Şərəfli ömür yolu

 

Ömürdən səhifələr: Telman Həmzağa oğlu  Cəfərov (Vəlixanlı) 1963-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində anadan olmuşdur. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra 1985-1988-ci illərdə rus dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır. Elmə olan həvəsi onu 1988-ci ildə Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına APRDƏİ) aspiranturasına gətirmişdir. Aspirantura müddətində əsgəri borcunu yerinə yetirən T.Cəfərov 1992-ci ildə "M.Y.Lermontovun nəsri Azərbaycan ədəbiyyatşünaslığı və tərcümələrində" adlı namizədlik, 2004-cü ildə isə "Qədim rus ədəbiyyatında slavyan-türk əlaqələri" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

Ali məktəbdəki fəaliyyəti Bakı Slavyan Universitetinin rus ədəbiyyatı və onun tədrisi kafedrasında laborant vəzifəsindən başlamışdır. Hazırda həmin kafedranın professorudur.1996-cı ildə Bakı Slavyan Universitetinin təsisçiliyi ilə fəaliyyətə başlayan Məktəb-Lisey Kompleksinin (əvvəlki "Turan" Humanitar Liseyi) direktorudur. 1993-cü ildə yaradılmış "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin təsisçisidir.

Filologiya elmləri doktoru, professor Telman Cəfərovun həyat yolundan son dərəcə xəsisliklə verdiyimiz fraqmentlərdən də aydın görünür ki, söhbət fəaliyyət dairəsi bir çox sahəni - müəllimlik, alimlik, jurnalistlik, tərcüməçilik, təsisçilik, naşirlik və s. əhatə edən ziyalıdan gedir. Belə şəxsiyyətlər haqqında danışanda istər-istəməz XIX əsrin maarifçi ziyalıları yada düşür. Fəaliyyətin çoxşaxəliliyi bu böyük insanların önəmli cəhəti idi, əsas amal isə xalqa, vətənə xidmət idi.

"Mənə bir hərf öyrədənin 40 il qulu olaram" (Hz.Əli).  Professorun fəaliyyət istiqamətlərinin hər biri öyrənilməyə layiqdir. Ancaq bunların içərisindən müəllimlik qırmızı xətt kimi keçir, digər sahələr də məhz sözün geniş mənasında müəllimliyin ətrafında birləşir. T.Cəfərov nə edirsə etsin,  əsas məqsədi öyrətməkdir. Biz isə hələlik onun pedaqoji anlamda başa düşülən müəllimlik fəaliyyətini nəzərdən keçirək. Telman müəllim bu sənətə sadəcə jurnal götürüb sinfə daxil olmaq kimi baxmamışdır. Professorun fikrincə, sinif, auditoriya xalqın, millətin tale yüklü məsələlərinin həll olunduğu yerdir. Bu isə müəllimin üzərinə son dərəcə yüksək məsuliyyət qoyur: "Milli mentalitetimizin və mədəniyyətimizin, din və dilimizin üstünlüklərini, geosiyası mövqeyimizi və iqtisadi potensialımızı öz xeyrimizə sərf etməyin, dünyaya inteqrasiya və qloballaşma meyillərinin Azərbaycan insanının rifah və marağına yönəltmək yolunun məktəb və universitet auditoriyasından keçdiyini yaxşı anlayıram". Bu sözlər T.Cəfərovun özünə məxsusdur.  Otuz illik müəllimlik fəaliyyətinin təxminən 20 ilini onunla birgə olmuşam. Və bu, mənə əsas verir deyim ki, T.Cəfərov həmin yuxarıda sitat gətirdiyimiz ideyaya qulluq etdiyini işində, əməlində artıq sübut etmişdir. Müqəddəs yol - müəllimlik 1985-ci ildə Azərbaycanın cənnət guşəsi olan Yardımlının Vəlixanlı kəndindən başlamış və hazırda Bakı Slavyan Universitetinin auditoriyalarında davam edir. İstər gənc yaşlarında işlədiyi kənd məktəbinin, istər ali məktəbin, istərsə də direktoru olduğu BSU MLK-nın vaxtilə tələbəsi və şagirdi olduğu müdavimlərinin xoş sorağı dünyanın hər yerindən gəlir.

1990-cı illərdə respublikada kütləvi şəkildə özəl ali məktəblər təsis edilməyə başladı. Telman müəllim burada da fərqli və mən deyərdim ki, daha münasib və uğurlu yol seçdi: ali məktəb nəzdində orta ümumtəhsil məktəbi yaratmaq təşəbbüsünü irəli sürdü. Ən yaxşı müəllimləri işə cəlb etdi, şagirdlər imtahanla seçilib liseyə qəbul edildi. Bunlar təhsilin yüksək səviyyəsinin ilk qarantı idi. Bu il  "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş, 900 nəfərdən artıq  şagirdi, 110 nəfərdən çox müəllimi birləşdirən təhsil ocağı 2010-cu ildə xalqımızın görkəmli ziyalısı, AMEA-nın müxbir üzvü, rektor Kamal Abdullayevin təşəbbüsü ilə BSU Humanitar liseyi və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında Bakı Slavyan Universiteti nəzdində  Məktəb-Lisey Kompleksinə çevrildi.

Müəllim işləyib təkcə özünə cavabdeh olmaq bir ayrı, direktor olub böyük bir kollektivin məsuliyyətini daşımaq isə ayrı məsələdir. Mən bu yazıda MLK-nın müəllim və şagird kollektivinin uğurlarından danışmaq istəmirəm. Bu, ayrı söhbətin mövzusudur və mətbuatda müəyyən qədər işıqlandırılmışdır. Sözsüz ki, bu nailiyyətlərin əldə olunmasında Telman Cəfərovun rolu əvəzolunmazdır. Kollektivdə hamı bilir ki, Telman müəllimi hər hansı bir işdən razı salmaq çox çətindir; ondan da yaxşısını, ondan da uğurlusunu tələb edəcək - kollektivin hər bir üzvünə qarşı da, özünə qarşı da belədir. İşgüzarlıq, özünə tənqidi yanaşmaq, həmişə irəliyə can atmaq - bunlar bir direktor kimi T.Cəfərovun əsas iş üslubudur.

Bir müəllim kimi professor Telman Cəfərov yaxşı başa düşür ki, keyfiyyətli dərslik tədrisi irəli aparan əsas amillərdən biridir. Odur ki həm müasir dərsliklərin müzakirəsində yaxından iştirak edir, müasir təlim texnologiyalarına, innovasiya və yanaşmalara, elmi mənbələrə əsaslanmış təkliflər irəli sürür (N.Mirzənin "Ana dilimiz. Əlifbamız. Təhsilimiz və konfliktologiya elmi haqqında bəzi mülahizələr" kitabına ön söz - Bakı, 2009; Ümumtəhsil məktəblərinin yuxarı sinifləri üçün təhsil standartları və tədris planları barədə - Bakı Dövlət Universitetində keçirilən "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda respublika elmi konfransındakı məruzənin tezisləri, 2011; Kurikulum konkret hədəflərə ünvanlanmış milli təhsil konsepsiyasıdır - "Azərbaycan müəllimi" qəzeti, 2012, 21 dekabr; Orta məktəblər üçün alternativ dərsliklər  zamanın tələbidir  -"525-ci qəzet", 2013, 25 may; Bizdə obyektiv təhsil ekspertləri institutu formalaşmayıb - "Palitra" qəzeti, 2013, 5 iyun və s.), həm də digər tərəfdən ali və orta ümumtəhsil məktəbləri üçün proqram, dərslik və dərs vəsaitləri tərtib edir. Metodist alimin ali məktəblər üçün tərtib etdiyi proqramlar, "Qədim rus ədəbiyyatı", "Rus ədəbiyyatı tarixi" adlı dərs vəsaitləri, orta ümumtəhsil məktəblərin 7, 8 və 11-ci sinifləri üçün hazırladığı "Literatura" dərslikləri, "Məktəblinin ədəbiyyat lüğəti"  və "Məktəblinin lüğəti" adlı vəsaitləri pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

Müəllim təəssübkeşliyinin nəticəsidir ki, professor Telman Cəfərov təhsilin, pedaqoji məsələlərin, məktəbşünaslığın problemlərinə biganə qala bilmir. Professorun dövri mətbuatda dərc olunan, konfranslarda, yığıncaqlarda səslənən onlarla məqaləsinin, məruzə və çıxışlarının adını çəkmək olar ki, təhsilimizin uğurlu inkişafına işıq salır, çətinlikləri, nöqsanları və onların həlli yollarını göstərir.

"Alimdir gözümdə ən uca insan" (N.Gəncəvi). Professor Telman Cəfərovun bir alim kimi də fəaliyyət dairəsi genişdir. Bu fəaliyyətin əsas istiqaməti rus ədəbiyyatının Azərbaycanda tanınması olsa da, ədəbiyyat tarixi, tərcüməşünaslığın problemləri, Azərbaycan ədəbiyyatının xaricdə tanınması, xalqlararası ədəbi əlaqələr, pedaqogikanın müxtəlif sahələri kimi qlobal məsələlərə dair də alimin onlarla əsərləri var. Alim 200-dən artıq elmi məqalənin, 20-dən çox kitabın müəllifi və tərtibçisi kimi tanınır. T.Cəfərov xaricdə keçirilmiş onlarla beynəlxalq konfrans, simpozium və seminar-treninqlərin fəal iştirakçısı olmuşdur. Elmin müxtəlif sahələrinə, xüsusilə qədim rus ədəbiyyatı, Azərbaycan və rus ədəbi əlaqələrinə həsr olunmuş məqalələri mütəmadi olaraq xaricdə nəşr edilir. Ədəbiyyatımızın təbliği və Azərbaycandakı müasir ədəbi prosesin mənzərəsinin canlandırılması üçün Moskvada nəşr olunan "Literaturnaya qazeta" ilə ədəbiyyatşünas alim davamlı əməkdaşlıq edir. "XV-XVII əsrlər rus ədəbiyyatında türk elementləri" kitabı 2003-cü ildə Moskvada,  "XV-XVII yüzyıl Rus Edebiyyatında Türkler" adlı monoqrafiyası 2010-cu ildə Türkiyədə, "Noveyşaya zarubejnaya literatura" adlı kitabda müəllifi olduğu "Azərbaycan ədəbiyyatı" oçerki 2011-ci ildə Alma-Atada çap olunmuş və elmi ictimaiyyət tərəfindən yüksək qiymələndirilmişdir. "Qədim Rus və türklər XII-XVII əsrlərin ədəbi abidələrində" monoqrafiyası Həştərxan Dövlət Universitetinin nəşriyyatı tərəfindən çapa hazırlanmışdır.

Tərcümə geniş mənada insanlar arasında ünsiyyət vasitəsidir. Dilləri, ədəbiyyat və mədəniyyətləri bir-birinə yaxınlaşdırmaq işində tərcümə əvəzolunmazdır. Bütün bunları dərindən bilən T.Cəfərovun əsas fəaliyyət istiqamətlərindən biri də tərcüməçilikdir. Bu sahədəki uğurları digər sahələrdən heç də geridə qalmır. Professor bir tərəfdən praktik təcüməçi kimi fəaliyyət göstərir, digər tərəfdən tərcümə nəzəriyyəsi ilə bağlı elmi məqalələr yazır, respublikada artıq öz sözünü demiş "Mütərcim" jurnalına baş redaktorluq edir, digər tərəfdən isə tərcümə və nəşr işi ilə məşğul olan böyük bir mərkəzə rəhbərlik və təsisçilik missiyasını həyata keçirir.

Telman Cəfərovun dahi rus yazıçısı F.M.Dostoyevskinin "Karamazov qardaşları" romanını ilk dəfə Azərbaycan dilinə çevirməsi tərcüməşünaslıqda hadisəyə çevrildi. Tərcümə kitabına yazdığı ön sözdə professor Məmməd Qocayev tərcümənin müsbət məziyyətlərini qeyd etməklə yanaşı, bu işi qeyrət işi adlandırır: "Əslində Dostoyevskinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi bizim tərcümə məktəbimizin qeyrət işidir, ziyalılığımızın, elmimizin, mədəniyyətimizin səviyyəsinin göstəricisidir". Təsadüfi deyil ki, adıçəkilən tərcümə işinə görə Telman Cəfərov Azərbaycan Yazıçılar Birliyinin Tofiq Bayramov adına mükafatına, Rusiya Elmlər Akademiyasının Rus ədəbiyyatı İnstitutu və "Rus aləmi" fondunun təsis etdiyi Beynəlxalq tərcümə mükafatına, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülmüş, tərcümə haqqında yüksək rəylər respublika mətbuatı ilə yanaşı, Moskvada, "Literaturnaya qazeta"da və "Baku" jurnalında nəşr olunmuşdur. 

İdeoloji və dini maneələr üzündən sovetlər dönəmində dahi rus yazıçısı L.N.Tolstoyun dilimizə çevrilməmiş hekayələrini tərcümə edərək kitab şəklində buraxdırmışdır. Professorun rus avrasiyaçı alimlər N.Trubeskoy, P.Saviski, E.Xara-Davan, L.N.Qumilyov və başqalarından etdiyi elmi-pedaqoji tərcümələri "Avrasiyaçılıq ideyaları müasirlik prizmasında" kitabında toplanmış, "Avrasiyaçılıq və azərbaycançılıq: təmas nöqtələri və yaxınlaşma  perspektivləri" adlı elmi-nəzəri məqaləsi bir sıra ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmişdir.

Keçən əsrin 90-cı illərində - müstəqilliyin ilk illərində respublikamızda gedən proseslər, o cümlədən xarici əlaqələrin (geniş mənada) birbaşa həyata keçirilməsi dünya dillərindən də birbaşa tərcümə problemini qarşıya qoydu. Bunu ilkin duyanlardan biri də Telman Cəfərov oldu və 1993-cü ildə "Mütərcim" Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzini yaratdı. Əvvəllər əsasən hüquqi sənədlərin Azərbaycan dilinə çevrilməsi, xarici şirkət və firmalardan ingilis, alman, fransız, ispan, türk dillərindən tərcümə sifarişləri qəbul edən mərkəz tədricən fəaliyyət dairəsini genişləndirdi, elmi və bədii əsərlərin, dərsliklərin və s. orijinaldan dilimizə çevrilməsi işini də uğurla davam etdirdi. Yarandığı gündən indiyə kimi bu müəssisənin nəşr etdiyi kitabların sayı yüzlərlədir. Telman müəllim Prezident sərəncamı ilə nəşr olunan 10-a yaxın kitabın tərtibçisi və onlara yazılmış ön sözün müəllifidir. 

Bu yaxınlarda professor Telman Cəfərovun 50 yaşı tamam olur. Mənə elə gəlir ki, bu yaşda həqiqi bir vətəndaş, istedadlı, əməksevər, cəfakeş maarif xadimi nələri edə bilərdisə, Telman müəllim onlara nail olub. Amma ona da əminik ki, daim irəli, daim uğurlara can atan bu şəxsiyyəti yeni-yeni zirvələr gözləyir. 

 

Akif MƏMMƏDOV,

pedaqogika üzrə fəlsəfə doktoru, BSU-nun dosenti, BSU MLK-nın kafedra müdiri

 

Azərbaycan müəllimi.- 2013.- 19 iyul.- S.7.