Dilimizi sevək və sevdirək!
"Ey
türk oğulları, bir
ovuc torpağımızı
dünyanın var-dövlətinə, dilimizin
bir sözünü ləl-cavahirata
dəyişməyin".
Ş.İ.XƏTAİ
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin
qorunması məqsədilə hər il
keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə
öz doğma dilinin varlığını hiss
etmək, onunla qürur
duymaq, onu qorumaq, inkişaf etdirmək
hüququ olduğunu bir daha xatırladır.
Dil hər bir millətin,
xalqın varlığı deməkdir. Dünyada
yüzlərlə dil mövcuddur.
Doğma Azərbaycan dilimiz
isə bu
dillərin sırasında ən möhtəşəmidir. Əlbəttə,
hər bir dilin özəlliyi və özünəməxsus
gözəlliyi var. Bunu
kimsə inkar edə bilməz. Amma vətəndaş olaraq
bizim üçün
Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin
cazibəsini heç bir
dildə tapmaq olmaz.
Dilimizin yad təsirlərdən qorunması, mənəvi dirilik atributuna çevrilməsi
yolunda böyük fədakarlıqlar
göstərmiş M.Füzuli,
Ş.İ.Xətai, M.P.Vaqif, C.Məmmədquluzadə,
N.Nərimanov, M.Ə.Sabir, B.Vahabzadə, X.Ulutürk
özlərini bu dilin
ən layiqli daşıyıcıları
və qoruyucuları kimi təsdiqləmişlər.
Bu gün
dilimizin dövlət statuslu
dillər arasında olmasına görə, millətin öz taleyinə sahibliyinə, millətin millət
olaraq təsdiqinə görə "Dilimiz çox zəngin və
ahəngdar dildir, dərin tarixi
köklərə malikdir. Şəxsən
mən öz ana dilimi çox sevir və bu dildə
danışmağımla
fəxr edirəm" deyən ümummilli
lider Heydər Əliyevə minnətdar olmalıyıq.
Ölkəmizdə
ana dilinin hərtərəfli
inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq
münasibətlər sisteminə yol
tapması ana dilinin gözəl bilicisi,
mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu gün hər bir azərbaycanlının,
xüsusilə də biz müəllimlərin
üzərinə böyük bir missiya düşür:
Dilimizi sevmək və sevdirmək! Dilimizi göz bəbəyimiztək
qoruyaraq gələcək nəsillərə
ötürmək!
Çalışdığım
Hacıqabul şəhər 8 nömrəli humanitar
fənlər təmayüllü məktəb-liseydə də
bu məqsədlə rəngarəng tədbirlər
- "Ana dilimiz mənəvi
diriliyimizdir" devizi
altında ədəbi-bədii gecələr, "dəyirmi masa"lar, diskussiyalar, şeir və inşa müsabiqələri və s.
keçirilir. Bu tədbirlərdə
bütün məktəb kollektivi
həvəs və məhəbbətlə iştirak
edir, dilimizə olan böyük sevgilərini nümayış
etdirməyə çalışırlar. Başqa
cür ola da bilməz, çünki
dilimiz mənəviyyatımızdır.
Məktəbimiz
Beynəlxalq Ana Dili Günü ilə
bağlı keçirilən bütün
rayon və respublika
miqyaslı tədbir və müsabiqələrdə həmişə
yaxından iştirak etmiş
və yüksək nəticələr göstərmişdir.
2011-2012-ci dərs ilində ana dili aylığı ilə
bağlı keçirilən
ədəbi-bədii gecə rayon
müsabiqəsində I yerə layiq görülmüşdür. Məktəbimizin
şagirdləri inşa müsabiqələrində
də yüksək nəticə əldə edərək I və
II yerləri tutmuş, qaliblər
sırasına yüksəlmişlər.
2012-2013-cü tədris ilində "M.F.Axundzadə
Azərbaycan dramaturgiyasının banisidir"
respublika inşa
müsabiqəsində X sinif şagirdi Haqverdiyeva Fidan İltizam qızı II yerə layiq görülmüşdür.
Məktəbin şagirdləri Azərbaycan dili
və ədəbiyyat fənləri üzrə keçirilən
bilik yarışlarında, olimpiadalarda da yüksək
bilik nümayiş
etdirirlər. Builki tədris ilində məktəbin
şagirdi Azərbaycan dili
və ədəbiyyat fənni üzrə olimpiadanın rayon
turunun qalibi olmuş və
olimpiadanın respublika turunda
iştirak etmək hüququ
qazanmışdır.
Məktəbdə
tez-tez İKT-nin tətbiqi
ilə açıq və nümunəvi dərslər keçirilir. Bu dərslərdə rayonun digər
məktəblərindən gələn nümayəndələr
də iştirak edir.
Şagirdlər dilimizi, ədəbiyyatımızı,
ənənələrimizi necə həvəslə və böyük
məhəbbətlə öyrəndiklərini və sevdiklərini
nümayiş etdirirlər. Məktəbimizdə "Bizi
millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız,
ənənələrimizdir" (H.Ə.Əliyev) mövzusunda "dəyirmi masa",
"Öz ana dilini bilməyən adamlar
şikəst adamlardır" mövzusunda
diskussiya, "Dilimiz mənəviyyatımızdır"
adlı şeir müsabiqəsi doğma dilimizə
sonsuz məhəbbət və
qayğının təzahürü kimi meydana çıxır. Bir Azərbaycan dili və ədəbiyyat müəllimi kimi öz fəaliyyətimdə şagirdlərimi milli
mənəvi dəyərlərimizi, xüsusilə milli varlığımızın
daşıyıcısı, mənəvi pasportu
sayılan dilimizi sevməyi və sevərək qorumağı təlqin etməyə
çalışıram. Böyük
demokrat C.Məmmədquluzadənin
aşağıdakı sözləri bu gün bu dili
sevənlər üçün əsl
nümunədir: "Məndən soruşsalar
ki, dövlətdən, naz-nemətdən
nəyin var, qürur hissi ilə deyərdim: bütün
kainatı, yer üzünü
təsvir və tərənnüm
etməyə qadir sözüm,
ana dilim var".
Yasəmən MƏMMƏDOVA,
Hacıqabul şəhər
8 nömrəli humanitar
fənlər təmayüllü
məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Azərbaycan
müəllimi.- 2013.- 22 fevral.- S.6.