Xocalı
soyqırımından 21 il ötür
Faciənin dəhşətləri
rəqəmlərin dili ilə
*
613 nəfər öldürülüb (106 nəfəri
qadın,
63-ü
azyaşlı uşaq, 70-i qoca)
* 8 ailə
tamamilə məhv edilib
* 25
uşaq hər iki valideynini itirib
* 130
uşaq isə valideynlərindən birini itirib
* 1275 nəfər
girov götürülüb
* 150 nəfər
itkin düşüb
* 1000 nəfər
əlil olub
O gecənin səkkiz
aylıq şahidi
Mən Xocalı faciəsinin
ağrılarını gözündə, ürəyində
gəzdirən Salatını Bakıdakı 39 nömrəli
orta məktəbdə tapdım. İndi Xocalı faciəsinin
ən körpə şahidini, həm də o gecənin
qurbanlarından birinin övladını - 21 yaşlı
Salatın Yelmar qızı Əhmədovanın
özünü dinləyək:
- Mən
1991-ci il iyun ayının 12-də Xocalıda dünyaya göz
açmışam. 26 fevral 1992-ci ildə baş verən Xocalı faciəsi
barədə mənim bildiklərim, eşitdiklərim bunlardır: O qırğın
törədiləndə, mən anamın qucağında 8 ay
yarımlıq, südəmər
bir körpə olmuşam. Əslində, o faciədə başıma gələnləri
çox sonralar, yəni, səkkizinci sinifdə bilmişəm. Aşağı
siniflərdə oxuyanda məktəbimizdə
keçirilən tədbirlərdə həmişə anam da
iştirak edirdi. Anamın çıxışlarında Xocalı körpəsi
Salatının başına gələnləri mən də
eşitmişdim. Ancaq ağlıma da gəlməzdi ki, o
Salatın mən özüməm. Sonra biləndə ki, mən
o Salatınam, çox sarsıntı keçirdim. İlk
vaxtlar anamdan qaçaq
düşdüm. Bir müddət xalamgildə qaldım.
Heç cür anamı başa düşə bilmirdim,
bağışlaya bilmirdim ki, mənə
niyə qəsd edib? İllər ötdükcə
böyüdüm və anama haqq qazandırdım.
Görün bir, Allah da mənim anamın
bala qatili olmağına qıymayıb. Üç gün
bağlı yaylığın arasında cansız qalan bədənimə
yenidən ruhumu qaytarıb. O gecə
mən südümü əmib beşiyimdə uyuyurkən, əynimdəki
bir nazik körpə libasımnan anam məni qoynunda gizlədib
meşəyə üz tutmuşdu! Niyə məhz meşəyə?
Çünki
anam eşitmişdi ki, dünyanın ən qəddar və
yırtıcı heyvanı olan yalquzaq da körpəyə
toxunmur. Əksinə, onu bəsləyib saxlayır. Ancaq erməni
vəhşiləri hər zaman türk çocuğunun
qanına yerikləyir... Odur ki, bizi öldürməyə gələn
erməni qatillərinin əlinə keçməmək
üçün anam meşəyə pənah
aparmışdı! Meşənin dərinliklərində anam
bir dəstə Xocalı qız-gəliniylə
rastlaşmışdı. Onlar da erməni əlinə
keçməmək üçün meşəni
seçmişdilər! Gecə
güman ki, acından və ya soyuqdan mən ağlamağa
başlayanda səsimi kəsə
bilməyən anam əlləri
ilə ağzımı qapamışdı! Niyə?
Otuz-qırx
nəfər qız-gəlinin erməni qaniçənləri tərəfindən təhqir
olunmaması, öldürülməməsi naminə!
Anam
öz döğma balasının həyatından niyə
keçmişdi, bilirsiniz?! Çünki, ermənilərin əlinə
düşsəydik, türk uşağı olduğum
üçün birinci məni
süngüyə keçirəcəkdilər! Ona
görə, anam mənə - özünün 8 ay
yarımlıq dilsiz-ağızsız körpə balasına
qıymışdı.
Atam
şəhid, anam da əlil olduğu üçün bizi ana babam, nənəm, xalamgil
böyütdülər. Nənəm Şuşadan idi, babam da
Laçından. Hər ikisinin yeri- yurdu 22-23 ildi ki, erməni
işğalçılarının əlindədir. Nənəm
"Şuşa" deyə-deyə dünyadan
köçdü.
-
2009-cu ildə məktəbi bitirib
Azərbaycan Müəllimlər İnstitutunun
tarix-coğrafiya fakültəsinə daxil oldum. Tarix fakültəsini
nənəmin məsləhəti ilə seçmişəm.
Artıq dördüncü kurs tələbəsiyəm. Ancaq ən
böyük arzum jurnalist təhsili almaq, adını
daşıdığım Salatın kimi jurnalist olmaqdır.
İnşallah, təhsilimi başa vurduqdan sonra ikinci ali təhsil
almağa çalışacağam.
Məndən
böyük
bacılarımın hər ikisi müəllimdir.
İndi
"Xocalıya ədalət" şüarı altında
imza toplanır. Artıq ümid edirəm ki, dünya bizim haqq
səsimizi tanıyacaq.
Mən
istəyirəm ki, yer kürəsinin bütün ataları,
bütün anaları mənim itirilmiş körpəliyimin
üsyanını dinləsin:
Ey dünya anaları! Ey dünya
ataları! Mən 8 ay 14 günlük olanda atamı- Xocalı
aeroportunun mühafizə xidmətinin əməkdaşını
ermənilər öldürüb. Mən 21 il əvvələ
qayıtmaq, atalı böyümək istəyirəm. Ancaq bu,
bir daha mümkün olan deyil.
Mən də dünyaya bir dəfə gəlmişəm
və bir də gəlməyəcəyəm.
Amma bu dünyada mən heç vaxt atamla
yanaşı dayana bilməyəcəyəm.
Mənim atam heç vaxt mənə
baxıb gülümsəməyəcək.
Atam heç vaxt mənim başımı
tumarlamayacaq.
Atam heç vaxt məni gəzməyə aparmayacaq.
Atam heç vaxt
ad günlərimdə mənə hədiyyə almayacaq.
Atam heç
vaxt... heç vaxt... heç vaxt
bizə heç nə etməyəcək. Çünki
erməni qatilləri
atamı türk
olduğuna görə öldürüblər.
Ey dünyanın sülhsevər
insanları!
Məni,
atamı, nənəmi, babamı, əmilərimi, bibilərimi Allah
yaratmamışdımı?!
Biz Xocalı sakinləri,
Xocalı körpələri bu sivilizasiyanın insanları
deyildikmi?
Ey dünya anaları! Ermənilərin
süngüyə keçirməməsi üçün səkkiz ay on
dörd günlük qızını öz əlləri ilə
boğmağa məcbur olan
anamın əbədi iztirablarını duyursunuzmu? Erməni
vəhşilərinin əlindən qaçıb meşəyə
sığınanda məni də
kürəyində daşıyan anamın ayaqlarının hər
ikisini don vurub. Anam Əhmədova Müşkülat İsa
qızı o gecə ömürlük şikəst olub.
Hazırda əlildir.
Ayaqlarına görə heç harda gedib işləyə
bilmir.
Ey atamı
doğrayan, öldürən qatil! Günahımız nə
idi ki, məni və bacılarımı atasız qoydun?
Niyə
dünyadakı başqa yaşıdlarımız kimi ata çörəyi ilə,
ata məhəbbəti ilə böyümək bizə qismət
olmadı?!
Ey mənim
bu dünyadakı həqiqətimi tapdalayan, özünü
korluğa vurub mənim kimi günahsızların faciəsini
görməzdən gələn, erməni vəhşiləri
tərəfindən dünyadan
nakam köçənlərimin ruhunu
təhqir edən bədxah "yazıçı",
qoy bundan sonra sənin titulların, ordenin, medalın əvəzinə,
şəhid olmuş azəri ruhlarının lənəti
asılsın yaxandan!
Hazırladı:
Ellada UMUDLU
Xocalı faciəsinin qurbanları anıldı
Astara Pedaqoji Kollecində Xocalı faciəsinin
21-ci ildönümünə həsr olunan silsilə tədbirlər
keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdən
biri də tələbə və müəllimlərin
iştirakı ilə kollecin kitabxanasında keçirildi.
Xocalı faciəsini təsvir edən xüsusi guşədə
həmin müdhiş gecədə baş vermiş hadisələrin
fotoxronikası əks olunmuşdu.
Anım tədbirini giriş sözü ilə
kollecin kitabxanaçısı Əminə Ərəbova
açdı. O, öz çıxışında XX əsrin
ən böyük faciəsi - Xocalı
qırğınında baş vermiş dəhşətlər
barədə ürəkağrısı ilə
danışdı. Ə.Ərəbova qeyd etdi ki, "kafir ermənilər
həmin o dəhşətli gecədə nə
ağbirçək anaya, ağsaqqal qocaya və hətta
südəmər körpəyə belə rəhm eləmədilər.
Onları diri-diri süngüdən keçirdilər. Sanki bu
vəhşiləri ana yox, şeytan dünyaya gətirmişdi.
İllər keçəcək, əsrlər ötəcək,
amma Xocalı şəhidləri unudulmayacaq. Onların
qisası mütləq alınacaq!".
Sonra kitabxana müdiri Günel Rəcəbova
"Xocalı soyqırımı unudulmayacaq", kollecin tarix
müəllimi Möhübbət Eyvazov "Bəşəriyyətə
qarşı yönəlmiş cinayət"
mövzularında məruzə etdilər.
Kollecin dil-ədəbiyyat müəllimi
Xalid Məmmədov və tarix müəllimi Sədaqət Səmədova
çıxış edərək tələbələrə
o qanlı-qadalı günlərdən, dinc əhalinin
başına gətirilən müsibətlərdən
danışmış və son zamanlarda düşmənin həqiqi
simasının açılması istiqamətində
atılan mühüm addımlardan söhbət
açmışlar. Onlar xüsusilə vurğuladılar ki,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə yaradılan "Xocalıya ədalət" beynəlxalq
kampaniyasının erməni cinayətkarlarının ifşa
edilməsində müstəsna əhəmiyyəti vardır.
Müəllimlər son günlərin qalmaqallı mövzusu
olan "Daş yuxular" adlı romanın müəllifi Ə.Naibov
tərəfindən yazılmış yalan, böhtan, iftira və
nifrət dolu fikirlərə öz münasibətlərini
bildirmiş və birmənalı olaraq həmin
cızmaqaranın erməni lobbilərinin sifarişi ilə
yazıldığını bəyan etmişlər.
Vurğulanıb ki, Əkrəmin "əsəri" Azərbaycan
ədəbiyyatına ləkədir və onun digər əsərləri
ilə yanaşı özü
də Azərbaycan ədəbiyyatından silinməlidir.
Tələbələrdən Elza Əfruzzadə
və Aytac Şirəliyeva Xocalı haqqında
yazılmış şeir və bayatıları ürək
yanğısı ilə söylədilər. Anım tədbiri
gənclərin yaddaşından uzun müddət silinməyəcəkdir.
Azad
ABDULLAYEV
"Xocalı qisasa çağırır bizi"
Ötən əsrdə ermənilər tərəfindən
xalqımıza qarşı törədilmiş ən dəhşətli
soyqırımı aktlarından biri olan Xocalı faciəsinin
21-ci ildönümü Bakıdakı 304 nömrəli tam orta məktəbdə də
geniş qeyd olundu. Bu məqsədlə fevralın 20-də məktəbin
akt zalında "Xocalı qisasa çağırır
bizi" adlı anım mərasimi
keçirildi. Zal tədbirin
ruhuna uyğun tərtib olunmuş, Xocalı faciəsinə həsr
olunmuş kitablardan guşə yaradılmış, şamlar
yandırılmış, divar qəzetləri
asılmışdı.
Məktəbin tarix müəllimi Sevda
Adıgözəlzadə faciənin
bütün dəhşətlərini, erməni qəsbkarlarının
vəhşiliklərini, amansızlığını əks
etdirən və mərasimin hər bir
iştirakçısında düşmənə
qarşı güclü nifrət və qəzəb hissi
oyadan təsirli ədəbi-bədii kompozisiya ssenarisi
hazırlamışdı.
Mərasim Dövlət himninin ifası ilə
başlandı. Sonra faciə qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olundu. Tədbirin
aparıcıları Xəyalə,
Məhərrəm, Fatimə 21
il öncə fevralın 25-dən 26-na keçən gecə
ermənilərin dinc Xocalı sakinlərinə qarşı
törətdikləri vəhşiliklərdən, faciənin
başvermə səbəblərindən, o vaxtkı Azərbaycan
hakimiyyətinin öz vətəndaşlarının taleyinə
qarşı göstərdiyi biganəlikdən
danışdılar, qırğının miqyasını, nəticələrini
əks etdirən kədərli statistikanı diqqətə
çatdırdılar. Uşaqlar hər dəfə
böyük ürəkağrısı ilə söz
açdıqları faciəni soyqırımı, genosid
adlandırdılar.
Məktəbin V-IX siniflərində təhsil
alan istedadlı şagirdlər çıxış edərək
Xocalıya, onu müdafiə edən
qəhrəmanlara həsr olunan, dinc əhaliyə
tutulmuş amansız divanı, onu törədən erməniləri
lənətləyən şeirlər söylədilər, səhnəciklər
nümayiş etdirdilər. Hadisələrin
iştirakçısı olmuş, ermənilərin
zülmünə məruz qalmış, həmin dəhşətli
gecədə olmazın müsibətlər çəkmiş
insanların açı xatirələrinin, bayatıların
şagirdlər tərəfindən söylənməsi, məsum
bir qızın öz namusunu qorumaq, ermənilərin əlinə
keçməməkdən ötrü onu öldürmək
üçün əsgərə yalvarması, ağbirçək
ananın düşmən gülləsinə tuş gəlmiş
igid balasını oxşayaraq ağlaması və s. kimi səhnələr
mərasim iştirakçılarına xüsusilə
güclü təsir göstərdi, ürəklərdə
erməni cəlladlarına qarşı nifrət hissini
alovlandırdı. Xocalı hadisələri zamanı əhalinin
şəhərdən çıxmasına kömək edən,
şəhərə qəfil soxulmuş düşmənə
qarşı mərdliklə döyüşən qəhrəmanların,
faciə barədə həqiqətləri öz kamerası
vasitəsilə dünyaya çatdırmağa can atan
telejurnalist Çingiz Mustafayevin şəninə qoşulmuş
şeirləri də məktəblilər böyük məharətlə
ifa edib, həmin qəhrəmanlardan nümunə götürəcəklərini,
Xocalı faciəsinin heç zaman unudulmayacağını
bildirdilər. O müdhiş gecədə günahsız
insanların axıdılmış qanlarının yerdə
qalmayacağını, soyqırımı törədənlərin
nəhayət öz cəzalarını alacaqlarına, 21 ildir
ki, düşmən əsarətində qalmış
Xocalının azad olunacağına inam hissini ifadə etdilər.
Məktəbin direktoru İradə
Hüseynova şagirdlərin
çıxışlarını yüksək qiymətləndirib
onlara baxdıqca düşmənə qalib gələcəyimizə
əmin olduğunu söylədi.
Rəşad
ZİYADOV
"Atamı gözlərimin qarşısında
yandırdılar"
ƏMİROVA XƏZANGÜL TƏVƏKKÜL
QIZI
Təvəllüdü:
25 sentyabr 1983-cü il
Doğulduğu
yer: Xocalı
"Fevralın 25-i gecə saat təxminən
on birə qalmış evdən çıxdıq. Hər
yandan partlayış səsi gəlirdi. Gurultudan qulaq tutulurdu.
Qorxurdum. Anam balaca qardaşım Vüqarı qucağına
almışdı. Atam bacım Nigarı. Mən və dörd
yaşlı bacım Yeganə özümüz gedirdik.
Xocalıdan çıxanda ana nənəm Əntiqə gəlib
bizi tapdı.
O, anamdan qardaşım Vüqarı
aldı. Atam bizi çaydan keçirdi. Meşəyə
girdik. Hər yan qar idi. Üşüyürdüm. Gecə
meşədə qaldıq. Səhər açıldı. Ermənilər
camaatımızı qırdı. Hər tərəf meyit idi.
Atam ayağından yaralandı, sonra da çiynindən. Atam
meşədən qırdığı yoğun ağac
budağına söykənə-söykənə gedirdi. Anam
Nigarı atamdan almışdı. Dərəyə
enmişdik. Oturmuşduq. Bizi ermənilər gülləyə
tutdular. Anam başını əyib bacım Nigarı
qucaqladı ki, güllə ona dəyməsin. Güllə
anamın başından dəydi... Anam yerindəcə
keçindi. Nənəm haray çəkirdi,
qışqırırdı, ağlayırdı. Balaca
bacılarım Yeganə, Nigar donuq-donuq baxırdılar.
Anamı qucaqlayıb ağlayırdım. İstəmirdim anam
orada qalsın. Atam qolumdan tutub dartdı. Anamın
üstünü başına bağladığı şalla
örtdü... Biz gedirdik. Hey dönüb anama baxırdım.
İstəyirdim anam da gəlsin... Bir az getmişdik ki, altı
yaşlı bacım Yeganəni vurdular, o da yerindəcə
keçindi. O da meşədə qaldı. Sonra bilmirəm, ermənilər
bizi tutdu. Bir kəndə gətirdilər. Atamı tüfəngə
tuşlayıb öldürmək istəyirdilər. Erməni
yaraqlısının ayağını qucaqlayıb
yalvarırdım ki, anam ölüb, bacım ölüb,
atamı öldürməyin. Məni itələdilər.
Atamı güllə ilə vurmadılar. Sonra onu simlə
ağaca sarıdılar. Dedilər: "De ki, Qarabağ Ermənistan
torpağıdır!". Atam demədi. Ayaqlarına benzin
töküb yandırdılar. Atamın ayaqları yananda mən
də, nənəm də qışqırırdıq. Bir də
dedilər: "De ki, Qarabağ Ermənistan
torpağıdır! Buraxaq get, balalarını saxla". Atam
yenə demədi. Bu dəfə onun
boğazından aşağı benzin tökdülər.
Yandırdılar atamı...".
Qışqırırdım... Atama kömək
etmək istəyirdim. Hər qolumdan bir erməni
saqqallısı tutmuşdu. Onlar gülürdülər!
"Türklərə göz dağı olsunlar!" deyirdilər.
Orada çoxlu meyit vardı... Boyunlarına məftil
bağlayıb sürüyürdülər. İnsan əzabından
zövq alıb gülürdülər! Bilmirəm biz oradan
necə qurtardıq. Artıq heç nə hiss etmirdim.
Heç nə xatırlaya bilmirəm. Nənəm deyir ki,
Milli Ordunun əsgərləri bizi qurtardı. Ağdama gəlmişdik".
"Ölən uşaqları
meşədə qoydular"
HƏSƏNOV RAMİN QARYAĞDI
OĞLU
Təvəllüdü: 25 iyul 1981-ci
il
Doğulduğu yer: Xocalı
"Anamın dayısı Kazımgilin
evinin zirzəmisində idik.
Dayılarım Natiq, Yamən, Firdovsi, xalam qızı Nəzakət
və başqa qohumlarımız da orada idi. Ana
babam İsa gəldi ki, bəs ermənilər Xocalıya giriblər.
Təxminən 11-i keçmiş olardı.
Evdən çıxıb
üzüaşağı yürüdük. Millət bir-birinə qarışmışdı.
Anamı, məni, dayım uşaqları
Elçin, Elgiz, Mehdini dayım kürəyində çaydan
keçirdi. Firdovsi dayım yaralı
idi. O, fevralın
21-də Xocalını müdafiə edərkən
Noraguh istiqamətindəki postda yaralanmışdı. Ona görə də bizimlə gedə bilmirdi.
Dedi: "Siz qabaqda gedin. Mən gələcəm".
O biri dayılarım da bizdən ayrı
düşmüşdü. Hey gedirdik. Bələdçimiz
yox idi. Xocalıdan 12 gün əvvəl
işğal edilmiş Quşçular kəndinə gedib
çıxdıq. Meşədə
azmış Quşçular camaatı da bizə qoşuldu.
4-5 gün eləcə meşədə fırlandıq.
5-ci və ya 6-cı gün Şelliyə
yaxınlaşdıq. Bizim dəstədə
olan uşaqlardan çoxu acından, soyuqdan öldü. Ölən uşaqları meşədə qoydular.
Onların üstünə ya ağac
şaxları örtürdülər, ya da qarı aralayıb
altına soxurdular. Yanımda bir qadına
güllə dəydi. Kürəyinə
uşağını şəlləmişdi. O
qadının yoldaşı onun kürəyindən
uşağı açıb götürdü. O qadın da
orada qaldı... Bir oğlana güllə
ağzından dəydi. Qan
fışqırırdı. O da meşədə
qaldı. Biz gedirdik. Şelli
kəndinə sarı. Orada şumluq deyilən
yer vardı. Çoxlu meyitlər, qarın
üstündə topa-topa qırmızı ləkələr
vardı. Yamən dayım artıq bizimlə
idi. Burada qırğın olduğunu
söylədi. Gecə idi. Şelliyə lap yaxınlaşanda, Yamən dayım
atəş açdı ki, Şelli camaatı duyuq
düşüb, köməyə gəlsin. Elə də oldu. Elə bil camaat
bizi gözləyirmiş. Artıq tam taqətsiz
idik. Şelli postuna çatanda bəlkə
yarım vedrə su içdim. Beş-altı
gün meşədə bir damcı da qar yeyə bilməmişdim.
İstəyirdim
yeyəm, boğulurdum. Şellidə
bir cavan oğlan bizi evinə apardı. Orada
da xeyli çay içdim. Ancaq bir tikə
yemək yeyə bilmədim. İndi də
inana bilmirəm sağam. Bunu möcüzə
hesab edirəm. Xocalıda - evdən
çıxanda sanki güllədən yağış
yağırdı. O güllələrdən biri məni
tutmadı. Güllələr
qulağımın dibindən, başımın üstən
vıyıldayırdı. İndi də o
vıyıltı məni rahat buraxmır. Xocalı
dəhşətini unutmaq mümkün deyil. Dayım
Firdovsi, yoldaşı Heyran, uşaqları Elçin, Eldəgizdən
hələ də xəbər yoxdu... Ailənin
yeganə sağ qalan üzvü Mehdidir. Bizdə
yaşayır. Hər dəfə Mehdiyə
baxanda anam ölüb dirilir.
Şellidən bizi səhər
açılanda Ağdama gətirdilər.
Vaqon "xəstəxanaların" birində yerləşdirdilər.
Oranı da ermənilər atəşə tutdu. Sonra Bakıya
- Semaşko xəstəxanasına gətirildik.
Ayaqlarımı don vurmuşdu. Anam Rəhilənin ayaq
barmaqlarını kəsdilər".
"Güllələnmiş
uşaqlıq" kitabından
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.5.