"Məktəbimizdə
qələbəyə imza atan ilk şagird idim"
Müsahibimiz stend
atıcılığı üzrə ikiqat olimpiya, altıqat
dünya rekordçusu Zemfira Meftaxetdinovadır
Meftaxetdinova Zemfira Əliyevna
1963-cü il mayın 28-də Bakı şəhərində
anadan olmuşdur.
1976-cı ildən
SSRİ-nin əməkdar məşqçisi Hafiz Cəfərovun
rəhbərliyi altında stend atıcılığı ilə
məşğul olmağa başlamışdır.
1984-cü ildə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi Akademiyasını
bitirmişdir.
"Dinamo" cəmiyyətinin
sədr müavini vəzifəsində
çalışır, polis polkovnik-leytenantıdır.
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə ikiqat olimpiya
çempionu, altıqat dünya rekordçusu Zemfira
Meftaxetdinova 2000-ci ildə "Şöhrət" ordeni,
1995-ci, 2004-cü illərdə isə ( iki dəfə) "Tərəqqi" medalı ilə
təltif olunmuşdur.
Azərbaycan Respublikası
Prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə
Xüsusi Olimpiya təqaüdünə layiq
görülmüşdür.
Ailəlidir.
Bir qız, bir oğul anasıdır.
Uğurları onun baş
tacıdır
1986- cı ildən beynəlxalq dərəcəli
idman ustası, 1996-cı ildən isə əməkdar idman
ustasıdır.
1986-cı ildə İtaliyada keçirilən
Avropa çempionatında komanda I yer, şəxsi II yer;
1987-ci ildə Türkiyədə
keçirilən Avropa çempionatında komanda I yer, şəxsi
III yer;
1988-ci ildə Finlandiyada keçirilən
Avropa çempionatında komanda I yer, şəxsi II yer;
1990-cı ildə
İsveçdə keçirilən Avropa çempionatında komanda I
yer, şəxsi II yer;
1993-cü ildə Brnoda keçirilən
Avropa çempionatında şəxsi I yer;
1995-ci ildə Kiprdə keçirilən Dünya çempionatında şəxsi
I yer;
1997-ci ildə Finlandiyada keçirilən
Avropa çempionatında şəxsi I yer;
1998-ci ildə
İtaliyada keçirilən
Dünya Kubokunun qalibi;
1999-cu ildə Yaponiyada keçirilən Dünya Kubokunda II yer.
2000-ci ildə Sidneydə keçirilən
XXVII Yay Olimpiya Oyunlarında
stend atıcılığı üzrə Azərbaycanın
yığma komandasına ilk qızıl medalı Zemfira
Meftaxetdinova
qazandırmışdır. O, XXVII Yay Olimpiya
Oyunlarında uğurla çıxış edərək
Olimpiya çempionluğuna yüksəlmişdir.
2001-ci ildə Misirdə dünya
çempionu adını qazanan Zemfira Əliyevna elə həmin
il Seulda dünya kubokunun gümüş medalını da
qazanmışdır.
2003-cü ildə Çexiyada Avropa çempionluğuna yüksəlmişdir.
2004-cü ildə Yunanıstanın Afina
şəhərində keçirilmiş dünya kuboku
uğrunda yarışlarda III yeri tutan idmançımız
ardınca XXVIII Yay Olimpiya Oyunlarının bürünc
mükafatını qazanmışdır.
2008-ci ildə Pekində keçirilən
XXIX Yay Olimpiya Oyunlarının
iştirakçısıdır.
Zemfira xanımla
evinin yaxınlığındakı bağda
görüşdük. Altı yaşlı oğlu Ruslanı
da özü ilə gətirmişdi. İlk xahişi
soyadını, atasının adını pasportunda göstərildiyi
kimi yazmağım oldu. Yəni, Meftaxetdinova Zemfira Əliyevna.
- İllərdir, hər zaman
soyadımdakı hərfləri müxtəlif cür
yazırlar. Doğrudur, soyadım bir az mürəkkəb səslənir.
Bu ad babalarımdan bizə çatan addır. Nəinki bizdə,
çox vaxt xarici mətbuatda da soyadımı düzgün
yaza bilmirlər.
- Tez-tez rast
gəlinən ad deyil, yəqin ondandır.
- Ola bilər. Ata-anam Bakıda doğulsalar
da, ulu nənə-babalarım aclıq illərində bir
vaxtlar Volqa çayının sahillərindən - Ulyanovskdan
Bakıya köçüblər.
Əslən tatar qızıyam, türk qollarından biri də
bizim xalqdır.
Mən çox sadə bir ailədə
böyümüşəm. Atam sürücüydü, anamsa
layihə institutunda çalışırdı. Ailədə
iki övlad idik: mən, bir də məndən dörd yaş
yarım böyük olan qardaşım. Orta məktəb illərində
qardaşım da, mən də idman dərnəklərinə
gedirdik. Qardaşım gəmi mexaniki sənətinə yiyələndi, hazırda "Xəzərdənizneft"
Donanmasında məsləhətçi-mexanik işləyir.
İdmanın yüngül atletika növü ilə indi də
sadəcə bir həvəskar kimi məşğul olur.
Mən isə, bildiyiniz kimi, taleyimi idmana həsr
etmişəm.
Əvvəllər evimiz indiki Mətbuat
prospektində idi. Sonra köçdük 8-ci mikrorayona. Birinci
sinifdən dördüncü sinfə qədər elə
oradakı 225 nömrəli məktəbdə oxumuşam. 1980-ci ildə Bakı şəhərindəki 8-ci mikrorayonda yerləşən 115 nömrəli orta məktəbi
bitirmişəm.
- Ailə həyatınıza
idmanın maneçiliyi olmur ki?
- Çalışıram ki, olmasın.
1989-cu ildə ailə quranda bizim toyumuzu aprelin 1-nə təyin
etməyimizə heç kim inanmırdı, elə bilirdilər
ki, bu bir zarafatdır. İlk övladım 5 fevral 1990-cı
ildə dünyaya gəlmiş qızım Riginadır. O, hər
zaman sakit, sözəbaxan olub. Amma Ruslan başqa cürdü,
yerində dinc duran deyil. Əslində, oğlan
uşaqlarının hamısı belədir.
Qızım
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq
fakültəsini bitirib, hazırda polis orqanlarından birində
çalışır. Həm də idmanla yaxından məşğul
olur. Arabir idman
yarışlarına da qatılır. Hazırda idman ustasıdır.
Ruslan isə hələ məktəbə getmir.
Ruslanın atası da əvvəllər idmanın cüdo növü ilə məşğul olub. Amma onun əsas
peşəsi idman deyildi. Bilirsinizmi, yoldaşımın
atası, yəni qayınatam İsmət Əlizadə vaxtilə
Zeynəb Xanlarovanın ansamblında çalışıb,
elə böyük bir sənətkarı müşayiət
edib...
-
Qızınız Rigina öz yolunu artıq müəyyənləşdirib.
Bəs Ruslanı hansı sənətdə görməyi
arzulayırsınız?
- Təbii ki, hər şeydən əvvəl
yaxşı insan olmağını arzu edirəm. Yaxşı
insan deyəndə xeyirxah,
sağlamfikirli, sağlamdüşüncəli bir insan
olmağı nəzərdə tuturam. Belə keyfiyyətlərə
malik olmağın özü də
böyük bir xoşbəxtlikdir. Bunlar bir ana kimi mənim arzularımdır. Hansı peşəni,
hansı sənəti seçmək isə Ruslanın öz
ixtiyarındadır. Hansı sənət yolunu seçərsə,
mən də, atası da sadəcə hər zaman onun
yanında, ona dəstək olacağıq.
- Orta məktəbdə
oxuyarkən idmanla məşğul olmağınız əsas
dərslərinizə vaxt ayırmaqda problem yaratmırdı
ki?
- Hər zaman - şagird, tələbə
olanda da, bir evin xanımı, iki uşaq anası olanda da
çalışmışam ki, ailəmizin digər üzvlərinə
öz işimlə, peşəmlə problem yaratmayım. Kamal
attestatımda qiymətlərim yalnız "5" və
"4" olub. Orta məktəb imtahanlarında həmişə
ilk əvvəl məni və məsələn, Arzu
adında başqa bir
qızı müəllim önə çağıraraq deyərdi:
"Zemfira, Arzu, gəlin bilet götürün və
hazırlaşmadan danışın". Çünki,
müəllimlərimiz hər
zaman mənim hazırlıqlı
olmağımdan əmin idilər. Məktəb illərində
hər birimiz müxtəlif millətlərin nümayəndələri
olan dörd ayrılmaz rəfiqə
idik. Dördümüz də idmana gedirdik. Biz sonralar da o
dostluğu qoruyub saxladıq. Həmin qızlardan biri indi də
rəhmətlik atamgilin, yəni
hazırda qardaşım yaşayan binada qonşumuzdur.
İllər ötdükcə hərənin
öz şəxsi problemləri, öz məşğuliyyətləri
meydana çıxdıqca yavaş-yavaş bir-birimizdən
ayrı düşdük... Ancaq mən o illəri yenə də
hər zaman xatırlayıram.
- Necə
oldu ki, məhz stend atıcılığını
seçdiniz?
- Çox sadə. Çünki stend
atıcılığı dərnəyi evimizin lap
yaxınlığında idi, ona görə də biz dörd
rəfiqə oraya yazıldıq. Amma sonralar idman mənim mənəvi
ehtiyacıma çevrildi. Doqquzuncu sinifdə oxuyanda
bütün normativləri yerinə yetirib idman ustası
adına layiq görüldüm.
Direktorumuz idman ustası olmağım
haqqındakı vəsiqəni bütün məktəb
kollektivinin iştirak etdiyi tədbirdə
mənə təqdim etdi, məşqçimiz Hafiz Cəfərov barəmdə xoş
sözlər dedi və xüsusu geyim forması verdi. Məktəbimizdə
qələbəyə imza atan ilk şagird idim deyə, bu, mənə
böyük qürur hissi yaşatdı. Elə o gündən
də mənim həyat yolum böyük idmana yönəldi. Hələ
SSRİ zamanında - 1983-cü ildə Moskvada qızlar
arasında keçirilən yarışda qalib oldum. Bu qələbəmi gələcək uğurlarım
üçün böyük tramplin hesab edirəm.
1986-cı ildə
Moskvada keçirilən Avropa kubokunda II yeri tutdum.
İlk dəfə Azərbaycan
bayrağını qaldırmaq məşqçim Hafiz Cəfərova
(Allahdan Hafiz müəllimə cansağlığı və
şəfalar diləyirəm) və mənə
respublikamız müstəqilliyini yenidən bərpa etdikdən
sonra, 1993-cü ildə - Avropa çempionatının
keçirildiyi Brnoda nəsib oldu.
1976-cı ildən, yəni 13 yaşımdan fasiləsiz olaraq bu
günə kimi stend atıcılığı ilə məşğulam.
Özümü idmandan başqa heç bir sahədə təsəvvür
etmirəm. İdman artıq mənim həyatımdır, o, məni
hər zaman özünə çəkir.
- Sizdən
soruşsaydılar ki, beynəlxalq aləmdə idmanın
missiyası nədən ibarətdir, hansı cavabı verərdiniz?
- Deyərdim ki, idmanın mahiyyəti "Dünyaya sülh" deməkdir.
Yeri gəlmişkən, sovet dönəmində
bir atıcı qadın rəqibim vardı, özü
Bakıda doğulan ermənilərdən idi, sonralar Rusiya
komandasına keçmişdi, Moskvada yaşayırdı. Həmişə
məndən xahiş edərdi ki, Bakıdan ona Azərbaycan
musiqisi yazılan kasetlər aparım. Ürəyi gedirdi bizim
musiqimiz üçün... ən çox da sevimli müğənnimiz
Zeynəb xanımın səsinə qulaq asardı...
Müharibə başlayandan sonra
qarşılaşmamışıq heç.
- Zemfira
xanım, 2015-ci ildə Avropa oyunlarının və 2020-ci ildə
Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi ilə
əlaqədar yaradılan təşkilat komissiyasının tərkibində
siz də varsınız. Belə mötəbər oyunların
məhz Bakıda keçirilməsinin mahiyyətini
açıqlaya bilərsinizmi?
- Olimpiya oyunlarına ev sahibliyi etsək, həm
ölkəmizin idman potensialının daha da gücləndirilməsinə,
həm də Olimpiya dəyərlərinin gənclərimiz
arasında daha geniş yayılmasına yardımçı
olmuş olarıq. Azərbaycan gəncliyi bu oyunlar vasitəsi
ilə Dünya Olimpiya Hərəkatının ən fəal
iştirakçısına çevrilə bilər. Olimpiya
Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan
mədəniyyətini və qonaqpərvərliyini də
dünya ictimaiyyətinə tanıdacaq, ölkələrimiz
arasında yeni dostluq əlaqələrinin qurulmasına səbəb
olacaq.
Ümumiyyətlə, dünyanın bir
çox ölkələrində müxtəlif kütləvi idman oyunlarının
geniş yayılması
insanların sağlamlığına həm müsbət
təsir edir, həm də onlara ruh yüksəkliyi gətirir.
- Zemfira
xanım, Azərbaycanda aparılan dövlət siyasəti
içərisində əsas istiqamətlərdən biri də
Azərbaycan idmanıdır. Hər bir
idmançımızın uğuru nəinki idmanımızın, həm də bütövlükdə elə Azərbaycanımızın
inkişafına bir təkandır. Siz idmançılar
bayraqlarımızı göylərə ucaldan qələbələrinizlə
həmişə xalqımızı sevindirirsiniz. Azərbaycanın
başını ucaldan, bizə
sevinc bəxş edən
Azərbaycan idmançıları güvənc
yerimizdir.
- Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan
idmanına göstərdiyi diqqəti, qayğısı,
uzaqgörən siyasəti sayəsində bizim
respublikamızın ən ucqar bölgələrində də
olimpiya kompleksləri inşa etdirilmiş, orada yaşayan
insanların, gənclərin, yeniyetmələrin istifadəsinə
verilmişdir. Ona görə də mən bütün Azərbaycan
idmançılarının adından deyirəm ki, biz
idmançılar qazandığımız bütün
uğurlar üçün ölkəmizin Prezidenti cənab
İlham Əliyevə minnətdarıq.
İdmançılarımızın da
uğurları göz qabağındadır. Təkcə
2005-2008-ci illərdə
idmançılarımız dünyanın müxtəlif ölkələrində 1500-dən
artıq medal qazanmış, bunların sırasında 500-dən çox
iştirakçımız qızıl medala layiq
görülmüşdür. Bu isə o deməkdir ki, Azərbaycanın bayrağı
dünyanın müxtəlif ölkələrində 1500 dəfə
dalğalanmış, Azərbaycanın himni sərhədlərimizdən
çox-çox uzaqlarda 1500 dəfə
səsləndirilmişdir.
Əlbəttə, məhz ölkə rəhbərimizin Azərbaycan idmanına göstərdiyi
böyük diqqətin və qayğının nəticəsidir ki, dünya idman
federasiyalarının prezidentləri Azərbaycan ölkəsinə,
Azərbaycan idmanına çox etimadla yanaşır,
respublikamızda nəinki beynəlxalq yarışların, həmçinin
olimpiya oyunlarına lisenziya verən yarışların da
keçirilməsinə razılıq verirlər.
- Zemfira
xanım, həmişə əlinizdə silah olur. Məşqlərdə
də, yarışlarda da. Yəqin ki, xidməti
silahınız da var. Heç silahdan qorxduğunuz vaxtlar
olubmu?
- Silah, ümumiyyətlə, təhlükəli
bir şeydir. Onunla diqqətsiz və ya ehtiyatsız davranmaq
olmaz. Əlində silah tutan hər bir şəxs onun məsuliyyətini
də dərk etməli, bütün texniki təhlükəsizlik
qaydalarına əməl etməlidir. Mən istəyərdim
ki, heç bir silah Allahın yaratdığı heç bir
canlıya tuşlanmasın.
- İnsani
xüsusiyyətlərdən
daha çox hansını qiymətləndirirsiniz?
- Yaxşılıq etməyi... İnsan
kim olursa-olsun yaxşılıq etməyi bacarmalıdır. Mən
də gücüm çatan qədərində hər zaman
insanların köməyinə çatmağa
çalışıram.
- Ana kimi daha
çox xoşbəxtsiniz, yoxsa qalib kimi?
- Ana olmaq Allahın nəsib etdiyi ən
böyük xoşbəxtlikdir. Qalib gəlmək isə hər
bir idmançının çəkdiyi zəhmətin nəticəsidir.
Bunlar ayrı-ayrı şeylərdir. Qadının ilk vəzifəsi
cəmiyyətə layiqli övlad böyütməkdir. Bu, bəşəri
bir borcdur. İdman isə peşədir, burada söhbət
artıq vətəndaş borcundan gedir.
-
Qarşıda duran vəzifələriniz nədən
ibarətdir?
- 2015-ci ildə Azərbaycanda Avropa
oyunları keçiriləcək. Bu böyük tədbirə
ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi
ilə ciddi hazırlıq işləri aparılır.
2020-ci ildə isə respublikamızda Yay
Olimpiya Oyunlarının keçirilməsi nəzərdə
tutulur. Mən də təşkilat komissiyasının bir
üzvü kimi üzərimə düşən vəzifənin
məsuliyyətini dərk edirəm.
- Azərbaycana
ünvanlanan arzularınız?
- İlk növbədə
torpaqlarımızın geri qaytarılmasını
arzulayıram. Bu, hamımızın ən ümdə
arzusudur. Cənab Prezidentimiz bu istiqamətdə var qüvvəsilə
çalışır ki, tezliklə bu problem öz müsbət
həllini tapsın.
Uşaqlar bizim sabahımızdır, gələcəyimizdir.
Biz estafeti onlara verəcəyik. Odur ki, onlara açıq səma,
sağlam həyat, sağlam orqanizm, sağlam şüur
arzulayıram. Qoy
bu dünyada heç bir körpənin gözü
yaşlı qalmasın.
"Azərbaycan müəllimi"
qəzetinin oxucuları arasında gənclər də
çoxdur. Mənim onlara tövsiyəm budur ki, idmanla hər
zaman dost olsunlar, təhsilə ciddi yanaşsınlar. Təhsil
səviyyəsi aşağı olan toplumun əziyyətini
bütöv bir xalq çəkir. Hər bir şagird, hər
bir tələbə bunu dərk etməlidir ki, o, valideyni
üçün və ya təkcə özü
üçün oxumur, onlar həm də tərəqqi yolunda
millətimizin sabahına işıq saçacaq canlı
ulduzlarımızdır.
Mən yeni təyin olunan təhsil
nazirimizə də öz çətin və məsuliyyətli
işində uğurlar diləyirəm.
Hazırladı: Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 12 iyul.- S.5.