"Yeni ixtisasartırma modelinə keçid" mövzusuna
həsr olunmuş müşavirə
Fevralın 14-də Təhsil Nazirliyində
"Yeni ixtisasartırma modelinə keçid" mövzusuna
həsr olunmuş müşavirə keçirilib.
Təhsil naziri Misir Mərdanov müasir
dünyada ixtisasartırma təhsilinə mühüm əhəmiyyət
verildiyini nəzərə çatdıraraq son illər
ölkəmizdə bu istiqamətdə görülmüş
işlərə diqqət çəkib. "Yeni
ixtisasartırma modelinə keçid" mövzusunda təqdimat-məruzə
ilə çıxış edən nazir ixtisasartırma təhsilində
modul-kredit sisteminin tətbiqinin normativ-hüquqi əsasları
və müsbət cəhətləri barədə məlumat
verib. Yeni modelə əsasən ixtisasartırma təhsili
proqramlarının 3 modul üzrə qurulmasının nəzərdə
tutulduğunu bildirən Misir Mərdanov həmin modulların tərkib
hissələrindən söhbət açıb.
Təhsil naziri yeni ixtisasartırma
modelinin üstünlüklərinə və ənənəvi
modeldən fərqli cəhətlərinə diqqət çəkib.
İxtisasartırma təhsili sahəsində modul-kredit
sisteminin tətbiqi istiqamətində son illər ərzində
əldə olunmuş uğurlara toxunan nazir ümumi təhsil
və ilk peşə-ixtisas təhsili müəssisələrinin
müəllimləri üçün ixtisasartırma təhsilinin
kurikulum çərçivəsinin
hazırlandığını bildirib. Misir Mərdanov qeyd edib
ki, ixtisasartırma sahəsində modul-kredit sisteminə
keçidlə əlaqədar Təhsil Nazirliyinə təqdim
edilmiş proqramlar müvafiq müsabiqə əsasında
seçilib.
Azərbaycan Müəllimlər
İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət
Pedaqoji Universiteti və Əlavə Təhsil Mərkəzi tərəfindən
təqdim olunmuş proqramların modullar üzrə
bölgüsünə diqqət çəkən nazir həmin
müəssisələrin sayının artmasının
mümkünlüyünü nəzərə
çatdırıb. Təqdim olunmuş ixtisasartırma
proqramlarının müvafiq qiymətləndirmə
meyarları əsasında dəyərləndiriləcəyini
söyləyən təhsil naziri ixtisasartırma aparacaq
qurumların kadr potensialının da qiymətləndiriləcəyini
vurğulayıb.
Misir Mərdanov qeyd edib ki, yeni
ixtisasartırma modeli ümumi təhsil və ilk peşə-ixtisas
təhsili müəssisələrinin pedaqoji və digər
işçilərinin bilik, bacarıq və peşəkarlıq
səviyyələrinin, dünyagörüşlərinin
inkişaf etdirilməsinə daha mütərəqqi
üsullarla nail olmaq məqsədilə hazırlanıb. Daha
sonra yeni ixtisasartırma modelinin tətbiqi üçün həyata
keçiriləcək digər tədbirlərdən söhbət
açan nazir qarşıya qoyulmuş vəzifələrin
uğurla yerinə yetiriləcəyinə ümidvar
olduğunu bildirib.
Sonda yeni ixtisasartırma modelinə
keçidlə bağlı müxtəlif fikirlər səsləndirilib,
müvafiq təkliflər verilib və qarşıya
çıxan suallara aydınlıq gətirilib.
Azərbaycan
müəllimi.- 2013.- 15 fevral. - S.3.