Respublika
şahmat turnirinə yekun vurulmuşdur
Bu günlərdə
Oğuz Olimpiya İdman Kompleksində məktəblilər
arasında Silahlı Qüvvələr Gününə həsr
olunmuş Respublika şahmat turniri start
götürmüşdür.
Azərbaycan
Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika
İdman Mərkəzinin Oğuz Rayon Təhsil Şöbəsi
ilə birgə keçirdiyi turnirin açılış mərasimində
mərkəzin direktoru Cəfər Hümbətov, Oğuz
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz
Qurbanov, Milli Olimpiya Komitəsinin məsul işçisi,
"Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad
Fərzəliyev və digər qonaqlar iştirak etmişlər.
Turnirin
açılış mərasimində "Təhsil"
Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov
çıxış edərək ölkəmizdə
idmanın bütün növlərinə diqqət və
qayğıdan danışmış, şahmata göstərilən
dövlət qayğısını xüsusi qeyd
etmişdir. Bildirilmişdir
ki, artıq azərbaycanlı
şagirdlər şahmatı bir fənn kimi öyrənirlər.
Beynəlxalq Şahmat Federasiyası ilə Təhsil Nazirliyi
arasında "Məktəbdə şahmat" adlı
müqavilə imzalanmışdır. Bu razılaşmaya əsasən,
dünya təcrübəsini nəzərə alaraq, ümumtəhsil
məktəblərinin ibtidai siniflərində şahmatın
bir fənn kimi tədris olunması məqsədəuyğun
hesab edilmişdir. Belə ki, 2011-ci ilin yanvar ayından
respublikamızın bütün şəhər və
rayonlarının pilot məktəblərində 2-ci və
3-cü sinif şagirdləri üçün şahmatın tədrisinə
başlanılmışdır.
Oğuz
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz
Qurbanov çıxışında Azərbaycanda idmanın
yüksək sürətlə inkişafından,
idmançılarımızın qazandıqları nailiyyətlərdən
söz açaraq qeyd etmişdir ki,
Azərbaycan dünyada idman ölkəsi kimi
tanınır. Qeyd edilmişdir ki, ölkəmizdə bu sahə
üzrə böyük işlər
görülmüşdür. İndiyə qədər Azərbaycan
bir sıra mötəbər idman yarışlarına layiqincə
ev sahibliyi etmişdir. Bütün bunlar Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin
prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət
və qayğının bariz nümunəsidir. Diqqətə
çatdırılmışdır ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il
mayın 5-də "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı"nın təsdiq edilməsi barədə sərəncam
imzalamışdır. Respublikanın əksər şəhər
və rayonlarında yeni şahmat binaları tikilmiş, bəziləri
isə yenidən təmir olunaraq uşaq və yeniyetmələrin
ixtiyarına verilmişdir. Təkcə paytaxtda deyil, eləcə
də bölgələrdə yeni şahmatçılar ordusu
formalaşır. Bu gün ölkənin ən bacarıqlı
və intellektual məktəbliləri bu yarışa
toplaşıblar.
Milli
Olimpiya Komitəsinin məsul işçisi, "Olimpiya
dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev
tədbirdə çıxış edərək
şahmatın Azərbaycanda böyük ənənəyə
malik olduğunu, bu idman növünün hamı tərəfindən
sevildiyini bildirmişdir. O qeyd etmişdir ki, hələ ötən
əsrin 70-ci illərində ölkəmizdə idmana, o
cümlədən şahmata dövlət səviyyəsində
xüsusi qayğı göstərilmişdir. Azərbaycanda
idmanın yüksəlişi uzaqgörən böyük
şəxsiyyət, ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır.
Təntənəli
açılış mərasimindən sonra yarışa
start verilmişdir. 21 şəhər və rayondan 101 nəfərin
iştirak etdiyi turnirdə nəticələr
aşağıdakı kimi olmuşdur:
8 yaşadək
qrupda oğlanlar arasında 1, 2, 3-cü yerlər - Xəzər
Babazadə (Biləsuvar), Murad Musayev (Ağdaş), Cavidan
Qurbanzadə (Tərtər); qızlar arasında 1, 2, 3-cü
yerlər - Aysu Əzizli (Oğuz), Səlmi Xəlilzadə (Zərdab),
Əsmər İslamzadə (Şəmkir), 9-10 yaş qrupu üzrə
oğlanlar arasında 1, 2, 3-cü yerlər - Qəfər Bədəlov
(İsmayıllı), Elmir Məmmədov (Biləsuvar), Fateh
İmanov (Bakı); qızlar arasında 1, 2, 3-cü yerlər
- Nuranə Yusifova (Goranboy), Fidan Soltanzadə (Goranboy), Aynur Əhmədova
(Ucar). 11-12 yaş qrupu üzrə 1, 2, 3-cü yerlər - Asim
Sərxanlı (Şamaxı), Ziya Həmidli (Zərdab), Rəşad
Məmmədov (Qubadlı); qızlar arasında - Aytən Məmmədzadə
(Biləsuvar), Xuraman Hacıbabayeva (Oğuz), Aysel Bağırova (Astara). 13-14
yaş qrupunda - Talıbxan Talıbxanlı (Zərdab), Cəbrayıl
Əsədov (Qubadlı), Aydın Qasımzadə (Bakı);
qızlar arasında - Aynur Abbasova (Bakı), Aişə
Rüstəmova (Beyləqan), Aytac Hüseynli (Oğuz). 15-16
yaş qrupu üzrə - Rüstəm Əhmədov (Oğuz),
Aqşin Mirzəyev (İsmayıllı), Ceyhun Nəbiyev
(Bakı); qızlar arasında -
Aydan Hüseynzadə (Qəbələ), Dinara Salamova (Oğuz), Fəridə Nadirova (Zərdab).
Turnirin
qalibləri və fərqlənənlər "Təhsil"
Respublika İdman Mərkəzinin müvafiq dərəcəli
diplomları, medalları və rayon təhsil şöbəsinin
hədiyyələri ilə təltif olunmuşlar.
İbrahim
MƏMMƏDOV,
"Təhsil"
RİM-in direktor müavini,
əməkdar
bədən tərbiyəsi və idman xadimi,
beynəlxalq
dərəcəli hakim
Azərbaycan
müəllimi.- 2013.- 12 iyul.- S.8.