"Sabahın
alimləri" II Respublika müsabiqəsinə hazırlıq
mərhələsi davam edir
Bu
ilin may ayında ABŞ-ın Arizona ştatında keçiriləcək
İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinə
seçim turu olan "Sabahın alimləri" II Respublika
müsabiqəsi 8-9 fevral tarixlərində Bakı şəhərində
təşkil olunacaqdır. Müsabiqənin təşkilatçıları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər
və İdman Nazirliyi və "Mədəd" təşkilatıdır.
Qaydalara görə, müsabiqədə
Bakı və Sumqayıt şəhərlərində yerləşən
ümumi təhsil müəssisələrinin IX-XI sinif
şagirdləri öz tədqiqat layihələri ilə
iştirak edə bilərlər. Müsabiqədə
iştirak etmək istəyən şagirdlər
"Sabahinalimleri.edu.az" saytında online rejimdə
qeydiyyatdan keçmiş və artıq öz tədqiqatlarına
dair annotasiyalarını təqdim etmişlər. Qeydiyyata
alınan şagirdlərin sayı 160-dan artıqdır.
Hazırda Bakı Dövlət Universitetinin dosenti İsmət
Əhmədovun rəhbərlik etdiyi və tərkibinə
müxtəlif ali təhsil müəssisələrinin alimləri
daxil olan müsabiqənin Elmi Ekspertiza Komitəsi tərəfindən
həmin annotasiyaların qiymətləndirilməsi başa
çatmaqdadır. Müsabiqəyə buraxılan şagirdlərin
adları "Sabahinalimleri.edu.az" saytında yerləşdiriləcəkdir.
Hazırda şagirdlərin müsabiqəyə hazırlıq
mərhələsi davam edir. Bu işdə, əlbəttə
ki, müəllimlərin rolu böyükdür. Müsabiqə
ərəfəsində şagirdlərin elmi rəhbərləri
onlara daha çox vaxt ayırır, onların layihə təqdim
etməsi və posterin hazırlanması bacarıqları
üzərində dönə-dönə işləyirlər.
Müsabiqənin təşkilatçılarından
biri olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi də
şagirdlərin müsabiqəyə
hazırlaşdırılmasını diqqət mərkəzində
saxlayır. Bu hazırlığın daha səmərəli təşkil
olunması məqsədi ilə Azərbaycan
Respublikasının Təhsil Nazirliyi
Doğu Akdeniz Universiteti (Şimali Kipr Türk
Respublikası) ilə birgə layihə hazırlayıb həyata
keçirir. Həmin layihədə müsabiqənin Elmi
Ekspertiza Komitəsi tərəfindən seçilmiş 30 nəfər
(hər biri 15 nəfərdən ibarət olan iki qrup) Azərbaycan
məktəblisinin "Sabahın alimləri" Respublika
müsabiqəsindən öncə, bu müsabiqənin qalibləri
sırasından
seçilmiş 15 nəfərin isə İntel İSEF-ə
hazırlıq dövründə Doğu Akdeniz Universitetində
xüsusi treninqlərdən keçməsi nəzərdə
tutulur. Layihə uğurla həyata keçirilməkdədir.
Seçilmiş şagirdlərdən ibarət birinci qrup 21-26
yanvar tarixlərində Təhsil Nazirliyinin əmrilə
Doğu Akdeniz Universitetinə ezam olunmuşdu. Sagirdlərimizlə
Doğu Akdeniz Universitetinin aparıcı alimləri, o cümlədən
professorlar Ozan İnamlık, Con Eldridc, Cem Tanova və
başqaları məşğul olmuşlar.
Treninqlər Doğu Akdeniz Universitetinin
Konqres və Mədəniyyət Mərkəzində
keçirilirdi. Birinci gün DAU-nun rektoru, professor Abdullah Y.Oztoprak, rektorun
Azərbaycan üzrə müşaviri İmran Muxtarov,
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm şöbəsinin
müdiri Gültəkin
Hüseynova, Şimali Kipr Türk Respublikasının təhsil
və gənclər naziri Mutlu
Atasayan və Doğa Liseyinin müdiri Beran
Tanseloğlunun iştirakı ilə mətbuat konfransı
keçirildi.
Sonra rəsmi açılış mərasimi
oldu. DAU-nun rektoru, professor
Abdullah Y.Oztoprak və digər rəsmilər treninqlərin
açılışı münasibətilə şagirdləri
təbrik edib onlara uğurlar dilədilər.
Açılış mərasimində Doğa Liseyinin
şadirdləri də iştirak edirdi.
İlk məşğələ "Fərdi
reputasiyanın qurulması və idarə edilməsi"
mövzusuna həsr olundu. Məşğələdən sonra
Azərbaycan nümayəndələrini ŞKTR-nın təhsil, gənclər
və idman naziri Mutlu Atasayan qəbul
etdi.
Həmin günün sonunda isə
Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Dərviş
Eroğlu ilə rəsmi görüş keçirildi.
İkinci günün məşğələləri
"Effektiv təqdimatın yolları", "Tənqid və
dəyərləndirmə" mövzularına həsr edildi.
Məşğələlərdən sonra DAU-nun rektoru,
professor Abdullah Y.Oztoprakla
görüş oldu.
Sonrakı məşğələlər
"Mədəniyyətlərarası ünsiyyətin
normaları" və "Bədən dili, jestlər"
mövzularına, eləcə də layihələrin ingilis
dilində təqdim olunmasına həsr olundu.
Hər gün məşğələlərdən
sonra şagirdlər üçün ekskursiyalar təşkil
olunurdu. Belə ki, onlar Lefkoşa, Famaqusta və Girne şəhərləri,
qədim Salamis şəhərinin xarabalıqları ilə
tanışlıq ekskursiyalarında oldular.
Treninqlərin sonuncu günü
iştirakçılara sertifikatların təqdimetmə mərasimi
keçirildi.
Hazırda Azərbaycan məktəblilərinin
ikinci qrupu Doğu Akdeniz Universitetində təşkil olunan
treninqlərdə iştirak edir. Ümidvarıq ki, bu treninqlər
bizim məktəblilərin "Sabahın alimləri"
müsabiqəsinə daha keyfiyyətli hazırlaşmasına
xidmət edəcək, eyni zamanda Azərbaycan məktəbləri
ilə Şimali Kipr Türk Respublikasının məktəbləri
arasında dostluq və əməkdaşlıq əlaqələrinin
yaradılmasına öz töhfəsini verəcək.
Azərbaycan müəllimi.- 2013.- 1 fevral.- S.3.