Şamaxı
güləş məktəbinin fəxri
Bu günlərdə
Şamaxı ictimaiyyətinin, xüsusən idmansevərlərin
sevincinə səbəb olan bir hadisə baş vermişdir.
Belə ki, şamaxılıların ən sevimli güləşçilərindən
biri olan Qüdrət Tacı oğlu Məmmədyarov "Azərbaycan
Respublikasının əməkdar məşqçisi" fəxri
adına layiq görülmüşdür.
Bildiyimiz
kimi, Şamaxı tarixən öz məşhur
idmançıları ilə daim seçilmiş, Azərbaycanımızın
adını yüksəklərə
qaldırmışdır. Bu səbəbdən də yüksək
yerlər tutan idmançılarımız möhtəşəm
qələbələrlə doğma yurdlarına
qayıtmışlar.
Hələ
60-cı illərdə Şamaxı şəhər C.Cəbrayılbəyli
adına 5 nömrəli orta məktəbdə təhsil
aldığım illərdə mənə dərs demiş, məşhur
güləşçi-müəllimlər Zakir Səmədov
və Qədri Bağıyev bizdə idmanın bir çox sahələrinə
maraq yaradır, xüsusən idmanın güləş
növü üzrə əlavə məşğələlər
təşkil edir və yarışlara
hazırlaşdırırdılar. Məhz belə yarışlara
hazırlaşanlar arasında yeniyetmə istedadlılardan biri
də Qüdrət Məmmədyarov xüsusilə fərqlənərək
məşqlərini müntəzəm olaraq davam etdirirdi. Gələcəyin fəxri
idmançısının ilk məşqçisi də
Şamaxıda böyük hörmət sahibi olan müəllim-məşqçi
Qədri Bağıyev olur. Daha sonra Qüdrətin gələcəyini
görən uzaqgörən idmançılar onun
hazırlaşdırılmasını ən məşhur məşqçilərdən
biri olan Xankişi Hüseynova həvalə edirlər.
Bir çox
turnir və yarışlarda fərqlənən gənc
Qüdrət 1969-cu ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olur və 1972-ci ildə
müvəffəqiyyətlə təhsilini başa vuraraq bədən
tərbiyəsi müəllimi ixtisasına yiyələnir.
1972-ci
ildə Şamaxı şəhər 1 nömrəli orta məktəbində
bir il müəllim işləyən Q.Məmmədyarov
1973-1975-ci illərdə hərbi xidmətdə olur. Bu
dövrdə ciddi məşqlərdən sonra sərbəst
güləş üzrə yarışlarda dalbadal qələbələr
qazanan gənc Qüdrət tanınmağa başlayır.
1974-cü
ildə Qüdrət Məmmədyarovun sərbəst güləş
üzrə şöhrəti parlaq şəkildə
özünü SSRİ Silahlı Qüvvələrinin
yarışında büruzə verir. O, bu yarışda
bütün rəqiblərini geridə qoyaraq birinci yerə çıxır.
Daha
sonra 1975-ci ildə "Məhsul" Cəmiyyətinin
SSRİ birinciliyində 3-cü yeri tutan Qüdrət Məmmədyarov
SSRİ idman ustası normasını yerinə yetirərək
yüksək fəxri ada layiq görülür.
Dəfələrlə
Azərbaycan çempionatlarında iştirak edən və
yüksək yerlər tutan Qüdrət Məmmədyarovun
adı 70-ci illərin məşhur Şamaxı
idmançıları olan Telman Xəlilov, Həsrət Məmmmədyarov,
Qahir Mahmudov, Rövşən Hüseynov, Adil Salahov, Bahadur Mirzəliyev,
Tərlan və Elşən Məmmədovlarla birgə çəkilir.
Onu xususi olaraq qeyd edək ki, Qudrətin qardaşı Həsrət
Məmmədyarov da böyük nailiyyətləri olan fəxri
idmançılarımızdandır.
Şamaxı
idmanının intibah dövrü də məhz bu
idmançılarla sırf bağlı idi.
Sözsüz
ki, adını çəkdiyimiz bu idmançıların
yetişdirilməsində və həvəsləndirilməsində
Xankişi Hüseynov, Emin
Ramazanov, Zakir Səmədov, Xoşsəfa İbadov, İbrahim
Zabitov, Hacıbaba Şıxıyev, Nuhbaba Şıxıyev, Əhliman
Qəhrəmanov, Əlisoltan Əmirov kimi Şamaxı güləş
ənənələrini qoruyub saxlayan və məharətlə
davam etdirən 50-60-cı illərin məşhur pəhləvanlarının
rolu da az deyildir.
Özünü
bütövlükdə Azərbaycanda güləşin
inkişafına həsr etməyi qarşısına məqsəd
qoyan Qüdrət Məmmədyarov idman qələbələrini
başa vurduqdan sonra məşqçi-müəllim kimi şərəfli
bir yolun yolçusu olur. Məhz bu gün onun yetirmələri
arasında Azərbaycan çempionu, dünya və Avropa
miqyaslı beynəlxalq turnirlərin qalibi və
mükafatçıları da vardır.
Belə
ki, hazırda Şamaxı Uşaq-Gənclər İdman Məktəbində
sərbəst güləş növü üzrə məşqçi
işləyən Qüdrət Məmmədyarov Ruslan Surxayev,
Emil Qasımov, Faiq Qasımov, Elvin Qasımov, Elşən
Hüseynov, Seyid Qarayev, Mahir Mahmudov, Əli Piriyev, Elşən
Hüseynov kimi respublika səviyyəli idmançılar
yetişdirmişdir. Dəfələrlə müxtəlif
yarışlarda müvəffəqiyyətlə çıxış edən bu güləşçilər
1-3-cü yerlərə layiq görülərək idman dərəcələrini
ödəyərək müxtəlif mükafatlarla təltif
olunmuşlar.
Sevindirici
haldır ki, Q.Məmmədyarovun ən parlaq yetirməsi olan
Ruslan Surxayev 42-45-50 kq çəki dərəcəsində sərbəst
güləş üzrə Avropa çempionu və 2 dəfə
dünya mükafatçısıdır. Eyni zamanda o, 4 dəfə
respublika çempionudur.
Hazırda
Mahir Məmmədov isə Azərbaycanın yığma
komandasının tərkibində müxtəlif beynəlxalq
yarışlarda müvəffəqiyyətlə
çıxış edir.
Ömrünün
60-cı baharını yaşayan yubilyar bu gün böyük
həvəslə uğurlarını bir müəllim-məşqçi kimi həm M.Hadi adına şəhər
9 nömrəli tam orta məktəbdə, həm də
Şamaxı Uşaq-Gənclər İdman Məktəbində
davam etdirməkdədir.
Şamaxı
idmanının şöhrətləndirilməsi
üçün əlindən gələni əsirgəməyən
Q.Məmmədyarov 2009-cu ildə Azərbaycan
Respublikasının "Fəxri bədən tərbiyəsi
və idman işçisi", 2013-cü ildə isə "Əməkdar
məşqçi" fəxri adlarına layiq
görülmüşdür.
60
yaşlı sevimli yubilyarımızı, əməkdar müəllim-məşqçimizi
rayonun çoxsaylı təhsil işçiləri adından
yeni fəxri ad alması münasibəti ilə ürəkdən
təbrik edir, ona uzun ömür, möhkəm
cansağlığı, gözəl yetirmələrinə ən
ali turnir və yarışlarda neçə-neçə qələbə
soraqları və arzularının çiçəklənməsi
üçün xoş günlər arzulayırıq.
Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ-ın
əməkdaşı, Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi
Azərbaycan
müəllimi.- 2013.- 5 iyul.- S.7.