Ali məktəb tələbələrinin
bədii yaradıcılıqfestivalının qalibləri
mükafatlandırılmışlar
Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və
Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə
qərarına uyğun olaraq
2013-cü ilin aprel
ayında ali məktəb tələbələrinin
bədii yaradıcılıq festivalı keçirilmişdir.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş
festival zamanı 15 iştirakçı ali məktəbin bədii özfəaliyyət
kollektivlərinə baxış keçirilmiş,
kollektiv və tək ifaçılar
arasından qaliblər müəyyənləşdirilmişdir. İyunun 28-də Təhsil
Nazirliyində festival qaliblərinin mükafatlandırılması mərasimi
olmuşdur.
Tədbiri Təhsil Nazirliyi Tərbiyə
və məktəbdənkənar müəssisələrlə
iş şöbəsinin müdiri Ağababa İbrahimov
açmışdır. Mərasimdə iştirak edən Təhsil
Nazirliyi Aparatının rəhbəri Ceyhun Bayramov festival
haqqında məlumat verərək onun Təhsil Nazirliyi və
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin birgə qərarına əsasən
2007-ci ildən etibarən keçirildiyini və artıq ənənə
halını aldığını bildirmişdir. Qeyd
etmişdir ki, festivalın məqsədi tələbələri
milli vətənpərvərlik, mədəniyyətimiz, incəsənətimiz,
milli adət və ənənələrimizə hörmət
ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini
yüksəltmək, mədəni həyat tərzinin
formalaşması işinə kömək göstərmək,
eləcə də incəsənət və mədəniyyətimizin
ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin
üzə çıxarılması, qabiliyyətlərinin
inkişaf etdirilməsinə dəstək verməkdir.
Sayca yeddinci olan builki festivalın Azərbaycan
xalqının ümummilli lideri, müasir Azərbaycan dövlətinin
banisi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunduğu üçün xüsusi önəm kəsb
etdiyini söyləyən C.Bayramov əsasən dövlət
ali təhsil müəssisələrinin, özəl ali məktəblərdən
isə yalnız Odlar Yurdu Universitetinin iştirak etdiyi bu mədəniyyət
və incəsənət yarışmasının xalq
çalğı alətləri ansamblı, xor kollektivləri,
rəqslər (milli rəqslər, müasir rəqslər, solo
rəqslər), bədii qiraət, muğam ifası,
mahnılar (vokal bəstəkar mahnıları, xalq
mahnıları, müasir mahnılar) və aşıq musiqisi
nominasiyaları üzrə keçirildiyini bildirmişdir.
Diqqətə
çatdırılmışdır ki, yalnız final mərhələsinə
650 tələbənin qatıldığı festival ulu
öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
Gənc Tamaşaçılar Teatrında 70 tələbənin
iştirakı ilə keçirilmiş qala konserti ilə
yekunlaşmışdır.
C.Bayramov bildirmişdir ki, münsiflər
heyəti tərəfindən aparılan seçim əsasında
müsabiqə iştirakçılarının 13-ü I,
12-si II, 12-si III yerə, 25 nəfər isə həvəsləndirici
yerə layiq görülmüşdür. Festivalda Azərbaycan
Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət
İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin
kollektivlərinin yüksək nəticələr əldə
etdiyini söyləyən Aparat rəhbəri eyni zamanda Odlar
Yurdu Universiteti tələbələrinin də fərqləndiyini
diqqətə çatdırmış, növbəti illərdə
bu sahədə işləri daha da genişləndirməyin,
özəl ali məktəblərin də bu işə
yaxından qoşulmasının vacibliyini
vurğulamışdır.
C.Bayramov
çıxışının sonunda qalibləri təbrik
etmiş, festivalın keçirilməsində əməyi
olanlara minnətdarlığını bildirmişdir.
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin
müavini Şaiq Əsgərov da mərasim
iştirakçılarını salamlayaraq festivalın,
xüsusən də onun yekun tədbirinin yüksək səviyyədə
keçirildiyini bildirmiş, bu işlərdə zəhmət
payı olanlara təşəkkür etmişdir.
O, Azərbaycan Dillər Universitetinin rəhbərliyinin
festivalın təşkili və keçirilməsinə
verdiyi dəstəyi xüsusilə yüksək dəyərləndirmişdir.
Sonra qaliblərin mükafatlandırılması
mərasimi olmuşdur. I, II və III yerlərin sahiblərinə
diplomlar və hədiyyələr, həvəsləndirici yerə
layiq görülənlərə isə diplomlar təqdim
edilmişdir.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 5 iyul.- S.3.