Ənənələri
və uğurları ilə tanınan məktəb
Bakının Qaradag rayonunun
Qızıldaş qəsəbəsində yerləşən
180 nömrəli tam orta
məktəb öz ənənələri
və uğurları ilə tanınan təhsil ocaqlarından biridir. 180 nömrəli tam
orta məktəb şəhid müəllim
Azər Namazovun adını
daşıyır.
Məktəbin əsas vəzifəsi
istedadlı şagirdlərin təbii imkanlarını aşkar edərək inkişaf
etdirmək, onlara elmin
əsaslarını yüksək səviyyədə öyrətmək,
fiziki, əqli, intellektual
imkanlarını, onların maraq, meyil və idrak qabiliyyətlərini
nəzərə alaraq ümumi
mədəniyyətə malik, milli mənəviyyatlı şəxsiyyətlər
yetişdirilməsinə xidmət etmək, müstəqil və
demokratik Azərbaycan
Respublikasının
inkişafı naminə fədakarlıqla
çalışan ləyaqətli vətəndaş tərbiyə
etməkdən ibarətdir. Məktəbin pedaqoji kollektivi hərtərəfli biliyə malik, mütərəqqi
dünyagörüşə sahib, vətənini
göz bəbəyi kimi
qorumağa hazır olan
gənclərin yetişdirilməsi işini
gündəlik fəaliyyətinin əsas istiqaməti kimi qəbul edir.
Müasir dövrdə cəmiyyətdə intensiv
olaraq dəyişən sosial-iqtisadi
münasibətlər təhsil sisteminin bu proseslərə çevik,
dinamik adaptasiya
olunmasını tələb etdiyindən təhsilin keyfiyyəti
və onun səmərəli idarə
olunması problemi ön
plana çəkilir.Yeni istehsal
və mülkiyyət münasibətlərinin formalaşdığı, beynəlxalq əlaqələrin genişləndiyi,
təhsilin qabaqcıl dünya təcrübəsinə
inteqrasiya olunduğu bir dövrdə məktəbdə köklü dəyişikliklər
aparıldı. "Təhsil
haqqında" Qanunun tələblərinə
uyğun fəaliyyətini tənzimləyən
məktəb müstəqil dövlət quruculuğunun
başlıca amillərindən biri kimi təhsilin keyfiyyətinin yüksəldilməsini
özünün ən vacib
vəzifələrindən biri hesab edir.
Tədrisin təşkili
Təhsil ocağı 5 günlük və 2 növbəli iş rejiminə uyğun
fəaliyyət göstərir. Məktəbdə 1105 şagird təhsil
alır. Onların təlim-tərbiyəsi ilə 66 müəllim
məşğul olur. Müəllimlərdən
50 nəfəri ali, 16 nəfəri isə
orta ixtisas təhsillidir.
Məktəbdə təhsil dünyəvi xarakter daşıyır, milli
zəminə, Azərbaycanın azadlıq və demokratiya ənənələrinə,
ümumbəşəri dəyərlərə əsaslanmaqla
şəxsiyyətin hərtərəfli formalaşmasına
xidmət edir, onun təlim-tərbiyə
prosesinin bərabərhüquqlu subyektinə
çevrilməsini başlıca vəzifə hesab edir. Təlimin Azərbaycan
dillində aparıldığı məktəbdə müasir təlim texnologiyalarından və innovativ təhsil proqramlarından, İKT-dən
müvəffəqiyyətlə istifadə edilir.
Müəllimlər peşəkarlıq səviyyəsini
artırmaq üçün fəal təlim
və İKT kurslarından, fənn kurikulumları üzrə
öyrədici seminarlardan keçmişlər.
Fənn kurikulumları tətbiq olunan
siniflərdə müəllimlər öz
dərslərini müasir dərsin strukturuna, mərhələlərinə uyğun qurur, müasir təlim strategiyalarından, yeni qiymətləndirmə mexanizmindən
müvəffəqiyyətlə istifadə edirlər.
Məktəbdə
şagirdlərin biliyini möhkəmləndirmək
məqsədi ilə müxtəlif yarışlar, tədbirlər
keçirilir. Proqram
materiallarının nə dərəcədə mənimsənildiyini
yoxlamaq məqsədi ilə test yoxlamaları təşkil olunur.
Məktəb metodiki işlərin təşkili
sisteminə xüsusi tələbkarlıqla
yanaşır, fənn müəllimlərini metodbirləşmələrə
cəlb edir. Qabaqcıl təcrübələrin
öyrənilməsi və yayılması, istedadlı
şagirdlərin aşkara
çıxarılması və onlara
qayğı göstərilməsi ön plana çəkilir. Qabaqcıl pedaqoji təcrübə müəllim fəaliyyətini
və şagirdlərin təlim işinin
səmərələşdirilməsini əhatə edir. Müəllimlərin
yaradıcılıq axtarışlarını öyrənmək
və qabaqcıl təcrübələri yaymaq
məqsədi ilə il boyu
"açıq dərs"lər keçilir.
Qarşılıqlı dərsdinləmə yüksək səviyyədə
aparılır.
Məktəb
elm, təhsil ocağı olmaqla
bərabər, həm də şagirdlərin dünyagörüşünü
formalaşdırır, onlarda milli mənəvi dəyərləri layiqincə
qiymətləndirməyi bacarmaq kimi müsbət keyfiyyətlər tərbiyə
edir. Bu nöqteyi-nəzərdən
sinifdənxaric və məktəbdənkənar tədbirlərin
keçirilməsi hər bir şagirdin intellektual
inkişafında böyük rol oynayır. Məktəbin pedaqoji
kollektivi bu yöndə
ciddi addımlar atır. Şagirdlərin
elmə, təhsilə marağını artırmaq məqsədi
ilə ədəbi-bədii kompozisiyalar, fənlər
üzrə viktorinalar və digər tədbirlər
keçirilir.
Maddi-texniki
baza
180
nömrəli tam orta
məktəb 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir
olunub və 2007-ci ildə ibtidai
sinif şagirdləri üçün
240 yerlik yeni tədris
korpusu tikilib istifadəyə verilib.
Məktəbin müasir standartlara
cavab verən maddi-texniki
bazasında şagirdlərin mükəmməl təhsil
almaları üçün tam şərait yaradılmışdır. Məktəbdə
geniş və işıqlı sinif otaqları, fənn kabinetləri, 2 kompüter zalı, bufet, akt zalı vardır. Təhsil
müəssisəsində ulu öndərimiz
Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən fotoşəkillərdən ibarət Heydər Əliyev
guşəsi yaradılmışdır ki,
bu da şagirdlərə
ümummilli liderin zəngin
irsini öyrənməyə kömək edir. Məktəbdə şagirdlərin sağlam böyüməsi üçün
hər cür şərait
yaradılmışdır. Belə ki, məktəb
idman avadanlıqları ilə təchiz olunmuşdur.
Təhsil
ocağında şagird və müəllimlərin
ən sevimli guşələrindən biri də məktəb kitabxanasıdır. Burada ümumilikdə 266861 vəsait var ki, onlardan
da 16753-ü dərslikdir. Bundan
başqa, şagirdlərin sinifdənxaric oxuya olan ehtiyacını
ödəmək üçün digər
kitablar da mövcuddur. Şagirdlər asudə
vaxtlarını oxu zalında keçirməkdən
böyük zövq
alırlar. Onlar burada
Azərbaycan klassikləri, müasir
yazarları ilə yanaşı, dünya ədəbiyyatı
nümayəndələrinin də əsərlərini
mütaliə edir
Məktəbdə
İKT üzrə Dövlət Proqramının həyata
keçirilməsi ilə əlaqədar olaraq
2 kompüter otağı fəaliyyət
göstərir. Təhsil ocağında 27 kompüter,
1 ədəd noutbuk, 1 ədəd proyektor, 3 ədəd printer
və surətçıxarma aparatı vardır.
Pedaqoji
kollektiv
Hər
bir təhsil ocağının sütunu onun pedaqoji kollektividir. Əldə
olunan hər bir uğurda pedaqoji kollektivin xüsusi rolu var. Məktəbə
1981-ci ildən yüksək pedaqoji və
idarəçilik təcrübəsinə malik
olan Zöhrə Qədirova rəhbərlik
edir. Z.Qədirovanın tələbkarlığı,
işə ciddi yanaşması və digər
yüksək keyfiyyətləri nəticəsində məktəbdə
sağlam mühit
formalaşıb. Məktəbin pedaqoji
kollektivi fəaliyyətində müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində saxlayır,
şagirdlərin idrakını
inkişaf
etdirən, müstəqilliyini artıran, bilikləri sərbəst
əldə etmək vərdişləri yaradan,
axtarıcılığı
istiqamətləndirən fəal təlim metodlarından, qeyri-ənənəvi
tədris forma və
üsullarından istifadə edir.
Müəllimlər
təlim prosesində İKT-dən səmərəli istifadə
edirlər. Müəllimlərin "İntel",
"Mədəd" kurslarından keçməsi onlara dərslərini elektron
vəsaitlər vasitəsi ilə qurmalarına çox
kömək edir.
Təhsil
ocağının peşəsini sevən və daim yeniliyə can atan pedaqoji kollektivi
bir çox uğurlar əldə etmişdir.
Belə ki, məktəbin fizika müəllimi Sərdar Hacıyev "Tərəqqi"
medalına, kimya müəllimi Solmaz Quliyeva "Pedaqoji mühazirələr"də III yerə
layiq görülmüş,
tarix müəllimi Məleykə Abdullayeva, coğrafiya
müəllimi Ümüd Əmrahov və
ibtidai sinif müəllimi
Təhminə Hacıyeva isə qabaqcıl fəaliyyətlərinə
görə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin fəxri fərmanları ilə təltif olunmuşlar.
Qeyd edək ki,
2006-cı ildə məktəbdə pedaqoji
şuranın qərarı ilə bilikli və
fəal müəllimlərdən ibarət metodiki
şura yaradılıb. Bu
şuranın fəaliyyəti çərçivəsində
hər bir müəllim öz
fənninə uyğun göturdüyü
yaradıcılıq işindən keçdiyi
dərslərdə istifadə edir. Müəllimlər öz
işlərində müasir təlim metodları
və texnologiyalarının tətbiqinə də geniş yer ayırır,
xüsusən də "açıq dərs", disput və elmi konfranslarda yeni təlim metod və texnologiyalarının
üstünlüklərindən bəhrələnirlər.
Şagird
nailiyyətləri
Müasir dövrdə 180 nömrəli
tam orta məktəbin
başlıca məqsədi yüksək intellektual
hazırlığa malik olan,
qazandığı biliklərdən həyatın müxtəlif
sahələrində istifadə etməyi bacaran
əsl vətəndaş yetişdirməkdir.
Təlim-tərbiyənin
keyfiyyətinin, müəllim və şagirdlərin məsuliyyətinin
artırılması nəticəsində məktəbin
şagirdləri qəbul imtahanlarında, fənn
olimpiadalarında, digər müsabiqə və
yarışlarda fəal çıxış edirlər.
2012-ci ildə TQDK tərəfindən keçirilən qəbul
imtahanlarında məktəbin məzunlarından 16 nəfəri iştirak etmiş, onlardan Nəzrin Camalova və
Səbinə Ağasənli 500-dən yuxarı, 5 nəfər
məzun isə 400-dən yuxarı bal toplayaraq respublikanın, 2 nəfər məzun isə Ukraynanın nüfuzlu
ali məktəblərinə qəbul olunmuşlar.
İstedadlı şagirdlərin
aşkara çıxarılması və onlarla məqsədyönlü
iş aparılması nəticəsində məktəbin
şagirdləri "Bilik yarışı"nın rayon,
şəhər turlarında uğurlu nəticələr
göstərmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin
anadan olmasının 89-cu ildönümü münasibətilə
keçirilən "Biz Heydər Əliyev irsini öyrənirik"
mövzusunda inşa yazı müsabiqəsinin iştirakçısı
olmuş X sinif şagirdi Anar Hacıyev mükafata layiq
görülmüşdür.
4 may 2010-cu il tarixində Qaradağ
rayonunda keçirilən "Gül bayramı"nda VII sinif
şagirdi Aygün Zeynalova "Budaqda ağ çiçəklər"
gül kompozisiyasına görə Bakı Şəhər
İcra Hakimiyyəti başçısının fəxri fərmanı
və hədiyyəsi ilə təltif olunmuşdur. Məktəb
2011-ci ildə "Sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması üzrə ilin ən
yaxşı müəssisəsi" adı uğrunda
Qaradağ rayonunda keçirilən müsabiqənin qalibi
olmuş və Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının mükafatına layiq
görülmüşdür.
Təhsil ocağının şagirdləri
tək elm sahəsində deyil, idman üzrə də
qazandıqları saysız uğurları ilə seçilirlər.
Belə ki, məktəbin voleybol komandası XXIV Spartakiadada
Bakı şəhəri üzrə I yerə layiq
görülmüş və Bakı Şəhər Gənclər
və İdman İdarəsinin, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin diplomu ilə təltif
olunmuşdu. İdman sahəsində göstərilən
uğurlu nəticələrə görə müəllimlərdən
Mübarək Yusifov və Zəkəriyyə Müseyevin zəhməti
böyük olmuşdur.
Məktəbin
rəhbərliyi və pedaqoji kollektiv uğurlarını daha
da artırmaq əzmindədirlər və
bu istiqamətdə var
qüvvələri ilə çalışırlar.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.5.