası mənim devizim olub. Həmişə səy göstərirəm ki, şagirdlərimin qəlbində tədris etdiyim fənnə sevgi, məhəbbət şamı yandıra bilim.

Yola salacağımız 2013-cü il mənim üçün kifayət qədər uğurlu il oldu.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar 2013-cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "Təhsildə innovativ metoddan istifadənin rolu və əhəmiyyəti"  mövzusunda müsabiqənin qalibi oldum.

"Ən yaxşı müəllim" müsabiqəsinin də qalibi seçildim.

Yeri gəlmişkən deyim ki, müsabiqə çox şəffaf və ədalətli keçirildi. Üç mərhələdən ibarət müsabiqənin hər üç mərhələsini uğurla keçdim və kifayət qədər yüksək bal toplayaraq qaliblər sırasına düşdüm. Möhtərəm Prezidentimizin məlum sərəncamı ilə keçirilən müsabiqəni müəllimlərin əməyini stimullaşdırmaq üçün ən yaxşı vasitə hesab edirəm. Son altı ildə müsabiqədə altı yüz müəllim qalib adına layiq görülərək Prezident sərəncamı ilə yüksək məbləğdə pul mükafatları almışdır. Bu isə müəllim əməyinə verilən böyük qiymətdir.

İlin sonunda keçirilən respublika müəllimlərinin XIV qurultayının iştirakçısı oldum.

Aspirantı olduğum BDU-nun tarix fakültəsində minimumları uğurla verərək üzərində işlədiyim dissertasiyamın  müdafiəsinə bir addım da yaxınlaşdım.

İlk övladım Heydər qəbul imtahanlarını uğurla verdi və qardaş Türkiyənin M.K.Atatürk adına Ərzurum Dövlət Universitetinin tələbəsi oldu.

Dərs dediyim şagirdim Nərmin Mirzəzadə tarix fənni üzrə olimpiadanın II turuna vəsiqə qazandı.

Qarşıdan gələn yeni- 2014-cü ildə arzularım, hədəflərim çoxdur. Ən ümdə arzum budur ki, doğma Qarabağımızı işğalçıların caynağından qurtaraq. Arzu edirəm ki, Azərbaycan təhsilinin səviyyəsini daha da zirvələrə qaldıraq. Qoy Azərbaycan  təhsilinin sorağı dünyanın hər yerindən gəlsin.

Gələcəyinə inandığım şagirdim Kənan Osmanov 2014-cü ildə öz hədəfinə çatsın, olimpiadanın respublika turunun qalibi olmağı bacarsın.

Üzərində işlədiyim dissertasiyamı uğurla müdafiə edib tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi qazanım.

Cənab nazirimiz başda olmaqla Azərbaycan təhsilini təmsil edənlərin hamısına 2014-cü ildə sağlamlıq və uğurlar arzu edirəm. 

2013-cü ildə istifadəyə verilmiş təhsil müəssisələri

 

Azərbaycan müəllimi.- 2013.- 27 dekabr.- S.5.