Şagirdlər
fəallığı ilə seçilirdilər
Tarix humanitar elmlər sırasında
mühüm yer tutur. Bu fənnin
müasir tələblər səviyyəsində tədrisi
dövlətçilik tariximizin vacib ənənələrini
yaşadır. Tarix fənnini dərindən öyrənmək,
dövlətçilik ruhunda tərbiyə olunmaqla bərabər,
şagirdlərimiz həm də dünya tarixinin əsasları
ilə yaxından tanış olur,
ictimai-milli şüurlarını inkişaf etdirirlər.
Bu yaxınlarda Bakıdakı 163 nömrəli
tam orta məktəbdə tarix fənni üzrə
"açıq dərs"lər təşkil olunmuşdu.
Ötən ilin dekabrında məktəbdə
keçirilmiş "Azərbaycan tarixi fənn
aylığı" da fənnin tədrisi səviyyəsini
müəyyənləşdirmək, şagirdlərimizdə
tarixi biliklərin gücləndirilməsi və dövlətçilik
təfəkkürünün formalaşdırılması məqsədinə
xidmət edirdi. Bu baxımdan fənnin tədrisi
və təşkili sahəsində fəaliyyət göstərən
tarix kabineti və tarix metodbirləşməsinin işi
xüsusi qeyd olunmalıdır.
Məktəbin tarix kabineti müasir təlim
texnologiyaları əsasında qurulmuş, əyani və texniki vasitələrlə
kifayət qədər təchiz olunmuşdur. Bu
sahədə kabinetin rəhbəri Elşad Məmmədovun
böyük əməyi vardır. E.Məmmədov həm
də tarix fənni üzrə metodbirləşmənin rəhbəridir.
Metodik vəsaitlərin
və fənn proqramlarının müzakirəsi və
təbliği sahəsində belə birləşmələrin
əhəmiyyəti böyükdür.
"Açıq dərs"lərdə
məktəbin rəhbərliyi, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin nümayəndəsi və
b. iştirak etmişlər.
Əvvəlcə intellektual viktorina
keçirilmişdir. Elşad Məmmədovun təşkilatçılığı
ilə yarışlar VII, VIII və IX sinifləri əhatə
etmişdir. Qruplara müxtəlif mövzular
üzrə test-suallar paylanmış və yazılı
cavablar alınmışdır. Sonra
yarışın nəticələri müzakirə
olunmuş, şagirdlərə tövsiyələr
verilmişdir.
Aylıq ərzində 3 "açıq
dərs" dinlənilmişdir.
Könül Səfərovanın IX "a" sinfində
keçdiyi "açıq dərs"in mövzusu
"Nadir şah dövlətinin süqutu. Azərbaycan
xanlıqlarının yaranması", Arzu İsgəndərovanın
VII "b" sinfindəki "açıq dərs"inin
mövzusu "Azərbaycanda
azadlıq mübarizəsi. Xürrəmilər
hərəkatı. Babək", Yeganə
Əsgərovanın VIII "a" sinfində
"açıq dərs"inin mövzusu isə "Azərbaycan
Atabəylər dövləti. Azərbaycan dövlətçilik
tarixinin ənənəsi" olmuşdur. Dərslərdə
qruplarla iş formasından istifadə edilmişdir. Dərslər
yüksək səviyyədə aparılmış,
mühüm nəticələr əldə olunmuşdur. Dərslərdə
motivasiya, inteqrasiya, diferensiasiyadan, əyani-texniki vasitələrdən
geniş istifadə olunmuş, şagirdlərə zəngin
informativ biliklər verilmiş, vətənpərvərlik
hissi aşılanmışdır. Dərslərin gedişi
lentə alınmış, müzakirəyə təqdim
edilmişdir. Dərslərin gedişi prosesində "Babək"
filmindən, N.Nərimanovun "Nadir şah" faciəsindən,
N.Həsənzadənin "Atabəylər" dramından
fraqmentlər verilmiş, eyni zamanda şagirdlərin
iştirakı ilə Arzu İsgəndərovanın
apardığı "açıq dərs"də "Babəkin
oğluyla son görüşü" hissəsinə aid səhnəciklər
göstərilmişdir.
Hər bir "açıq dərs"in
yekunu olaraq müasir Azərbaycanın memarı, ümummilli liderimiz Heydər
Əliyev və onun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
dövlətçilik fəaliyyəti və onların tarixi
xidmətləri yüksək qiymətləndirilmiş, bu barədə
şagirdlərə geniş məlumat
verilmişdir.
IX "a"
sinfindən İsa Məmmədov, Çilənay Məmmədova,
Vüsalə Daşdəmirova, Murad Hüseynov, Şəbnəm
Xudayarlı, Vüsalə Əliyeva, VII "b" sinfindən
Zaur İsayev, Faiq Canbaxşiyev, Qəndab Nağıyeva, Əvəz
Yusifov, VIII "a" sinfindən Aqil Əlizadə, Nigar
İmanova, Allahverdi İmanov, Şəhla Süleymanova, Cəmil
Məmmədli və Ayişə Quliyeva fəallıq göstərmişlər.
Sonda "açıq dərs"lərin
keyfiyyət səviyyəsi barəsində fikir və
mülahizələr bildirilmiş, müəllimlərə
müvafiq tövsiyələr verilmişdir.
Səkinə
ƏLİZADƏ,
Bakı
Dövlət Universitetinin bakalavrı
Azərbaycan
müəllimi.- 2013.- 8 fevral.- S.6.