Azərbaycan Müəllimlər İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "dəyirmi masa"

 

Fevralın 20-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "dəyirmi masa" keçirildi.

Dövlət himni səsləndirildikdən sonra AMİ-nin tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov giriş sözündə bildirdi ki, dil hər bir millətin maddi, mənəvi irsini qoruyan, insanın mənəvi aləmini zənginləşdirən, dünyagörüşünü genişləndirən əsas amildir. "Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir" deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti ulu öndərin dövlət quruculuğu siyasətinin əsas tərkib hissəsi olmuşdur. Ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.

Prorektor R.Sadıqov qeyd etdi ki, ümummilli liderin Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi istiqamətində aparılan dil siyasəti cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə davam etdirilir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması, Milli Ensiklopediyamızın hazırlanması bunun parlaq nümunələrindəndir.

AMİ-nin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Fikrət Xalıqov "Ana dilimiz qan yaddaşımızdır",  Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Vaqif Qurbanov "Ana dili günü haqqında düşüncələrim", kafedranın dosenti Elşad Abışov "Azərbaycan dilinin təşəkkül tarixindən" mövzularında çıxış etdilər.

İbtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri Mircəfər Həsənov hər bir millətin ana dilinin millətin varlığını bəyan edən vüqar, əzəmət olduğunu bildirdi. Bildirildi ki, Azərbaycan dilinin Dövlət dili statusu almasına görə həmişə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması uğurlu dil siyasətinin nəticəsidir.

Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin III kurs tələbəsi Ülkər Lətifova "Beynəlxalq Ana Dili Gününün yaranma tarixi haqqında" mövzusunda çıxış edərək 21 fevral tarixinin bütün dünyada qeyd olunma səbəbi haqqında danışdı. I kurs tələbəsi Bənövşə Bayramova "Mənim dilim" mövzusunda yazdığı esse və şeirini söylədi. II kurs tələbəsi İzafə Rəsulova "Milli Qəhrəman Mübariz İbrahimovun ata və anasına məktubu"nu səsləndirdi, pedaqoji fakültənin I kurs tələbəsi Asiman Xəlilli C.Cabbarlının "Ana" şeirini söylədi, bir azərbaycanlı gənci olaraq ana dili haqqında öz düşüncələrini bildirdi. 

 

AMİ-nin Tələbə Gənclər Təşkilatı

 

 

Azərbaycan müəllimi.- 2013.- 22 fevral.- S.6.