Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 8"mövzusunda elmi konfrans keçirilmişdir

   

Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan - 8" mövzusunda elmi konfrans keçirilmişdir. Konfransdan öncə  Naxçıvan Dövlət Universiteti Elektron kitabxanasının açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev açılışı bildirən lenti kəsmiş, kitabxana ilə tanışlıq olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı sayəsində 2004-cü ildə kitabxana üçün yeni beşmərtəbəli bina inşa edilmiş, bundan sonra  1968-ci ildən fəaliyyət göstərən kitabxananın tarixində yeni inkişaf mərhələsi başlamışdır. Muxtar respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanası dünyanın 30-dan çox dilində 200.000 nüsxəyə yaxın fonda malikdir. Kitabxana ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsilə 12 min oxucuya xidmət göstərir.  Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış 10 fond, 10 oxu zalı və 6 şöbə var.  Universitetdəki Wi fi internet xidmətindən dizüstü kompüterində "wireless ethernet" kartı olan kitabxana oxucuları da istifadə edə bilir. "Azercell"in 100mb/s.-ə qədər yüksək sürətli internetə çıxışı təmin edən, IV nəsil texnologiyası əsasında  işləyən  modemlərindən  istifadə kitabxana  işçilərinin səmərəli fəaliyyətinə, oxuculara  xidmət  işinə  daha  əlverişli  imkanlar yaradır. NDU Elmi  Kitabxanasının geniş  oxucu  kütləsi üçün www.e-kitab.ndu.nmr.az ünvanında Azərbaycan, rus və ingilis dillərində  İnternet səhifəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qayğısı sayəsində bu il kitabxananın binası təmir olunmuş, oxuculara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün kitabxana yeni nəsil texnologiyalarla təchiz olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və qonaqlar Elmi kitabxananın birinci mərtəbəsində yeni yaradılmış elektron oxu zalında, kitabişləmə şöbəsində, İnternet mərkəzində, dövri mətbuat fondunda olmuşlar. Kitabxananın elektron oxu zalında oxucular üçün 20 ədəd, işçi yerləri üçün isə 10 ədəd kompüter, 1 ədəd server, 1ədəd elektron kitabxananın təşkili üçün böyükhəcmli server, oxu zalı üçün printer və skaner, 1 ədəd elektron kataloq köşkü, yeni təşkil olunmuş konfrans zalı üçün elektron lövhə və dizüstü kompüter quraşdırılmışdır. Elektron kataloq və elektron kitabxananın yaradılması istiqamətində bir sıra işlər görülmüş, kitabxananın fondunda olan 150-yə yaxın kiatbın elektron kataloqu, 100-ə yaxın kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir. İnternet mərkəzində isə universitetin müəllim və tələbələrinin İnternetdən istifadəsi üçün şərait yardılmışdır. Dövri mətbuat fondunda 22.000-dən çox elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri, habelə dissertasiya və avtoreferatlar toplanmışdır. NDU-nun Elmi kitabxanası 35 adda qəzet və jurnala abunə yazılmış, 170 adda jurnal isə kitabxanaya hədiyyə olunmuşdur.  Naxçıvan Dövlət Universitetində elektron kitabxana sisteminin istifadəyə verilməsi dünya standartlarına cavab verəcək müasir tipli kitabxanaların yaradılmasına, kitabxana işinin inkişafına xidmət edəcək.

Sonra elektronika, memarlıq və rəsm sərgilərinə baxış olmuşdur. Ali Məclisin sədrinə elektronika sərgisində nümayiş olunan, universitetin memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robot texnikasının inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələr haqqında məlumat verilmişdir. Universitetin incəsənət fakültəsinin müəllim və tələbələrinin Azərbaycanın dövlətçilik tarixini, qədimliyini, ecazkar təbiətini əks etdirən rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələri ilə tanışlıq olmuşdur. 

Konfransı giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda qazanılan uğurlar, Naxçıvan Dövlət Universitetində atılan əhəmiyyətli addımlar barədə məlumat vermişdir.

Sonra universitet televiziyasının hazırladığı "Elektron Naxçıvan" sənədli filmi nümayiş etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək konfrans iştirakçılarını salamlamışdır. Ali Məclisin sədri Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının ötən əsrin 70-ci illərindən başladığını, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi yaradıldığını, mikrosxemlər və texnoloji avadanlıqların istehsalı ilə məşğul olan sənaye müəssisələri açıldığını, mütəxəssis hazırlığı istiqamətində mühüm işlər görüldüyünü bildirmişdir. Azərbaycanda  rabitənin, tele-kommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı ümummilli liderin ikinci dəfə ali hakimiyyətə qayıtması ilə bağlıdır. Belə ki, 2003-2012-ci illəri əhatə edən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi, qloballaşma və inteqrasiya proseslərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Ali Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin bəhrələrindən, Azərbaycanın ilk tele-kommunikasiya peykinin orbitə buraxılmasının, 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinin siyasi-iqtisadi, strateji əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. İnformasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi sayəsində Naxçıvan informasiya blokadasını yarmış, ən ucqar dağ kəndlərində dünyanın istənilən yeri ilə əlaqə saxlamaq üçün telefon və geniş zolaqlı İnternet əlaqəsi yaradılmışdır. Tele-kommunikasiya infrastrukturu müasirləşdirilmiş, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında üçüncü nəsil tele-kommunikasiya sistemi quraşdırılmışdır ki, hazırda bu sistem mövcud telefon istifadəçilərinin 60%-nə xidmət edir. 134 km yeraltı optik xəttin tikintisi hesabına avtomat telefon stansiyasının 90%-i fiber-optik bağlantılarla təmin olunmuşdur. Ali Məclisin sədri muxtar respublikada yeni texnologiyaya və kompüterləşməyə təlabatın artmasını diqqətə çəkərək bildirmişdir ki, hazırda muxtar respublika əhalisində 87 mindən artıq kompüter vardır. İnternet istifadəçiləri əhalinin 81%-ni təşkil edir. 74 dövlət orqanı üçün İnternet səhifəsi hazırlanaraq qlobal şəbəkəyə yerləşdirilmişdir. 34 dövlət orqanı tərəfindən göstəriləcək elektron xidmətin reqlamentləri təsdiq edilmiş, elektron hökumət portalı yaradılmışdır. Ali Məclisin sədri informasiya-kommunikasiya texnologiyalarının həm də ölkənin intellekt və elmi potensialının vacib göstəricilərindən biri olduğunu vurğulayaraq təhsil müəssisələrinin yeni nəsil informasiya-kommunikasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirildiyini, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 3183 kompüter və 500 elektron löhvə, ali təhsil müəssisələrində isə 600-ə yaxın kompüter və 52 elektron lövhə olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının ardıcıl xarakter daşıdığını diqqətə çatdırmış, bu sahədə qarşıda duran əsas vəzifələrdən danışmış, konfransın işinə uğurlar arzulamışdır.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev "Elmi əlaqələrin inkişafında İKT-nin rolu" məruzəsində Naxçıvanda telemetrik seysmik stansiyaların, GPS şəbəkəsinin qurulmasının əhəmiyyətindən bəhs etmiş, İKT sahəsində təcrübə mübadiləsi məqsədilə Massaçusets Texnologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi arasında virtual laboratoriya yaradılacağını bildirmişdir. 

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov "Azərbaycanda İKT-nin mövcud vəziyyəti və perspektiv inkişafı" mövzulu məruzəsində Azərbaycanda İKT-nin qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunması, ölkədə informasiya cəmiyyətinin yaradılması üçün müvafiq hüquqi baza formalaşması barədə məlumat vermişdir.

2005-ci ildən başlayan "Elektron Naxçıvan" layihəsinin gerçəkləşdirilməsində özünəməxsus rolu olan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Elektron Naxçıvan" və humanitar siyasət" məruzəsində "Elektron Naxçıvan" hərəkatını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun milli düşüncə, dövlətçilik təfəkkürü, humanitar və informasiya texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi kimi dəyərləndirmişdir.

Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev "Elektron Naxçıvan" - inkişaf  mərhələləri",  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov "Təhsil sisteminin informasiyalaşdırılması" mövzusunda məruzələr etmişlər.

Elmi konfransda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi ən müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılmışdır. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Anar Kazımovun təqdimatı ilə paralel və ardıcıl videobağlantılar vasitəsilə Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetinin rektoru, professor, doktor Sami Özcan,  İspaniyanın  Santiaqo de Kompestella Universitetində "Erasmus Mundus" -2 Təhsil Hərəkatı" çərçivəsində doktorantura təhsili alan Şahanə  Hüseynova, Rusiya Federasiyasının Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yuri Aleksandroviç Mazey,  Avstriyanın Qraz şəhərindəki  "Əldə etmək və saxlamaq" (Gain-sustain) təşkilatının təsisçilərindən olan xanım Sabrina Şifrer, Almaniyanın Leypsiq Tədqiqi Elmlər Universitetinin İnformatika və multimedia kafedrasının müdiri, professor Klaus Hansgen, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov konfransa qoşulmuş, virtual əlaqələrin gələcək inkişafı ilə bağlı konkret təkliflərlə çıxış etmişlər.

Konfransa Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov yekun vurmuş, konfrans iştirakçılarına incəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı konsert proqramı təqdim olunmuşdur. 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin müdiri

 

Azərbaycan müəllimi.- 2013.- 12 iyul.- S.3.