Belarusun xarici işlər naziri Bakı Slavyan Universitetində olmuşdur
İyunun 10-da Belarusun xarici işlər naziri Vladimir Makey BSU-nun qonağı
olmuşdur.
BSU-da fəaliyyət
göstərən Belarus Dili
və Mədəniyyəti
Mərkəzində baş
tutan görüşdə
bu ölkənin Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri cənab Nikolay Patskeviç, Azərbaycanın Belarusdakı
səfiri İsfəndiyar
Vahabzadə, "Belarus və
Azərbaycan Dostluq Cəmiyyəti"nin sədr
müavini, Milli Məclisin deputatı Ziyad Səmədzadə, cəmiyyətin fəal üzvlərindən Mehriban
Alışanova, "Kitab"
Respublika Cəmiyyətinin
sədri, Miniatür Kitablar Muzeyinin müdiri Zərifə Salahova və başqaları
iştirak etmişlər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev qonağı salamlamış və vaxt ayırıb universitetə gəldiyinə
görə ona təşəkkür etmişdir.
Belarus Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının
20-ci ildönümü ilə
bağlı Bakıda
rəsmi səfərdə
olan Vladimir Makey
bu təhsil ocağında olmaqdan məmnunluğunu bildirmişdir:
"Azərbaycanla Belarusu
bir çox müştərək layihələr
birləşdirir. Ölkələrimiz
arasında münasibətlər
möhkəm və davamlı xarakter alıb və bu münasibətlər gələcəyə köklənmişdir".
V.Makey eyni zamanda qeyd
etmişdir ki, insanlar arasında mənəvi əlaqələri
gücləndirmək olduqca
vacibdir. Məhz bu
baxımdan sizin burada gördüyünüz
işlər təqdirəlayiqdir.
Təsadüfi deyildir ki, Belarusun Prezidenti cənab A.Q.Lukaşenko bu mərkəzin açılışında şəxsən
iştirak etmişdir.
Mədəni əlaqələrimizin inkişafı gələcəkdə
respublikalarımızın əlaqələrinin daha da möhkəmlənməsinə
zəmin yaradacaqdır.
Cənab nazir BSU-nun
Belarus Dili və Mədəniyyəti Mərkəzinin nazirlik tərəfindən himayəyə
götürüləcəyinə, mərkəzin lazımi vəsaitlərlə təmin
ediləcəyinə və
gələcəkdə Belarus dilini öyrənən BSU
tələbələrinin Belarusun
Xarici İşlər
Nazirliyində təcrübə
keçmələri məsələsinə
münasibət bildirəcəyinə
söz vermişdir.
Görüşdə
Z.Salahova Belarus ədəbiyyatının
klassiki Yanka Kupalanın Miniatür Kitab Muzeyi tərəfindən
iki cilddə nəşr olunmuş "Jaleyka" toplusunu BSU-nun Belarus Dili
və Mədəniyyəti
Mərkəzinə hədiyyə
etmişdir.
Akademik Z.Səmədzadə və
M.Alışanova Belarus ilə Azərbaycan arasında yüksək səviyyədə inkişaf
edən münasibətlərdən
razılıqlarını bildirmiş
və gələcəkdə
də bu əlaqələrin daha da möhkəmlənməsinə əmin olduqlarını qeyd etmişlər.
Belarus Dili və Mədəniyyəti
Mərkəzinin müdiri
Albina Seyidova mərkəzin
fəaliyyəti barədə
ətraflı məlumat
vermişdir. BSU-da Belarus dilini öyrənən tələbələrin
ifasında isə Y.Kupalanın şeiri və mahnısı səsləndirilmişdir.
Sonda V.Makey BSU-nun və
mərkəzin "Fəxri
qonaqlar" kitablarına
ürək sözlərini
yazmış və tələbələrlə xatirə
şəkli çəkdirmişdir.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2013.- 14 iyun.- S.2.