Musiqi məktəbi 45 illik yubileyinə böyük
uğurla gəlib
Ölkəmizdə
musiqi təhsilinin və uşaq
yaradıcılığının
inkişafı daim diqqət
mərkəzində saxlanılan sahələrdəndir.
Dövlətimizin başçısının istedadlı gənclərin
sosial, iqtisadi və digər problemlərinin həlli məqsədi
ilə imzaladığı sərəncamlar
istedadlı gəncləri daha da həvəsləndirmiş,
onların seçdikləri sahəyə olan
marağını artırmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamları
ilə yüzlərlə uşaq və yeniyetmənin adı gənc
istedadların "Qızıl kitabı"na daxil edilmiş
və aylıq xüsusi təqaüdə layiq
görülmüşlər. İstedadlı uşaq və gənclərin
dəstəklənməsi, onların yaradıcılıq
imkanlarının genişləndirilməsinə
yönəldilmiş proqram və layihələrin həyata
keçirilməsində Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
da fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Yeniyetmələrin incəsənətə
cəlb edilməsində və bədii-estetik tərbiyəsində,
xüsusi istedada malik gənclərin üzə
çıxarılmasında, onların yaradıcılıq
potensialının inkişaf etdirilməsində
respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq
məktəblərinin rolu böyükdür. Bu günlərdə
45 yaşını qeyd etmiş
Saatlı şəhər Bülbül adına uşaq
musiqi məktəbi də belə təhsil
ocaqlarındandır. Fəaliyyətə
başladığı ilk illərdə məktəbdə
fortepiano və tar ixtisasları üzrə 60 nəfər
şagird təhsil almış, onlarla cəmi 4 nəfər
müəllim məşğul
olmuşdur. 1968-ci ildə məktəbdə qarmon, 1970-ci
ildə isə kamança şöbələri
açılmışdır.
Musiqi məktəbi 1997-ci il dekabr ayının 2-dən
böyük sənətkarımız Bülbülün adını
daşıyır. Bu ad təhsil ocağına unudulmaz sənət
fədaisinin 100 illik və musiqi məktəbinin 30 illik
yubileyinə həsr edilmiş tədbirdə verilib.
Hazırda məktəbdə ikinövbəli
sistem üzrə xalq çalğı alətləri və
fortepiano şöbələrində təhsil alan şagirdlərin sayı 284 nəfərdir.
Məktəbin direktoru Hacı
Kamal Gülüşovla söhbət zamanı öyrəndik
ki, pedaqoji kollektivin və valideynlərin köməkliyi ilə məktəbdə
yardımçı sinif otağı (konsert zalı) tikilib,
maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində
digər bir sıra əhəmiyyətli işlər
görülüb. Ötən il məktəb müasir
avadanlıqlarla təmin edilib, yeni musiqi alətləri və kompüterlər alınıb və İnternet şəbəkəsinə
qoşulub.
Burada çalışan təcrübəli müəllimlərdən Ramella
İsmayılova, Tutu Mirzəyeva, Pərvanə Həsənova, Sərvanə Qəhrəmanova,
Aynurə Əliyeva, Şəbnəm
Ələkbərova, Günay Qədirova, İdayət
Kazımov, Mirdamət Qiyasov, Sərhəd Muradov və Ramiz Soltanov şagirdlərin əhatəli
musiqi təhsili almaları üçün bütün
bacarıqlarından istifadə edirlər.
Məktəbin şagirdləri uşaqlar arasında keçirilən
respublika müsabiqələrində fəal iştirak edərək
laureat olurlar. Onlardan Səidə Veysəlova,Musa Zeynalov, Rasim
Aslanov, Ravil Şıxalıyev, Elçin Əliyev, Kənan
Heydərov, Könül Məmmədova, Üzeyir Ağayev, Ədalət
Qanbayev, Aydın Hüseynzadə, Anar Rzayev, Allahqulu Ağayev və
b. Bakı, Lənkəran, Astara, Şirvan, Göyçay, Bərdə,
Kürdəmir və Yevlaxda keçirilən müsabiqələrin
qalibi adını qazanmışlar.
Mədəniyyət İşçiləri
Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin
qərarı ilə "Respublika Silahlı Qüvvələrinə
2001-ci ildə mədəni-hamilik işinin təşkilində
yaradıcı və səmərəli fəaliyyət
göstərdiyinə gorə" məktəbin direktoru
Hacı Kamal Gülüşov Fəxri fərmanla təltif
olunmuşdur.
Məktəbin şagirdləri muğam
müsabiqələrində də uğurla
çıxış edirlər. 2006-cı ildə Astarada
keçirilən uşaq muğam müsabiqəsində 247 nəfər
iştirakçı arasında Saatlı şəhər
Bülbül adına uşaq musiqi məktəbinin şagirdi
Aydın Hüseynzadənin ifaçılıq məharəti
diplomla qiymətləndirilmişdir. Vüsal Quliyev isə
müsabiqənin fəxri fərmanını
almışdır. 2010-cu ildə Astara şəhərində
keçirilən Uşaq Muğam
ifaçılarının V
Respublika müsabiqəsində
məktəbin digər
şagirdi - Allahqulu Ağayev uğurla çıxış
etmiş və diploma layiq
görülmüşdür. 2009-cu ildə Mədəniyyət
və Turizm Nazirliyinin Bərdə şəhərində
keçirdiyi "İstedadlı uşaqlar" respublika
müsabiqəsində məktəbin tar ixtisası üzrə
şagirdi Anar Rzayev uğurlu çıxışına görə diplom və hədiyyələrlə
mükafatlandırılmışdır.
Nazirliyin bir il sonra Kürdəmir şəhərində
keçirdiyi belə bir müsabiqəsində məktəbin
xanəndəlik ixtisası üzrə şagirdi Allahqulu
Ağayev uğurla çıxış edərək diplom və qiymətli hədiyyə
ilə mükafatlandırılmışdır. Respublikada xor
mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və
incəsənət məktəblərində xor fənninin tədrisinin
səviyyəsinin yüksəldilməsi, uşaqlarda
kiçik yaşlarından xor sənətinə maraq
oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi
məqsədilə hər il uşaq xor kollektivlərinin
respublika müsabiqələri və baxışları
keçirilir. Saatlı şəhər Bülbül adına
uşaq musiqi məktəbində də bu sahəyə
xüsusi diqqət yetirilir.
2009-cu ildə Şirvan şəhərində
keçirilən uşaq xor kollektivlərinin VI respublika
müsabiqəsində məktəbin xor kollektivi fəxri fərmanla
təltif edilmişdir.
Musiqi məktəbinin "Səda"
ansamblı barədə ayrıca söhbət
açmağa dəyər. Bu
ansambl 1998-ci ildə yaradılıb. Elə həmin ildən
başlayaraq rayonun bütün qaçqın düşərgələrində,
ümumtəhsil məktəblərində, Beyləqan
rayonundakı N saylı hərbi hissədə, hospitalda,
müharibə veteranları, geniş ictimaiyyət
qarşısında, eləcə də rayonun bütün ədəbi-bədii
tədbirlərində maraqlı konsert proqramları ilə çıxışlar edir,
tamaşaçıların rəğbətini qazanırlar. Məhz
belə səmərəli fəaliyyətinə görə
"Səda" ansamblı Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin Fəxri fərmanına layiq görülüb.
Musiqi məktəbində Azərbaycan
professional vokal sənətinin banisi, böyük müğənni,
pedaqoq və musiqişünas-alim,ictimai xadim, SSRİ xalq
artisti, Dövlət mükafatları laureatı, professor
Bülbülün anadan olmasının 115 illiyinə həsr
olunmuş təntənəli tədbir
keçirilmiş və o, rayon ictimaiyyəti tərəfindən
yüksək dəyərləndirilmişdir. Onu da qeyd edək
ki, uşaq musiqi məktəbində milli mədəniyyət və incəsənətimizin
görkəmli simalarının həyat və
yaradıcılığına dair tədbirlər mütəmadi
olaraq keçirilir. Ölkə
başçısı İlham
Əliyevin fərmanlarına
uyğun olaraq dahi sənətkarlarımız Üzeyir
Hacıbəyli və Müslüm Maqomayevin
120, Rəşid Behbudovun
90 illik yubileyləri qeyd edilmişdir. Hazırda isə ölməz
sənətkarlarımız Şövkət Ələkbərovanın və
Fikrət Əmirovun 90 illik yubileyləri ilə bağlı tədbirlər
keçirilir.
Saatlı şəhər Bülbül
adına uşaq musiqi məktəbinin kollektivi bütün sahələrdə
yeni-yeni uğurlar əldə etmək üçün öz işini
günün tələbləri səviyyəsində
qurur, Azərbaycan mədəniyyətinin,
milli musiqimizin qorunub saxlanılması və gələcək
nəsillərə çatdırılması işinə
öz layiqli töhfəsini verir.
Əliqismət
BƏDƏLOV
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.7.