Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan
Televiziyasının "Günün nəbzi"
proqramına müsahibə vermişdir
İyunun
27-də təhsil naziri Mikayıl Cabbarov Azərbaycan
Televiziyasının "Günün nəbzi"
proqramına müsahibə vermişdir. Televiziya ilə
birbaşa yayımlanan müsahibəsində nazir təhsil
sisteminin müxtəlif sahələri ilə bağlı
aparıcının və ayrı-ayrı vətəndaşların
suallarına cavab vermişdir. Müsahibə zamanı
Mikayıl Cabbarov təhsil naziri kimi fəaliyyət göstərdiyi
bu qısa müddət ərzində görülmüş
işlərdən, qarşılaşdığı problemlərdən
və onların həlli ilə bağlı qəbul
edilmiş qərarlardan danışmışdır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
son illər ölkədə çoxsaylı uğurlara imza
atıldığını bildirən nazir təhsil sahəsinin
də digər sahələrin bugünkü gündə əldə
olunan uğurlarına uyğun səviyyəyə
çatdırılması istiqamətində atılacaq
addımlardan danışmışdır. Ölkənin son
illər sürətli inkişafından, müasirləşməsindən
söhbət açan nazir demişdir: "Dövlətimizin
və xalqımızın qədimliyi ilə müasirliyinin
gözəl bir sintezi əmələ gəlibdir. İstər
Azərbaycanın iqtisadi sahəsində olan uğurları,
istər regionlarımızın inkişafında olan nailiyyətlər,
istər beynəlxalq səviyyədə dövlətin
nüfuzunun tanınması və Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurası
kimi ali orqanına üzv seçilməsi və ən əyani
olaraq, dünən keçirilən və yəqin ki, hər
bir azərbaycanlının və hər bir Azərbaycan vətəndaşının
qürur mənbəyi olan hərbi paradımızda göstərilən
dövlətin gücü və nailiyyətləri təbii
olaraq, bütün bu nailiyyətlər bizim üçün də
çox yüksək bir standart müəyyənləşdirir".
Müsahibəsində nazir Azərbaycan
Respublikasının təhsil sisteminin və təhsil
infrastrukturunun dünyanın aparıcı təhsil sistemləri
səviyyəsinə çatdırılmasının ən
mühüm vəzifələrindən biri olduğunu
bildirmişdir.
Nazir təhsilimizin
gələcək inkişaf istiqamətlərindən
danışarkən demişdir: "Təhsil sistemi müstəqil
Azərbaycan vətəndaşının ümumi dəyərlərini
bölüşdürən bir vətəndaşı
formalaşdırmalı, qloballaşan və müasir
dünyada rəqabətli olan, peşəkar kompetensiyalara və
biliklərə malik olan bir insanı, bir məhsulu yetişdirməlidir.
Təhsilimiz bir tərəfdən milli olmalı, yəni vətəndaşlıq
funksiyasına, vətəndaşın
formalaşdırılmasına nail olmalı, digər tərəfdən,
müasir dünyada labüd olan, beynəlxalq və peşəkar
kompetensiyalara malik olan bir insan yetişdirməlidir".
Təhsil
müəssisələrinin maddi-texniki bazası ilə
bağlı sualı cavablandırarkən nazir qeyd etmişdir
ki, ölkədə son illər ərzində 2500-dən
çox məktəb yenidən tikilib və yaxud əsaslı
şəkildə bərpa olunub. Bütün məktəblərdə
kompüterləşdirmə proqramı, informasiya
texnologiyaları fəal şəkildə tətbiq edilib:
"Dövlət başçısı tərəfindən
elan olunmuş qara qızılın insan kapitalına
çevrilməsi siyasəti çərçivəsində
hər bir Azərbaycan tələbəsi üçün
dünyanın ən yaxşı aparıcı ali təhsil
ocaqlarında təhsil almaq imkanı yaradılıb. Ancaq
bütün bunlara baxmayaraq, Azərbaycanın bir çox
bölgələrində, regionlarında, ucqar kəndlərində,
hətta Bakının özündə də, əsaslı təmirə
ehtiyacı olan təhsil ocaqlarımız hələ də
mövcuddur. Demək olar ki, bu məsələnin böyük
bir hissəsi həll olunubdur. Amma maddi-texniki baza dedikdə, biz
tək binalarla, tikililərlə məhdudlaşa bilmərik. Məncə,
bu məsələyə bir az geniş baxış
olmalıdır. Təhsil müəssisələrimiz elmi baza
üçün lazım olan avadanlıqlarla təmin edilməli,
eyni zamanda, informasiya texnologiyaları, kompüterləşdirmə,
"Elektron məktəb" layihələri həyata
keçirilməlidir".
Jurnalistin, "Siz son günlər bir
neçə məktəbin direktorunu işdən azad etmisiniz.
Bunun səbəbi nə idi" sualına nazirin cavabı belə
olub: "Nazirlikdə müvafiq qanunvericilik çərçivəsində
Daxili nəzarət şöbəsi yaradılıb. Hər
bir müraciət, şikayət, ərizə Nazirliyə daxil
olan kimi tam şəkildə araşdırılır və
ortaya çıxan faktlar əsasında müvafiq qərarlar
qəbul edilir. Nazirlikdə fəaliyyət göstərən
"Qaynar xətt" vasitəsilə, mənim regionlarda
keçirdiyim və Bakı şəhərində, Təhsil
Nazirliyində müvafiq əməkdaşlarımız tərəfindən
keçirilən qəbullarda qaldırılan məsələlər,
ərizələr də ciddi şəkildə
araşdırılır. Burada biz təkcə orta məktəb
direktorlarını əhatə etmirik. Cəza tədbirlərimiz
internat məktəblərini, kollecləri, ümumilikdə,
neqativ halların baş verdiyi bütün müəssisələrimizi
əhatə edir. Məqsədimiz ondan ibarətdir ki, biz Azərbaycan
Respublikasının məktəblərində cari təmir, qəzet
abunəsi və bu kimi müxtəlif kreativ bəhanələrlə
mənfi və biabırçı pul yığımı
praktikasına son qoyaq. Bilmirəm bu necə
adlandırılır, amma, bunu yəqin ki, qeyri-qanuni pul
yığımı adlandırmaq lazımdır və bu kimi
problem Azərbaycanda olmamalıdır. Bu yanaşma bizim
üçün qəbulolunmazdır. Bu heç bir şəkildə
bizim üçün dözülə bilən bir hal deyil. Bu
tədbirlər bizim tərəfimizdən sona qədər də
davam etdiriləcəkdir. Amma ümumilikdə səbəblərə
gəldikdə, dediyim kimi, əksər hallarda görülən
cəza tədbirlərimizin əsas səbəbi bundan ibarətdir.
Bilirsiniz, attestatların verilməsi də bu səbəblərdən,
deyək ki, biri idi".
Müsahibə zamanı nazir gələcəkdə
bu tədbirlərin daha sərt şəkildə davam etdiriləcəyini
bildirmiş və təhsil sistemində neqativ hallarla
rastlaşan hər bir şəxsi bu məsələlərə
qarşı barışmaz olmağa, müqavimət göstərməyə
cağırmışdır: "Biz indiyə qədər əsasən
intizam tədbirləri ilə məhdudlaşırdıqsa, gələcəkdə
bu hallara yol verən insanların Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş inzibati və cinayət məsuliyyəti məsələsini
qaldırmaq niyyətindəyik. Biz əgər keyfiyyətli təhsildən
danışırıqsa, Azərbaycan Respublikasının vətəndaşını
formalaşdırmaqdan danışırıqsa, biz əgər
övladlarımızın məktəblərdə tərbiyəsindən
danışırıqsa, təbii olaraq, bu məsələlərdə
tam açıq və şəffaf olmalıyıq. Belə
hallar təhsil atmosferini, uşaqların mənəviyyatını
pozur, qeyri-sağlam mühit yaradır. Mən istəyərdim
ki, burada belə başa düşülməsin ki, bu problemdə
tək bir günahkar tərəf var. Bizim hər birimiz həm
valideynik, həm cəmiyyət üzvüyük. Belə
hallarla rastlaşdığımız zaman hər birimiz
müqavimət göstərməliyik".
Aparıcının, "Valideynlər məktəblərə
hansısa formada kömək eləmək istəyirlərsə,
müvafiq fondlar yaradırlarsa, bu məsələyə Sizin
yanaşmanız necədir"
sualına da nazirin cavabı konkret olub: "Bu gün məktəblərimizdə
valideyn komitələri, valideyn assosiasiyaları adlanan qurumlar
var. Həmin qurumlar, yaxud, valideynlər bu və yaxud digər məqsədlər
üçün dövlət büdcəsində nəzərdə
tutulmayan, misal üçün, mədəni tədbirlərin
qrup şəklində keçirilməsi, şagirdlərin
asudə vaxtlarının təşkili və s. və bu kimi tədbirlər
keçirə bilərlər. Təbii olaraq, belə hallar
könüllü şəkildə həyata keçirilən
fəaliyyət və təşəbbüslər olarsa, vətəndaş
cəmiyyətinin və valideynlərin məktəbin həyatında
iştirakı prosesini biz məhdudlaşdırmaq niyyətində
deyilik. Amma bundan heç bir şəkildə bəhanə
kimi, sui-istifadə etmək yolverilməzdir. Yəni biz bu məsələlərdə
də tam şəffaflığın tərəfdarıyıq".
Attestatların verilməsi ilə
bağlı bu il ölkə Prezidentinin atdığı
addımları yüksək qiymətləndirən Mikayıl
Cabbarov bildirmişdir ki, belə bir qərar qəbul etməklə,
məzunlarımızı bu il bu cür problemlərdən
azad etməklə cənab İlham Əliyev hər bir Azərbaycan
vətəndaşının prezidenti olduğunu bir daha
nümayiş etdirdi. Nazir qeyd etmişdir ki, məhz bunun nəticəsi
olaraq, bu il orta məktəbi bitirən, 11-ci sinifdə yekun
qiymətləri məqbul olan, buraxılış imtahan qiymətindən
asılı olmayaraq hər bir kəs attestat, 9-cu sinfi bitirən
şagirdlər isə şəhadətnamə alacaqlar. Yekun
qiymətlər attestat və şəhadətnamədə əks
olunacaq.
Müəllimlərin əməkhaqqı,
müəllimlərin nüfuzunun yüksəldilməsi ilə
bağlı sualı cavablandırarkən nazir demişdir:
"Müəllimlərin əksəriyyəti xüsusi bir
missiya daşıyıcısıdır. Həqiqətən,
biz düşünmürük ki, müəllimlərin müəllim
olmaq istəyinin yeganə səbəbi məhz maddi məvaciblə
bağlıdır. Eyni zamanda bunu da vurğulamaq istəyirəm
ki, müəllimlərin məvacibi, həyat səviyyəsi,
rifahı məsələsi bugünkü gündə bizi tam
şəkildə qane edən səviyyədə deyil. Amma
çox mühüm və əhəmiyyətli olan məsələ
odur ki, bu necə həyata keçirilməlidir. Bunun
düzgün mexanizmi nədir, bugünkü gündə
bütün müəllimlərin əməkhaqqının, məvaciblərinin,
sosial təminatlarının avtomatik şəkildə
artırılması kimi yanaşma bizim təhsilimizin keyfiyyətinə,
müəllimlərin və müəllim olmaq istəyən
insanların stimullaşmasına düzgün
yanaşmadırmı? Yoxsa, biz burada daha kreativ, dünya təcrübəsinə
daha uyğun bir yanaşma seçməliyik? Nəticəyəmi
görə, biliyəmi görə? Bugünkü gündə
bu məsələlər düzgün şəkildə
müzakirə olunur. Təbii olaraq, müvafiq qərarların
qəbul olunması üçün məsələni hərtərəfli
araşdırmalıyıq".
Ali təhsil müəssisələrində
adambaşına maliyyələşmə məsələsinə
toxunan nazir bildirmişdir ki, bu metod ali təhsil sistemində
artıq tətbiq olunur və növbəti tədris ilindən
ali təhsil ocaqlarımız tam şəkildə
adambaşı maliyyələşmə prinsipi ilə fəaliyyət
göstərəcəklər. Təhsil nazirinin sözlərinə
görə, inkişaf etmiş ölkələrdə dövlət,
adambaşı təhsil üçün məbləği
müəyyənləşdirdikdən sonra vətəndaşlara
həmin məbləğdə kredit, yaxud müvafiq qiymətli
kağız verir, onlarsa həmin vəsaiti istədiyi təyinatla
- istər ali təhsil, istərsə də orta məktəb
sistemində istifadə edirlər.
Jurnalistin, kurikulumun taleyi, dərsliklərin,
dərs yükünün ağır olması ilə baglı
suallarına isə nazirin cavabı belə olub: "Hər
hansı bir köklü dəyişikliklərin tətbiqindən
öncə bu məsələ ciddi
araşdırılmalıdır. Biz bu məsələni
araşdırırıq və bu məsələ ətrafında
həqiqətən fikir müxtəlifliyi var. Bu qərar
şagirdlərin maraqlarına daha çox cavab verən şəkildə
qəbul olunacaqdır. Müasir dövrdə biz şagird
hazırlayırıqsa, müəyyən səviyyə və
biliklərə malik şagird hazırlamalıyıq.
Bugünkü gündə dərsliyin hazırlanması
metodologiyasında və texnologiyasında problemlər var. Yeni
dərsliklər məktəblərə ən yaxşı
hallarda sentyabrın əvvəllərində
çatdırılır. Yəni fərz edək ki, bu il
sentyabrın 15-də VI sinfə gedən uşaqların dərslikləri
məktəblərə və müəllimlərə
yalnız sentyabrın əvvəllərində
çatdırılacaq. Gələn ildən başlayaraq bizim
niyyətimiz ondan ibarətdir ki, bu dərsliklər bir il
öncə hazırlansın və
çatdırılsın".
Söhbət zamanı nazir hər bir şəxsin
formalaşmasında ailənin, valideynlərin böyük rol
oynadığını qeyd edərək, "Valideynlər
bir çox hallarda övladlarının təhsilini yalnız
məktəbin problemi, dövlətin vəzifəsi kimi
görür. Valideynlər öz funksiyalarından heç bir
şəkildə imtina etməməlidirlər", - deyib. Vətəndaşın
formalaşmasında valideynlə məktəbin müştərək
məsuliyyət daşıdıqlarını xatırladan
nazir təhsilin ümumilikdə iki əsas aspektdən - bilik və
tərbiyədən ibarət olduğunu xüsusi vurğulayıb.
Mikayıl Cabbarov orta məktəb siniflərinin
komplektasiyası məsələsinə də toxunub. Onun
sözlərinə görə, sinifdəki şagirdlərin
optimal sayı problemi nazirlik tərəfindən
araşdırılır və yaxın vaxtlarda öz həllini
tapacaq. Eyni zamanda nazir qeyd edib ki, şagirdlərin optimal
sayı problemi bir çox amillərə - tədris
metodikası, tədris şəraiti, müəllimlərin
bacarığı, qabiliyyəti və s. - bağlıdır
və məsələnin həlli zamanı bütün bu
faktorlar mütləq şəkildə nəzərə
alınmalıdır.
Aparıcının inkişaf etmiş
ölkələrin vahid imtahan təcrübəsinin ölkəmizdə
tətbiqi perspektivləri haqda sualına cavab verərkən
Mikayıl Cabbarov qeyd edib ki, bu praktika heç də hər
yerdə və hamılıqla tətbiq olunan deyil. Onun sözlərinə
görə, dünya təcrübəsi göstərir ki, ali
təhsil ocaqlarının da bilavasitə tələbə qəbulunda
rolu kifayət qədər əhəmiyyətlidir. "Biz
hamımız bilirik ki, bu gün Azərbaycan
Respublikasının ali təhsil ocaqlarına qəbul sistemi
çox effektiv və çox səmərəli bir
sistemdir" - deyən nazir buraxılış imtahanları ilə
ali təhsil məktəblərinə qəbul
imtahanlarının birləşdirilməsi formalarının,
bu prosesin incəliklərinin dərindən öyrənilməsinin
vacibliyini vurğulayıb.
Müsahibəsində nazir repetitorluqla
bağlı məsələyə də toxunub: "İndi
bizdə insanların əksəriyyəti
düşünür ki, qəbul imtahanında yüksək nəticəni
əldə etmək üçün repetitordan istifadə etmək
zəruridir. Bizim bu məsələlər barədə Tələbə
Qəbulu Üzrə Dövlət Komissiyasının rəhbərliyi
ilə çox konstruktiv və pozitiv müzakirələrimiz
artıq olubdur və məni sevindirən hal odur ki, bu məsələdə
biz həmfikirik. Mənim üçün əhəmiyyətli
olan məqam ondan ibarətdir ki, orta təhsilə və məktəbə
mən ali təhsil üçün hazırlıq
funksiyasını yerinə yetirən bir qurum kimi baxmaq istəmirəm
və belə bir baxışı köklü şəkildə
səhv hesab edirəm. Mən hesab edirəm ki, orta təhsilin
məqsədi tam şəkildə müstəqil həyata
hazır olan Azərbaycan Respublikasının vətəndaşını
formalaşdırmaqdır". Mikayıl Cabbarov qeyd edib ki, bəzi
valideynlərin orta məktəbin son siniflərinin proqramı əvəzinə
övladlarını fərdi tədris proqramlarına yönəltmələri
narahatedici tendensiyadır və bu tendensiyanın
qarşısına bu ya da digər amillərin nəzərə
alınması ilə sədd çəkmək
üçün zəruri tədbirlər görüləcək.
Orta təhsilin bütövlüyü,
fasiləsizliyi və ardıcıllığı problemlərindən
danışan nazir həm də valideynlərin öz
övladlarını bəzən təhsildən ümumiyyətlə
məhrum etmələri məsələsinə də toxunub.
Nazir deyib: "Burada ən böyük problem cəmiyyətimiz
üçün ondan ibarətdir ki, valideyn bunu tam şəkildə
anlamayaraq, uşağın həyatda olan imkanlarını məhdudlaşdırır".
Mikayıl Cabbarov bu cür neqativ halların kütləvilikdən
uzaq olduğunu vurğulasa da, bunlara qarşı
barışmaz mövqe tutacağına söz verib:
"...Çünki hər bir Azərbaycan vətəndaşının
Konstitusiya ilə verilmiş təhsil haqqı var və biz o
haqqı təmin etməliyik".
"Xaricdə təhsil proqramına
münasibətiniz necədir və bu proqramla bağlı vəziyyət
necədir" sualına nazirin cavabı konkret olub: "Mən
xaricdə təhsil proqramı ilə istər bir nazir kimi, istərsə
də vətəndaş kimi fəxr edirəm.
Düşünürəm ki, bu proqram cənab Prezidentin hər
bir azərbaycanlı üçün eyni imkanların
yaradılmasının daha bir təzahürüdür. Təyinatımın
ilk günündən mən söz vermişəm və bu
gün də bunu vurğulayıram ki, xaricdə təhsil alan
hər bir azərbaycanlı tələbəsinin
qayğıları, ehtiyacları bizim diqqət mərkəzimizdə
olacaqdır və mənim həmkarlarım və mən bunun
üçün əlimizdən gələni eləyəcəyik".
Nazir peşə təhsili ilə
bağlı verilən sualı da cavablandırıb. Bildirib
ki, bu sistemin inkişafı biznes qurumları, işəgötürənlər,
dövlət və özəl sektorla sıx əməkdaşlıqdadır.
Deyilənlərə əyani misal olaraq Mikayıl Cabbarov
Sumqayıt Sənaye Parkı müəssisələrinin kadr
ehtiyaclarını ödəyəcək texniki-peşə təhsili
qurumunun yaradılmasından danışıb. Onun sözlərinə
görə, İqtisadi İnkişaf Nazirliyi ilə birgə həyata
keçirilmiş həmin layihə bu sahədə
reallaşdırılan dövlət siyasətinin ən bariz
nümunələrindən biridir və digər sahələrdə,
digər regionlarda da tətbiq olunmağa layiqdir.
Bölgələrdə vətəndaşların
qəbulu, sorğuların cavablandırılması məsələlərindən
danışan nazir, bu görüşlərdən razı
qaldığını qeyd edib. Mikayıl Cabbarov belə
görüşlər vasitəsilə, birbaşa ünsiyyət
vasitəsilə təhsil sahəsinin qarşısında duran
əsas çətinliklər, problemlər, eləcə də
əldə olunmuş nailiyyətlər haqda bilavasitə yerindəcə
məlumat aldığını və bunun bir dövlət məmuru
kimi əsas funksiyalarından biri olduğunu nəzərə
çarpdırıb.
Azərbaycan
müəllimi.- 2013.- 5 iyul.- S.3.