Elm məbədinə gedən yolda...

 

Elm bir məbəddir. Bu məbədə doğru gedən yolun hər addımında çətinlik var. Addım-addım irəlilədikcə onu hiss edirsən. Amma hər tapdığın, müəyyən etdiyin yeniliyə bağlanırsan. O, səni növbəti addımlara sövq edir. Çəkdiyin əziyyətləri unudursan. Sanki çətinliklər stimullaşdırıcı bir vasitəyə çevrilərək adama  rahatlıq  gətirir. Elm məbədində o kəslər çıraq yandırır ki, onlar istedad və zəhmətləri ilə daha çox parlayır və cəmiyyətdə başqalarından fərqlənirlər. Özlərinin qeyri-adi qabiliyyətləri, istedadları ilə görünürlər. Nasim müəllim də belələrindəndir.

 

Nasim Əjdər oğlu Abışov 1974-cü ildə Yardımlı rayonunun Bozayıran kəndində dünyaya göz açmışdır. Orta təhsilini də bu kənddə almış, həmişə dərs əlaçısı kimi fərqlənmişdir. Daha çox təbiət elmlərinə maraq göstərmiş, onları  dərindən öyrənməyə çalışmışdır. Orta məktəbdə oxuduğu illərdə kimya və biologiya fənləri üzrə beynəlxalq və respublika olimpiadalarında iştirak etmiş, yüksək yerlər tutmuşdur. O, 1991-ci ildə orta məktəbi başa vuraraq respublika olimpiadasının qalibi kimi Bakı Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunmuşdur.

Ali məktəb illərində də yüksək fəaliyyəti ilə fərqlənmişdir. Dərslərini əla oxumaqla yanaşı, həm də ilkin araşdırmalara qoşulmuş, tədqiqatçı tələbə kimi müxtəlif konfranslarda, seminarlarda məruzələrlə çıxışlar etmişdir. 1996-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə aspiranturaya daxil olmuşdur. 1999-cu ildə aspiranturanı başa vurmuş, 2000-2001-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının fiziki kimya kafedrasında assistent vəzifəsində çalışmışdır. 2001-ci ildə fiziki kimya üzrə namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.

Nasim müəllim təhsil illərində, eləcə də elmi araşdırmalarla məşğul olduğu dövrdə bir müəllim kimi daim şagirdlərlə məşğul olmağa, onlara dərs deməyə daha çox üstün yer ayırır, fəaliyyətində bu istiqaməti heç vaxt yaddan çıxarmırdı. Elə bu səbəbdən də elmlə məşğul ola-ola 1996 - 2000-ci illərdə kimyadan Beynəlxalq Olimpiadalara  Hazırlıq   Mərkəzində də çalışır, şagirdlərə kimyanın daha dərindən öyrənilməsində yardımçı olur və bu işindən xüsusi zövq alırdı. Məktəb, təlim prosesi bu gənc alimi özünə daha çox çəkirdi.

Nəhayət, Nasim müəllim 2001-ci ildə ölkəmizin innovasiya məktəblərindən olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksində kimya kafedrasının müdiri vəzifəsinə işə qəbul olunur və 2003-cü ildə tədris hissəsinin müdiri vəzifəsinə irəli çəkilir. 2009-cu ildən isə məktəbin direktoru vəzifəsində çalışmağa başlayır.

N.Abışov bir müəllim, pedaqoq kimi çalışdığı dövrlərdə yüksək nailiyyətlər qazanır. Onun dərs dediyi şagirdlər beynəlxalq kimya olimpiadalarında qızıl, gümüş və bürünc medallar alır. Həmin şagirdlərin əksəriyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunur.  2006-cı ildə onun şagirdlərindən biri Cənubi Koreyada  keçirilən  beynəlxalq  kimya olimpiadasının qalibi kimi gümüş medalla təltif edilir.

Beləliklə, Nasim müəllimin şagird kimi qazandığı beynəlxalq nailiyyətlər bir irs, ənənə kimi sonradan müəllim işlədiyi dövrdə şagirdlərinə, yetirmələrinə keçir, onların canında, qanında yaşayır. O, həmişə söz düşəndə yetirmələrinin beynəlxalq uğurlarından fəxarətlə danışaraq özünü onlarda tapdığını və bunun bir elm, təhsil şəcərəsi olduğunu deyir. Bütün bunların nəticəsidir ki, Nasim Abışov bu gün bir kimya müəllimi kimi Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Kimyadan Təhsil Assosiasiyasının diplomçusu kimi yüksək bir ad daşıyır. Həm də ölkəmizdə kimya fənni üzrə respublika olimpiadası münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərir.

Nasim müəllim bir elm adamı kimi fəaliyyətə başlasa da, göründüyü kimi, daim məktəblə,  praktika ilə bağlı olub. Əldə etdiyi elmi nailiyyətlərini şagirdlərinə ötürməklə müqəddəs bir müəllimlik missiyasını yerinə yetirib. Elə bu minvalla da özü hiss etmədən pedaqoji elmlərin sirli, sehrli aləminə varid olub. Hətta aspirantura  illərində  belə məktəb kimya kursundan ayrılmayıb.  Onun özəlliklərini araşdırıb, məktəbin, müəllimin ehtiyaclarından irəli gələn məsələlərə daha çox diqqət yetirib. Bu yanaşmalar innovasiya xarakteri daşıyıb, yeni olub. Müasir təhsil quruculuğunun tendensiyasına cavab verib.

Nasim müəllimin  yaradıcılığı  üçün xarakterik   olan keyfiyyətlərdən biri odur ki, o, müəllimlik təcrübəsini pedaqoji, metodik araşdırmalarla ustalıqla əlaqələndirib. Başqa sözlə, təcrübədə nələrə ehtiyac olubsa, ondan yazıb. Beləcə, təcrübəli bir müəllim kimi praktikada, peşəkar bir kimyaçı-metodist kimi nəzəriyyədə irəliləyib.

Yaradıcılıq təcrübəsi onu göstərir ki, adətən, tədqiqatçılar  kiçikhəcmli yazılar yaza-yaza böyük əsərlərə doğru addımlayırlar. Bu zaman özlərinin yaradıcılıq diapazonunu genişləndirməklə yanaşı, həm də daha əhatəli məsələləri öyrənməyə cəhd edirlər. Nasim müəllim isə, əksinə, elmi-metodik yaradıcılığa irihəcmli əsərlərlə gəlib. Özü də daha qlobal, daha ümumi xarakter daşıyan problemlərin həllinə təşəbbüs göstərməklə qədəm qoyub. Onun 1999-cu ildə müəlliflər kollektivi ilə birgə hazırladığı irihəcmli "Kimyadan dünya olimpiada məsələləri" dərsliyi və "Abituriyentlər üçün kimyadan qəbul imtahanlarına hazırlıq" dərs vəsaiti bu qəbildən olan kitablardır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu problemlər zamanında aktual sayılan və tədqiqatçı cəsarəti tələb edən məsələ kimi dəyərləndirilmişdir. Bu gün də onlar öz aktuallığını saxlamaqda davam edir. Təbii ki, bunlar qlobal dünyanın təhsil məkanında milli və bəşəri dəyərlərə malik şəxsiyyətin formalaşdırılması ideyasından irəli gəlir.

Nasim Abışov özünün elmi-pedaqoji, metodik yaradıcılığı üçün başlıca leytmotiv kimi təlim prosesində müasir texnologiyalardan istifadəni götürür. Bu məsələni həm ümumpedaqoji, həm metodik istiqamətdə araşdırır. Tədqiqatlarının, demək olar ki, əksər hissəsini kimyanın tədrisi metodikasına həsr edir. O  hətta özünün ümumpedaqoji fikirlərini  əsaslandıranda da kimya fənninə aid nümunələrə istinad edir.

Nasim müəllim konkret olaraq araşdırmalarını tədris prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə üzrə işin sisteminin yaradılmasına yönəldir. Apardığı araşdırmalarının nəticələrini "Kimyanın tədrisində iş dəftərlərindən istifadənin üstünlükləri" (2001), "Tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından istifadənin üstünlükləri" (2007),  "Tədris zamanı informasiya texnologiyalarından istifadənin effektivliyinin təcrübi olaraq yoxlanılması" (2007), "Kimyanın tədrisində müasir informasiya texnologiyalarının rolu" (2008), "Kimyanın tədrisində kompüterin rolu" (2008), "Kimyanın tədrisi zamanı interaktiv lövhələrdən istifadə təcrübəsindən" (2008), "İnformasiya və kommunikasiya texnologiyalarına əsaslanan yeni təhsil infastrukturu" (2009), "Kimyanın tədrisində internet saytlarından istifadə" (2009), "Kimya fənninin tədrisində proqram təminatından istifadə" (2010) kimi məqalələr şəklində hazırlayaraq pedaqoji mətbuatda çıxışlar edir.

Göründüyü kimi, bu yazılarda İKT müasir zamanın zəruri təhsil texnologiyası kimi əsaslandırılmaqla yanaşı, həm də kimyanın təlimində ondan istifadə edilməsinə dair tövsiyələr verilir: səmərəliliyin artırılması, kompüterin rolu, interaktiv lövhələrdən, İnternet saytlarından, proqram təminatından istifadə kimi məsələlər şərh olunur.

Nasim müəllimin elmi-metodik yaradıcılığının bir istiqaməti dərslik, dərs vəsaiti və metodik vəsaitlərin hazırlanması ilə bağlıdır. Onun yazdığı 70-ə qədər əsərin 19-u həmin qəbildəndir. Bunların içərisində aparıcı yeri dərsliklər tutur. Ümumiyyətlə, müasir dövrdə dərsliklərin hazırlanması həm elmi, təcrübi potensial, həm yeni pedaqoji təfəkkür, həm də yeni texnoloji bacarıq tələb edir. Nasim müəllimin VIII sinif üçün yazdığı "Kimya" (2004), eləcə də VIII, IX, X siniflər üçün yazdığı interaktiv elektron "Kimya" (2010) dərslikləri onu göstərir ki, o, müasir informasiya-kommunikasiya texnologiyalarını, ümumiyyətlə, təhsil texnologiyalarını  dərindən  bilməklə  yanaşı, onları  təlimin məzmununa gətirməyi, onlardan səmərəliliyi yüksəltməyin mühüm vasitəsi kimi peşəkarlıqla istifadə etməyi bacarır. Eyni zamanda bu dərsliklərə aid hazırladığı iş dəftərlərində şagirdlər üçün səmərəli iş formaları, sual və tapşırıqlar təklif edir. Müəlliflər kollektivi ilə birgə hazırladığı "Kimya cədvəllərdə və sxemlərdə" (2008), "Kimya. Uşaqlar üçün ensiklopediya" (2008),  "Kimyadan olimpiada məsələləri" (2009)  adlı kitablar da onun kimya elmi ilə məktəb kimyası arasındakı çox vacib hesab edilən əlaqələri aydın təsəvvür etdiyini və bir mütəxəssis kimi bu əlaqələrin reallaşdırılması üçün formalar və vasitələr seçə bildiyini göstərir.

Nasim müəllim  informasiya-kommunikasiya  texnologiyalarından istifadəyə dair apardığı araşdırmalarını monoqrafiya formasında ümumiləşdirərək "Müasir informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi" adı ilə 2011-ci ildə nəşr etdirir.

Nasim müəllimin imzası yalnız Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da tanınır. Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarından istifadə ilə bağlı apardığı araşdırmaların nəticələri barədə hazırladığı məqalələrini beynəlxalq miqyasda tanınmış olan jurnallarda çap etdirir. Moskva, Vinnutsya, Voronej, Çerniqov, Yekaterinburq, Krasnoyarsk, Taqanroq kimi xarici ölkə şəhərlərində nəşr olunan "Kimya təlimində müasir informasiya texnologiyalarından istifadə" (2008), "Tədris prosesinə rəhbərlik zamanı müasir informasiya texnologiyalarından istifadə" (2008), "İnteraktiv imtahan test tapşırıqlarının nəticələrinin karelyasiyasının tədqiqi" (2009), "Təhsil müəssisələrində yeni informasiya texnologiyaları" (2009), "Elektron dərslik necə olmalıdır?" (2011),  "İKT-ni tətbiq etməklə təhsilin keyfiyyətinin yüksəldilməsi" (2011) və sair məqalə və tezislərində müasir pedaqoji innovasiyalarla bağlı araşdırmalarını daha geniş auditoriyada müzakirəyə təqdim edir.

Nasim müəllim həm də peşəkar təhsil təşkilatçısıdır. İxtisasını gözəl bildiyi kimi, işlədiyi,  rəhbərlik etdiyi kollektivdə böyük nüfuz qazanmışdır. Çalışdığı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin rəhbərliyi tərəfindən ona verilmiş xasiyyətnamədə göstərilir ki, "Abışov N.Ə. yüksək idarəetmə bacarığına malik bir məktəb rəhbəridir. O, müəllimlərin elmi, metodik və pedaqoji hazırlığının yüksəldilməsinə qayğı və tələbkarlıqla yanaşır, təlim metodlarının təkmilləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqi istiqamətində səmərəli fəaliyyət göstərir. O, daim yenilikçiliyə,  yaradıcılığa və təşəbbüskarlığa malik olan bir məktəb rəhbəri və müəllimdir".

Nasim müəllim bütün yaradıcılığı boyu kimyanın tədrisi metodikası sahəsində araşdırmalarını davam etdirmişdir. Bu sahədə onun uğurları çoxdur. Bu il o, daha böyük bir nailiyyət qazanmıışdır. Neçə illər "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yeni tədris infrastrukturunun yaradılması və tədqiqi (kimyanın tədrisində tətbiqi)" doktorluq dissertasiyasını (məsləhətçilər: texnika üzrə elmlər doktoru,  professor Ələkbər Əliyev; pedaqogika üzrə elmlər doktoru  Mütəllim Abbasov)  başa çatdıraraq  uğurla müdafiə etmişdir. AAK yüksək səviyyəli tədqiqat işi kimi onu təsdiq etmiş, Nasim müəllimə layiq olduğu pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini vermişdir.

Biz Nasim müəllimi yüksək alimlik dərəcəsi alması münasibətilə ürəkdən təbrik edirik. Ona cansağlığı, gələcək həyat yollarında, elmi fəaliyyətində daha böyük uğurlar qazanmasını arzulayırıq.

Bu məqamda böyük Şərq filosofu İbrahim Həvvasın bir fikrini xatırlayırıq: "Elm əldə etmək üçün gərək elm üçün vacib olanı edəsən". Nasim müəllim, elm məbədinə doğru addımladığınız bütün məqamlarda bir alim səbri ilə qüvvəniz daxilində  müasir təhsiliniz üçün nə lazımsa, onu etmisiniz. Heç şübhəsiz, bunları davamlı  olaraq inkişaf etdirəcək, irəliyə doğru  aparacaqsınız. Allah sizə yar olsun! 

 

Vaqif  ABBASOV,

AMEA-nın müxbir üzvü, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, professor, əməkdar müəllim,

 

Ənvər ABBASOV,

Təhsil Problemləri İnstitutunun direktor müavini, dosent, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2013.- 26 iyul.- S.6.