"Sabahın
alimləri" II respublika müsabiqəsinin qalibləri
mükafatlandırıldı
Fevralın
8-də "Kempinski Badamdar"
hotelində "Sabahın alimləri" II Respublika
müsabiqəsinin açılış mərasimi keçirildi. Azərbaycan
Respublikası Təhsil, Gənclər və İdman
nazirliklərinin və "Mədəd" təşkilatının
birgə təşkilatçılığı ilə
keçirilən müsabiqəyə Bakı və Sumqayıt
şəhərlərində yerləşən 31 ümumtəhsil
məktəbinin IX-XI sinif şagirdləri
qatıldılar.
Qeyd edək ki,
müsabiqənin keçirilməsində məqsəd ciddi tədqiqat nəticələri əldə
etmiş Azərbaycan məktəblilərinin
seçilib İntel
İSEF - Beynəlxalq Elm və Mühəndislik
Sərgisinə (ABŞ) göndərilməsini təmin etməkdən
ibarətdir.
Müsabiqəyə Bakı Dövlət Universiteti,
Sumqayıt Dövlət Universiteti və Qafqaz Universitetinin
professor-müəllim heyəti tərəfindən elmi dəstək verilib. Səkkiz
kateqoriya-riyaziyyat, fizika,
kimya, biologiya, tibb və sağlamlıq, ekologiya,
mühəndislik, kompüter elmləri
üzrə keçirilən müsabiqədə 116 şagird 73 elmi layihə
ilə iştirak edirdi.
Layihələrin qiymətləndirilməsi və müsabiqənin
qaliblərini müəyyənləşdirmək üçün hər kateqoriya
üzrə aparıcı alimlərdən ibarət münsiflər
heyəti yaradılmışdır.
Açılış
mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək
müsabiqənin əhəmiyyətindən
danışdı. "Sabahın alimləri" müsabiqəsinin
dünyada ən nüfuzlu
müsabiqələrdən biri olan İntel İSEF - Beynəlxalq
Elm və Mühəndislik Sərgisi
çərçivəsində keçirildiyini
nəzərə çatdıran nazir Azərbaycan
məktəblilərinin parlaq nəticələr
qazanacağına ümidvar olduğunu bildirdi. Ölkəmizin
İntel İSEF müsabiqəsinə
qoşulmasının təsadüfi olmadığını
söyləyən Misir Mərdanov Azərbaycanın
güclü elmi
potensialı olduğunu və bu potensialı qoruyub
saxlamağın, ondan səmərəli
istifadə etməyin vacibliyini diqqətə
çatdırdı. Hər bir ölkənin
inkişafını həmin ölkədə elmin
və təhsilin inkişafından asılı olduğunu qeyd edən təhsil
naziri bunun dövlət
siyasətinin prioritet istiqamətlərindən
biri olduğunu və bu siyasətin nəticəsi
olaraq təhsilin keyfiyyətini artırmaq
məqsədilə təhsil islahatları
aparıldığını diqqətə
çatdırdı. Misir Mərdanov bildirdi ki, 2008-ci ildən başlayaraq respublikamızın ümumtəhsil
məktəblərində Kiçik Akademiyalar yaradılmağa başlanmış
və həmin akademiyaların fəaliyyəti tədricən
formalaşmaqdadır. Belə ki, ümumtəhsil
məktəbləri alimlərlə əlaqələr
yaradır, şagirdlərə tədqiqat aparmaq,
elmi nəticələri ümumiləşdirmək
və onları təqdim etmək bacarığı
aşılanır, şagirdlər üçün
konfranslar və müsabiqələr təşkil
olunur. Bundan başqa, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
sərəncamı ilə "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq
edilmişdir və proqramın əsas vəzifələrindən
biri kimi gənclərdə
müasir düşüncə tərzinin
formalaşdırılması, onların idarəetmə
və tədqiqat yönlü fəaliyyətə
cəlb edilməsi müəyyənləşdirilmişdir. Bu gün ümumtəhsil
məktəblərində gedən proseslərin, həyata
keçirilən tədbirlərin bir hissəsi
məhz həmin vəzifənin yerinə yetirilməsinə
istiqamətlənmişdir. "Sabahın alimləri"
müsabiqəsi də bu vəzifəyə
xidmət edir. Müsabiqənin
keçirilməsində əsas məqsədimiz tədqiqat aparan şagirdlərin sayını çoxaltmaq, onlara tədqiqatçılıq
vərdişlərini aşılamaq və elmi
fəaliyyətlərini stimullaşdırmaqdır. Müsabiqədə
iştirak edən hər bir
şagirdə uğurlar arzulayan
təhsil naziri Misir Mərdanov
İntel İSEF sərgisi barədə ətraflı
məlumat verdi.
Tədbirdə
çıxış edən gənclər və idman naziri Azad
Rəhimov, "Mədəd" təşkilatının
icraçı direktoru Vüsal
Xanlarov, İntel-in MDB
ölkələri üzrə meneceri Tatyana Nanayeva, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun
direktoru Vaqif Abbasov və başqaları müsabiqənin əhəmiyyətindən
söz açdılar. Açılışda
2012-ci ildə İntel İSEF-in
iştirakçısı olan, BDU-nun nəzdində "Gənc istedadlar" liseyinin XI sinif şagirdi Mahirə Səfərəlizadə
də çıxış edərək bu
müsabiqənin onun həyatında
oynadığı roldan danışdı
və öz həmyaşıdlarına uğurlar arzuladı.
Açılış mərasimindən sonra
müsabiqənin işi iki
zalda davam etdi. Bir zalda layihələrin münsiflər
heyəti tərəfindən qiymətləndirilməsi həyata
keçirildi, digər zalda
isə müsabiqənin Təlim Akademiyasında layihələrin
elmi rəhbərləri və məktəb
direktorları üçün treninqlər
təşkil olundu. Təlim
Akademiyasının iştirakçılarına sertifikatlar təqdim olundu.
Fevralın
9-da "Kempinski Badamdar" hotelinin "Qəbələ"
zalında təhsil naziri Misir
Mərdanovun iştirakı ilə öz işini davam etdirən
"Sabahın alimləri" II Respublika
müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi
keçirildi. İki gün davam edən
müsabiqənin yekununda münsiflər
heyəti tərəfindən
müəyyən olunmuş qaliblərə
təşkilatçılar tərəfindən təsis edilmiş pul
mükafatı və medallar təqdim edildi. Bundan əlavə, Bakı Dövlət Universiteti,
Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və
ADNA-nın nəzdində "Neftin,
qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutu
tərəfindən seçilmiş layihələrə
bu müəssisələrin
sertifikatları və hədiyyələri təqdim olundu.
İntel-in MDB ölkələri
üzrə meneceri Tatyana
Nanayeva Təhsil Nazirliyinə və digər
təşkilatçılara Dünya İntel Təhsil Təşkilatının elm, texnologiya, mühəndislik
və riyaziyyat sahələri üzrə
faydalı əməkdaşlıq və birgə səylərə
görə təsis etdiyi sertifikatı təqdim
etdi.
Təhsil naziri Misir Mərdanov
da həmçinin İntel-in MDB
ölkələri üzrə meneceri Tatyana Nanayevaya Təhsil Nazirliyinin təşəkkürnamə diplomunu təqdim etdi.
Mükafatlandırılma
mərasimindən sonra qalib
şagirdlər öz layihələrini ingilis dilində təqdim etdilər. Münsiflər heyətinin qərarına əsasən
qaliblər arasından seçilmiş 5 şagird cari ilin may ayında
ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel
İSEF - Beynəlxalq Elm və Mühəndislik
Sərgisində iştirak etmək hüququ qazandı.
Mükafatlandırılma
mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov
müsabiqənin gərgin mübarizə şəraitində keçdiyini və ötənilki müsabiqə
ilə müqayisədə şagirdlərin daha
aktiv iştirak etdiyini nəzərə çatdırdı. Gələcək
illərdə müsabiqənin daha geniş rəqabət şəraitində
keçəcəyinə ümidvar olduğunu bildirən təhsil naziri
Misir Mərdanov müsabiqəni izləmək
məqsədilə Bakıya gələn İntel-in
MDB ölkələri üzrə meneceri Tatyana Nanayevaya və
müsabiqədə zəhməti keçən hər bir şəxsə minnətdarlığını
bildirdi. Qalibləri təbrik edən
təhsil naziri onlara gələcək
fəaliyyətlərində uğurlar
arzuladı. Qaliblərlə xatirə şəkli çəkildi.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 15 fevral.- S.2.