Alfred Nobelin imtina etdiyi dərman

 

Nobelçi alim Fərid Muradın kəşfi milyonlarla insanın həyatını xilas etmişdir

 

XX əsrdə ürək-damar xəstəliklərinin öyrənilməsi  və yeni dərman preparatlarının hazırlanması sahəsində bir sıra parlaq elmi kəşflər baş vermişdir. Bu kəşflər sayəsində  milyonlarla insanın həyatını xilas etmək, onları normal həyat fəaliyyətinə qaytarmaq mümkün olmuşdur.  Bu kəşflərdən danışanda nitroqliserinin ürək-damar sisteminə təsirini tədqiq etmiş amerikalı tibb və farmakologiya professoru, mənşəcə alban, həm Amerikada, həm də Albaniyada çox böyük qürurla adı çəkilən Fərid Murad yada düşür.

Hazırda Amerikanın Texas Universitetinin və  Hyüstondakı Tibb Elmləri Mərkəzinin professoru olan Fərid Murad  1998-ci ildə  fundamental tədqiqatlarına  görə tibb və fizilogiya sahəsində Nobel mükafatına layiq görülmüşdür. O, 1996-cı ildə Amerika Milli Elmlər Akademiyasının Meri və Albert  Lasker mükafatını almışdır.  1997-ci ildən Amerika  Milli Elmlər Akademiyasının üzvüdür.  1998-ci ildə Amerika Ürək Assosiasiyasının mükafatı ilə təltif olunmuş, Amerika Tibb Elmləri Akademiyasının üzvü seçilmişdir. 2000-ci ildə biotibbi tədqiqatlar sahəsində nüfuzlu Blekster mükafatını almışdır. Bir sıra ölkələrin elmi cəmiyyətlərinin üzvüdür. Fərid Murad  dünyanın 334-dən artıq tibb jurnalı ilə əməkdaşlıq etmişdir. 

 

 Uşaqlıq illəri 

 

Fərid Murad 1936-cı il sentyabrın 14-də Amerikanın İndiana ştatının Uaytinq şəhərində anadan olmuşdur. Nobel Mükafatları Komitəsinin saytında yerləşdirilmiş tərcümeyi-halından göründüyü kimi, onun uşaqlıq illəri çox çətin keçmişdir. 

Valideynlərinin  olduqca kasıb həyat sürməsi və  savadsız olması  gələcəkdə məşhur alim olacaq Fərid Murad və onun kiçik qardaşlarının ali təhsil almasına və peşə seçimi etməsinə çox böyük təsir göstərmişdir.  Qardaşlardan biri diş həkimi, digəri isə antropologiya üzrə  doktor olmuşdur. Beləliklə də Fərid Murad gələcəkdə bir alim kimi formalaşmasında  ailəsinin üzləşdiyi çətinliklərin, sıxıntların xüsusi rol oynadığını qeyd etmişdir.    

Fərid Murad kiçik qardaşları Con Əbdülrəhman və Turhon Allenlə birlikdə tez-tez valideynlərinin İndiana ştatında işlətdikləri restorana gedirdilər. O, bu barədə yazırdı: "Restoran biznesi mənim və qardaşlarımın gələcəyinə böyük təsir etmişdir.  Əllərim hələ qabyuyana çatmırdı, buna görə də ayağımın altına kətil qoyaraq qab-qaşıqları yuyur və bununla da valideynlərimə az da olsa kömək etməyə çalışırdım.  Eyni zamanda  restorana gələn qonaqlara da nəzarət edirdik. Mən bu işi ibtidai və orta məktəbdə təhsil aldığım illərdə dərsdən sonra hər axşam və istirahət  günlərində davam etdirirdim.   Mən müştərilərin verdiyi bütün sifarişləri və yemək haqlarını hafizəmdə saxlamağa çalışırdım. Bu mənim üçün bir növ riyazi oyun idi.   Mən müxtəlif peşə sahibləri - yerli neft emalı zavodlarının işçiləri, bankirlər, biznesmenlər, müəllimlərlə rastlaşırdım. Atam gün ərzində 16-18 saat restoranda işləyirdi. Anam isə qalan saatlarda bizimlə məşğul olurdu".

Beləliklə də  Fərid Murad  restoranda qab yumaqla həm təhsil xərclərini ödəyir, həm də apardığı tədqiqatlar üçün pul tapırdı. "Mən müştərilərin sifarişlərini və onların borclarını kağıza yazmırdım, bütün detalları yaddaşımda saxlayırdım ki, bu da gələcəkdə, belə düşünürəm ki,  mənim elmi karyeramda mənə kömək etmişdir".

Anası Fərid Murada insanların digərlərin dərdinə şərik çıxmaq və mərhəmət göstərmək kimi insani keyfiyyətlərdən çox danışardı, bu isə onun gələcəkdə həkim kimi yetişməsində öz təsirini göstərmişdir.  Anası onu bir sıra işgüzar vərdişlərə alışdıra bilmişdir.

 

 İlk təhsil illəri

 

"Mən başa düşürdüm ki, hökmən təhsil almalıyam, əks halda valideynlərimin yaşadıqları çətinlikləri  mən də yaşamalı olacağam.  Mən hələ 12 yaşım olanda özlüyümdə həkim olmağı müəyyən etmişdim. Valideynlərim məni hərtərəfli dəstəkləyir, mənim və qardaşlarımın yaxşı təhsil almalarını arzulayırdılar", - deyə Fərid Murad sonralar yazırdı. O, ibtidai məktəbə İndiana ştatında getmişdir.   Kimya və biologiya onun ən sevimli fənləri idi.

Fərid Murad 8-ci sinifdə oxuyarkən müəllimləri şagirdlərə ən yaxşı 3 peşə seçimi barədə esse yazmağı təklif etmişdir. "Mənim seçimim belə  idi: 1. həkim, 2. müəllim, 3. provizor (1948-ci ildə tibbi farmakologiya tibbdə ayrıca fənn deyildi).  Mən sonda həkimliyi seçdim. İbtidai və orta təhsil illərini mən asanlıqla keçdim, müəllimlərim mənim biliklərimin universitet tələbələrinin  biliyi ilə eyni olduğunu bildirirdilər".  

Fərid Murad dərslərlə  yanaşı, idmanın müxtəlif növləri - qaçış, futbol, qolf, basketbola da maraq göstərmişdir. Kollecdə oxuduğu illərdə isə  Fəridi daha çox elmi tədqiqatlar cəlb etmişdir. 

 

 Ali təhsil dövrü

 

Fərid Murad 1958-ci ildə De Pou Universitetini (İndiana ştatı), 1965-ci ildə isə Ohayo ştatındakı Klivlend  Universitetini başa vurmuşdur.  1965-ci ildə eyni zamanda iki sahədə - tibb və farmakologiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır.

1967-1970-ci illərdə Fərid Murad Virciniya Universitetində kliniki farmakologiya departamentində  professor köməkçisi vəzifəsində çalışmışdır. 1970-ci il sentyabrın 1-dən endokrinologiya üzrə müstəqil tədqiqatlara başlayan Fərid Murad bir sıra maddələrin hormonal effektini öyrənməyə çalışmışdır. 1970-1975-ci illərdə Fərid Murad  ən gənc professor kimi Kliniki Tədqiqatlar Mərkəzinin direktoru seçilmişdir. O, eyni zamanda farmakologiya mərkəzinə də rəhbərlik etmişdir.  Alim hazırladığı xüsusi proqram əsasında kliniki və farmakoloji tədqiqatlara rəhbərlik etmişdir. O, dünyanın bir sıra elm mərkəzlərindən ən istedadlı tələbələri və aspirantları öz laboratoriyasına işləməyə cəlb edə bilmişdir. Laboratoriyada 82 həmkarı və tələbəsi ilə Fərid Murad 22 professorun iştirakı ilə ən genişmiqyaslı elmi tədqiqatlara başlamışdır. "Heç şübhəsiz mənim üçün ən böyük uğur rəhbərlik etdiyim  laboratoriyaya dünyanın ən istedadlı gənclərini cəlb etməyim, eləcə də yüzlərlə istedadlı tələbə və tibb sahəsində çalışan tədqiqatçı yetişdirməyim,  elmi karyera qurmaqda onlara kömək etməyimdir", - deyə  Fərid Murad bildirmişdir.  1971-1981-ci illər ərzində o, Virciniya Universitetində Kliniki Tədqiqatlar Mərkəzinə rəhbərlik etmişdir.   

1981-ci ildə Fərid Murad elmi və pedaqoji fəaliyyətini Stenford Universitetində davam etdirmişdir. Tibb və farmakologiya professoru tezliklə burada öz ətrafında 30-a yaxın istedadlı tədqiqatçı toplaya  bilmişdir. Fərid Muradın yanında təcrübə keçmiş bir sıra istedadlı gənc sonradan dünyanın bir çox iri elmi-tədqiqat mərkəzində fəaliyyətlərini davam etdirmişdir. 1986-1988-ci illərdə Stenford Universiteti Tibb Mərkəzinin icraçı direktoru olan Fərid Murad tezliklə dərman preparatlarının istehsalı və tətbiqi ilə məşğul olan "Abbott Laboratories"  şirkətinə rəhbərlik etməyə başlamışdır. 1997-ci ildən Texas Universitetində birləşmiş biologiya, farmakologiya və fiziologiya  departamentinə rəhbərlik etmişdir.

1997-2011-ci illərdə Texas Universitetində Molekulyar Təbabət İnstitutunun direktoru işləmişdir. 2011-ci ilin aprelindən isə Corc Vaşinqton Universitetində biokimya və molekulyar biologiya kafedrasının professorudur.

 

 "İlin molekulu"

 

100 il ərzində fizioloqları qan damarlarının genişlənməsi mexanizmi  çox maraqlandırmışdır. Alimlər israrla bu prosesləri nizama salan maddəni  axtarmışdır. Belə ehtimal olunmuşdur ki, bu maddə damarların  daxili səthindəki hüceyrələr tərəfindən buraxılır. Bu sirrin açılması prinsipial əhəmiyyət kəsb etmişdir,   çünki XX əsrin bir sıra ən ağır xəstəlikləri  - ateroskleroz, infarkt  və insult məhz damarların genişlənmə funksiyasının pozulması ilə birbaşa bağlıdır.

1970-ci illərin ortalarından Fərid Murad əsrin ən sirli tapmacalarından olan nitroqliserinin ürək-damar xəstəliklərinin müalicəsində rolunun öyrənilməsinə  başlamışdır. Alim bu problemin həllinin nitroqliserinin tərkibinə daxil olan azot oksidlə bağlı olduğunu müəyyən etmişdir. O, nitroqliserinin orqanizmdə parçalanaraq azot oksidinə çevrilməsini və onun da öz növbəsində fermentləri stimullaşdırdığını və ürək əzələsini yumşaltdığını tapmışdır. "Tam yüz il ərzində qan dövranını artırmaq üçün bu maddədən istifadə olunmuşdur, lakin heç kim bilmirdi ki, bu maddə necə işləyir", - deyə Fərid Murad bildirmişdir. 

Fərid Muradın tədqiqatlarının nəticələri belə bir fikrə gətirmişdir ki,  orqanizm özü azot oksidi hasil edə bilər. Elmi dairələrdə uzun illər ərzində bu fikir etimadsızlıqla qarşılanmışdır. "Hətta mənim ən yaxın dostlarım və həmkarlarım buna inanmır və skeptik yanaşırdılar",- deyə Fərid Murad sonralar  xatırlayırdı.

90-cı illərin əvvəllərində aparılmış tədqiqatlar göstərmişdir ki, avtomobillərin işlənmiş qazlarının tərkibinə daxil olan sadə  birləşmələrdən azot oksidi (NO) qan təzyiqinin nizama salınmasında fəal iştirak etməklə orqanizmdə çox mühüm rol oynayır. Məhz qaz halında olan azot oksidi hüceyrələrin membran qatından tam keçməklə qanın orqanlar arasında bölüşdürülməsində orqanizmə kömək edir. Tezliklə sildenafil-sitrat adlı preparat ürək dərmanı kimi klinikalarda sınaqdan keçirilməyə başlamışdır. Lakin tədqiqatçılar müşahidə etmişdilər ki, dərmanın sınağında iştirak etmiş insanlar artıq qalan həbləri təhvil verməkdən imtina etmişlər. Tədqiqatlar şokedici nəticələrə  gətirmişdir - yeni dərman təcrübədə iştirak etmiş bütün könüllülərin əhvali-ruhiyyəsinin yaxşılaşmasına kömək etmişdir.  

Nyu-York Universitetindən farmakoloq Robert Furçqott,  Kaliforniya Universitetinin tibb fakültəsindən Luis İqnarro tərəfindən azot oksidinin əldə olunması və  onların tədqiqatlarının nəticələrinin  eksperimental  olaraq  Texas Universitetinin professoru Fərid Murad tərəfindən sübuta yetirilməsi bir sıra beynəlxalq elmi konfranslarda dərhal sensasiya yaratmışdır. Fərid Murad nitroqliserin və ona  oxşar damargenəldici dərmanların təsirini  öyrənərək müəyyən etmişdir ki,  onların parçalanması zamanı orqanizmdə azot oksid əmələ gəlir ki, bu da ürəktutmalarını azaldır, yumşaq əzələ hüceyrələrini boşalmağa məcbur edir.

Alimlər azot oksidinin təsirinə dair 130.000 akademik məqalə dərc etdirmişdilər. 1998-ci ildə azot oksidi "Sciense" jurnalı tərəfindən  "İlin molekulu" adına layiq görülmüşdür.

1998-ci il  oktyabrın 13-də İsveçin Karolina Tibb-Cərrahiyyə İnstitutunda  Fərid Murad və onun həmkarları Robert Furçqott və Luis İqnarroya tibb və fiziologiya sahəsində Nobel mükafatı təqdim olunmuşdur. Nobel komitəsinin rəsmi açıqlamasında qeyd olunmuşdur ki, alimlər "azot oksidin siqnal molekulları kimi ürək-damar sisteminin tənzimlənməsindəki rolunun kəşfinə görə" mükafata  layiq görülmüşlər.

Haşiyə.   Çox maraqlı haldır ki, 120 il əvvəl həkim dostu  Alfred Nobelə ürək nahiyəsində baş qaldıran ağrıları  azaltmaq üçün nitroqliserin yazmışdır. Bir qədər əvvəl isə nitroqliserinin dinamitin tərkibində güclü partlayış xassəsi Nobelin özü tərəfindən kəşf olunmuşdur. Lakin böyük Alfred nitroqliserini  qəbul etməkdən imtina etmişdir. A.Nobel   nitroqliserinin müalicəvi təsirinə əhəmiyyət verməmişdir. O, heç ağlına gətirə bilərdimi ki, nitroqliserinin tərkibinə daxil olan bu maraqlı, milyonların həyatını xilas etmiş müalicəvi maddənin kəşfinə görə mükafaf  məhz onun adı ilə veriləcək? 

 

"...Həyatımda ən həyəcanlı anlar yaşadım"

 

...1998-ci il oktyabrın 8-i səhər saat 04:00-də telefon zəngi onu yuxudan oyatdı. Telefondan gələn səs "Təəssüflər olsun ki, sizi narahat edirəm" dedi.  O, özünü Nobel komitəsinin üzvü Nils Rindcers kimi təqdim edərək "təbriklərimi qəbul edin, siz Nobel mükafatı aldınız" dedi.  "Xahiş  edirəm, biz Stokholmda bu barədə rəsmi press-reliz yayana  qədər yaxın 30 dəqiqə  ərzində bu barədə heç kimə bir söz deməyin".  "Öz-üzümə düşündüm ki, səhər saat 4-də kimi qaldırıb bu xəbəri verim?". Narahat və sevinc dolu  gecədən sonra özünü bu xəbərdən dolayı  çox gümrah hiss edən alimi  evinin qapısı önündə jurnalist ordusu, yaxınları, dostları gül çələngi ilə  gözləyirdi.   "İlk gün doğrudan da həyatımda ən həyəcanlı anlar yaşadım".  Alim bu günü 10 ildir ki, gözləyirdi.  

"Bu, çox qəribə hissdir. Sizin sevincli xəbəri bütün reallığı ilə qavramağa belə vaxtınız yoxdur". Nobel mükafatı aldıqdan sonrakı bir il ərzində Fərid Murad dünyanın saysız-hesabsız ölkələrində keçirilmiş elmi konfranslara dəvət olunmuşdur, çoxsaylı mühazirələr aparmış, bir sıra ölkələrin dövlət başçıları ilə görüşmüşdür. "Bu çox həyəcanlı və qürurlu dövrdür, sizin qələbənizdən təklikdə  zövq almağa vaxtınız yoxdur".   

Ali elmi mükafata layiq görülməsi onu yeni tədqiqatlara  ruhlandırmışdır. Fərid Murad tezliklə işlədiyi universitetin nəzdində biokimya və molekulyar biologiya sahəsində yeni laboratoriyanın yaradılmasına nail ola bilmişdir. Hələlik tibb sahəsində çalışan heç  bir alimə 2 dəfə Nobel mükafatı almaq nəsib olmamışdır. Lakin Fərid Murad ümid edir ki, ikinci Nobel mükafatını ala biləcək. O, "niyə də birinci olmayım" deyir.

Gün ərzində 16-18 saat iş başında olan Fərid Murad Nobel mükafatına layiq görülməsindən sonra dünyanın bir sıra aparıcı elmi tədqiqat mərkəzlərindən əməkdaşlıq barədə çoxsaylı təkliflər almasını təəccüblə qarşıladığını demişdir.  "Mən əvvəllər ayda  5 və ya 10 təklif alırdım, indi isə həftədə orta hesabla 15 təklif alıram".   

 

Həkim, müəllim, alim...

 

Doktor Fərid Murad   De Pou  Universitetində oxuduğu illərdə gələcək həyat yoldaşı Kerol Enn Leopold ilə tanış olmuşdur. Kerol ingilis və ispan dillərini öyrənirdi. O, xəstələri müalicə edən həkim, öz ətrafında istedadlı gəncləri toplayan və onlara dərs keçən müəllim, tibb və farmakologiya sahəsində tədqiqatlar aparan alim kimi elmi karyerasında bütün pillələri keçmişdir. Alim öz tələbələrinə  ilk baxışdan ən maraqsız görünən problemləri diqqətlə araşdırmağı tövsiyə edir. "Dalana düşmədən  tədqiqatlar aparmağın hər hansı üsulu yoxdur. Bəzən geri çəkilmələr və təslim olmaq da olacaq. Lakin əgər siz geri çəkilirsinizsə, mümkündür ki,  bir neçə ildən sonra yeni texnologiyalar əldə edərək tədqiqatlarınızı yenidən başlaya bilərsiniz".    Doğrudan da 90-cı illərin əvvəllərində Fərid Murad uzun illər ərzində xərçəng xəstəliklərinin tədqiqi ilə məşğul olmuş, lakin konkret elmi nəticələrə gələ bilmədiyindən işlərini yarımçıq qoymuşdur. O, bu dövrü belə xatırlayırdı: "Biz geri çəkildik, çünki bir çox suallara cavab vermək üçün əlimizdə ciddi texnologiyalar yox idi". Buna görə də bədxassəli şişlərin təsirinə qarşı effektiv müalicə metodu axtarışlarından imtina etməli olan Fərid Murad bütün diqqətini ona ali elmi mükafat qazandırmış azot oksidi molekulunun tədqiqinə yönəltmişdir.

Lakin 2000-ci illərin əvvəllərində Fərid Murad yeni texnologiyalar  və metodların təkmilləşdirilməsi ilə bir daha rəhbərlik etdiyi laboratoriyada xərçəng üzərində tədqiqatlara başlamışdır. O,  azot oksidi molekulu vasitəsilə xərçəngin bəzi növlərinə, məsələn,  beyin xərçənginə qalib gəlməyin mümkün olduğunu bildirmişdir.  Beyin şişi yeridilmiş siçanlar üzərində aparılmış tədqiqatlar göstərmişdir ki, azot oksidinin köməyi ilə onların  ömrünü 21 gündən 81 günə qədər uzatmaq mümkün olmuşdur. Bu metodun insanlara nə vaxt tətbiq oluna biləcəyini alim söyləməkdə hələlik çətinlik çəkir.   Lakin onun laboratoriyasında bu istiqamətdə tədqiqatlar günü-gündən genişlənir. Alim inanır ki, yeni texnologiyalar və müalicə metodları vasitəsi ilə yaxın vaxtlarda Parkinson, Alsmeyger və infarkt miokardı kimi ən ağır xəstəlikləri sağaltmaq mümkün olacaq. Bu, yalnız zaman məsələsidir.

O, tələbələrinə  elmi tədqiqatlarını  sona qədər davam etdirməyi məsləhət görür. "Elmi araşdırmalarınızın bir gün Nobel mükafatına layiq görüləcəyini göstərə biləcək bir üsul yoxdur. Bu, 20 il sonra tam gözlənilməz surətdə baş verir".

Haşiyə: Qeyd edək ki, Fərid Murad Rusiya hökumətinin elan etdiyi meqaqrantın qalibi olmuşdur. Layihəyə uyğun olaraq amerikalı alim Moskva Tibb-Stomatologiya Universitetində tibb və farmakologiya sahəsində tədqiqatlar aparmalı idi. Onun Moskvaya gəlişini Rusiya tibb elmi ictimaiyyəti çox gözləyirdi. Lakin Fərid Murad qalib olduğu meqaqrantdan imtina etdi. O, Rusiya mətbuatına verdiyi müsahibəsində bunun səbəbini belə izah etmişdir: "Mən doğrudan da meqaqrantın qalibi olmuşam,  lakin müxtəlif təşkilati səbəblərə görə ondan imtina etməli oldum. Fikrimcə, Rusiyada birgə elmi tədqiqatlar proqramlarının və qrantların kifayət qədər təkmilləşdirilməsinə ehtiyac var. Onların strukturu yaxşı düşünülməmişdir və ifrat dərəcədə müxtəlif dövlət orqanları tərəfindən nəzarət olunur... Statistikaya baxın: Nobel mükafatları laureatlarının tam yarısı Amerikadandır. Bu, ABŞ-da elmi  tədqiqat fondlarının çoxluğu, əldə olunmuş qrantlara görə bürokratik nəzarətin, aparılan tədqiqatların gedişinə müdaxilələrin,  qrantların bölüşdürülməsi sistemində korrupsiyanın olmaması ilə izah olunur".  

"...İstəyirəm ki, ən istedadlı tələbələr qapımı döyərək mənim yanıma gəlsinlər"

"Mən öz laboratoriyamda 150 tələbə hazırlamışam. Tələbələrimin hər birinə deyirəm ki, onlardan biri hökmən ali mükafat almalıdır. Düzdür, bu, hələ  baş  verməyib. Mən istəyirəm ki, ən istedadlı tələbələr qapımı döyərək mənim yanıma gəlsinlər. Mən onlarla əməkdaşlıq etməyə və birikdə işləməyə hazıram".

"Düşünürəm ki, mənin gənc  tələbələrə təklif edə biləcəyim şeylər var. Mən tədqiqatları, ən çətin suallara cavab verməyi sevirəm. İnsanların müalicəsi üçün kliniki təbabətdə hər hansı məlumatların faydalı olmasını öyrənməyi çox sevirəm", - deyən Murad gənc, istedadlı alimləri  ciddi elmi yaradıcılığa dəvət edir.

Fərid Murad 2011-ci ilin aprelindən Corc Vaşinqton Universiteti nəzdində yaradılmış biokimya və molekulyar biologiya laboratoriyasına rəhbərlik edir.  Professor Muradın dünyanın müxtəlif ölkələrində minlərlə tələbəsi var. Onun magistr, aspirant və doktorant hazırlığında xüsusi əməyi vardır.

"Professor Murad təkcə gözəl həkimliyi və alimliyi ilə seçilmir. O, bir çox istedadlı tələbələri  himayə edir. Onların elmi tədqiqat işlərinə istiqamət verir. Yüzlərlə tələbə onun yanında mükəmməl ixtisas kursu keçmişdir. O, öz nüfuzu, alimliyi  ilə tələbə və həmkarlarının yaddaşında dərin iz buraxmışdır. Fərid Murad kimi səviyyəli, peşəkar və dünya şöhrətli alimin yanında təcrübə keçmək, ondan öyrənmək bizim universitetin tələbələrinə gözəl təhsil almaları üçün müstəsna əhəmiyyət daşıyır", - deyə Corc Vaşinqton Universitetinin prezidenti Stiven Knap bildirmişdir.  

 

Hazırladı:  Oruc MUSTAFAYEV 

 

Yazıda Nobel Mükafatları Komitəsinin, Corc Vaşinqton Universitetinin və Texas Universitetinin materiallarından istifadə olunmuşdur.

 

Azərbaycan müəllimi.- 2013.- 12 iyul.- S.7.