Bir
müəllimin ustad dərsi
Son illər təhsilimizdə böyük vüsətlə həyata
keçirilən islahatlar təlimin məzmunu
ilə yanaşı, təşkilat formalarına, metod və üsullarına da
bir sıra yeniliklər gətirmiş, yeni təlim
texnologiyalarının və innovasiyaların tədrisdə geniş tətbiqinə, vaxtilə mövcud olmuş, sonralar müəyyən
səbəblərdən unudulmuş bəzi
mütərəqqi ənənələrin dirçəldilməsinə,
yenilərinin yaranmasına rəvac vermiş,
müəllim yaradıcılığına, təşəbbüsünə
meydan açmışdır. Həyata yeni vəsiqə qazanan belə
yenilikçi təşəbbüslərdən
birinin də bu
yaxınlarda, konkret desək yanvarın
24-də şahidi olduq.
Belə ki, həmin gün tanınmış müəllim və
təhsil işçisi, Şuşa
Rayon Təhsil Şöbəsinin
aparıcı məsləhətçisi Əyyub Əbdüləzimov
rayonun Malıbəyli kənd 1 nömrəli
tam orta məktəbində
ilk ustad dərsi keçdi.
XI
sinif şagirdləri ilə ədəbiyyatdan
"Məhəmmədhüseyn Şəhriyarın həyat və
yaradıcılığı" mövzusunda
keçilən dərsdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
şöbə müdiri, "Kurikulum islahatının davam
etdirilməsi və kurikulumun tətbiqinə
dəstək" alt-komponentinin koordinatoru Aydın Əhmədov, Şuşa Rayon İcra
Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar
məsələlər üzrə müavini
Vüsalə Fətəliyeva, Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin
direktoru, filologiya
üzrə fəlsəfə doktoru Ənvər
Abbasov, həmin institutun
elmi katibi, pedaqoji elmlər doktoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Akif Abbasov, professor Ənvər
Əhmədov, Şuşa Rayon
Təhsil Şöbəsinin müdiri Təvəkkül
Əliyev, şöbənin əməkdaşları, rayonun Azərbaycan dili və
ədəbiyyat müəllimləri, məktəb rəhbərləri,
"Təhsil və zaman" qəzetinin redaktoru Böyükağa
Mikayıllı, dərs keçilən sinfin
əsas müəllimi, eyni zamanda Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin direktoru Günəş Hüseynova
iştirak edirdilər.
Öncə
onu diqqətə çatdıraq ki, ustad dərsi keçmək
ideyası və təşəbbüsü elə Əyyub
müəllimin özünə məxsusdur. O bu təşəbbüsü RTŞ-ın Şuşa Rayon İcra Hakimiyyəti
başçısının ictimai-siyasi
və humanitar məsələlər
üzrə müavini Vüsalə Fətəliyevanın
iştirakı ilə keçirilən şura
iclasında irəli sürmüş və
bu maraqlı təşəbbüsü onun tərəfindən də dəstəklənmişdir.
Əyyub
Əbdüləzimov bizimlə söhbətində təşəbbüsünü
belə əsaslandırdı: Bu gün tez-tez
təlimdə interaktivlikdən və bunun
mahiyyətinə müxtəlif prizmadan
yanaşılmadan söhbət açılır. Əslində
interaktivlik şagirdləri hərtərəfli
öyrətməyə yönələn, onlardakı tədqiqat
bacarığını üzə çıxaran, birgə əməkdaşlığı
inkişaf etdirən vasitələrdən
biridir. Lakin vasitələr
bununla məhdudlaşmır. Odur ki, müəllim
öyrəndikləri ilə yanaşı özü
yaradıcı, tədqiqatçı olmalıdır.
Bunları sözdə yox, dərsdə əyani
göstərməlidir. Biz RTŞ-ın məsləhətçiləri
kimi bu barədə
müəllimlərə tez-tez tövsiyələr
verir, söhbətlər aparırıq. Amma onlara göstərilən
bu köməklik söz
vasitəsi ilə olur. Ona
görə də mən qərara gəldim ki,
bir ustad dərsi deməklə
müəllimlərə həm də əməli şəkildə
nümunə göstərim. Sağ olsunlar ki, həm Təhsil
Nazirliyində, həm də rayon icra hakimiyyəti və təhsil şöbəsində
təşəbbüsümü bəyəndilər və dəstəklədilər.
Dərsin
təsviri və təhlilinə keçməzdən əvvəl
onu da qeyd
edək ki, Əyyub müəllimin indiyədək
heç vaxt ünsiyyətdə
olmadığı XI sinif şagirdləri
ilə keçdiyi həmin dərs yəqin
ki, həm şagirdlərin, həm də
dərsi dinləyən çoxsaylı təhsil işçilərinin
yaddaşında uzun müddət qalacaq. Bu qənaəti bizdə dərs bitəndən sonra şagirdlərin çöhrələrindən
aydın sezilən heyranlıq və razılıq hissləri,
onların və əksəriyyəti təhsil mütəxəssisləri
olan dərsi dinləyənlərin dərs
haqqındakı zəngin təəssüratları və ona verdikləri yüksək qiymət
yaratdı.
Vaxtilə
Şuşada işləyərkən
yaxşı müəllim kimi tanınsa da, son bir
neçə il ərzində bilavasitə
tədrislə məşğul olmayan Əyyub
müəllimin ilk
ustad dərsini
deməyə özündə cəsarət tapması, dərsdə
nümayiş etdirdiyi
yüksək yaradıcılıq və pedaqoji,
psixoloji, metodik
ustalıq, müasir dərsə verilən tələblərin
tam nəzərə
alındığı, İKT-dən böyük
məharətlə istifadə olunduğu olduqca maraqlı bir dərs
nümunəsi nümayiş etdirməsi
hamını valeh etmişdi.
Ustad dərsi göstərdi ki, hazırda dərs deməsə də müəllimlik
eşqi həmişə Əyyub müəllimin
ürəyindədir, o, sevib-seçdiyi
bu sənətlə nəfəs alır.
Yazımızın
bu məqamında Əyyub müəllimin
qısa bioqrafiyasına nəzər salmağı, bu eşq və sevginin haradan
qaynaqlandığını hörmətli
oxucularımızın diqqətinə
çatdırmağı özümüzə borc bilirik.
Əyyub
Şırlanlı - Əyyub Şəfahət oğlu
Əbdüləzimov 8 oktyabr 1947-ci ildə
Şuşa rayonunun
Şırlan kəndində anadan olub. İxtisasca filoloqdur. 1970-1980-ci illərdə Şırlan
kənd orta məktəbində dil-ədəbiyyat
müəllimi, tədris işləri üzrə direktor müavini,
1980-1983-cü illərdə Şuşa
şəhərindəki orta məktəblərdə müəllim,
1983-1990-cı illərdə Şuşa RTŞ-nin məktəblər üzrə inspektoru, 1990-1992-ci illərdə Şuşa RTŞ-nin müdiri vəzifələrində
çalışmışdır. Hazırda RTŞ-ın
aparıcı məsləhətçisidir.
1976-cı
ildə "Metodist müəllim",
1994-cü ildə "Ali kateqoriyalı
müəllim", 2000-ci ildə "İlin
ən yaxşı məktəb inspektoru"
adlarına layiq görülmüşdür.
Onun vaxtilə Şuşa
şəhərində dərs dediyi şagirdlərdən 11 nəfəri orta məktəbi qızıl və gümüş medallarla bitirmişdir. Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
"Qızıl qələm" mükafatı
laureatıdır. Təhsilin inkişafındakı xidmətlərinə
görə Ə.Əbdüləzimov ötən il Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə "Tərəqqi" medalı ilə
təltif olunub.
Əyyub
müəllimin indiyədək 400-dən çox
məqaləsi mətbuatda dərc olunmuş,
"Vətən kişiliyə çağırır bizi", "Qarabağ, dərdinə
qurban olum mən",
"Erməni vəhşiləri", "Vətən
yaraları, Vətən harayı", "Ömrə nur saçan insanlar", "Vüqarsız keçən
günlər",
"Qarabağın harayları", "Dərdimin
üsyanı", "Necə baxım gözlərinə
dağların?", "Ömrün yadda qalan illəri" və
"Şuşa Zaqafqaziyada
müstəsna əhəmiyyət kəsb edən təhsil mərkəzi
və ziyalılar şəhəridir" kitabları çapdan çıxmışdır.
O, həm
də istedadlı şair kimi
tanınır. Yazıları ölkə mətbuatı ilə
yanaşı Baltikyanı ölkələrdə, Ukraynada, Moskvada, İspaniyada, Təbrizdə, Misir
Ərəb Respublikasında, Gürcüstanda,
Orta Asiya
respublikalarında, qardaş Türkiyə
mətbuatında da dərc olunub.
Şair-pedaqoqun təxminən 45 illik pedaqoji fəaliyyəti
dövründə ədəbiyyatımızın
böyüməkdə olan nəsillərə
sevdirilməsində böyük xidmətləri
olmuşdur. O, bu sahədəki bacarıq və qabiliyyətini
dediyi ustad dərsində
bir daha nümayiş etdirdi. 45 dəqiqəlik
dərs ərzində şagirdlər nəinki Məhəmmədhüseyn
Şəhriyarı, eləcə də bir
çox Azərbaycan şairi
və təbrizli şairlər haqqında məlumat alıb
onları sevdilər, tariximizin bir çox məqamları,
o taylı-bu taylı Azərbaycan
haqqında biliklərini genişləndirdilər,
şuşalı ailələrindən olsalar
da, görmədikləri Şuşa,
onun gözəllikləri haqqında təsəvvür
əldə etdilər.
Bir nüansı da qeyd etmək istərdik.
Son vaxtlaradək ustad
dərsi ifadəsi əsasən musiqi sahəsində
işlənirdi. Görkəmli sənətkarlar öz yetirmələrinə nümunə
göstərmək üçün belə
dərslər keçirlər. İndi isə
bu ifadə təhsilə, tədrisə də
gəlməkdədir. Bu baxımdan Əyyub müəllimin dediyi
dərs yəqin ki, təhsil tariximizə
həm də ilk ustad
dərsi kimi düşəcək. Əlbəttə,
yaşlı nəslə mənsub təhsil işçiləri,
müəllimlər bu fikrimizə etiraz edib, indi
təhsilimizdə özünü göstərən
bir çox yeniliklər
kimi ustad dərslərindən
də əvvəllər istifadə olunduğunu
deyə bilərlər. Ola bilər,
mübahisə etmirik. Lakin
bu halda da Əyyub müəllimin adı təhsil
salnaməmizə ən azı vaxtı ilə işlənmiş,
lakin sonralar unudulmuş, yaddan
çıxmış faydalı bir ənənənin
bərpaçısı və müasir
dövrümüzdə ilk tətbiqçisi
kimi yazılacaq.
Əyyub
müəllimin nümunəsi həm də "Kimlər ustad dərsi deyə bilər" sualına bir aydınlıq gətirdi. Əyyub Əbdüləzimov
göstərdi ki, ürəyində
müəllimliyə sonsuz sevgisi
olan, sənətini mükəmməl bilən,
özünü təhsilin peşəkarı
kimi təsdiq etdirmiş,
yaradıcı
fəaliyyət göstərən və özünə
güvənən hər kəs belə dərsləri apara bilər.
Hamıya
məlumdur ki, hazırda yuxarı siniflərdə,
o cümlədən də XI sinifdə tədris
yeni kurikulumlarla deyil, ənənəvi proqramlarla gedir və fənnin kurikulumunda
nəzərdə tutulmuş standartlar hələ tətbiq olunmur.
Dərslər də təbii ki, ənənəvidir.
Əyyub müəllimin keçdiyi mövzu da faktoloji
materiala əsaslanan bir
mövzudur və hansı müəllim olsa burada ustalıq
göstərə bilər. Lakin Əyyub
müəllim inteqrativliyə və interaktivliyə əsaslanaraq
elə bir dərs qurdu
ki, ona çoxları
həsəd apara bilərdi. Bu, sözün həqiqi mənasında
ustad dərsi idi.
Əyyub
müəllim dərsi üçün
şagirdlərin görkəmli Azərbaycan şairi
Məhəmmədhüseyn Şəhriyar haqqında nə kimi məlumata malik
olduqlarını müəyyən etmək, onların şair barədə məlumatlarını daha da zənginləşdirmək,
1828-ci ildə çar Rusiyası və İran tərəfindən Azərbaycanın ərazilərinin
işğalını yada salmaq
məqsədi ilə tarixə qısa bir ekskurs etmək, Təbrizin Azərbaycan ədəbiyyatındakı
rolunu diqqətə çatdırmaq,
şagirdləri tədqiqatlar aparmağa və
əməkdaşlığa istiqamətləndirmək kimi məqsədlər müəyyənləşdirmiş,
bu məqsədlərin əldə
olunmasına daha yaxşı imkan yaradan iş
forma və üsulları seçmişdi.
Seçilmiş kiçik qruplarla
iş formasına uyğun
sinif 4 qrupa bölünmüş, onlar
"Azərbaycan", "Qarabağ",
"Bakı" və "Təbriz"
adlandırılmış, dərslikdən əlavə iş vərəqləri, lent
yazıları, tarixi sənədlər,
şəkillər, tarix və mədəniyyətlə
bağlı rəsm əsərləri, musiqi
parçalarından ibarət zəngin resurs
yaradılmışdı.
Bütün dərs boyu İKT-dən geniş
istifadə edən müəllim öncə ekranda
Azərbaycanın 1801-1828-ci illərə qədərki ərazisi
əks olunmuş xəritəsini nümayiş etdirərək vaxtilə 410 min kvadrat kilometr
ərazisi olan Azərbaycanın bədnam
Türkmənçay müqaviləsinə əsasən
parçalandığını,
130 min km2-lik ərazimizin
Rusiyanın, 280 min km2-lik ərazimizin isə
İranın tabeliyinə verildiyini diqqətə
çatdırdı. Şərh və sual-cavab
yolu ilə o vaxtdan bəri xalqımızın
başına gətirilən müsibətlər, o cümlədən 20 Yanvar
faciəsi, 90-cı illərin əvvəllərində ermənilər
tərəfindən işğal olunmuş torpaqlarımız
xatırladıldı. Sonra ekrana Təbriz şəhərinin ümumi görünüşünü
əks etdirən şəkillər, ustad
Şəhriyarın şəkli gəldi, şairin
dilindən "Heydərbabaya salam"
poemasından parçalar səsləndi.
Əyyub
müəllim dərsin mərhələləri arasında məharətlə
keçid edərək şagirdlərin
müstəqil işi və digər üsullara "Təbrizli" təxəllüslü
şairlər, onların sırasında Şəhriyarın yeri və mövqeyi, ustad sənətkarın bioqrafiyası,
yaradıcılığı, Azərbaycan dilində yazdığı
şeirlər, xüsusən də onun şah əsəri sayılan "Heydərbabaya
salam" poeması haqqında ətraflı
məlumat verdi, şeirləri həm şairin özünün,
həm də şagirdlərin ifasında səsləndirildi.
Dərsin
maraqlı və cəlbedici cəhətlərindən biri də Əyyub Əbdüləzimovun vaxtilə
Təbrizə, M.Şəhriyarın ziyarətinə gedərkən
çəkdiyi şəkillərin nümayişi
oldu. Müəllim böyük ürək
çırpıntısı ilə ziyarət etdiyi
Təbriz, onun təbiəti, "Şairlər
xiyabanı"nda Şəhriyarın məqbərəsi və
ev muzeyi, burada baş vermiş zəlzələlər, Rza şah dövründə
Azərbaycan dilinin məhdudlaşdırılması,
çətin vaxtlarında Şəhriyara kömək əlini
uzatmış məşhur Azərbaycan təbibi və türkoloqu Cavad Heyət, onun nəşr etdiyi
"Varlıq" jurnalı, Şəhriyarın Şimali Azərbaycan arzuları, bu mövzudakı şeirləri, məktublaşdığı
şairlər haqqında şagirdlərə geniş
bilgilər verdi. Mövzunu
məharətlə doğma Şuşa ilə əlaqələndirib onun Azərbaycan mədəniyyətində, təhsilində
oynadığı roldan bəhs etdi. Təcrübəli müəllim
şuşalı ailələrindən olub
heç vaxt
Şuşanı görməmiş şagirdlərin bu şəhər haqqında nə dərəcədə
biliklərə, məlumatlara malik
olduqlarını da ustalıqla müəyyənləşdirdi,
onların qəlbində doğma yerlərə
sevgi qığılcımları
oyatdı. Dərs o qədər
canlı və maraqlı keçdi ki, sanki şagirdlər
müəllimin haqqında danışdığı yerlərə
səyahət edib onları öz gözləri ilə gördülər,
mənən də olsa doğma
Şuşa ilə yaşadılar.
Əyyub
müəllim dərsin son mərhələlərini
də ustalıqla əhatə edib qiymətləndirmə
apardı və şagirdlərə
evdə mövzu ilə bağlı esse yazmağı tapşırdı.
Ustad dərsi başa
çatdıqdan sonra təhlil olundu. Müzakirədə çıxış edən Şuşa RTŞ-ın müdiri
T.Əliyev, Təhsil Nazirliyinin şöbə
müdiri A.Əhmədov, TPİ-nin
direktor müavini, Kurikulum Mərkəzinin direktoru
Ə.Abbasov, həmin institutun
elmi katibi, professor A.Abbasov, professor Ə.Əhmədov, Şuşa
RİH başçısının müavini
V.Fətəliyeva, RTŞ-ın
aparıcı məsləhətçisi C.Məmiyev, rayonun Malıbəyli kənd 1 nömrəli tam orta məktəbinin direktoru G.Hüseynova, dil-ədəbiyyat
müəllimlərindən Q.Məmmədova, V.Salmanova,
İ.Mirzəyeva, E.Kərimova, K.Əliyeva və
başqaları dinlədikləri dərs haqqında təəssüratlarını
bölüşüb onu
yüksək qiymətləndirdilər.
Çıxışlarda
Əyyub Əbdüləzimovun təşəbbüsü təqdir
olunub onun müasir dövrdə respublikamızda ilk ustad dərsinə imza atdığı vurğulandı, bu ənənənin davamlı olması arzu edildi.
Çıxış
edənlər habelə dərsin məziyyətlərindən söz açıb onun unikal bir dərs olduğunu, yüksək səviyyədə keçdiyini və
hamıda dərin maraq doğurduğunu,
Əyyub müəllimin yüksək hazırlıq və pedaqoji-metodik ustalıq nümayiş
etdirdiyini, dərsdə əvvəldən
axıradək yüksək vətənpərvərlik hissinin hakim olduğunu, müəllimin qruplar
arasında sağlam rəqabət şəraiti
yaratdığını, şagirdlərin fəallığını
təmin etdiyini, onu
dinləyənlərin də dərsdə çox
yeniliklərin şahidi olduğunu
qeyd etdilər, Əyyub müəllimə
uğurlar arzuladılar.
Sonda söz
alan Əyyub Əbdüləzimov dərsinə
verdikləri yüksək qiymətə, haqqında deyilən xoş sözlərə görə
çıxış edənlərə minnətdarlığını
bildirdi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 1 fevral.- S.4.