Laureatlara diplomlar təqdim olunub

 

Bu günlərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində  nəfəs və zərb alətləri ifaçılarının ümumşəhər festivalı keçirilib. İstedad və bacarığına, yüksək musiqi duyumuna  güvənən musiqiçilər festivalda  öz məharətlərini nümayiş etdiriblər. Münsiflər heyətinin qərarına əsasən 17 nəfər gənc ifaçı laureat adını qazanıb.

Sonra "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət  Mərkəzində  laureatların konserti təqdim olunub. Konsertdə Bakı  Musiqi Akademiyası nəzdində Orta İxtisas Musiqi məktəb-studiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, G.Şaroyev adına 35, L. və M.Rostropoviçlər adına 21 nömrəli, R.Behbudov adına 2 nömrəli, Q.Qarayev adına 8 və 24 nömrəli  onbirillik musiqi məktəblərinin şagirdləri çıxış ediblər.

Sonda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev laureatları təbrik edib və onları diplomlarla mükafatlandırıb.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2013.- 8 fevral.- S.6.