"İstəyirəm
yeni ildə anam gəlsin"
Bakıdakı 2 nömrəli uşaq evinin sakinləri ilə söhbət
2013-cü ilin son həftəsini yola salmaqdayıq. Bu günlər
hər yerdə ən çox gözümüzə dəyən
bəzənmiş yolkalardır, bir də sevinən, şənlənən
uşaqlar. Uşaqları şənlənə
bilən ölkədə yaşamaq özü də bir
xoşbəxtlikdir. Bu ərəfədə
qohum-qonşudakı uşaqların ovqatı məlumdur:
üz-gözlərindən sevinc yağır. Onlar
hamısı Yeni il şənliklərinə
köklənib. Bəs uşaq evindəki
yaşından tez böyümüş uşaqlar?
Onlar Yeni il ərəfəsində
hansı ovqatdadırlar? Bu sualın
cavabını onlar özləri deyəcəklər. Bakıdakı 2
nömrəli uşaq evindəyəm. Kifayət qədər
geniş, isti, səliqə-sahmanlı zaldan uşaqların
şən səsləri eşidilir. Yeni il
tədbirinə hazırlaşırlar. Hərə
bayram libasını geyinib öz nömrəsini məşq
edir. Kənarda dayanıb bir qədər
uşaqlara baxıram. Necə də qayğısız,
şəndirlər. Amma ilk baxışda... Bir azdan uşaqların məşqi
başa çatır və tərbiyəçi Aynurə
Hüseynova ilə birlikdə beş nəfəri-
iki oğlanı, üç qız uşağını
özümüzlə götürüb kitabxanaya keçirik.
Kitabxana da isti və səliqəlidir. Adını soruşmadığım
ortayaşlı kitabxanaçı qadının
üz-gözündən nur yağır. Biz
içəri daxil olanda orada sakitcə oturub kitab oxuyan
uşaqları daxili bir fərəhlə süzürəm.
Ürəyimdə sevinirəm ki, bu uşaqlara heç kim zorla kitab
oxutdurmağa çalışmır. Özləri
kitaba bağlanıblar. Bir azdan uşaqlar
iki-bir, üç-bir kitabxanaçı ilə
sağollaşıb "ev"lərinə dönürlər. Bu gün həmsöhbət
olduğum uşaqların heç biri atılmış deyil, taleyinin gözlənilməz
acısını dadanlardı... Bu, onların
alın yazısıdırmı? Görəsən,
yaradanın dərgahında onların günahı nə? Hələ uşaqlarla söhbətə
başlamamış niyə bu qədər kövrəlmişəm,
bilmirəm. Öz əhvalımı uşaqlara hiss etdirməməyə
çalışıram. İlk müsahibim üç
gözəl (bu ifadəni sözgəlişi demirəm)
qızdan biridir:
- Adım Pərvanədir. Salamova Pərvanə
Elman qızı. Bu il oktyabrın 9-da
10 yaşım oldu.
- Çoxdan buradasan?
- Birinci sinfə burada getmişəm. Deməli, beş ildən çoxdur.
- Bura gəldiyin gün yadında qalıb?
- Əlbəttə. Atamla anam
ayrıldılar. Anamın da imkanı
çatmadığı üçün bizi buraya gətirdi.
- Bizi deyərkən...
- Mən özümdən bir yaş kiçik
qardaşım Telmanla eyni gündə buraya gətirilmişəm.
Biz Bakıda doğulmuşuq. Anam indi də Bakıdadır, hərdən baş
çəkir bizə.
- Qardaşınla münasibətin necədir?
- Bizim bir-birimizdən başqa kimimiz var ki? Dərs növbələrimiz ayrı olduğuna
görə hər gün bir-birimizdən xəbər tutur,
bir-birimizə nəzarət edirik.
Bu yerdə Aynurə xanım söhbətə
qarışır:
- Pərvanə ilə qardaşı Telman bilsəniz
bir-birinin üstündə necə yarpaq kimi əsir, bir-birini
necə çox istəyirlər?! Hər dəqiqə, hər
an bir-birini axtarır, xəbərləşirlər.
Anaları çox məsuliyyətli valideyndir,
ayağını burdan kəsmir, tez-tez gəlib
uşaqlarına baş çəkir, kənardan olsa da
uşaqlarına nəzarətini azaltmır. O qadın
balalarının daha normal şəraitdə, daha təminatlı
böyümələrini istədiyi üçün məcbur olub bura üz tutub.
- Pərvanə, Yeni ildə hansı hədiyyəni
arzulayırsan?
- Hədiyyə? Hamının bayramda
arzuları, istəyi olur. Mən ana istəyirəm,
ana! Kaş evimiz olaydı,
anam da bizi aparaydı yanına... Amma yox, daha burdan getmək də bizə
çətin olar. Dayələrimizə, Sevda anaya elə
öyrəşmişik ki...
Pərvanənin gözləri dolur, qəhər mənim də
boğazımda düyünlənir:
- Böyüyəndə kim olmaq istəyirsən?
- İstəmək yox, mənim artıq məqsədim
var: mütləq həkim olacam. Özü
də uşaq evinin həkimi. İstəyirəm
buradakı uşaqlar heç vaxt xəstələnməsinlər.
- Asudə vaxtların olurmu?
- Mən kitabxanamızı çox sevirəm. Bura həm gözəldir, həm də isti. Dərslərimi hazırlayıb qurtaran kimi buraya gəlirəm.
Boş vaxtımı ancaq kitab oxumağa sərf
edirəm.
- Hansı kitabları xoşlayırsan?
- Ən çox nağıl
kitablarını. Neçə il əvvəl ilk
oxuduğum da
qoğalın nağılı olub.
- Ən böük arzun nədir?
- İstəyirəm ki, buradakı
bütün uşaqlar çox, lap çox savadlı olsunlar. Ona görə
ki, barı böyüyəndə heç
nədən çətinlik çəkməsinlər.
- Ata-ana qohumlarından tanıdığın varmı?
- Hardan tanıyacam? Heç vaxt, heç kim
bizim yanımıza gəlməyib. Heç
bundan belə kimsəni istəmərəm də. Bircə anam gəlsin həmişə, bəsimdir.
- Gələn dəfə gələndə sənə
nə gətirməyimi istərsən?
- Elə nağıl kitabı gətirin. Amma o
nağıllardakı uşaqların atası da olsun, anası
da...
Pərvanəyə daha sual vermək istəmirəm.
Bu dəfə qarşımda oturan
qıvrımsaçlı qız digər iki qıza nisbətən
bir qədər böyük görünür.
- Qızım, adın, soyadın necədir?
- Məmmədova Leyla Ceyhun qızı.
- Neçə yaşın var?
- 26 sentyabr 2002-ci ildənəm. Mən də
birinci sinfə burada getmişəm. İndi
6-cı sinifdə oxuyuram. Bildiyimə
görə, Ağdaş rayonunda doğulmuşam. Bacım-qardaşım olmayıb. Tək övladam. Anam hərdən
gəlir yanıma, mənə baş çəkməyə.
Hər dəfə gələndə bərk-bərk
tapşırır ki, özümü yaxşı aparım, dərslərimi
yaxşı oxuyum, dayələrin sözündən
çıxmayım. Bir də həmişə
soruşur ki, burda səninçün nə təhər
keçir. Deyirəm ki, lap yaxşı.
Burada bizə yaxşı baxırlar, ad günlərimizi qeyd
edirlər, həmin gün adımıza neçə dənə
tort kəsirlər, bizə hədiyyələr alırlar, bəzən başqa
məktəblərdən bizə dostluq məktubları da
yazırlar. Mən heç vaxt anama demərəm
ki, məni apar. Çünki mənimçün
burda daha yaxşıdır. Mən buraya
bağlanmışam. Gülbahar müəllimi,
Sevda anamı çox istəyirəm.
- Bayramda hansı hədiyyəni istərdin?
- Kənardan kimsədən hədiyyə gözləmirəm.
- Bəs mən alsam?
- Onda ayağıma geymək üçün diyircəkli
rolik alarsan.
Yenə ürəyimin sarı simi titrəyir. Dişlərimi
bir-birinə sıxıb toxtaq səslə: "Alaram, qızım" - deyirəm.
- Leyla, sevdiyin fənn və ya məşğuliyyət
hansıdır?
- İdmanı, rəqsi, bir də kitab
oxumağı çox sevirəm. Rus və
ingilis dili dərslərinə çox fikir verirəm.
Qiymətlərim "4" və "5"-dir. Məqsədim gələcəkdə
beynəlxalq jurnalist təhsili almaq, Azərbaycanı xarici
ölkələrdə təmsil etməkdir.
- Şaxta baba sənə nə gətirsin?
- Anamı...gətirsin...görüm.
Aynurə xanımın əlavəsi:
- Leyla da ailə dağılmasının
qurbanıdır. Çox məsuliyyətli
anası var. Mütəmadi rayondan gəlib qızına
baş çəkir. Sadəcə
imkansızlıq ucbatından övladına özü baxa
bilmir.
Növbəti həmsöhbətim, kövrəkliyi ilə
əvvəlki iki qızdan geri qalmayan ürkək
baxışlı Sürəyyadır:
- Mən Rzayeva Sürəyya Əziz
qızıyam. 10 oktyabr 2004-cü ildə Bakıda doğulmuşam. Bir ildi ki, burdayam.
Danışdıqca Sürəyyanın səsi
də, üz-gözü də titrəyir. Sanki bir himə
bənddi...
- Bəs bir il əvvəl harada
qalırdın?
- Biz xoşbəxt bir ailə idik. Atam qəflətən
rəhmətə getdi. Ata nənəm
anamla məni evdən çıxardı. Anamın
adı Esmiradır. Tibb bacısının
köməkçisi işləyir. Qalmağa
yeri yoxdu. Deyəsən elə iş yerində qalır.
- İndi necə oxuyursan?
- Dərslərimi yaxşı oxuyuram. Ancaq bir az riyaziyyatdan çətinlik çəkirəm.
- Hansı sənət xoşuna gəlir?
- Böyüyüb institut bitirmək, Azərbaycan
dili müəllimi olmaq istəyirəm.
- Sürəyya, Yeni ilə aid şeir bilirsən?
- Bilirəm:
Ömrün nürlu səfəri var,
Hər qönçənin bəhəri var,
Hər günün öz səhəri var,
Təzə ildə, təzə ildə.
Şeiri normal desə də kövrəlib,
özünü ağlamaqdan zorla saxlayır.
- Yaxşı, kövrəlmə, mənim gözəl
qızım! Yeni ildə Şaxta baba sənə
kimi qonaq gətirsin?
- İstəyirəm yeni ildə anam gəlsin,
qonağımız olsun.
- Anan səni aparmaq istəsə gedərsən?
- Yox, burdan heç hara getmək istəmərəm. Bura yaxşıdı. Qışda
çöldə soyuq olanda o saat anam düşür
yadıma. Deyirəm, görəsən anam
harda qaldı bu soyuqda? Gecələr yuxudan
yarımçıq oyananda görürəm ki, dayələrimiz
hələ oyaqdı. Gecə
hansımızın üstündən adyalımız
sürüşsə, dayələrimiz gəlib
üstümüzü örtürlər.
- Buradakı uşaqları gəzməyə hara
aparırlar?
- Bulvara, parka. Yayda lap çox gəzdirirlər bizi.
- Sevdiyin yemək hansıdır?
- Burada bişən hər şey dadlıdır. Ancaq...
anamın bişirdiyi
yarpaq dolması tez-tez düşür yadıma.
Çox xoşlayırdım o xörəyi...
- Yeni ildə
ürəyindən nə keçir? Gələn
dəfə mən sənə nə alım gətirim?
- Kitab... Çünki kitabdan bilik
alırlar. Bir də qız geyimini xoşlayıram, yəni, nə
bilim paltar, don...
Növbəti müsahibim - boyca uşaqların ən
balacası, özünü təqdim edir:
- Bayramov İslam Asif oğlu. 2014-cü il
20 apreldə 10 yaşım tamam olacaq.
- Böyüyəndə kim olmaq istərsən?
- Polis! Kim uşaqlarına baxmasa onları
tutub cəzalandıraram. Özüm də
dərslərimi "5"-lə oxuyuram.
- Hansı yeməyi daha çox sevirsən?
- Burda bişən hər şeyi xoşlayıram, əsas
da mərci supunu. Çox dadlı bişirirlər.
- Müəllimlərindən kimi çox istəyirsən?
- Sevda anamı. O bizə ad günü keçirir,
adımıza tort bişirtdirir, hədiyyələr alır.
- Necə kitabları xoşlayırsan?
- Şeir kitablarını.
- Burada dostların çoxdurmu?
- Buradakı uşaqların hamısı ilə dostam.
İstəyərəm ki, böyüyəndə Sevda ana kimi
mənim də iş yerimdə çoxlu uşaqlarım olsun,
ancaq öz evimdə bircə nəfər uşağım
olsun.
İslam bizdən ayrılanda Aynurə xanımın əlavəsi
məni daha da kövrəldir:
- İslamın kimsəsi, gəlib-gedəni
yoxdur. Anası bir il əvvəl
İslamı buraya gətirəndə, uşağın
atası təzə rəhmətə getmişdi. İslam ailənin tək uşağı
olduğundan, anası ona çox bağlı idi. Bu
yaxınlarda qəflətən ananın ürəyi dayandı. Cavanca
qadın idi. Qırxı hələ
heç çıxmayıb. Bu günlərdə
uşaq evinin müdir müavini Məxmər xanım
İslamı anasının məzarı üstünə
aparmışdı.
- İslam necə qarşıladı bu xəbəri?
- Buradakı uşaqlar sanki öz yaşıdlarına
nisbətən tez böyüyürlər, daha təmkinlidirlər.
İslam özünü lap böyük adam
kimi apardı, anasının xəbərini eşidəndə.
Bu da sonuncu həmsöhbətim:
- Həsənov Nurlan Yusif oğlu. 27 fevral 2002-ci ildə doğulmuşam. 5-ci sinifdə oxuyuram. Dərslərimdən
"4", "5" qiymətlər alıram. Böyüyəndə
tanınmış dövlət xadimi olmaq istəyirəm.
Hər gün işləyib çoxlu pul
qazanım, ailəmin qədrini bilim, hamıya kömək edim
(Ay Allah, buradakı uşaqlar nələri fikirləşirlər?!).
Biz burada iki qardaşıq. Qardaşım
Ramin 8-ci sinifdə oxuyur. Çarpayılarımız üz-üzədir.
Anam özü
Bakıda, Xırdalan tərəfdə yaşayır, hərdənbir
gəlir bura. Hər gələndə ikimizə
də deyir ki, müəllimlərinizin sözünə
baxın, yaxşı oxuyun.
- Nurlan, Yeni il qabağı hansı
arzuların var?
- İstəyərəm ki, tez
böyüyək. Qardaşımın da, mənim
də ayrıca evimiz olsun. Bir-birimizə
qonaq gedə bilək.
- Hansı yemək növünü xoşlayırsan?
- Kotleti... hər gün yemək istəyərəm.
- Daha nə?
- Bir də bayramda təzə şalvarım
olsaydı... Əynimdəki də təzədir, ancaq yenə
də...
Uşaqlarla söhbəti bitirib üzümü Aynurə
xanıma tuturam:
- Valideynlər uşaqları ilə görüşüb
qayıdandan sonra uşaqlarda gərginlik, stres kimi hallar olurmu?
- Əlbəttə! Valideyn gəlib
uşağına baş çəkib gedir, uşağı
ovundurmaq düşür bizim boynumuza. Uşağın
fikri qalır ananın yanında. İlk dəqiqələr
gah ananın dalınca yüyürür, gah pəncərədən
arxasınca boylanır, eləsi də olur ki... Biz
xüsusi qayğı ilə onları öz axarına
qaytarmağa çalışırıq. Bir
müddətdən sonra uşaq sakitləşir, yenə
qayıdır öz həyatının axarına və deyir
ki, yaxşı ki, burdayam, küçədə deyiləm.
Əynim isti, qarnım tox, üstəlik də
böyüyümüz yanımızda. "Böyük"
deyəndə müdirimiz Sevda xanımı nəzərdə
tuturlar.
- Aynurə xanım, buradakı uşaqlar bayram günlərində
kimisə gözləyirlərmi?
- Uşaqlar
bayrama yaxın daha çox anaları ilə
görüşü səbirsizliklə gözləyirlər. Mən özüm də iki övlad anasıyam.
Neçə ildir burada
çalışıram. Hamımız əlimizdən
gələni edirik, amma yenə də bu məsumların həyatındakı
boşluğu doldura bilmirik. Uşaq evindəki
ən körpə uşağımız iki yaş
yarımlıqdır. Mən istəyərdim
ki, dünyaya gələn bütün uşaqlar öz ailəsində,
öz ocağında böyüsün.
- Amin.
Ellada
UMUDLU,
"Azərbaycan
müəllimi"
P.S. Ana qayğısından
üstün dünyada heç nə yoxdur. Kaş,
dünyanın heç bir körpəsi valideyn nəfəsindən
məhrum olmasın. Yaxşı ki, dövlətimiz kimsəsiz uşaqlara sahib
çıxır, onların böyüməsinə, təhsil
almasına, cəmiyyətdə yararlı bir vətəndaşa
çevrilməsinə diqqət və qayğı göstərir.
Azərbaycan
müəllimi.- 2013.- 27 dekabr.- S.10.