"Sabahın
alimləri" II Respublika müsabiqəsinin
yekunları haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Gənclər və İdman Nazirliyi və "Mədəd"
təşkilatının 11 sentyabr 2012-ci il tarixli, 1472 nömrəli
birgə qərarına, habelə Azərbaycan Respublikası təhsil
nazirinin 12 sentyabr 2012-ci il tarixli, 1476 nömrəli əmrinə
əsasən 2013-cü il 8-9 fevral tarixlərində Bakı
şəhərində "Sabahın alimləri" II
Respublika Müsabiqəsi keçirilmişdir. Müsabiqə
İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi
çərçivəsində təşkil olunmuşdur.
Müsabiqənin həmtəşkilatçıları və
sponsorları Təhsil Nazirliyi, Gənclər və İdman
Nazirliyi, "Mədəd" təşkilatı və
İntel korporasiyası olmuş, Bakı Dövlət
Universiteti, Sumqayıt Dövlət Universiteti və Qafqaz
Universiteti tərəfindən isə müsabiqəyə elmi
dəstək verilmişdir. Bu tədbirdə Bakı və Sumqayıt şəhərlərinin 31 ümumi təhsil müəssisəsi
iştirak etmişdir.
Şagirdlərin müsabiqəyə və
İntel İSEF-ə daha səmərəli
hazırlığını təşkil etmək məqsədi
ilə cari ilin yanvar-fevral aylarında "Sabahın alimləri"
müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən
seçilən 28 şagird Azərbaycan
Respublikası Təhsil Nazirliyinin əmrilə Doğu Akdeniz
Universiteti tərəfindən keçirilən treninqlərdə
iştirak etmək üçün Şimali Kipr Türk
Respublikasına ezam edilmiş və
həmin universitetdə Azərbaycan məktəbliləri
üçün layihələrin hazırlanmasına və təqdim
edilməsinə dair xüsusi treninqlər təşkil
olunmuşdur.
Müsabiqədə iştirak etmək
istəyən şagirdlərin qeydiyyatı "on-line"
rejimində aparılmışdır. Müsabiqəyə 80-dən
artıq elmi layihə daxil olmuş, 160 şagird qeydiyyatdan
keçmişdir. Bütün layihələrin
annotasiyalarına müsabiqənin Elmi Ekspertiza Komitəsi tərəfindən
baxılmış və müsabiqənin tələblərinə
uyğun gələn 73 layihə müsabiqəyə
buraxılmışdır. Ötən ilə nisbətən
layihələrin sayı 47-dən
73-ə qədər
artmışdır.
Müsabiqədə 73 layihə ilə
116 şagird iştirak etmişdir. Bu layihələrdən 32-si
fərdi, 41-i isə kollektiv işlənilən layihələr
olmuşdur. Bakıda yerləşən məktəblərdən
42 layihə üzrə 67 şagird, Sumqayıt məktəblərindən
isə 31 layihə üzrə 49 şagird müsabiqəyə
buraxılmışdır.
Layihələrin qiymətləndirilməsini
həyata keçirmək məqsədi ilə respublikanın
tanınmış alimlərindən ibarət Münsiflər
heyəti yaradılmışdır. Münsiflər heyəti
8 kateqoriya (riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik,
kompüter elmləri) üzrə şagird layihələrinin
qiymətləndirilməsini həyata keçirmişdir.
Münsiflər heyətinin qərarına görə müxtəlif
nominasiyalar üzrə I, II və III yerlərə 39 layihə
üzrə 64 şagird, o cümlədən I yerə 7 layihə
üzrə 13 şagird, II yerə 14 layihə üzrə 22
şagird, III yerə 18 layihə üzrə 29 şagird layiq
görülmüşdür.
Qaliblərə müsabiqənin təşkilatçıları
adından diplom, medal, pul mükafatları və hədiyyələr
təqdim edilmiş, yer tutmayan finalçılara isə
müsabiqənin sertifikatları verilmişdir.
Qeyd olunanları nəzərə alaraq
ƏMR
EDİRƏM:
1. 8-9 fevral 2013-cü il tarixlərində İntel
İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi
çərçivəsində keçirilmiş
"Sabahın alimləri" II Respublika müsabiqəsinin
Münsiflər heyəti tərəfindən seçilən
qaliblərin siyahısı elan edilsin (əlavə olunur).
2. Nəzərə alınsın ki, 12-17 may 2013-cü
il tarixlərində
ABŞ-ın Arizona ştatının Finiks şəhərində
keçiriləcək İntel İSEF müsabiqəsində
iştirak etmək üçün Münsiflər heyəti tərəfindən
müsabiqənin qalibləri arasından aşağıda
adları göstərilən şagirdlər
seçilmişdir:
- Nurdil Nuru Rauf oğlu, Bakı Dövlət
Universiteti nəzdində "Gənc istedadlar" liseyinin IX
sinif şagirdi;
- Hacıyev Mustafa Polad oğlu, Bakı
Dövlət Universiteti nəzdində "Gənc
istedadlar" liseyinin X sinif şagirdi;
- Tağıyeva Vəfa Aqil qızı,
Bakı Dövlət Universiteti nəzdində "Gənc
istedadlar" liseyinin IX sinif şagirdi;
- Baxşıyev Suad Fuad oğlu, akademik
Z.Əliyeva adına liseyin X sinif şagirdi;
- Əliyev Elnur Fəxrəddin oğlu,
akademik Z.Əliyeva adına liseyin X sinif şagirdi.
3. Nəzərə alınsın ki, şagirdlərin
yol xərcləri "İntel Fondation" təşkilatı tərəfindən ayrılan qrant
hesabına ödəniləcəkdir.
4. Elm şöbəsinin
müdiri, "Sabahın alimləri" Respublika müsabiqəsinin
direktoru G.Hüseynovaya tapşırılsın:
4.1. İntel İSEF-ə göndərilən
şagirdlərin layihələrinin ingilis
dilində hazırlanmasına nəzarət etsin;
4.2.
Şagirdləri ABŞ-da müşayiət
edəcək nümayəndə heyətinin tərkibi barədə
təkliflərini nazirliyin rəhbərliyinə
təqdim etsin;
4.3. İntel İSEF-in Təşkilat
Komitəsinə müvafiq məlumatların
göndərilməsini təmin etsin.
5. Beynəlxalq əlaqələr
şöbəsi (T.Əliyeva) İntel
İSEF-də iştirak edəcək
şagirdlərin xarici ölkəyə
göndərilməsi üçün müvafiq
sənədlərin hazırlanması ilə bağlı tədbirlərin
görülməsini təmin etsin.
6.
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) bu əmrin əlavəsi
ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində
və "Təhsil xəbərləri" məlumat-informasiya
məcmuəsində dərc olunmasını və nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
7. Ümumi
şöbə (X.Fərəcov) əmrin
çoxaldılıb aidiyyəti müəssisələrə
göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 fevral 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.2.