Bizim ana dilimiz

 

İnsanlar arasında ünsiyyət vasitəsi olan dil insan cəmiyyəti yarananda formalaşmağa başlamışdır. Cəmiyyət dəyişib, təkmilləşdikcə, dilyeni-yeni ifadələrlə təkmilləşir və inkişaf edir.

 

Hər bir xalqın özünəməxsus ən qiymətli sərvəti onun doğma dilidir. Xalqımızın dövlət dili türk dilləri ailəsinin cənub-qərb qrupuna daxil olan Azərbaycan dilidir. Azərbaycan dilinin dövlət statusu almasında, qorunub saxlanmasında, bu günə mükəmməl şəkildə çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Məhz dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Bu dil babalarımızın bizə əmanət qoyub getdiyi: - tarixin çətin sınaqlarından uğurla çıxmış əzəli və əbədi əmanətidir. Bizim dilimiz ahəngdar, axarlı və çox şirin dildir. Dilimiz dünya xalqları dilləri içərisində ən qədim dillərdən biridir.

Nizamini böyük mütəfəkkir, dahi Füzulini ürəkləri fəth edən həzin bir kaman, M.F.Axundovu məsləkindən dönməz filosof, Sabiri şeir, sənət fədaisi, Mirzə Cəlili bənzərsiz realist kimi bizə sevdirən məhz doğma dilimizdir. Bu dilin sorağı Azıx mağarasının dərinliklərindən, Şumer ellərindən, "Nizamidən, Xətaidən"..., Qafqazın ən uca zirvələrindən gəlir. XV əsrdə Şah İsmayıl Xətai indiki Azərbaycan ərazisindən 70 dəfə böyük olan ərazidə bu dili dövlət dili elan etmişdi.

Ananın südü insanın pərvərişinin əsası olduğu kimi, anamızın diliruhumuzun, mənəviyyatımızın, kamilliyimizin qidasıdır. Hər bir azərbaycanlı ana dilimizi mükəmməl bilməli, onu göz bəbəyi kimi qorumalıdır. İnsanın öz ana dilinə münasibəti onun mənəvi səviyyəsini, vətəndaşlıq qayəsini müəyyən edir. Azərbaycan dilini sevmədən bu gözəl torpağımızı sevmək mümkün deyil. Dili bilmək azdır, dilimizin bütün imkanlarını duyub, hiss etmək, nitqdə, yazıda istifadə etmək lazımdır.

Öz dilini bilməyən, bilib danışmağı özünə sığışdırmayan insanları heç bir xalqa, heç bir millətə aid etmək olmaz. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə dilimizin qorunub saxlanmasında, dövlət dilinə çevrilməsində misilsiz xidmətlər göstərmişdir. İlk dəfə Naxçıvanda ay-ulduzlu, üçrəngli bayrağımızı qaldıran həmişəyaşar Prezidentimiz dilimizin qarşısında da yaşıl işıq yandırmışdır. Ümummilli liderimiz demişdir: "Azərbaycan dili çox ahəngdar, zəngin dildir. Şəxsən mən öz ana dilimi çox sevirbu dildə danışmağımla fəxr edirəm". Ulu öndərimizin çıxışlarına, məruzələrinə, xalq arasında söhbətlərinə qulaq asdıqca elə səlis, gözəl, rəngarəng sözlərə rast gəlirik ki, ana dilimizin sehrinə heyran qalırıq. Çoxlu dil bilməsinə baxmayaraq, təmiz Azərbaycan dilində danışan, nitqinə başqa dillərdən söz qatmayan, fenomen yaddaşa malik dahi şəxsiyyət məhz ulu öndərimiz olmuşdur.

Azərbaycan dili bizim maddi, mənəvi sərvətlərimizin "açarı"dır. Başqa xalqların görkəmli şəxsiyyətləri də bizim dilə layiqli qiymət vermişlər. Böyük rus şairi M.Y.Lermontov Qafqazda Azərbaycan dilinin rolunu Avropada fransız dilinin rolu ilə eyniləşdirmişdir.

Xalqımızın hər bir vətəndaşı ulu babalarımızdan bizə miras qalan, zamanın süzgəcindən keçib, durulub müqəddəsləşən ana dilimizi ömrü boyu öyrənməli, bu dili yeni-yeni sözlərlə zənginləşdirməlidir. Hər kəs bilməlidir ki, bizim danışıq dilimiz təmsil etdiyimiz, torpağı üstündə yaşadığımız, suyundan içdiyimiz, xalqımızın, dövlətimizin dilidir. Dilimizi yad kəlmələrdən, yabançı ünsürlərdən, hətta alimlərimizin belə çətinliklə dediyi terminlərdən qorumaq, onu yaşatmaq, bir qədər də təkmilləşdirib gələcək nəsillərə çatdırmaq, hətta beynəlxalq danışıq dilləri səviyyəsinə yüksəltmək bizim vətəndaşlıq borcumuzdur.

Xalqın əqlini, hikmətini, bizim ruhumuzu, qəhrəmanlığımızı, məğrurluğumuzu özündə əks etdirən hər bir kəs, dilimizin dadını, duzunu, şəkərini duymaq istəyənlər dilimizi daha dərindən öyrənsinlər və onu sevsinlər.

Ana südü qədər təmiz, vətən torpağı kimi barlı, bərəkətli, dağlarımız qədər vüqarlı, durna gözlü bulaqlarımızın suyu kimi şəffaf olan dilimizi qoruyaqyaşadaq.

 

Yunis QULİYEV,

Şahbuz rayonundakı A.Quliyev

adına Kükü kənd tam orta

məktəbinin ali dərəcəli müəllimi,

 

Bənövşə AFƏTLİ,

həmin məktəbin XI sinif şagirdi

 

 

Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.4.