Respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha dolğun çatdırmaq məqsədilə 

 

ƏMR  EDİRƏM:  

 

1. Ümumtəhsil  ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  90-cı ildönümünə həsr olunan "Heydər Əliyev və müstəqil Azərbaycan"  mövzusunda  respublika rəsm müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun  (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri və nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə keçirilməsini təşkil etsinlər.

4.  Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsi (A.İbrahimov) müsabiqənin  yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.

5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq  olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.  

6. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Tərbiyə və məktəbdənkənar müəssisələrlə şöbəsi (A.İbrahimov) müsabiqənin respublika mərhələsinin qaliblərinin əl işlərinin kataloqunun nəşri ilə bağlı zəruri tədbirləri həyata keçirsinlər.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.

8.  İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

9.  Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

10.  Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

14 fevral 2013-cü il

 

Azərbaycan müəllimi.- 2013.- 22 fevral.- S.2.