Sumqayıtda
gənc müəllimlərlə görüş
keçirildi
Sumqayıt ŞTŞ-nin
müdiri Mahal Əliyev
Sumqayıt şəhər
Gənc Müəllimlər Şurasının ən fəal üzvləri və gənc
müəllimlərlə görüşdü. "Dəyirmi
masa" ətrafında keçən görüşdə M.Əliyev
bildirdi ki, bu gün hər bir gənc müəllimin əsas vəzifəsi
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən,
xalqının milli ənənələrinə və
demokratiya prinsiplərinə, insan hüquqlarına və
azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq
ideyalarına sadiq olan, müstəqil və yaradıcı
düşünən vətəndaş və şəxsiyyət
yetişdirməkdir. Bütün bunlara nail olmaq
üçün, ilk növbədə, gələcəyimiz
olan gənclər gələcək nəslə həmişə
nümunə olmalı, təşəbbüskar və yenilikləri
qiymətləndirməyi bacaran,
nəzəri və praktiki bilikləri sintez edərək
"açıq dərs"lər verməyi və
elmi-praktik konfranslarda məruzələrlə
və layihələrlə çıxış etməyi
bacarmalıdırlar.
Tanışlıq
xarakteri daşıyan bu görüşün məqsədi
açıqlanandan sonra gənc
müəllimlər təkliflərini və məktəbdə olan problemlərini səsləndirdilər.
Çıxışlarda
problemlərlə yanaşı, maraqlı təşəbbüslər
də diqqətə çatdırıldı. Gənc müəllimlər
- Aygün Rəhimova (28 nömrəli məktəbin tarix
müəllimi), Lalə Tarverdiyeva (15
nömrəli məktəbin
laborantı), Aygün Əhmədova (TET gimnaziyanın
biologiya müəllimi), Şəfa Rzayeva (13 nömrəli məktəbin
ingilis dili müəllimi, GMŞ-nın sədri), Samirə
Tağıyeva (39 nömrəli məktəbin informatika müəllimi),
Sidqiyyə Xıdırova (25 nömrəli məktəbin
ingilis dili müəllimi), Səidə Xəlilova (45 nömrəli
uşaq bağçasının
tərbiyəçisi), Leyla Bayramova (47 nömrəli
uşaq bağçasının tərbiyəçisi) və
başqaları çıxış edərək öz şəxsi
təcrübələrindən danışdılar. Eyni
zamanda onlar Mahal Əliyevi öz
"açıq dərs"lərinə dəvət etdilər.
İşgüzar
şəraitdə keçən bu görüşdə
müəllimlərin qaldırdıqları problemlərin bəzi həlli
yolları elə
auditoriyada həm müəllimlər,
həm də rəhbərlik tərəfindən
cavablandırıldı.
Tədbirin
sonunda Mahal müəllim bildirdi ki,
bu gün təhsil sektoruna
dövlət tərəfindən göstərilən
xüsusi diqqət və
qayğı göz qabağındadır. Respublikamızda gənclər
siyasəti uğurla həyata keçirilir. Ölkə
Prezidentinin təhsil sistemi qarşısında qoyduğu vəzifələrə
uyğun olaraq Təhsil Nazirliyi ən ciddi problemlərlə
bağlı strateji təhlillər əsasında inkişaf
proqramlarını reallaşdırır. Təhsil tariximiz
üçün yeni və çox əhəmiyyətli bir
haldır ki, hazırda təhsil
sisteminin müxtəlif sahələri üzrə çoxlu
sayda Dövlət Proqramı hazırlanmış, təsdiq
edilmiş və həyata keçirilməkdədir. Dövlət
Proqramları təhsilin məzmununun yeniləşdirilməsi,
yeni proqram, dərslik və dərs vəsaitlərinin
hazırlanması, təhsilin idarə olunmasının təkmilləşdirilməsi,
təhsil müəssisələrinin maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi, tədris
prosesində müasir informasiya-kommunikasiya texnologiyalarından
istifadə olunması, istedadlı uşaq və gənclərin
yaradıcılıq potensialının inkişafı, xaricdə təhsil və digər əhəmiyyətli sahələri əhatə edir.
Bildirildi
ki, Sumqayıt şəhərində yüksək intellektual səviyyəyə
və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnən,
informasiya axınında çevik istiqamət tapmağı
bacaran gənclər çoxdur. Güclü intellektual kadr
potensialına ehtiyac həmişə var. Təbii ki, gənclər
də öz növbəsində bu diqqət və
qayğıya layiqli cavab verməli, onlara göstərilən
yüksək etimadı bütün imkanlardan istifadə etməklə
doğrultmalıdırlar.
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.7.