Həyatda
xeyirxah, işdə tələbkar
Ağıl və
kamalı ən qiymətli xəzinə hesab edən Xalıq
Yahudov otuz ildən yuxarıdır ki, Azərbaycan Texniki
Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul
olur. O, XVI əsr məşhur fransız
riyaziyyatçısı, fizik və filosofu Blez Paskalın
"Elm sənin məsləhətçindir, mülayimlik
dostun, ağıl yolgöstərənin,
dözümlülük komandirin. Bu 4 amilin sayəsində həyatda
öz yerini tuta bilərsən!" aforizmini hər tədris
ilinin əvvəlində tələbələrə söyləyir.
Azərbaycan
Texniki Universitetinin tədris işləri üzrə prorektoru,
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
Xalıq Məcid oğlu Yahudov 1946-ci il avqustun 14-də Zaqatala
rayonunda anadan olmuşdur.
Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad
Universiteti) məzunu olan dosent Xalıq Yahudov 1981-ci ildən Azərbaycan
Texniki Universitetində çalışır. Bu illər ərzində
Xalıq müəllimdə ixtisas üzrə dərin bilik,
geniş dünyagörüşü, səbr və təmkin,
pedaqoji ustalıq formalaşmışdır.
Xalıq
müəllim hesab edir ki, biliksiz adam okeanda azan yelkənsiz gəmiyə
bənzər, ya sahilə çırpılıb
parçalanar, ya da tufana düşüb batar!
Xalıq
Yahudov xaraktercə sadə, təvazökar, mülayim, əməkdaşlara
qarşı həssas və qayğıkeş münasibət
göstərən bir insandır. O, eyni zamanda işdə son dərəcə
tələbkardır, öz vəzifə borcunu vicdanla, şərəflə,
ləyaqətlə yerinə yetirməyənlərə
güzəştə getmir.
Onun
fikrincə, vaxt həyatın vicdanıdır, itirilmiş vaxt
adamı itirilmiş vicdandan da artıq həyəcanlandırmalıdır.
Rus sərkərdəsi Suvorovun "Pul qiymətlidir, insan həyatı
ondan da qiymətlidir, vaxt isə hər şeydən qiymətlidir!"
fikrini tədris prosesində pedaqoqlara və tələbələrə
tez-tez xatırladır.
Xalıq
müəllim hesab edir ki, ən böyük elm müdriklikdir,
ən böyük müdriklik isə xeyirxahlıqdır.
Kömək, məsləhət məqsədilə
qapısını döyən hər bir pedaqoqa və tələbəyə
xeyirxahlıq əlini uzatmağı, onlara maddi və mənəvi
dayaq durmağı həyatının şərəf işi
hesab edir.
Vaxtın
dəyirmanında əriyən ömür karvanında
ötüb keçən illər onun saçlarına dən
salıb. Ağaran hər bir tel pərvazlandırıb
müstəqil həyata vəsiqə verdiyi yetirmələrindən
ona qalan canlı yadigarlardır!
Yunan
filosofu Demokritin "Həqiqi dostu olmayanın yaşaması
da mənasızdır" aforizmi Xalıq müəllimin həyat
prinsiplərindəndir.
Dostları
Xalıq Yahudovu başlarının tacı hesab edirlər.
Xalıq müəllim hesab edir ki, var-dövlət dost deyil,
dost isə var-dövlətdir.
O,
qayğıkeş ata, gözəl ailə
başçısıdır. Həyatından artıq sevdiyi
iki övlad və üç nəvəsini ulu Tanrının
ona ən böyük bəxşişi hesab edir.
70-dən
çox elmi məqalənin, dərs vəsaitinin, dərsliyin
və metodik materialların müəllifi olan Xalıq müəllim
1986-1988-ci illərdə Azərbaycan Televiziyasında silsilə
verilişlər aparmış, Azərbaycan Sovet
Ensiklopediyasında çap olunmuş iyirmiyədək məqaləni
tərtib etmişdir.
X.Yahudov
müntəzəm olaraq dövri mətbuatda
çıxış edir, "Qızıl qələm"
mükafatı laureatıdır. O, "Xalqın nüfuzlu
ziyalısı" və media mükafatlarına layiq
görülmüşdür. 2010-cu ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə ona "Əməkdar
müəllim" fəxri adı verilmişdir. Elm və təhsildəki
xidmətlərinə görə 2012-ci ildə Millətlər
Birliyinin İctimai Mükafatlar üzrə Şurasının
Beynəlxalq Mükafatlar İttifaqının "Vəzifə
və Şərəf" ordeni ilə təltif olunmuşdur.
2013-cü ildə X.Yahudov Türk Dünyası
Araşdırmaları Dövlətlərarası Elmlər Akademiyasının
fəxri professoru seçilmişdir.
Azərbaycan
Texniki Universitetinin tədris şöbəsinin müdiri,
texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
Z.Şayev: "XII əsr məşhur Suriya
yazıçısı Əbul Fərəc yazır ki, əsl
səxavət çətin vaxtlarda ehtiyacı olanlara kömək
etməkdən ibarətdir. Xalıq müəllimi tələbə
və müəllim kollektivi ona görə çox sevir ki, o,
onlara təmənnasız kömək edən böyük
ürək sahibidir".
Azərbaycan
Texniki Universiteti nəqliyyat fakültəsinin dekanı,
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent F.Həsənov:
"Əsl elm rəğbət və ya nifrət
tanımır, onun yeganə məqsədi həqiqətdir. Həqiqət
hakimi isə ürək yox, ağıldır. Xalıq müəllim
verdiyi qəti qərarları dəfələrlə
ağılın süzgəcindən keçirən, tükənməz
həyat eşqinə malik, laqeydliyə, biganəliyə, nadanlığa
nifrət edən, öz səhvlərindən peşiman
olmuş tələbələrin göz yaşlarından
kövrələn alicənab ziyalı, öz xidməti vəzifəsini
vicdanla yerinə yetirən rəhbər işçidir".
Xalıq
müəllim istedadlılar üçün mayak,
istedadsızlar üçün keçilməz səddir. O,
elmdə, təhsildə heç vaxt güzəştə
getmir.
X.Yahudov
tələbələrə polad və misilsiz iradəyə
malik olmağı tövsiyə edir və bu məqsədlə
N.Ostrovskinin "Polad necə bərkidi", Q.Xəlilovun
"Yaşamaq istəyirəm", C.Londonun "Həyat
eşqi" əsərlərini təkrar-təkrar
oxumağı məsləhət görür.
Kamil
alim, ustad müəllim,Vətənə bağlı ziyalı
olan Xalıq Yahudovun həyatı ən xoşbəxt, ən
yüksək əxlaqlı həyatdır, təkrarsız
örnəkdir.
Ramiz İSGƏNDƏROV,
AzTU-nun "Sənaye
iqtisadiyyatı və menecment" kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor,
Namiq ŞÜKÜROV,
AzTU-nun baş müəllimi,
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2013.- 5 iyul.- S.7.