700 bal toplamış məzunlar

 

Onlar III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında bu uğura imza atmışlar

 

2013-2014-cü tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə  iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır.

TQDK-nın bu barədə yaydığı məlumatda qeyd olunur ki, III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 28 min  944 abituriyentdən 27 min 819 nəfəri imtahanda iştirak etmişdir. Müsabiqə  şərtlərinə əsasən ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar (dövlət sifarişli ixtisaslar üzrə ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı  nisbi balı 10-dan az olmayanlar) III ixtisas qrupu üzrə ixtisas seçimində iştirak edə bilərlər. İmtahanın nəticələrinə əsasən, bu şərti ödəyən abituriyentlərin sayı 10 min 153 nəfər  olmuşdur.  İmtahanda  4 nəfər maksimum nəticə - 700 bal toplamışdır. Aşağıda onları oxucularımıza təqdim edirik.

 

Qafarova Flora Eldar qızı 

 

1996-cı il fevralın 13-də Sumqayıt şəhərində anadan olmuşdur. 2002-ci  ildə Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri liseyinə I sinfə qəbul olunmuşdur. İbtidai təhsili "əla" qiymətlərlə bitirmişdir. Yuxarı siniflərdə də müvəffəqiyyətlə oxumuş və liseyin sayılıb-seçilən şagirdlərindən olmuşdur.

Oxuduğu illərdə fənn olimpiadalarında fəal iştirak etmiş, olimpiadanın şəhər turunun mükafatçıları sırasına çıxmışdır. Liseyi bu il "əla" qiymətlərlə bitirmişdir.

Floranın dediklərindən: "Ali məktəbə hazırlığa 10-cu sinifdə başlamışam və hazırlığı "Araz" ali məktəblərə hazırlıq kurslarında keçmişəm. Hazırlıq müddətində hədəfim yalnız  700 bal olub və buna nail olmaq üçün müəllimlərin tapşırıqlarına ciddi əməl etmiş, dərslərimi vaxtında yerinə yetirmişəm. Fikirləşirəm ki, 2 illik hazırlığın mənim 600 bal həddini rahatlıqla keçməyimi təmin edə bilərdi. Lakin liseydə də ciddi hazırlığım mənim 700 bal toplamağıma təminat  vermişdir. Mən bu uğura imza atacağıma əmin idim".

Bu uğuruna görə ilk növbədə müəllimlərinə borclu olduğunu bildirən F.Qafarova özünün formalaşmasında, dərin biliklərə yiyələnməsində daha çox zəhmət payı olan ibtidai sinif müəllimi Yavər Mürşüdovanın, ingilis dili müəllimi Gülnarə Babayevanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Mədətovanın, tarix müəllimi Məhəmməd Süleymanovun, sinif rəhbəri Vaqif Behbudovun ünvanına minnətdarlığını ifadə etdi.

Bu yazının hazırlanması prosesində əlaqə saxladığımız Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfər Əliyev məzunlarını oxuduğu illərdə liseyin ən yaxşı şagirdlərindən biri, ictimai işlərdə xüsusi fəallıq göstərən gənc kimi xarakterizə etdi. Bildirdi ki, o, sənədlərini III ixtisas qrupuna versə də humanitar fənlərlə yanaşı texniki fənləri də yüksək səviyyədə mənimsəmiş, dərsə davamiyyət baxımından liseyin ən nümunəvi şagirdlərindən olmuşdur. F.Qafarova fənn olimpiadalarında, eləcə də Xəzər və Qafqaz universitetlərinin keçirdikləri bilik yarışlarında fəal iştirak edərək mükafatlar qazanmışdır.

Flora Qafarovanın bundan sonrakı hədəfi Qafqaz Universitetinin tərcümə fakültəsində təhsil almaqdır. Gənc qız bu ali məktəbi yaxşı tanıdığına, orada yüksək ixtisaslı mütəxəssis yetişdirilməsi üçün bütün şəraitin və yüksək təhsil mühitinin olmasına, habelə bu ali təhsil ocağının keçirdiyi bilik yarışlarında həmişə həvəslə iştirak etdiyinə görə seçmişdir. Universitetdə də daim belə yüksək nəticələr əldə etməyi arzulayan və bunu qarşısına məqsəd qoyan Flora gələcək illərdə ali məktəblərə hazırlaşacaq həmyaşıdlarına məktəb dərslərini vaxtlı-vaxtında oxumağı məsləhət görür. 

 

İsmayılov Məhəmməd Şahin oğlu 

 

1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə oxuduğu müddətdə həmişə yüksək təlim göstəriciləri ilə fərqlənib. "11 il ərzində hər zaman biliyimə görə seçilən şagird olmuşam", - deyə o, bizimlə söhbətində bildirdi.

Məhz bunun nəticəsi olaraq Məhəmməd bu il buraxılış imtahanlarını da "əla" qiymətlərlə verərək 258 nömrəli məktəbi qızıl medalla bitirmişdir.

M.İsmayılov III ixtisas qrupu üzrə iki il ciddi hazırlaşdığını bildirdi. Lakin bu istedadlı gənc imtahanlara yaxşı hazırlaşsa da 700 bal toplayacağını gözləmədiyini söylədi. "Əslində 670 bal hədəfləmişdim. 700 bal toplayacağımı gözləmirdim. Amma yaxınlarım, qohumlarım, müəllimlərim mənim 700 bal toplayacağıma əmin idilər və bu nəticəni məndən gözləyirdilər".

M.İsmayılovun arzusu hüquqşünas olmaqdır. Arzusunu reallaşdırmaq üçün artıq ən real şans əldə etmiş gənc bakalavr təhsilini Azərbaycanda almaq, magistraturanı isə xaricdə oxumağı planlaşdırmışdır. Seçim etmək üçün hələ 3 həftə vaxtının olduğunu deyən M.İsmayılov bakalavr təhsili almaq üçün iki ali təhsil müəssisəsi - Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim edəcəyini vurğuladı.

Onu da qeyd edək ki, Məhəmmədin sinif yoldaşları arasında da yüksək bal toplayanlar vardır.

258 nömrəli tam orta məktəbin müəllimi, Məhəmmədin sinif rəhbəri olmuş Zəkiyyə Abdullayevanın fikrincə, bu cür yüksək nəticə göstərmək üçün şagirdlərin orta məktəbin aşağı siniflərindən yaxşı oxumaları lazımdır.

"Məhəmməd birinci sinifdən onbirinci sinfə qədər çox yaxşı oxumuşdur. O, təkcə humanitar fənlərdən deyil, bütün fənlərdən yüksək qiymətlər almışdır. Nəticədə məktəbimiz onun qızıl medala namizədliyini irəli sürmüş və o, məktəbimizin medallı məzunu olmuşdur", - deyə Z.Abdullayev tədris ocaqlarında Məhəmmədlə fəxr etdiklərini, onun gələcəkdə yaxşı mütəxəssis olacağına inandıqlarını bildirmişdir.

 

Murğuzova Nərminə Sahib qızı 

 

1995-ci il sentyabrın 18-də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Nərminə orta təhsilini Tovuz rayonu Bozalqanlı kənd  tam orta məktəbində almışdır. Orta təhsil illərində dərslərini "4", "5" qiymətlərlə oxumuş Nərminə hər zaman öz çalışqanlığı, dərsə hazırlığı, savadı ilə məktəbdə seçilmişdir. Orta məktəbi gümüş medalla bitirən bu istedadlı qız yüksək bilik nümayiş etdirərək ali məktəblərə qəbul imtahanlarında III ixtisas üzrə  maksimum -700 balı toplamaqla böyüyüb boya-başa çatdığı doğma rayonuna, eyni zamanda Bozalqanlı kəndinə bir başucalığı, sevinc gətirdi.

Bu xoş hadisənin sevincini yaşayanlardan biri - Nərminənin  orta təhsilini başa vurduğu Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət Quliyev bizimlə söhbət zamanı öz məzunu barədə bunları bildirdi:  "2003-2004-cü tədris ilindən Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbinə direktor təyin olunmuşam. Həmin ildən bütün siniflərdə olduğu kimi, Nərminənin oxuduğu sinifdə də dərslərdə iştirak etmişəm. O, öz çalışqanlığı ilə hər zaman seçilirdi. Yuxarı siniflərə keçdikcə onda olan fərqli fitri istedad qabarıq şəkildə özünü göstərirdi. X sinifdə ictimai fənlərə marağını nəzərə alaraq onu ictimai fənlər seçmə sinfinə cəlb etdik. X sinifdə oxuduğu müddətdə bu qızın gələcəkdə yüksək bal toplayacağına ümidlərimiz artdı. Nərminənin başqa şagirdlərdən fərqli cəhəti onun özünə qarşı inamlı, məqsədinə çatmaq üçün çox çalışqan olmasıdır. Artıq Tovuz təhsilində 700 bala ilk imza atan gənc Nərminə Murğuzova oldu. Bizim məktəbin muəllim və şagird kollektivi onunla fəxr edir".

Nərminə Murğuzova isə söhbət zamanı əldə etdiyi yüksək  nəticəni belə dəyərləndirdi: "Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı olması fikri ilə razı deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticə əldə edə bilməzlər. Bunun üçün sadəcə çalışmaq, səy göstərmək lazımdır.  Lap uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm ki, əslində oxuyan üçün şəhər və ya kəndin fərqi yoxdur. Oxumaq,  məqsədinə nail olmaq istəyən, mənə elə gəlir ki, harada yaşamasından asılı olmayaraq öz arzusuna çatacaqdır. Elə mənim kimi.

Mənə yüksək savad vermiş müəllmlərimə, doğma məktəbimin rəhbərliyinə  öz dərin təşəkkürümü bildirirəm. Ən böyük arzum Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almaq,  tələbəlik illərində, sonradan isə iş həyatımda  yüksək bilik və bacarığımla  valideynlərimin, yaxınlarımın mənə olan etimadını  doğrultmaqdır".

 

Məmmədli Nərmin Rövşən qızı 

 

1996-cı il sentyabrın 21-də  Mingəçevir şəhərində anadan olmuşdur. Nərmin Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəbin məzunudur.  Orta məktəbdə oxuduğu 11 il ərzində hər zaman yüksək bilik və bacarığı ilə fərqlənmişdir. Nümunəvi davranışı, təlim-tərbiyəsi ilə müəllimlərinin və öz yaşıdlarının hörmətini qazanmışdır. Təhsil aldığı müddətdə dərs əlaçısı kimi tanınan Nərmin rayon üzrə keçirilən  fənn olimpiadalarında da fəal iştirak edərək şəhər turunda müvafiq yerlər tutmuşdur. O, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə məktəbi qızıl medalla bitirmişdir. 

Hazırda 700 bal toplamağın sevincini yaşayan Nərmin bizimlə öz təəssüratlarını bölüşdü: "700 bal toplamağı  əvvəlcədən hədəfləmişdim və buna nail oldum. Valideynlərimə, yaxınlarıma, 11 il təhsil aldığım Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəbin müəllim kollektivinə bu sevinci yaşatdığım üçün sevinir və qürur hissi keçirirəm. Təbii ki, əldə etdiyim yüksək nailiyyət, eyni zamanda doğma məktəbimin də uğurudur. Mənim üstümdə əməyi keçən müəllimlərimdən İradə Sadıqovaya, Rima Məmmədovaya, Tənzilə Heydərxanlıya, Hilal Qarayevə və digərlərinə, həmçinin bizim yüksək təlim-tərbiyə almağımız üçün yaradılmış şəraitə görə məktəbimizin direktoru Tamara Barataşviliyə öz minnətdarlığımı bildirirəm".

III ixtisas qrupunu seçmiş Nərminin ən böyük arzusu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almaqdır. O, tanınmış bir hüquqşünas olmaq istəyir. Nərmin eyni zamanda "Arzularımdan biri də ali təhsilimi gələcəkdə xarici ölkələrin birində davam etdirməkdir. Əgər bu reallaşarsa, o zaman Amerika və ya İngiltərədə təhsilimi davam etdirmək istəyirəm", - deyərək özü üçün artıq indidən planlar qurub.

 

Azərbaycan müəllimi.- 2013.- 19 iyul.- S.5.