SOS Uşaq
Kəndinin sakinləri bir ailədə
"Sos Uşaq Kəndləri-Azərbaycan"
Assosiasiyası 2000-ci ildə ulu öndər Heydər Əliyevin
xeyir-duası ilə yaradılıb. Həmin ildə Bakıda
Xətai rayon filialı inşa
edilərək istifadəyə verilib. Bu filialda müasir tipdə,
hər cür şəraitə malik 14 ailə evində hazırda kimsəsiz, valideyn himayəsindən məhrum olan 10 aylığından 16 yaşadək 71 uşaq yaşayır.
SOS Uşaq
Kəndinin pedaqoqu
Almaz Məmmədova bildirdi
ki, internatdan fərqli olaraq burada uşaqların bacı-qardaşları,
xidməti anası və xalası var. Hər
evdə 6-7 uşaq yaşayır, təhsil alır, müxtəlif idman
növləri ilə məşğul olur,
xarici dil kurslarına,
rəsm, rəqs, xor dərnəklərinə
və kompüter kurslarına cəlb olunurlar. Onların 56-sı məktəblidir,
27, 191, 257, 269, 271 nömrəli və digər məktəblərdə təhsil alır. Bir
uşağımız Rasim İbrahimov
"Əlincə" futbol klubunun üzvüdür. Bu il 8 nəfər texnikuma və kolleclərə daxil
olub.
Almaz müəllim daha sonra bildirdi ki, bir ailənin üç
övladına- Günel, Nigar
və Səfərə də körpə yaşlarından
Bakı SOS Uşaq Kəndində yaşamaq nəsib olub. Onlar bütün dərnəklərin
fəal üzvünə çevrilərək təşkil olunan tədbirlərdə həvəslə iştirak edirlər və tez
bir zamanda ingilis dilini öyrəniblər.
Günel iki dəfə
Moldovada, Almaniyada
"SOS Uşaq Kəndləri - Azərbaycan"
Assosiasiyasını təmsil edib. Bacısı Nigar
isə idman sahəsində uğurlar qazanaraq voleybol və basketbol
üzrə Azərbaycanın II yığma komandasına üzv seçilib və həm
ölkə daxilində, həm də xarici
ölkələrdə uğur qazanaraq diplom və medallara layiq görulüb. Yeganə qardaşları olan Səfər də bacılarından geri qalmırdı. O da idman yarışlarının qalibi
və dərs əlaçısı olub.
VI sinfi bitirdikdən sonra
o, Şirvan Türk liseyinin qəbul imtahanlarında iştirak edərək yüksək nəticələr
əldə edib
və orada oxumaq
hüququ qazanıb. Artıq o illər arxada qalıb.
Hazırda Günel Vəliyeva Dağıstan Dövlət Tibb Akademiyasının tələbəsi, bacısı Nigar və qardaşı Səfər Milli
Aviasiya Akademiyasının tələbələridir.
Qeyd edək ki, "SOS Uşaq Kəndləri -Azərbaycan"
Assosiasiyası bir neçə layihənin
icrasına başlayaraq uğurlu
və peşəkar şəkildə fəaliyyətini davam etdirir.
Müasir dövrdə müxtəlif səbəblərdən
bəzi ailələrin dağılması prosesi
baş verir. Erkən nikah, qeyri-rəsmi nikah və
sair problemlərin nəticəsində ən
çox əziyyət çəkənlər
də elə uşaqlar olur.
Belə hallarda uşaqlar
ən böyük faciə -bioloji ailələrini itirmək riski ilə üz-üzə dayanırlar. Məhz
belə ailələrdən olan uşaqlara dəstək məqsədilə
2013-cü ilin aprelində Azərbaycanda ilk dəfə Bakı SOS Uşaq kəndində
"Qısa Müddətli
Qayğı" layihəsi adlanan yeni layihə fəaliyyətə
başlayıb. Layihənin yaradılmasında əsas məqsəd müxtəlif
problemlərlə üzləşmiş ailələrə
kömək etmək, onların övladlarını müvəqqəti
yaşayış yeri və qayğı
ilə təmin etməkdir.
Ailələrin düşdüyü vəziyyətin çətinliyindən
asılı olaraq "QMQL"-da
qalma müddəti 1-12 aya
qədər müəyyən olunur.
Yaxınları ilə görüşlərin
davamlılığı vaxtı uşağın və ailənin
xüsusi ehtiyaclarına görə fərqli
ola bilər. Burada olan müddətdə hər bir
uşaq üçün
fərdi inkişaf planı
hazırlanır. Psixoloq və pedaqoqlar öz işlərini
fərdi inkişaf planına uyğun qururlar. Qalma müddəti
başa çatdıqdan sonra
uşaq ailəsinə qaytarılır.
Əgər uşaq öz
ailəsi ilə yenidən birləşə bilmirsə, müvafiq dövlət təşkilatları tərəfindən
mümkün olan
qayğı formaları araşdırılır və müəyyən
olunur.
SOS Uşaq
Kəndində kimsəsiz və
valideyn himayəsindən məhrum olmuş uşaqlara
göstərilən qayğı onların bu
müəssisəyə qəbul
olunduğu gündən müstəqil həyata
atılacaqları günədək davam edir. Müəyyən yaş
həddinə çatdıqda
isə onlar Gənclər Evinə
köçürülürlər.
Azərbaycan Maliyyə
İqtisad Kollecində təhsil alan Rahim Feyziyev
Gənclər Evində yaşamaqdan heç bir çətinlik
çəkmədiyini, uşaqları və məsləhətçiləri
yaxından tanıdığı üçün
yeni həyata uyğunlaşmağın asan olduğunu söyləyir.
O, Gənclər Evini özü
üçün doğma
ev hesab edir və gələcəkdə sərbəst
həyata başlanğıc üçün
vasitə bilir.
Gənclər Evi SOS
Uşaq Kəndinin struktur bölməsidir. Bu
bölmənin yaradılmasında əsas məqsəd
uşaqları müstəqil həyata hazırlamaq, onların
sosial və həyat qabiliyyətlərini inkişaf etdirmək, onlara
peşə seçmək üçün hərtərəfli şərait
yaratmaqdır. Gənclər Evinə köçəcək uşaqlar arasında
müstəqil yaşamaq üçün bacarıqların
aşılanması və inkişafı məqsədilə
"Bizim ev"
yarışması keçirilib. Bu
yarışmada uşaqlar
düzgün və sağlam
qidalanma, ilk tibbi yardım göstərmək, evdarlıq, məntiqi
düşüncə, məişət texnikasından düzgün istifadə və sair
sahələrdə
bacarıqlarını nümayiş
etdiriblər.
SOS Uşaq
Kəndində tez-tez müxtəlif məzmunlu
tədbirlər keçirilir. Sülh günü ilə
əlaqədar baş
tutan tədbirdə uşaqlar
arasında sülh mövzusunda rəsm müsabiqəsi keçirilib. Uşaqların ifasında səslənən
şeirlər, mahnılar, milli rəqslər qonaqları məmnun edib. "Dost ölkələrə səyahət,
əzizləyər hər el səni öz adətilə" adlı internat məktəbləri və uşaq evləri
arasında keçirilən festivalda isə SOS Uşaq
Kəndinin uşaqları fəxri fərman və diplomlarla mükafatlandırılıb.
Söhbətimizin sonunda Almaz müəllim qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü
və Yeni il
bayramı münasibətilə bütün
ailələri və onların övladlarını, kimsəsizləri
və valideyn himayəsindən məhrum
olanları təbrik etməyi də unutmadı, bu qəbildən olan uşaqlara xoşbəxt gələcək, firavan həyat arzuladı. Qeyd
etdi ki, bu uşaqlar daim Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Heydər Əliyev Fondunun
prezidenti Mehriban
xanım Əliyevanın diqqət və qayğısı ilə
əhatə olunur. Onlar
müstəqil həyata atıldıqdan sonra
da dövlətin qayğısından bəhrələnəcəklər.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"
Azərbaycan müəllimi.-
2013.- 27 dekabr.- S.9.