Bakı Slavyan Universitetinin Azərbaycanı
xaricdə tanıdan tədris-mədəniyyət
mərkəzləri fəaliyyət göstərir
Bakı Slavyan
Universitetində Azərbaycanı xaricdə tanıdan tədris-mədəniyyət
mərkəzlərinin fəaliyyət göstərməsinə
aid tədbir keçirilmişdir.
Tədbirdə BSU-nun prorektorları Asif Hacıyev, Sahibə Qafarova
və Oktay
Səmədov çıxış etmişlər. Bildirilmişdir ki, müasir dövrdə
çoxşaxəli fəaliyyət ölkəmizin təhsil
müəssisələrinin başlıca xüsusiyyətlərindən
birinə çevrilmişdir. Bu gün ali məktəblər
yalnız yüksəkixtisaslı kadr
hazırlığını həyata keçirən tədris
müəssisələri, gənc nəslin təlim və tərbiyəsinə
cəlb edilmiş təhsil ocaqları kimi deyil, həm də ictimai və mədəni sahələrdə xüsusi çəkiyə malik olan və beynəlxalq əlaqələrindən
bəhrələnərək azərbaycanşünaslığı
xaricdə təbliğ edən, ölkəmizi dünyaya
tanıtmaqda özünəməxsus rol oynayan elm və mədəniyyət
mərkəzləri kimi fəaliyyət
göstərirlər.
Əsrin
əvvəllərində xalqımızın ümummilli
lideri Heydər Əliyevin fərmanı ilə
yaradılmış və qısa müddət ərzində bir çox layihələrə
imza atmaqla və
faydalı beynəlxalq əlaqələr qurmaqla
geniş nüfuz
qazanmış Bakı Slavyan Universitetinin çoxşaxəli fəaliyyəti
buna bariz nümunədir.
Qeyd olunmuşdur ki,
bu gün BSU tərəfindən
yaradılmış və Azərbaycanı təbliğ edən
tədris-mədəniyyət mərkəzləri Rusiyanın Moskva Dövlət Linqvistik
Universitetində, Belarusun M.Tank
adına Belarus Dövlət Pedaqoji Universitetində, Ukraynanın Poltava İqtisadiyyat və
Ticarət Universitetində və Kiyev Milli Linqvistik
Universitetində uğurla fəaliyyət
göstərir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar
elm xadimi, professor K.Abdullayevin təşəbbüsü
və təşkilatçılığı ilə
yaradılmış bu mərkəzlərdə
Azərbaycan dili tədris olunur,
dövlət və milli bayramlar
qeyd edilir, ölkəmizin
görkəmli ziyalıları, elm və
mədəniyyət xadimləri, şair və
yazıçılarla, səfirlik nümayəndələri, diaspora təşkilatlarının təmsilçiləri
ilə görüşlər keçirilir,
kitab təqdimatları və sərgiləri,
elmi seminarlar, "dəyirmi
masa"lar və disputlar təşkil olunur.
Diqqətə
çatdırılmışdır ki,
yaxın gələcəkdə Azərbaycanın ictimai-siyasi həyatında mühüm
hadisəyə çevriləcək prezident
seçkiləri ərəfəsində, Bakı Slavyan Universiteti iki ölkənin - Bolqarıstan və
Rusiyanın nüfuzlu ali
məktəblərində yeni Azərbaycan
dili və mədəniyyəti mərkəzlərinin
açılışına hazırlaşır. BSU-nun
Bolqarıstanın paytaxtında yerləşən Müqəddəs
Kliment Oxridski adına
Sofiya Universiteti və
Rusiya Federasiyasının Yekaterinburq
şəhərindəki B.Yeltsin adına Ural Federal Universiteti
ilə imzaladığı qarşılıqlı əməkdaşlıq
müqavilələri əsasında fəaliyyətə başlayacaq Azərbaycan dili
və mədəniyyəti mərkəzlərinin rəsmi
açılışı sentyabr
ayının sonu - oktyabr
ayının əvvəllərində gözlənilir. Hər
iki universitetdə tədris-mədəniyyət
mərkəzləri üçün xüsusi otaqlar
ayrılmışdır və hazırda Azərbaycanın bir guşəsinə çevriləcək bu otaqlarda əsaslı təmir
işləri həyata keçirilməkdədir.
BSU
mərkəzləri həm tədris prosesində, həm də
mədəni-kütləvi tədbirlərdə geniş istifadə ediləcək ən müasir texniki
avadanlıqlarla - kompüter
avadanlıqları, geniş ekranlı televizor və proyektorlarla,
sənədli və bədii videodisklərlə, milli məişət və bəzək əşyaları
ilə təmin
ediləcəkdir. Burada Azərbaycanın müasir durumu, beynəlxalq
siyasi və iqtisadi əlaqələri,
turizmin inkişafı, ölkənin mədəni
həyatı, ədəbiyyatı və incəsənəti
barədə zəngin məlumatlar toplanacaqdır.
Mərkəzlərin
kitabxana fondu Azərbaycanın
tarixi və mədəniyyətindən, onun müasir həyatından
bəhs edən albom və kitablardan,
görkəmli yazıçı və şairlərin əsərlərindən,
elmi nəşrlər, dərsliklər və
tədris ədəbiyyatından, lüğətlər və
məlumat kitabçalarından,
dövri mətbuat nümunələrindən
ibarət olacaqdır.
Rusiyalı
tələbələrə Azərbaycan dilinin
xarici dil qismində tədrisi,
bu coğrafi məkanlarda
yaşayan həmvətənlərimizin
övladları üçün Azərbaycan
dili üzrə Bazar günü məktəblərinin təşkili,
Azərbaycana maraq göstərən yerli tələbələrin "Azərbaycanın
dostları" klubunun yaradılması da nəzərdə tutulmuşdur.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
ideologiyasının təbliği sahəsində Bakı Slavyan Universitetinin əldə
etdiyi təcrübə hər bir mərkəzin bu məqsədə
nail olacağına əminlik yaradır. Yaxın gələcəkdə fəaliyyətə başlayacaq hər iki mərkəz
Azərbaycanın dünyaya
tanıdılması istiqamətində bu
gün uğurla həyata
keçirilən dövlət siyasətini əməli şəkildə
dəstəkləyən BSU kollektivinin prezident seçkiləri ərəfəsində
dövlətimizə töhfəsi, ulu
öndərin layiqli davamçısı,
ölkə Prezidenti cənab İlham Əliyevin namizədliyinin universitetin professor-müəllim və tələbə
heyəti tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2013.- 26 iyul.- S.5.