Fəlsəfə
doktoru proqramlarının müzakirəsinə
həsr olunmuş seminar işə başlayıb
Fevralın 21-də Bakıdakı
"Excelsior" hotelində Təhsil Nazirliyi və Bakı
Dövlət Universitetinin təşkilatçılığı
ilə Boloniya prosesi çərçivəsində həyata
keçirilən fəlsəfə doktoru proqramlarının
müzakirəsinə həsr olunmuş seminar işə
başlayıb.
Avropa İttifaqının TAİEX
proqramı çərçivəsində keçirilən
seminarda quruma üzv olan ölkələrdən, o cümlədən
Belçika, Finlandiya, İsveç və İtaliyadan 5
ekspert, ali təhsil müəssisələrinin prorektorları,
doktorantura şöbələrinin müdirləri iştirak
edirdilər.
Seminarı giriş sözü ilə
açan təhsil naziri Misir Mərdanov
iştirakçıları salamlayıb müzakirə olunan məsələnin
vacibliyini vurğuladı. Nazir bildirdi ki, seminarın əsas məqsədi
Avropa İttifaqı ölkələrində və Azərbaycanda
fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi
sahəsində aparılan siyasəti, doktorluq
proqramlarının konsepsiyasını və
prosedurlarını Boloniya prosesinin tələbləri
baxımından müzakirə etməkdir. Eyni zamanda fəlsəfə
doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti,
bu sahədə müxtəlif ölkələr tərəfindən
qazanılan təcrübənin və doktorantura təhsilinin təkmilləşdirilməsinə
yönəlmiş tədbirlərin də müzakirə edilməsi
nəzərdə tutulub.
Diqqətə çatdırıldı
ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Avropa
İttifaqının Tvininq və TAİEX proqramlarında
2009-cu ildən iştirak edir. Bu günədək Təhsil
Nazirliyi tərəfindən bu proqramlar üzrə 10-dan
artıq layihə təqdim olunmuş, nəticədə 2
Tvininq və 4 TAİEX layihəsi qazanılmışdır.
Nazir dedi ki, 2009-cu ilə kimi Azərbaycanda
elmi dərəcələrin verilməsi aspirantura və
doktorantura "institutları" vasitəsilə həyata
keçirilirdi və elmi dərəcələrin
alınmasına dair təhsil diplomdansonrakı təhsil
sayılırdı. 2009-cu ildə ölkəmizdə "Təhsil
haqqında" yeni Qanun qəbul edildikdən sonra isə Azərbaycanda
iki doktorantura təhsil proqramı, o cümlədən fəlsəfə
doktoru və elmlər doktoru proqramları üzrə
hazırlıq aparılır. Bu proqramlara uyğun olaraq iki
elmi dərəcə-fəlsəfə doktoru və elmlər
doktoru elmi dərəcələri verilir.
Doktorantura təhsilinin həm universitetlərdə,
həm Azərbaycan Milli Elmlər Akademiyasının
institutlarında, həm də sahə elmi-tədqiqat
institutlarında və elmi təşkilatlarda həyata
keçirildiyini diqqətə çatdıran nazir doktorluq
dissertasiyalarının Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən
yaradılan doktorluq şuralarında müdafiə edildiyini,
elmi dərəcələrin və elmi adların təsdiq
edilməsinin də Ali Attestasiya Komissiyasının səlahiyyətinə
daxil olduğunu bildirdi.
2009-cu ildə "Təhsil
haqqında" Qanun qəbul edildikdən sonra ölkəmizdə
doktorantura təhsili verən müəssisələrin
sayının artdığını vurğulayan nazir
müvafiq statistik məlumatları diqqətə
çatdıraraq bildirdi ki, əgər 2000-ci ildə fəlsəfə
doktoru proqramı üzrə hazırlıq 83, elmlər doktoru
proqramı üzrə isə 21 müəssisə tərəfindən
həyata keçirilirdisə, 2011-ci ildə bu müəssisələrin
sayı müvafiq olaraq 103 və 74 olmuşdur. Hazırda həmin
müəssisələrdə mindən artıq doktorant təhsil
alır.
Qeyd olundu ki, son illər ölkəmizdə
"Təhsil haqqında" Qanuna uyğun olaraq doktorantura təhsili
sahəsində yeni normativ-hüquqi baza yaradılır. Tərkibində
doktorantura yaradılan müəssisələrin
siyahısı 2010-cu ildə Nazirlər Kabinetinin qərarı
ilə təsdiq olunmuş, eyni zamanda doktoranturaya qəbul
qaydaları hazırlanmış və təsdiq edilmişdir.
Hazırda doktorantura təhsilinin təşkilinə və məzmununa
dair Əsasnamənin layihəsi müzakirə edilir, fənn
proqramları işlənib hazırlanır.
Boloniya prosesinin tələblərinə
cavab verən yeni, demokratik və mütərəqqi təhsil
sistemini qurmaq vəzifəsinin qarşıda durduğunu
söyləyən nazir bunun üçün bugünkü
seminar kimi tədbirlərin keçirilməsini, beynəlxalq
ekspertlərin məsləhətlərinin, aparıcı
universitetlərin təcrübəsinin öyrənilməsinin
vacib olduğunu, iki gün müddətində seminarda
aparılacaq müzakirələrin ölkəmizdə
doktorantura təhsilinin normativ-hüquqi bazasının təkmilləşdirilməsinə
kömək edəcəyinə, mövcud problemlərin həll
yollarının axtarılıb tapılacağına əmin
olduğunu bildirdi, seminarın işinə uğurlar
arzuladı.
Seminarda Azərbaycan Milli Elmlər
Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov
"Fəlsəfə doktoru elmi dərəcəsinin milli
konsepsiyası" və Azərbaycan Respublikasının
Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin
müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov
"Azərbaycanda doktorluq dissertasiyalarının
hazırlanmasına qoyulan tələblər və elmi dərəcələrin
verilməsi prosedurları" mövzularında məruzə
etdilər.
Seminarın ilk gününün
iclaslarında habelə professor Jan De Qrufun (Belçika),
"Avropa İttifaqı ölkələrində fəlsəfə
doktoru elmi dərəcəsinin konsepsiyası", Lennart
Stehlin (İsveç) "Fəlsəfə doktoru elmi dərəcəsinin
Avropa İttifaqı ölkələri universitetlərində
qəbul edilməsi: müxtəlif siyasətlər və
prosedurlar" mövzularında məruzələri dinlənildi,
ekspertlər İva Kaunisma (Finlandiya), Roberto Toniatti
(İtaliya), Ann Peters (Belçika) dinlənilmiş məruzələrlə
bağlı müvafiq şərhlər verdilər.
Tədbirdə digər
çıxışlar da oldu, suallar
cavablandırıldı.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.3.