Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I
sinfə qəbulu
Qaydaları
Azərbaycan Respublikası təhsil nazirinin
17 iyul
2013-cü il tarixli 739
nömrəli
əmri ilə təsdiq edilmişdir
1. Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları
(bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununun 19.12-ci maddəsinə
əsasən hazırlanmışdır və məktəb
yaşına çatmayan xüsusi
istedadlı uşaqların vaxtından əvvəl I sinfə
qəbulu ilə bağlı məsələləri tənzimləyir.
2.
Aşağıdakı zehni keyfiyyətlər
məktəb yaşına çatmayan əqli
və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi
istedadını şərtləndirən amillər hesab olunur:
2.1.
Mühakimə, müqayisə, ümumiləşdirmə
bacarıqlarının nümayiş
etdirilməsi.
2.2. Nitqin aydınlığı və rabitəliliyi,
fikrin sərbəst və düzgün
ifadə edilməsi. Təqdim olunmuş mövzuda sadə şifahi
mətnin qurulması. Yaşa görə söz ehtiyatının zənginliyi.
2.3.
Dinlənilən mətndən müvafiq nəticə
çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.
2.4.
Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş
etdirilməsi.
2.5.
Müşahidə etdiyi hadisələrə
münasibət bildirilməsi.
2.6.
Müxtəlif sahələr üzrə yaşa
uyğun məlumatlılıq səviyyəsini
ehtiva edən bilik və
bacarıqların nümayiş etdirilməsi.
3.
Vaxtından əvvəl I sinfə qəbul hər il 16 sentyabr-31 dekabr
müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
4.
Uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə
bilavasitə onların valideynlərinin və ya
digər qanuni nümayəndələrinin
müraciəti əsasında baxılır.
5.
Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq
qrupunda məşğul olmuş
xüsusi istedadlı uşaqlar
ümumtəhsil müəssisəsinin rəhbərinin təqdimatı
əsasında həmin müəssisənin I sinfinə
müsahibəsiz qəbul olunurlar.
6. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu
ilə bağlı müsahibə rayon
(şəhər) təhsil şöbəsinin (idarəsinin) nəzdində
yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli
mütəxəssislərdən ibarət (ibtidai
sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya (komissiyalar) tərəfindən
uşağın tədris alacağı dildə
aparılır. Komissiyaya rayon (şəhər) təhsil şöbəsinin
(idarəsinin) müdiri rəhbərlik edir.
7. Komissiya bu Qaydaların 2-ci
bəndində qeyd olunmuş
xüsusi istedad amilini şərtləndirən keyfiyyətlərin
aşkara çıxarılmasını
təmin edən qiymətləndirmə vəsaitlərindən
istifadə edir.
8. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu
barədə valideynlərin (digər qanuni
nümayəndələrin) ərizələri, habelə
ümumtəhsil müəssisələrinin təqdimatları
hər il iyul
ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində
(idarəsində) qeydiyyata alınır.
Uşaqların seçimi rayon
(şəhər) təhsil şöbələrinin (idarələrinin)
müəyyən etdiyi günlərdə
sentyabrın 10-dək həyata keçirilir.
Valieynlərin arzusu ilə müsahibə
zamanı videoçəkiliş aparıla bilər.
9. Hər
bir uşaqla müsahibə
bir qayda olaraq 15-20 dəqiqə aparılır.
Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara
çıxarılması üçün
nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab
5 ballıq şkala ilə qiymətləndirilir.
Ən azı 15 bal toplamış uşaq zəruri zehni
keyfiyyətlərə malik hesab olunur.
10. Komissiya müəyyən edilmiş
zehni keyfiyyətlərlə yanaşı,
uşağın psixoloji
dayanıqlılığını, fiziki
durumunu və səhhətinin vəziyyətini
də qiymətləndirib yekun rəy
hazırlayır. Komissiyanın rəyi müsahibə
aparıldığı gün
açıqlanır.
11. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu
komissiyanın rəyi əsasında rayon
(şəhər) təhsil şöbəsi (idarəsinin) müdirinin əmri ilə rəsmiləşdirilir.
Əmrin surəti uşağın təhsil alacağı məktəbə
təqdim olunmaq üçün
onun valideyninə (digər qanuni
nümayəndəsinə) verilir.
12. I sinfə müsahibə (müsabiqə) əsasında
qəbul aparılan Təhsil Nazirliyinin
tabeliyindəki istedadlı şagirdlər üçün
məktəb, gimnaziya və liseylərdə
xüsusi istedadlı uşaqların
vaxtından əvvəl I sinfə qəbulu bu
Qaydalara uyğun olaraq həmin müəssisələr tərəfindən
aparılır.
13.
Naxçıvan Muxtar Respublikası ərazisində
xüsusi istedadlı uşaqların
vaxtından əvvəl I sinfə qəbulu qaydaları bu Qaydalara uyğun
olaraq Naxçıvan Muxtar
Respublikasının Təhsil Nazirliyi tərəfindən
müəyyən edilir.
Azərbaycan
müəllimi.- 2013.- 19 iyul.- S.5.