Eynək alarkən nələrə diqqət etməli?

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti

İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti

tövsiyə edir: "Keyfiyyətsiz eynəklər sağlamlığınız üçün təhlükəlidir"

 

Hazırda ölkənin əksər ticarət obyektlərində, eləcə də səyyar şəkildə eynəklər satılmaqdadır. İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən eynəklərin necə gəldi satılması isə ciddi təhlükə mənbəyidir. Eynək həvəsində olan alıcıların əksəriyyəti harada satılmasından asılı olmayaraq öz zövqlərinə uyğun seçim edir və onları alırlar. İstehlakçıların yalnız xarici görünüşünə və ucuz qiymətinə üstünlük verərək seçib aldığı bu eynəklərin keyfiyyəti, yaratdığı fəsadlarla bağlı məlumatları isə kifayət qədər məhduddur.  Ona görə də bu yazıda istehlakçılara eynək alarkən nəyə diqqət edilməsi ilə bağlı bəzi zəruri məlumatları çatdıracağıq.

Eynək alarkən mütəxəssislərlə məsləhətləşin. Bilin ki, keyfiyyətsiz  eynəklərin satışı göz xəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə kataraktanın yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə   eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın.

Eynək alarkən mütləq onun etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəyinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə - zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır.

Eynək alarkən birinci növbədə onun rənginə   çəkisinə fikir verin.  Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan   onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultra-bənövşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.

Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək taxmısınızsa və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə eynək alarkən qeyd olunan məsələlərə diqqət edin.

Eynəklər iki növ materialdan - plastik və şüşədən hazırlanır. Şüşənin də öz növləri vardır ki, bunlara adi, xameleon və s. misal göstərə bilərik. Plastik materialdan olan eynəklər yüngül və rahat olmasına baxmayaraq tez sınıb çatlayır. Ona görə də şüşədən hazırlanan eynəklər daha keyfiyyətli hesab olunur.

Eynəklərin istifadə məqsədi müxtəlifdir. Ondan görmə pozğunluğunu aradan qaldırmaq, gözlərin daha yaxşı görməsini təmin etmək, günəş şüasından, xarici təsirlərdən müdafiə etmək, elektromaqnit şüalanmalardan qorunmaq üçün və ya sadəcə aksessuar kimi istifadə olunur. Şüşə, polikarbonat plastikdən və akril plastikdən düzəldilən eynəklər ən təhlükəsiz və istifadə üçün yararlıdır. Mövsümi olaraq daha çöx istifadə olunan gün eynəkləri isə əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şualarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.

Eynəklər müxtəlif təyinatlar (optik, qoruyucu, gün eynəkləri və s.) üzrə istifadə olunur.

 

Optik eynəklər

 

Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutulur. İlk eynək elə optik eynək olmuşdur. O, 1280-ci ildə İtaliyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio Delli Armati olmuşdur.

Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir.

 

Gün eynəkləri  

 

Gün eynəklərinin elə kateqoriyası var ki, xüsusi olaraq sürücülər, idmanın su və qış növləri ilə məşğul olanlar üçün nəzərdə tutulub. Bu polyarlaşmış linzalı eynəklərdir. Onlar təkcə ultrabənövşəyi şüaları deyil, həm də islanmış yola, qar və suyun üzünə düşən işıq şəfəqlərini də neytrallaşdırırlar. Məhz belə eynəklərdən həm dənizdə, həm də qarlı dağlarda istirahət zamanı istifadə edə bilərsiniz.

Eynək seçərkən ən əsas prinsip müxtəlif modellər arasından özünüzə ən rahatını tapmaqdır. Gün eynəkləri almazdan əvvəl göz həkiminə müraciət edin. Əgər sizin görmə qabiliyyətinizdə problemlər varsa o, sizə düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək edər.

 

Xameleonlar

 

"Xameleonlar" adlanan fotoxromlu şüşə isə çox zərifdir. Onlar göz üçün rahatlıq və optimal müdafiə yaradaraq işıqlandırmadan asılı olaraq, rənglərini dəyişirlər. Yüksək keyfiyyətli eynəklər qrupuna aid edilən "xameleonlar" müxtəlif cür - güclü və ya zəif dərəcədə tutqunlaşırlar.

 

Keyfiyyətli eynək necə olar?

 

Eynək alındığı zaman mütləq keyfiyyət sənədi soruşulmalıdır. Bu keyfiyyət sənədində eynəyin  ultrabənövşəyi şüalardan 99 faiz  qoruması, yaxud 400 nanometrdən az şüaları keçirmədiyinə dair məlumat olmalıdır. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa-sola hərəkət etdirəndə bu xətdə oynama ya da qırılmalar olursa, o eynək uyğun deyil deməkdir. "Tünd rəngli şüşələr ultrabənövşəyi şüanı qoruyar" demək səhv olar.

 

Azərbaycan müəllimi.- 2013.- 27 dekabr.- S.8.