İnkişaf
Konsepsiyası: ümumi təhsilin perspektivləri
Azərbaycanın gələcək
inkişafı məhz təhsillə bağlıdır.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Müasir Azərbaycanın sosial,
iqtisadi, mədəni həyatı
durmadan dəyişir, inkişaf edir. Bu dəyişikliklərin mahiyyətini cəmiyyətimizin gələcək uğurlarını təmin edən,
onun dünya arenasına çıxmasına imkan yaradan
islahatyönümlü tədbirlərin həyata keçirilməsi
təşkil edir. Bu tədbirlərin içərisində təhsil
özünün rol və əhəmiyyətinə görə
aparıcı yerlərdən birini tutur. Mütəxəssislər
təhsil hadisəsini "mühüm sosial hadisə",
"sosial fenomen" kimi dəyərləndirməklə onun
cəmiyyətin inkişafındakı əvəzedilməz
rolunu xüsusi olaraq vurğulayırlar. Müstəqillik illərində
Azərbaycanın bütün ictimai, siyasi və iqtisadi həyatında
aparılmış islahatyönümlü tədbirləri
ümumiləşdirməklə qiymətləndirən və
ölkəmizin yaxın zaman üçün irəliləyişlərini
müəyyənləşdirən "Azərbaycan - 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında da təhsilin cəmiyyətin
inkişafındakı rolu ayrıca vurğulanır. Göstərilir
ki, "son illərdə ölkəmizin modernləşdirilməsinə
istiqamətlənmiş sosial-iqtisadi siyasətlə təhsil
sahəsində əhəmiyyətli
nailiyyətlərin əldə olunması da
bağlıdır". Bu bağlılıq onu bilavasitə
bir üstqurum hadisəsi kimi insanların, bütövlükdə
cəmiyyətin formalaşması baxımından zəruri
edir.
Ölkəmizin
tarixində təhsil özünün sosial-pedaqoji funksiyasını yerinə yetirməklə
həm də zaman-zaman dəyişərək böyük bir
inkişaf yolu keçmiş, müasir dövrümüzə
qədər gəlib çatmışdır. Müstəqillik
dövründə təhsil sahəsində
aparılmış islahatlar, onun humanist, demokratik, inteqrativ
xarakterinin güclənməsilə nəticələnmişdir.
Ən başlıcası müstəqil təhsil siyasətinin
formalaşması, təhsilin orijinal məzmununun
yaradılması istiqamətində
işlər aparılmışdır. İnkişaf
Konsepsiyasında qeyd olunduğu kimi, "Təhsilin məzmunca
yeniləşməsinə istiqamətlənmiş islahat tədbirləri
görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil
məkanına inteqrasiya istiqamətində əhəmiyyətli
addımlar atılmışdır". Ümumi təhsil sahəsində
dövri olaraq ("Azərbaycan Respublikasında ümumi orta təhsilin
dövlət standartları" (1999), "Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" (2006),
"Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)" (2010)) bir-birini davam və
inkişaf etdirən, yeni mahiyyət və məzmun
daşıyan sənədlər hazırlanaraq qəbul
edilmişdir. Eyni zamanda, ümumi təhsil fənləri
üzrə təhsil proqramları (kurikulumları)
hazırlanmışdır. Məzmun standartları,
strategiyalar və qiymətləndirmə mexanizmlərindən
ibarət olan bu sənədlərdə bilik, bacarıq və
vərdişlərə söykənən dəyərlərin,
şagird şəxsiyyətinin intellektual
xüsusiyyətlərinin, fiziki və mədəni keyfiyyətlərin inkişaf
etdirilməsi ön plana çəkilmişdir.
Təhsilin
informasiyalaşdırılması da
əldə olunan nailiyyətlərdən biri hesab edilir. İnkişaf Konsepsiyasında göstərilir ki,
" Təhsilin informasiyalaşdırılması sahəsində
əhəmiyyətli nailiyyətlər əldə
edilmişdir. 2004-cü ildə hər 1063 şagirdə bir
kompüter düşdüyü halda, hazırda hər 20
şagirdə bir kompüter nisbəti təmin
olunmuşdur". Eyni zamanda, "İnzibati, pedaqoji və
texniki heyət əhatə olunmaqla 75 min nəfər
müvafiq treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələnmişdir".
Bütün
bunlarla yanaşı, ümumi təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni
məktəb binalarının, siniflərin tikilməsi,
köhnə məktəblərin təmir olunması sahəsində
görülmüş işlər də islahat
dövrünün uğurlarından hesab olunur ki, bu işlər
İnkişaf Konsepsiyasında da gələcək fəaliyyətin
mühüm istiqamətlərindən biri kimi göstərilir:
"Məktəbin tikintisi və əsaslı təmiri sahəsində
həyata keçirilən işlər davam etdiriləcək,
ümumi təhsil müəssisələrinin şəbəkəsinin
rasionallaşdırılması
istiqamətində xüsusi proqram hazırlanıb həyata
keçiriləcəkdir".
Bütün
bunlar ölkəmizin ümumi təhsil sahəsində
islahatyönümlü tədbirlər olmaqla müstəqillik
dövründə təhsil sahəsində həyata
keçirilən, qlobal dünyanın tələblərinə
uyğun yerinə yetirilən işlər kimi dəyərləndirilə
bilər. Lakin nəzərə alınmalıdır ki, cəmiyyət
inkişaf edir, ehtiyac və tələbatlar artdıqca
ümumi təhsildə quruculuq işləri də
qaçılmaz bir zərurət kimi
davam etdirilir. Heç şübhəsiz, Azərbaycan
Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan -
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının yaranması, orada
cəmiyyətimizin bütün sahələri, o cümlədən
təhsilin bütün pillələri kimi, ümumi təhsillə
bağlı perspektivlərin, fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi bu zərurətdən irəli gəlir.
Azərbaycan
məktəbi ötən əsrin sonlarından başlayaraq
özünü yeniləşdirmək istiqamətində fəaliyyət
göstərir. Addım-addım əldə olunan bu irəliləyişlərdə yeniliklərlə yanaşı, ənənələrə
söykənən fəaliyyətlər də qalmaqda davam
edir. Heç şübhəsiz, özünün humanist
funksiyası ilə təhsil tariximizdə, eləcə də
praktikada özünə yer tutmuş nəzəri-təcrübi
yanaşmalar müsbət dəyərlər kimi ənənəyə
çevrilərək yaşayır. Eyni zamanda, yeni pedaqoji
innovasiyaların əsasını təşkil etməklə
onun yaranmasını və inkişafını
stimullaşdırır. Ənənə və novatorluq
dilemması qarşısında dayanan məktəb haqqında
qənaətlərə görə, "Məktəb bu
gün iki yolun ayrıcındadır. Bu yolayrıcı əslində
iki pedaqoji sistemi, pedaqoji təfəkkür tərzini və ya
üslubunu səciyyələndirir. Müasir psixoloji ədəbiyyatlarda
birinci sistem "ənənəvi didaktika" və ya "ənənəvi
pedaqoji sistem", ikinci isə "yeni pedaqoji təfəkkür",
"müasir təhsil konsepsiyası" kimi səciyyələndirilir.
Birinci yol hələ də sıravi müəllimlərin təcrübəsində
bu və ya digər formada yaşasa da, əslində bir
pedaqoji sistem kimi
ömrünü başa vurmuşdur. İkinci yol isə vüsətlə
məktəb həyatının bütün sahələrinə
nüfuz etməkdədir". (Əlizadə Ə. Müasir
Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı:
Pedaqogika, 2004; səh.5).
Ənənələrə
əsaslanaraq intişar tapan, genişlənən yeniliklər
bu gün bütövlükdə təhsil həyatımızı,
xüsusən də ümumi təhsil sistemini əhatə etməkdədir.
Qlobal dünyanın təhsil məkanında baş verən
proseslər bu sistemin daha yeni məzmun alması ilə
yanaşı, həm də onun sürətlə yerinə
yetirilməsini tələb edir. İnformasiyalı cəmiyyətin
formalaşdığı, informatlaşdırma prosesinin
geniş miqyas aldığı qlobal zaman çərçivəsində
məktəbdə struktur dəyişikliklərinin aparılması zərurəti
yaranır. Elə bu səbəbdən də ölkə
miqyasında ümumi təhsilin struktur dəyişiklikləri
nəzərdə tutulur. İnkişaf Konsepsiyasında ona
xüsusi diqqət yetirilr: "12 illik ümumi təhsil
sisteminə keçid təmin ediləcək".
Məlum
olduğu kimi, dünyanın inkişaf etmiş ölkələrinin
təhsil sistemində 12 illik ümumi təhsillə
bağlı böyük təcrübə vardır. Həmin
ölkələrdə və böyük iqtisadi sosial və mədəni
nailiyyətlərin qazanılmasında 12 illik ümumi təhsil
təcrübəsinin rolu şübhəsizdir. Bu mənada
ölkəmizdə 12 illik ümumi təhsilə keçilməsi
barədə fikirlər əhəmiyyətli müddəalar kimi dəyərləndirilir.
12 illik
ümumi təhsilə keçid həm də dünya təhsilində
qloballaşmadan irəli gələn unifikasiya prosesinin tələbi
kimi başa düşülməlidir. Bu prosesdə dünya
ölkələrinin ümumi təhsil sistemində struktur
uyğunluğu yaradılmaqla səmərəli əlaqə və
mübadilələrin qurulmasına imkan yaranır. Heç
şübhəsiz, bu, ümumi təhsilin təşkili, idarə
olunması, qarşılıqlı faydalanma istiqamətində
fəaliyyətlərin qurulmasını
stimullaşdırır.
Müasir
zaman özünün bol informasiyalarının fonunda zəngin
görünməklə yanaşı, çox sayda
texnologiyaları ilə xarakterizə olunur. Bu şərait isə
müxtəlif informasiyalar və texnologiyalarla davranmağı
bacaran, yüksək intellektə sahib olan insanların
formalaşdırılmasını tələb edir. Belə
bir tələbin yerinə yetirilməsində ümumtəhsil
məktəbi daha böyük bir missiya daşıyır. Məktəbin
psixopedaqoji problemlərini araşdıran görkəmli
psixoloq alim professor Əbdül Əlizadənin gəldiyi qənaətlərə
görə, "XXI yüzillik ağılın, intellektin təntənəsi
əsridir. Müstəqillik yoluna çıxmış
respublikamızın milli mənafeyi Azərbaycan məktəbinin,
ilk növbədə, məhz
ağıl, intellekt ocağı olmasını tələb
edir". (Əlizadə.Ə. Müasir Azərbaycan məktəbinin
psixoloji problemləri. Bakı, Pedaqogika, 2004, səh. 7-8).
Məktəb
müasir şəraitdə yalnız informasiya, bilik verməklə
öz işini tamamlaya bilməz.
Hazır bilik və bacarıqları öyrənməklə
şagirdlər yalnız yaddaşın potensial
imkanlarını genişləndirmiş olurlar. Əslində
isə cəmiyyət axtarışlar aparmağı,
yaradıcı fəaliyyət göstərməyi bacaran
insanlar kimi onları qarşılamaqla özünün tələblərini
irəli sürür. Bunun üçün ümumtəhsil məktəblərində
şagirdlərin intellektual səviyyəsini,
yaradıcılıq qabiliyyətini inkişaf etdirmək
prioritet məsələ kimi qarşıya qoyulur.
İnkişaf Konsepsiyasında
da bu məsələ ümumi təhsilin mühüm
inkişaf istiqamətlərindən biri kimi nəzərdə
tutulur. Göstərilir ki, "Şagirdlərin fəallığını,
ümumi inkişafı ləngidən mövcud "yaddaş
məktəbi"ndən "təfəkkür və
düşüncə məktəbi"nə keçidin təmin
olunması məqsədilə sistemli tədbirlər həyata
keçiriləcəkdir".
Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, bu mühüm vəzifənin həyata
keçirilməsi üçün islahat dövründə
hazırlıq işləri aparılmış, müvafiq
hüquqi baza yaradılmışdır. İlkin olaraq "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda
ümumi təhsilin bu baxımdan rolu və funksiyası müəyyən
olunmuşdur: "Ümumi təhsil təhsilalanların fiziki
və intellektual inkişafına, zəruri biliklərə yiyənlənməsinə,
onlarda sağlam həyat tərzinin və sivil dəyərlərə
əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və
dünyəvi dəyərlərə hörmət hissinin
aşılanmasına ailə, cəmiyyət, dövlət və
ətraf mühit qarşısında hüquq və vəzifələrinin
müəyyən edilməsinə imkan yaradır". ("Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanunu.
Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2009,
səh 27). Eyni zamanda, ümumi təhsilin məzmununa
qoyulan tələblərdə də bilavasitə bu məsələ
diqqət mərkəzində saxlanılmış, təhsilalanların
hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi
həyata hazırlanmasının zəruriliyi mühüm tələb
kimi belə müəyyən olunmuşdur: "Ümumi təhsilin
məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji
xüsusiyyətləri nəzərə alınmaqla, onların
dünyagörüşünün və şəxsiyyətinin
formalaşmasını, bazar münasibətlərinin tələblərinə
uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini,
əqli, fiziki, mənəvi, estetik inkişafını,
müstəqil əmək və təhsil həyatına
hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar
üzvünə çevrilməsini təmin edir"
(Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları), "Kurikulum" jurnalı,
2010, № 3).
Eləcə
də hər bir fənn üzrə təhsil proqramları
(kurikulumları) hazırlanarkən, birinci növbədə, onların
mahiyyət etibarı ilə
şəxsiyyətyönümlü və
şagirdyönümlü xarakter daşıması bu məsələnin
məqsəd və vəzifələrdə, eləcə də
məzmunda (standartlarda) və strategiyalarda (texnologiyalarda)
öz əksini tapması vacib tələb kimi gözlənilmişdir.
Standartlarda şagirdlər üçün müəyyən
olunmuş idraki (koqnitiv), hissi və psixomotor keyfiyyətlər
ifadə edilmişdir. Bu standartlar hər hansı təhsil pilləsi
və səviyyəsinə aid olmaqla şagirdlərin ümumi
inkişafını izləməyə və dəyərləndirməyə
imkan verir. Standartlarda şagirdlərin öyrənmək,
müşahidələr aparmaq, ümumiləşdirmək,
sistemə salmaq, qruplaşdırmaq, analiz-sintez etmək, təqdimatlar
hazırlamaqla özünün və təmsil etdiyi qrupun fəaliyyətini
nümayiş etdirmək, yaradıcı fəaliyyət
göstərmək və nəticələri ümumiləşdirmək kimi təfəkkür
fəaliyyətinə söykənən intellektual keyfiyyətlər
ifadə edilir.
İnkişaf
Konsepsiyasından irəli gələn vəzifə kimi, məktəbin
struktur dəyişikliklərinə aid tədbirlərin həyata
keçirilməsi faydalı hesab edilir. Bu zaman inteqrasiya
prinsipinə istinad olunmaqla fənlərin nəzərdən
keçirilməsi, xüsusən icbari təhsil səviyyələrində
müvafiq fənlərin (Azərbaycan dili, ədəbiyyat;
kimya, fizika, biologiya və s.) birləşdirilməsinə və
bunların əsasında inteqrativ məzmunun
yaradılmasına yönəlmiş tədbirlər həyata
keçirilə bilər.
Düşüncə
və təfəkkür məktəbinə keçidin təmin
olunmasının bir mühüm şərti də intellekt dərsliklərinin
yaradılmasıdır. Şagirdləri düşünməyə,
axtarmağa şövq edən belə dərsliklərin nəzəri
və praktik cəhətdən reallaşdırılması
üçün bu sahədə dünyada mövcud olan təcrübənin
öyrənilməsi ilə yanaşı, ölkəmizdə
bu problemin həll
olunması məqsədilə psixopedaqoji, fənlərin tədrisi
metodikası üzrə araşdırmalar aparılmalı,
intellektual dərslik nümunələrinin hazırlanaraq
eksperimentdən keçirilməsi və ölkəmizin məktəblərində
istifadə olunmasına dair həlledici addımlar
atılmalıdır. Belə dərsliklə işləmək
üçün müəllimlərə
kömək məqsədilə müvafiq tövsiyələrin
yazılması, eləcə də müəllim
hazırlığında həmin işlərin nəzərə
alınması bu istiqamətdə yerinə yetirilən tədbirlərdən
biri kimi dəyərləndirilə bilər.
Bu
gün hələ də qalmaqda olan məktəbin muxtariyyəti
məsələsinin həll edilməsi, onun
iqtisadi, nəzarət
işlərində müstəqilliyinin təmin olunması
düşüncə məktəbinin yaradılması
prosesini sürətləndirə bilən vasitələrdən
biri hesab edilir. Məktəblərin şagirdbaşına
maliyyələşdirilməsi onun daha keyfiyyətli işləmək
imkanlarını genişləndirməklə rentabelliliyinə
təsir göstərə bilər.
Düşüncə
məktəbinin yaradılması onun təlim, dərs
sisteminin də yenidən qurulmasını tələb edir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu, məktəb
islahatlarının ən çox əhəmiyyət
daşıyan və öyrənmə işinin nüvəsini
təşkil edən bir problemdir. Yaxşı haldır ki, son
dövrlərdə dərs, onun mahiyyəti, məzmunu,
quruluşu və sair məsələlərlə bağlı
çoxlu məqalələr yazılır, nümunələr
hazırlanaraq çap olunur. Lakin təəssüflə qeyd
etmək lazımdır ki, bu yazılar epizodik xarakter
daşımaqla, daha çox subyektiv mülahizələrə
söykənir. Ciddi nəzəri-pedaqoji araşdırmalara əsaslanmır.
Ən başlıcası isə ondan ibarətdir ki, inzibati
amirlik dövründən qalan dərsin standartlaşması
tendensiyası hələ də davam etməkdədir.
Dərs strateji bir vasitədir,
texnologiyadır. Eyni zamanda, yaradıcı xarakterə malik olan
bir öyrənmə prosesidir. Bu gün şagirdləri
öyrənməyə cəlb edən hər bir dərs o
zaman intellektual imkanları ilə əhəmiyyət kəsb
edəcəkdir ki, demokratik prinsiplərlə qurulacaq,
qeyri-standart xarakter daşıyacaqdır.
İlkin araşdırmalara əsasən
onu demək mümkündür ki, inteqrativ xarakter
daşıyan intellektual dərslərin müddəti, vaxt,
zaman ölçüləri onun mühüm parametrlərindən
biridir. Bu mənada hazırkı bir akademik saat çərçivəsində reallaşdırılan dərslərin müddətinə
yenidən baxmaq təlim prosesinin təkmilləşdirilməsi
istiqamətində əhəmiyyətli tədbirlərdən
sayıla bilər.
Bu gün ən mühüm problemlərdən biri də müəllim və
şagirdlər üçün tədris və təlim
resurslarının az olmasıdır. Düşüncə məktəbinin
yaradılmasında müəllim və şagirdlərin
yaradıcı fəaliyyətinin təmin olunması vacib tələblərdəndir.Fikrimizcə,
təhsil prosesində standartların tələbinə
uyğun müxtəlif resursların
çox olması istifadəçiləri seçim
qarşısında qoymaqla onları düşünməyə,
istifadə edəcəkləri materiallara yaradıcı
yanaşmağa təşviq edər. Bu, təhsilin demokratik
xarakterindən irəli gələn bir cəhət kimi
özünü göstərməklə müəllim və
şagirdlərin yaradıcılıq imkanlarını
genişləndirər, onların daha səmərəli fəaliyyətinə
şərait yaradar. Bütün bunlar isə ölkədə
təhsil üzrə resurs mərkəzinin yaradılmasına
ehtiyacın olduğunu göstərir.
İnkişaf Konsepsiyasında ümumi təhsilin
perspektivləri ilə bağlı mühüm məsələlərdən
biri onun təmayüllər üzrə qurulmasıdır. Sənəddə
göstərilir ki, "Tam orta təhsil səviyyəsində
təhsil təmayüllər üzrə təşkil olunacaq,
istedadlı uşaqlar üçün inkişafetdirici fərdi
proqramlar yaradılacaqdır".
İstedadlı uşaqlarla iş Azərbaycanda
ümumdövlət əhəmiyyətli problemdir. Müstəqil
Azərbaycanın
Konstitusiyası hazırlanarkən ona ölkənin təhsil
siyasətinin aparıcı istiqamətlərindən biri kimi
xüsusi dəyər verilmiş, bu barədə belə bir
müddəa qəbul olunmuşdur: "Maddi vəziyyətindən
asılı olmayaraq istedadlı şəxslərin təhsili
davam etdirməsinə dövlət zəmanət verir" (Azərbaycan
Respublikasının Konstitusiyası. Bakı, Qanun, 2005, səh.15).
Həmin siyasət "Təhsil haqqında" Qanunda da
inkişaf etdirilərək konkretləşdirilmişdir:
"Dövlət maddi vəziyyətindən asılı olmayaraq
istedadlı şəxslərin təhsilini davam etdirməsinə
təminat verir, sosial müdafiəyə ehtiyacı
olanların təhsil almasına şərait yaradır"
("Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu, Bakı, "Hüquq ədəbiyyatı"
nəşriyyatı, 2009, səh. 13). Bu müddəalar təhsilin
bütün pillələrinə, o cümlədən də
ümumi təhsilə aid olmaqla hər bir istedadlı şəxsin
inkişaf etməsinin hüquqi təminatçısı kimi
çıxış edir.
Təbii olaraq bu hüquqi baza əsasında
istedadlılarla iş respublikamızın təhsil siyasətinin
aparıcı istiqamətlərindən biri kimi öz ifadəsini
ölkə miqyasında qəbul olunmuş İnkişaf Konsepsiyasında da tapmışdır. Bu problemin həll
olunmasında təhsilin infrastrukturunun dəyişilməsi,
xüsusən icbari təhsildən sonra ümumi təhsilin təmayüllər
üzrə qurulması vacib məqamlardandır. Bu məsələ
hazırda "Ümumi təhsil pilləsinin dövlət
standartları və proqramları (kurikulumları)",
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi" sənədlərində yer tutmaqdadır. Əslində bu dəyişiklik
ümumi təhsilin bütün təlim, tərbiyə, eləcə
də idarəetmə mexanizmlərinin yenidən qurulması ilə
reallaşdırılacaqdır. Bu zaman ümumi təhsilin səviyyələri
üzrə maddi-texniki və eləcə də tədris
bazasının nəzərdə tutulmuş təhsil siyasətinə
uyğunlaşdırılması diqqət mərkəzində
saxlanılacaqdır. Heç şübhəsiz, ümumi təhsilin
infrastruktur dəyişikliyi həm də analoji olaraq kadr
potensialının möhkəmləndirilməsi və ondan
istifadə edilməsi prosesi ilə birgə həyata
keçiriləcəkdir. Ona görə də ilkin mərhələdə
ümumi təhsilin infrastruktur dəyişikliklərinin xəritəsini
hazırlamaq, onun planlı və sistemli olaraq həyata
keçirilməsinin mühüm şərtlərindən
biri kimi faydalı hesab edilir.
Cəmiyyətimiz inkişaf edir. Hamı
üçün bərabər təhsil şəraitinin
yaradılması ümumi təhsil siyasətinin mühüm
parametrlərindən biri kimi diqqət mərkəzində
saxlanılır. Çünki hər zaman olduğu kimi, bu
gün də cəmiyyət insanların sağlamlıq
imkanlarının müxtəlifliyi baxımından
özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Humanist və demokratik prinsiplər bilavasitə təhsildə
bu vəziyyətin nəzərə alınmasını, vəziyyətindən
asılı olmayaraq bütün uşaqların ictimai
mühitə adaptasiya olunmaqla sosiallaşmasını zəruri
tələb kimi qarşıya qoyur. İnkişaf
Konsepsiyasında "Eyni zamanda xüsusi qayğıya
ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar
üçün müxtəlif inkişafetdirici, korreksiyaedici
və inklüziv təhsil proqramları tətbiq ediləcəkdir"
müddəasının qəbul
olunması da məhz bu tələblərdən irəli gəlməklə
ümumi təhsilin perspektiv istiqamətlərindən birini təşkil
edir.
Qlobal dünyanın mühüm problemlərindən
biri də məlumatları müxtəlif bloklarda, mənbələrdə
ümumiləşdirməklə informatlaşma prosesini həyata
keçirməkdən ibarətdir. Bu, informasiyaların
çoxaldığı və inkişafın sürətləndiyi
hazırkı dövrdə son dərəcə vacib olan tələblərdən
biri hesab edilir. Xüsusilə təhsildə informasiyaların
çevik və mütəhərrik xarakterdə olması onun
elektron təhsil texnologiyalarından istifadə edilməklə
nisbətən qeyri-stabil formada təqdim olunmasını zəruri
tələb kimi qarşıya qoyur. Artıq bu məsələ
ilə bağlı respublikamızda müəyyən
addımlar atılmış, bəzi fənlər üzrə
elektron tədris vəsaitlərinə dair nümunələr
hazırlanmışdır. Bu işlər, heç
şübhəsiz, gələcəkdə də davam etdiriləcəkdir.
İnkişaf Konsepsiyasında
qeyd olunduğu kimi, "Elektron təhsil
texnologiyalarının tətbiqi əhəmiyyətli şəkildə
genişləndiriləcəkdir". İstər təlim, istər
tədris, istər idarəetmə, istərsə də qiymətləndirmə
üzrə elektron təhsil texnologiyalarının
hazırlanması sahəsində tədbirlər həyata
keçiriləcəkdir.
Biz bu məqalədə
"Azərbaycan - 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasından irəli gələn
vəzifə kimi ümumi təhsilin perspektivlərinə dair
bəzi məqamlardan söhbət
açdıq. Bu mülahizələri genişləndirmək
də olardı. Lakin əsas vəzifə bu problemləri
aydınlığı ilə dərk etməkdən və
onların həyata keçirilməsi istiqamətində qətiyyətlə
addımlamaqdan ibarətdir.
Abdulla
MEHRABOV,
Təhsil
Problemləri İnstitutunun direktoru, professor, əməkdar
müəllim,
Ənvər
ABBASOV,
Təhsil
Problemləri İnstitutunun direktor müavini, dosent, əməkdar
müəllim
Azərbaycan
müəllimi.- 2013.- 19 iyul.- S.4.