Pedaqoq alimin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 

Bu günlərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda tanınmış alim-pedaqoq Allahverdi Eminovun yaradıcılıq fəaliyyətinə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda institutun rektoru, professor Asəf Zamanov yaradıcı ziyalılar üçün ümummilli lider Heydər Əliyev  tərəfindən yaradılmış və  hazırda  Azərbaycan  Prezidenti möhtərəm İlham Əliyev tərəfindən əsaslı şəkildə inkişaf etdirilən münbit şəraitdən söz açaraq, alimin həyat və yaradıcılığı barədə məlumat verdi. O, xüsusi olaraq vurğuladı ki, zəngin mənəvi irsə malik görkəmli alimlər, şairlər, yazıçılar, rəssamlar, heykəltəraşlar, musiqiçilər yetirmiş məmləkətimiz bu gün də yazıb-yaradan ziyalıları ilə fəxr edir.

Professor Asəf Zamanov tədbir iştirakçılarına institut barədə məlumat verərək bildirdi ki, son 5 ildə bu ali təhsil ocağı bir sıra nailiyyətlər qazanmışdır. Belə ki, bu müddət ərzində xarici ölkələrin 30-a qədər ali məktəbi, elmi-tədqiqat mərkəzləri ilə elm və təhsil sahəsində əməkdaşlıq qurulmuş, institutun təşkilatçılığı ilə 7 beynəlxalq elmi konfrans keçirilmişdir. Əgər bu ali təhsil müəssisəsinin yarandığı 1939-cu ildən 2008-ci ilə qədər əməkdaşlar tərəfindən cəmi 110 elmi əsər çap edilmişdirsə, son 5 ildə nəşr edilən əsərlərin sayı 700-ü keçmişdir. 5 il əvvəl institutda cəmi 5 elmlər namizədi (fəlsəfə doktoru) fəaliyyət göstərirdisə, hazırda 20-dən çox elmlər doktoru, professor, fəlsəfə doktoru, dosent çalışır. Bundan əlavə, 30-a qədər elmlər doktoru, 70-dən çox fəlsəfə doktoru institutda mühazirəçi qismində fəaliyyət göstərir. Bu alimlərdən biri də, uzun illərdir yüksək yaradıcılıq potensialı ilə oxucu rəğbəti qazanmış, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Allahverdi Eminovdur. Bu gün biz onun 2007-2012-ci illərdə nəşr edilmiş əsərlərinin təqdimatına yığışmışıq.  Rektor Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Allahverdi Eminovun həyat və yaradıcılığına toxunaraq, onun "Mir Cəlalın poetikası", "M.F.Axundovun obrazları və dilçilik görüşləri", "Oqtay Rzanın yaradıcılığı" və digər əsərləri barədə fikirlərini bildirdi.

Tədbirdə institutun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru Aydın Paşayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, "Kövsər" nəşriyyatının direktoru, texnika elmləri namizədi Xəlil Talıbov, şair Hafiz Rüstəm və digərləri Allahverdi Eminovun elmi yaradıcılıq yolundan danışdılar, son vaxtlar işıq üzü görmüş əsərlərinə münasibət bildirərək onları yüksək qiymətləndirdilər.

Sonda söz Allahverdi Eminova verildi. O, yaradıcılığına həsr olunmuş tədbirin təşkilinə görə institutun rəhbərliyinə, həmçinin iştirakçılara minnətdarlığını bildirdi.

 

 

Azərbaycan müəllimi.- 2013.- 15 fevral.- S.4.