Con Gerdonun 50
il gözlədiyi zəng
Böyük Britaniyalı
alim 2012-ci ildə Nobel mükafatına layiq görüldü
Orta məktəb müəllimi
ona elmlə məşğul olmağı məsləhət
görməmişdi. Lakin o, inadkarlığı və gərgin
əməyi nəticəsində sevdiyi məşğuliyyətdən
və maraq göstərdiyi fəndən uzaqlaşmadı. Elm,
bilik yollarında üzləşdiyi çətinliklər, bəzən
də ümidsizliyə qapıldığı anlar onu ruhdan
sala bilmədi. Və beləcə, britaniyalı
Con Gerdon onun müəlliminə
mənasız görünən məşğuliyyəti
ilə XX əsr biologiya elmində ən vacib istiqamətlərdən
birinə imza ataraq 2012-ci ildə təbabət sahəsində
inqilabi işlərinə görə
Nobel mükafatına layiq görüldü. Con Gerdonun həyatı, məktəb illəri, elmi
karyerası olduqca maraqlı və örnək nümunəsidir.
Müəllimi
şagirdinin dahiliyini qiymətləndirə bilməmişdi
Con
Gerdon 1933-cü il oktyabrın 2-də Böyük Britaniyada
Dipenxoll şəhərində anadan olub. Orta məktəbdə
oxuyarkən sinif müəllimi şagirdinin dahiliyini qiymətləndirə
bilməmişdi. Gerdon hələ uşaqlıqdan biologiya fənninə
maraq göstərib. O, məktəbdə kəpənəkqurdu
yetişdirir və onların böyüyərək kəpənəyə
necə çevrilməsini müşahidə edərdi.
Lakin gələcəyin
böyük bioloqunun bu həvəsi məktəb müəllimi
tərəfindən bəyənilmirdi. Hesabatlarının
birində müəllimi Gerdon üçün elmi karyera
qurmağın boş yerə vaxt itirmək olduğunu qeyd edir
və ona dərhal bu fikirdən
daşınmağı məsləhət görürdü.
"O, dərsə qulaq
asmır, bundan əlavə, dərsi öz
üsulları ilə öyrənməkdə
israr edir.
Düşünürəm ki, o, alim olmaq istəyir. Onun indiki
uğurları nəzərə alınsa, bunu gözləmək mənasızlıqdır; əgər o, bu gün biologiya fənni üzrə ən
elementar bilikləri mənimsəyə bilmirsə, onun mütəxəssis
olmaq şansı yoxdur, bütün bunlar onun və eləcə
də ona dərs dəyəcək müəllim
üçün boş yerə vaxt itirmək olacaq". Müəlliminin 1949-cu ildə
yazmış olduğu bu hesabat hazırda Kembric Gerdon
İnstitutunda professor Con Gerdonun masası üzərindədir.
Bioloq alim indi bu hesabatı maraqlı xatirə kimi saxlayır.
Öz
müəlliminin hesabatını xatırlayan Con Gerdon deyir: "Nə vaxt ki, sənin problemlərin var, məsələn,
tez-tez olur ki, eksperimentlərin
baş tutmur, onda öz-üzünə hesabat vermək olar ki,
ola bilsin, sən bu işə yaramırsan və müəllimin yəqin ki, haqlı imiş. Bununla
belə, mən bu hadisələrdən heyran qalmışdım, fikirləşirdim
ki, müəllimim, qismən
də olsa, mənim elm yolunu seçməyimə təkan
verib".
Gələcək
karyeranı seçmək vaxtı yetişəndə
atası Gerdonun orduda xidmət etməsində təkid edib.
Lakin səhhətində olan problemlər onun orduda xidmət
etməsi planlarını pozub. Baxmayaraq ki, Gerdon idmanı
çox sevirdi, ailə həkimi adi soyuqdəyməni bronxit
hesab edərək onun hərbi xidmətə getməsini məsləhət
görməmişdi.
Elmi karyerası
Con
Gerdon ilk təhsilini İton Kollecində alıb. Daha
sonra Oksford Universitetinin
Krayst-Çerç Kollecinə daxil olub. O, burada
ilk vaxtlarda qədim dövrşünaslıqla məşğul
olmağa başlayıb, daha sonra isə zoologiyaya meyil edib.
Onun PhD elmi dərəcəsi almaq üçün dissertasiya
işi mahmız ailəsindən olan qurbağa hüceyrə nüvələrinin
transplantasiyasına həsr olunub. Gerdon
elmi fəaliyyətini Kaliforniya Texnologiya İnstitutunda davam
etdirib. 1962-1971-ci illərdə Kembric
Universitetinin molekulyar biologiya laboratoriyasında işləyib. 1983-cü ildən bu
vaxta kimi Kembric Universitetinin zoologiya kafedrasının əməkdaşıdır.
1989-cu ildə Gerdon Kembricdə Onkologiya və
Hüceyrə Biologiyası İnstitutu yaradıb, 2001-ci ilə
kimi bu elm ocağının rəhbəri olub. 1991-1995-ci ildə o, nüfuzlu Naffild
Şurasının bioetika üzrə üzvü, 1994-2002-ci
illərdə Kembric Maqdalena Kollecinin magistri olub.
1952-ci ildə 2 amerikalı alim Robert Briqqs
və Tomas Kinq uğurla bir qurbağanın yumurta hüceyrəsini
digərinin yumurta hüceyrəsinə köçürə
bilmişdilər. Nəticədə normal çömçəquyruqlar
yetişmişdi. Bu elmi sensasiya idi - bəşər tarixində
ilk dəfə olaraq canlı orqanizm klonlaşdırılmışdı.
1958-ci ildə Okfsord Universitetində
işləyərkən Gerdon çömçəquyruqların
intakt hüceyrə nüvəsinin iştirakı ilə
qurbağaların uğurlu klonlaşdırılmasını
həyata keçirib. Bu iş Briqqs və
Kinq tərəfindən blastula (çoxhüceyrəli
orqanizmlərin rüşeyminin inkişafında toxumun
parçalanması prosesini tamamlayan dövr) hüceyrə
nüvələrinin transplantasiyası üzrə
aparılmış işlərin uğurlu və çox əhəmiyyətli
davamı idi. Artıq heç kimin
tanımadığı bir aspirantın əlində elmin nəhəng
sahəsinə açar var idi. Bütün
yaşlı qurbağalar mutant idilər. Bu, sübut
edirdi ki, yaşlı orqanizmin bütün hüceyrələrində
genetik informasiya dəyişilməz olaraq qorunmaqdadır. Bundan əlavə,
düzgün mühit bütün orqanizmin, bütün
növ hüceyrələrin yaradılması
üçün işləyə bilər. 80
yaşlı alim hələ
1962-ci ildə müəyyən etmişdi ki, orqanizmin
hüceyrələrinin funksiyası dəyişə bilər
və yetkin hüceyrənin DNT-də orqanizmin bütün
toxumalarının formalaşması üçün hər
cür lazımi informasiya vardır. C.Gerdon qurbağanın
nüvəsi dağıdılmış yumurta hüceyrəsinə çömçəquyruğun yetkin
hüceyrəsinin nüvəsini köçürüb.
Çoxsaylı tədqiqatlardan sonra alınan nəticələrdə
həmin yumurta hüceyrəsindən sağlam
çömçəquyruq əmələ
gəlir, sonra isə yetkin qurbağaya çevrilir.
1962-ci ildə Con Gerdon əldə etdiyi nəticələri
dərc etdirməyə qərar verib. Bu nəticələr
elmi ictimaiyyətin olduqca skeptik reaksiyası ilə üzləşib.
Məsələ onda idi ki, aspirant artıq elm aləmi
üçün klassik olan Briqq və Kinqi təkzib edirdi.
Lakin dahi alimləri böyük inadkarlıq fərqləndirir.
Gerdon daha 10 il saysız-hesabsız eksperimentlər apardı və
nəticədə elmi elitanın diqqəti artıq onun xeyrinə
dəyişdi.
Gerdonun eksperimentlərinin nəticələri tez bir vaxtda elm ictimaiyyətinin diqqətini cəlb
etdi, onun işləyib hazırladığı metodlardan isə
bu vaxta kimi istifadə olunur. 1963-cü ildə britaniyalı
bioloq Con Xoldeyn Gerdonun apardığı eksperimentlərin nəticələrini
şərh edərkən ilk dəfə olaraq canlılara
münasibətdə "klon" terminini işlədib. Gerdon
ilk dəfə olaraq DNT-lərin transplantasiyasında qurbağa
hüceyrələrindən istifadə edib. 1971-ci ildə
Gerdon London Kral Cəmiyyətinin üzvü seçilib.
1995-ci ildə o, cəngavər titulu ilə şərəfləndirilib.
2004-cü ildə Wellcome Trust və
Cancer Research UK təşkilatlarının himayəsində
olan Hüceyrə Biologiyası və Onkologiya İnstitutu
alimin şərəfinə (dünyada ilk hadisə) Gerdon
İnstitutu adlandırılmağa başlayıb. 1989-cu ildə
Gerdon tibb sahəsində Vulf,
2009-cu ildə Lasker mükafatı (bu, "Amerika Nobel
mükafatı" da adlandırılır) alıb. 2012-ci ildə isə Nobel
mükafatına layiq görülüb.
Elmdə
uğur əldə etməyin sirri
Con Gerdonun elm yolu bir sıra uğursuzluqlar
və ona mənasız görünən məşğələlərdən
imtina edilməsindən ibarətdir.
Lakin elm tarixində ən mühüm hadisələrdən
biri məhz bu "uğursuz" məşğələlərin
birində öz inkişaf mənbəyini tapıb.
Gerdon məktəb illərini belə
xatırlayır: "Bizim dövrdə hətta dərslik belə
yox idi. 60 yaşlı müəllimimiz bizə sadəcə
ucadan hansısa materialı oxuyurdu. O biri gün isə
oxuduğu material üzrə bizə 50 sualdan ibarət test verərdi.
Mən qəti olaraq onları yadda saxlaya bilmirdim".
Təbiət elmləri sahəsində
özünü göstərə bilməyən Gerdon kursun
sonunda humanitar bölməyə keçirilib. Gerdonun latın
və yunan dilləri sahəsində bilikləri o qədər
də dəhşətli vəziyyətdə deyildi, baxmayaraq
ki, o, bu sahədə də öyünə bilməzdi. Tezliklə anasının - məktəbin bədən tərbiyəsi
müəlliminin müdaxiləsi ilə vəziyyət dəyişib.
"Mənim anam hədsiz dərəcədə
ağıllı və həssas insan idi. O görürdü
ki, mənim əsl marağım yalnız məktəbdə
yetişdirdiyim kəpənəkqurdlarıdır; mən 6
yaşımdan həşəratlar, əsasən də kəpənəklər
yığırdım. Həşəratların
inkişafı, bir pillədən digərinə sirli
keçidi, məni həmişə, bu günə qədər
də ovsunlayıb",-deyə
Gerdon xatırlayırdı. Valideynləri əlavə pul
ödəməklə Gerdonun fərdi qaydada daha bir il ərzində
əlavə təhsil almasına nail olublar ki, o, Oksford Universitetinə daxil ola
bilsin. "Bilmirəm,
bugünkü təhsil sistemində mən tab gətirə bilərdim,
ya yox"-deyə Gerdon bildirirdi.
Lakin o illərdə çox
şey mümkün idi:
ona qeyri-formal qaydada bir il dərs almağa imkan veriblər. O,
sessiyanı təhvil verməyə və zoologiya kursuna qəbul
olunmağa müvəffəq olub.
Lakin təhsil dövrü çox çətin idi. O
vaxtlarda zooloqları elmi
eksperimentlər aparmağa az öyrədirdilər. Tələbələrdən daha
çox dinozavrların
saysız-hesabsız sümüklərinin adlarını
söyləmələri tələb olunurdu. Gerdon zoologiya
üzrə aspiranturaya daxil olmağa cəhd edib, lakin onu qəbul
etməyiblər. Bir az sonra isə
tale onun üzünə gülüb. Onu embriologiya üzrə professor Maykl Fişenberq
aspiranturaya dəvət edib. Tədqiqat işi eksperimental və
novatorluğu ilə seçilirdi və Gerdon çox fəal
surətdə bu elmi tədqiqatlara qoşulub. "Tezliklə mən indi
gördüyüm işlərlə tam əhatə
olundum", - deyən Gerdon artıq 4 aydan sonra qurbağa
hüceyrə nüvəsi ilə eksperimentlər aparmağa
başlayıb ki, bununla da elmdə tam bir elmi istiqamətin əsası
qoyulub.
Lakin Gerdon qoyduğu təcrübələrin
elmi nəticələrini qiymətləndirə bilmirdi. Öz
təcrübələrinin nəticələrini görməmiş
o, hövsələsizlik göstərərək bir daha onun
üçün maraqlı olmayan sahə ilə məşğul
olduğunu etiraf edib. Onun elmi rəhbəri Maykl Fişenberq
Gerdonu eksperimental genetikanın ən müasir metodları sahəsində
bilik əldə etməsi üçün ABŞ-a göndərib. "Orada (ABŞ-da) mənə
dedilər ki, əgər mən bu sahədə, ümumiyyətlə
heç nə düşünə bilmirəmsə, onda
araşdırmalara başlamağa heç dəyməz",-deyə Gerdon
xatırlayırdı. Amerikadan əliboş qayıdan Gerdon
öz iş yerinə baş çəkib. O, Amerika səfərindən əvvəl
qoyduğu çömçəquyruqların artıq yetkin
qurbağalara çevrildiyini və onların özlərinin də
çoxaldığını müşahidə edib.
Onların hüceyrələrinin analizi göstərmişdi
ki, Gerdon çox parlaq elmi kəşfə imza atıb: 50 ildən
sonra bu iş təbabətin ən əsas sahələrindən
birinə çevrilib. Məhz
bu iş onun müəllifinə Nobel mükafatı
qazandırıb.
Nobel
mükafatına layiq görülməsini təəccüblə
qarşıladı
O bu zəngi düz 50 il
idi ki, gözləyirdi. 2012-ci il oktyabrın 8-də bazar ertəsi Con Gerdon həmişə olduğu
kimi səhər tezdən laboratoriyaya gəldi. Həmkarları
və iş yoldaşları işə gələnə qədər
bir sıra əlyazmaları gözdən keçirmək onun ən
çox sevdiyi məşğuliyyətdir. Birdən
laboratoriyaya olan telefon zəngi Gerdona hələ 50 il əvvəl
aspirant olan zamanı gördüyü və yüzlərlə
tədqiqatçının istinad etdiyi elmi işə görə
Nobel mükafatının verilməsi barədə xoş xəbər
verdi. Bu illər ərzində Gerdon dəfələrlə
bu məzmunlu, lakin yalan telefon xəbərləri dinləmişdi.
Lakin bu dəfə İsveçdən (Nobel
Mükafatları Komitəsindən) olan səs tam ciddi idi. Xəbərdə bildirilirdi ki, 2012-ci il
fiziologiya və tibb sahəsində Nobel mükafatı britaniyalı hüceyrə
biologiyası üzrə mütəxəssis Con Gerdon və
yaponiyalı alim Sinya Yamanakaya yetkin hüceyrələri
uğurla gövdə hüceyrələrinə
yenidən proqramlaşdırdıqlarına görə təqdim
olunub. Con Gerdon Nobel
mükafatına layiq görülməsini təəccüblə
qarşılamışdı. Dolli quzularını dünyada
ilk dəfə klonlaşdırmış Yan Vilmut xəbəri
məmnunluqla qarşılayaraq bildirib ki, nəhayət, Nobel
komissiyası Gerdonun təcrübələrinin novatorluğunu
tanıyıb və bərpa təbabəti üçün
onun kəşfinin əhəmiyyətini qiymətləndirib.
Böyük Britaniyadakı Parkinson Xəstəlikləri Tədqiqatları
Mərkəzinin direktoru Kiran Brin hesab edir ki, Gerdonun işləri
nəticəsində biz Parkinson kimi ağır xəstəlikləri
müalicə edə və bütün dünyada milyonlarla
insanın həyatını dəyişə biləcəyik. London
Universitet Kollecinin professoru Con Xaridi yazırdı:
"Düşünürəm ki, biologiya ilə məşğul
olan və xəstəliklərin mexanizmini başa düşməyə
çalışan hər kəs Nobel komitəsinin bu gözəl
və çox düzgün qərarını
alqışlayacaq".
Yeri gəlmişkən, Gerdon sübut edə
bilmişdi ki, hüceyrələrin əksəriyyəti
bütün orqanizmin inkişafı üçün zəruri
olan bütün informasiyaları qoruyub saxlayır.
Gerdona qədər embriologiyada belə bir fikir
hökm sürürdü ki, əzələ hüceyrəsi
sona kimi əzələ, dəri hüceyrələri dəri
və digərləri də dəyişməz olaraq qalacaq.
Gerdonun ötən əsrin 60-cı illərinin əvvəllərində
qurbağalar üzərində apardığı tədqiqatlar canlıların
klonlaşdırılması sahəsində eksperimentlərin
başlanğıcı hesab olunur.
Nobel Mükafatları Komitəsinin təqdimatında
qeyd olunurdu ki, Gerdonun kəşfi "bizim orqanizmimizdə
hüceyrələrin inkişafına dair bu günə qədər
mövcud olmuş baxışları tam dəyişib". Nobel mükafatının təqdimolunma
mərasimində Gerdon bunları demişdi: "Mən və
Sinya Yamanaka heç vaxt birlikdə işləməmişik. Yamanaka mənim tədqiqatlara
başladığım ildə anadan olub. Lakin
biz ümid edirik ki, elmi töhfəmiz insanların əzablarını
yüngülləşdirəcək". Gerdon əmin
olduğunu bildirib ki, hazırladıqları metodlar insanlara bir
növ yeni genetik hüceyrələr əldə etməyə,
xəstəliyə və ya yaşa görə sıradan
çıxmış hüceyrələri dəyişməyə imkan verəcək. Professor Yamanaka Nobel
mükafatının onun üçün böyük fəxr
olduğunu deməklə bərabər əlavə edib ki,
"Gerdon olmasaydı, mən bu mükafatı ala bilməzdim".
Hələ 1999-cu ildə Science jurnalı
gövdə hüceyrələrinin kəşfini DNT-nin ikiqat spiralının
şifrəsinin oxunması və
"İnsan genomu" proqramından sonra biologiya elmində
üçüncü ən əhəmiyyətli hadisə
adlandırmışdı.
Gövdə hüceyrələrinin əldə
olunmasının birbaşa yolu, məlum olduğu kimi,
embrionlardan istifadə olunmasıdır, lakin bu cür yanaşma
etik problemlər üzündən mürəkkəb məsələdir. Lakin Gerdon və yaponiyalı bioloq Sinya Yamanakanın
işləyib hazırladıqları metod insanın gövdə
hüceyrələrinin
emrionlardan deyil, İPS -hüceyrə adlandırılan
gövdə hüceyrələrindən əldə
olunmasına əsaslanıb. Bir sıra ekspertlər
hesab edirlər ki, Gerdonun və Yamanakanın metodlarının
köməyi ilə gövdə hüceyrələrinin qeyri-məhdud
ehtiyatını yaratmaq olar. Onların əsasında
isə bu və ya digər orqan toxumasını əldə etmək
olar. Bu isə transplantologiya elmində əsl
inqilabdır.
Gerdonun kəşfinin çox qısaca mahiyyəti bundan ibarətdir
ki, yaşlı orqanizmin bütün hüceyrələrinin
nüvəsi eyni informasiyalara malikdir. Məsələn, ürək
əzələsi neyronlardan yalnız bununla fərqlənir k,
onlarda müxtəlif genlər işləyir, lakin genlərin ümumi toplusu
eynidir. "Yaşlı" hüceyrələrdən
nüvənin yumurta hüceyrəsinə
köçürülməsi nüvəni embrional, ilkin vəziyyətə
gətirib. 50 il keçəndən sonra alimlər daha zərif
prosedurlar vasitəsi ilə yaşlı hüceyrələri
artıq insan embrionlarına çevirməyi, onları istənilən
miqdarda yetişdirməyi və istənilən yaşlı
hüceyrəyə çevirməyi
öyrəniblər. Bu isə hazırda tibbi tədqiqatlarda əhəmiyyətli istiqamət hesab olunur.
Alimlər ümid edirlər ki, bu yolla
qeyri-məhdud miqdarda "əvəz oluna bilən"
hüceyrələr yetişdirməyi öyrənə biləcəklər.
Bu isə infarktdan sonra ürəyin bərpa olunmasına imkan verəcək. "Geriyə
baxdıqda mən o vaxtkı aspirant işimi həyatımın
ən mühüm uğuru hesab edirəm", - deyə Gerdon
bildirir.
İnsanın
klonlaşdırılması artıq 2060-cı ildə
reallıq olacaq
Yetkin hüceyrələri müvəffəqiyyətlə
gövdə hüceyrələrinə yenidən proqramlaşdırmağa nail
olan alimlər qeyd ediblər ki, apardıqları elmi
araşdırmaların məqsədi insan üçün
onun dəri və qan hüceyrələrindən ehtiyat ürək,
beyin və digər orqanların hissələrini yaratmaqdan ibarətdir.
Onların qənaətincə, bu yolla bir çox xəstəlikləri,
o cümlədən ürək-damar, bir çox irsi və
Alzheimer sindromu kimi ağır xəstəliklərin
qarşısını almaq və
müalicə etmək mümkündür. "Bizim son hədəfimiz
yaşlı insanın bütün növ hüceyrələrinin
dəyişdirilməsi imkanlarına nail olmaqdır. Biz, məsələn,
ehtiyat ürək və ya dəridən beyin hüceyrəsi və
ya qan hüceyrəsi almaq üsullarını tapmaq istərdik",
- deyə Gerdon bildirir.
Ötən ilin sonlarında
İspaniyanın Corriere della Sera qəzetində dərc
olunmuş məqaləsində Gerdon yazırdı ki,
insanın klonlaşdırılması artıq 2060-cı ildə
reallıq olacaq. Nobel laureatı əmin olduğunu bildirib
ki, əgər söhbət faciəli şəkildə həlak
olmuş övladın valideynlərinə qaytarılması və
ya ciddi patologiyaların müalicəsindən gedirsə, onda bəşəriyyət
təhlükəsiz
klonlaşdırma metodlarını qəbul etməyə
tezliklə razılıq verəcək. Onun sözlərinə
görə, klonun yaradılması üçün ana yumurta hüceyrəsi və
həlak olmuş uşağın müəyyən miqdarda
epitel hüceyrəsinin olması kifayət edəcək. "Bəziləri insan
varlıqlarının klonlaşdırılmasını
hardasa gözəl hesab edir, digərləri isə bunun qorxulu olduğunu qəbul
edir, lakin bir şey aydındır - bu, elmi fantastika deyil". Alim qeyd edib ki, reproduktiv klonlaşdırma
çoxsaylı problemlərlə, xüsusən də
anomaliyalarla bağlıdır, terapevtik klonlaşdırma isə
bəşəriyyətə daha çox imkanlar yarada bilər. Gerdon
klonlaşdırma mexanizminin heç də mürəkkəb
olmadığını bildirib. "Burada söhbət artıq təbiətin əvvəl
yaratdığı varlığın sadə surətinin əldə
olunmasından gedir".
Nobel
laureatının uşaqlara nəsihəti
Bu gün alim Kembricdə onun adını
daşıyan Gerdon İnstitutuna rəhbərlik edir.
Onun son tədqiqatları hüceyrələrarası
siqnal faktorlarının analizinə həsr olunub. Tam istisna bir haldır ki, bu elmi tədqiqat ocağı
alimin sağlığında onun adını
daşıyır. Bu insanın ətrafdakılara
qarşı tamamilə özünə xas olan münasibəti
var. Onun tələbələrə
oxuduğu mühazirələr aydınlıq, məntiqi şəffaflıq
nümunəsidir. "Məsələ ondadır ki, mən
özüm də mürəkkəb şeyləri başa
düşmürəm, buna görə də istər
eksperimentlərimdə, istərsə də tələbələrə
oxuduğum mühazirə materiallarında həddən
artıq sadəliyə can atıram", - deyə Gerdon
bildirir.
Alimin rəhbərlik etdiyi tədqiqat mərkəzi
digər bir özəlliyi ilə seçilir. Elmin tamamilə xüsusiləşdirilmiş
sahələri ilə
məşğul olan alimləri bu instituta işə
qəbul etmirlər. "Biz hər hansı sahənin
bizdə təmsil olunması naminə yeni istiqamətlərə
başlamaq istəmirik. Biz həmişə
mövcud olan nailiyyətləri inkişaf etdirməyə
üstünlük veririk. Biz əməkdaşlığa inanırıq və istəyirik
ki, yeni laboratoriyalar köhnələrlə əlaqəli
işləsinlər". Nə
qədər qeyri-tipik hal olsa da, Gerdon bu işi özünəməxsus
edir. Alimin
uşaqlara və onların valideynlərinə tövsiyəsi
də var. "Uşaqlara və valideynlərə üz tutaraq
demək istəyirəm ki, ən vacibi sizə həqiqətən
maraqlı olan bir şeyi tapmaq və bu maraq arxasınca getməkdir".
Hazırladı:
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.5.