Kimya üzrə
iki dəfə Nobel mükafatı laureatı
İngiltərəli 95
yaşlı alimin kəşfi 60 ildir ki, insanlara xidmət edir
Dünya elmi tarixində
yalnız 4 alim parlaq elmi kəşflərinə görə
iki dəfə Nobel mükafatına layiq
görülmüşdür.
Fransalı Mariya Skladovskaya Küri 1903-cü ildə
fizika, 1911-ci ildə kimya, amerikalı Laynus Polinq 1954-cü ildə
kimya, 1962-ci ildə sülh, amerikalı Con Bardin 1956-cı və 1972-ci illərdə
fizika, britaniyalı Frederik Senger isə 1958-ci və 1980-ci illərdə
kimya üzrə ali elm mükafatları almışlar.
Onların arasında hazırda yaşayan yeganə alim, ingilis
biokimyaçısı 95 yaşlı Frederik Senger yeni elmi
istiqamətin əsasını
qoymaqla kimya elmində
etdiyi kəşfləri ilə
təbabət sahəsində
bir sıra xəstəliklərin müayinə və
müalicəsini aparmağa imkan verən metodların işlənib
hazırlanmasında xidmət göstərmişdir. Onun elmi kəşfləri
arasında təkcə insulinin adını çəkmək
kifayətdir ki, bu alimin bəşəriyyət
üçün etdiyi xidmətlərin miqyasını qiymətləndimək
mümkün olsun. 60 ilə
yaxın bir müddət ərzində məhz insulin
şəkər və şəkərli diabet xəstələrinin
müalicəsində geniş tətbiq olunmaqdadır.
Uşaqlıq və ilk təhsil
illəri
Frederik
Senger 1918-ci il avqustun 13-də
İngiltərənin Qlosterşin qraflığındakı
Rendkombe şəhərində təminatlı ailədə doğulmuşdur. Onun anası Sesili Krusd varlı
tekstil maqnatının
qızı idi. Atası Frederik Senger (o, oğluna öz
adını vermişdi) həkim işləyirdi. Ailədə üç uşaq
böyüyürdü, Frederik
ortancıl idi. O, atasının və böyük
qardaşı Teodorun təsiri altında biologiya ilə maraqlanmağa başlamışdı.
Onun biologiya elminə və onun tədqiqat metodlarına
marağı hədsiz idi.
Frederik ilk təhsilini 1932-1936-cı illər ərzində
Dorsetşir qraflığındakı Braynston məktəbində
almışdır. 1936-cı ildə Kembric Universitetinin
müqəddəs İoahan
Kollecinə daxil olmuşdur. İlk vaxtlarda Senger atasının yolu ilə getmək
və təbabətlə məşğul olmağı
düşünürdü. Ailə də onun gələcəkdə
həkim olmasını arzu edirdi.
Lakin onu daha çox biokimya maraqlandırırdı.
"Mənə
elə gəlirdi ki, seçdiyim yol
canlı materiyanın həqiqətən dərk
olunması və təbabət
qarşısında duran bir çox problemlərin həlli
üçün daha elmi əsasların işlənib
hazırlanması yoludur", - deyə Frederik Senger sonralar öz xatirələrində
yazmışdır. Nobel
Mükafatları Komitəsinin saytında dərc olunmuş tərcümeyi-halında
alim özünü sinifdə "ortadan yuxarı, lakin ən
yüksək səviyyədə olmayan şagird" səviyyəsində
qiymətləndirmişdir.
Kollecdə oxuduğu illərdə Frederik
özünü bütünlüklə tibb elminə həsr etməyə qərar
vermişdir. Lakin universitetə qəbul olunandan sonra öz diqqətini
daha geniş məzmunlu sahəyə yönəltməyə qərar
vermişdir. Kembric Universitetində oxuduğu illərdə
Frederik biologiya elminə sonsuz marağını büruzə
vermişdir. Onun universitetin
biologiya professoru Ernes Boldvin və biokimya şöbəsinin
digər əməkdaşlarının mühazirələrindən
sonra elmi tədqiqatlara
marağı daha da güclənmişdir. F.Senger Kembricdə oxuduğu illərdə
bütün zəruri fundamental bilikləri əldə etməyə
ümid edirdi.
Nobel mükafatına aparan
yol
Frederik
Senger 1939-cu ildə Kembric Universitetində
təhsilini başa vuraraq təbiət
elmləri üzrə bakalavr elmi dərəcəsi
almışdır. İlk elmi dərəcə aldıqdan sonra Frederik biokimya üzrə daha bir il dərinləşdirilmiş kurs
keçmişdir. O, öz bilik
və istedadı ilə müəllimlərini (həm də
özünü) heyrətləndirmişdir. Frederik imtahanlarda ən
yüksək ballar toplamışdır.
İkinci
Dünya müharibəsi dövründə Frederik Albert
Nübergerlə birlikdə lizin metabolizmi və daha praktik
problemlərlə məşğul olmuşdur. Sonralar alim qeyd
etmişdir ki, məhz A.Nüberger onu tədqiqatçılıq
fəaliyyətinə yönəltmiş, eyni zamanda həyat
yolunu müəyyənləşdirən ilk müəllimi
olmuşdur. Frederik öz müəlliminin
adını həmişə minnətdarlıq hissi ilə
çəkmişdir.
1943-cü
ildə doktorluq elmi dərəcəsi alan F.Senger Kembric
Universitetində professor E.Çibnallın tədqiqat qrupuna
daxil olmuşdur. E.Çibnall həmin dövrdə
zülallar kimyasının tədqiqi
ilə məşğul olmuşdur.
1902-ci
ildə bioloq Emil Fişer belə bir fərziyyə irəli
sürmüşdür ki, zülallar
öz aralarında peptid rabitə ilə bağlı olan
aminturşularından ibarətdir.
Ötən əsrin
40-cı illərinin əvvəllərində
E.Fişerin bu nəzəriyyəsi çox geniş yayılsa
da elmi dairələrdə o qədər
də qəbul olunmamışdır. Fişer fərziyyəsinə
görə, ikidən artıq aminturşusu birlikdə
polipeptid zənciri əmələ gətirir. Aminturşularının ikidən
artıq olmayan peptid rabitə əsasında
yaranmasını əsas götürən Fişer əvvəlcədən
xəbər vermişdir ki, zülallar sərbəst karboksil
qruplarına (karbon, oksigen və
hidrogendən ibarət) malik olan aminturşularının xətti
zəncirlərindən təşkil olunmalıdır.
Çibnall Sengerə kimyəvi yolla peptid zəncirinin son
qruplaşmasını müəyyən etməyi təklif etmişdi. Əgər bu məsələni
həll etmək mümkün olardısa, onda zülalların
doğrudan da aminturşularının xətti zəncirindən
ibarət olmasını, eyni
zamanda hər hansı bir
zülalın birdən artıq peptid zəncirinə daxil
olub-olmadığını tam dəqiqliklə söyləməyə
imkan verərdi.
Frederik
Senger bu vəzifənin öhdəsindən çox məharətlə
gəlmişdir. 1945-ci ildə F.Senger xəbər vermişdir
ki, yumşaq qələvi mühitlərdə müəyyən
reagent (dinitrofenol) peptid rabitəsindən daha güclü rabitə
əsasında aminturşularının azot atomuna birləşə
bilər. Buna müvafiq olaraq isə
zülal peptid rabitənin dağılması hesabına
onu təşkil edən aminturşularına parçalana bilər.
Aminturşularını isə xromotoqrafiyanın köməyi
ilə müəyyən etmək
olar. Bundan bir qədər əvvəl tədqiqatçılar
Arçer Martin və Riçard Sinq tərəfindən təkmilləşdirilmiş
xromotoqrafiya metodu komponentləri
onların xüsusi filtr tərəfindən xarakterik udulma
sürətindən asılı olaraq bölməyə imkan
verirdi.
Çibnallın
laboratoriyasında aparılmış tədqiqatların böyük qismi, o vaxtlar təmiz
halda və böyük miqdarda əlçatan olan
zülallardan biri - insulinlə
bağlı olmuşdur. İlk vaxtlarda insulinin Senger tərəfindən
öyrənilməsi göstərmişdir ki, bu maddə iki
müxtəlif N-sonluqlu aminturşularından ibarətdir. Buna
müvafiq olaraq isə hər bir insulin molekulu polipeptid
zəncirinin iki növündən ibarətdir. Sistein aminturşusu kükürd
molekulundan təşkil olunmuşdur; iki sistein molekulu isə
birləşərək sistin
aminturşusunu əmələ gətirə bilər. İki
polipeptid zəncir arasında və ya yeni bir zəncirin
müxtəlif sahələri arasında disulfid
körpücüyü vardır. 1949-cu ildə F.Senger disulfid
körpülərin dağıdılması və müvafiq
olaraq da iki zəncirin bölünməsi üsulunu kəşf etdiyini xəbər
vermişdir.
F.Senger
və Vyanadan gəlmiş tədqiqatçı alim Hans Tuppi
insulin molekulunun hər bir polipeptid zəncirdə
aminturşularının əvəzlənməsi
ardıcıllığını müəyyən etmək
üçün plan işləyib
hazırlamışdılar. Zəncirləri
yarımşöbələrə bölən bu alimlər hər
bir yarımşöbədə aminturşularının
ardıcıllığını və buna müvafiq olaraq da
onların bütün polipeptid zəncirdə növbələnməsi
ardıcıllığını
müəyyən etməyə ümid edirdilər. F.
Senger əvvəlcə polipeptid zənciri qırmaq
üçün aminturşularından istifadə etmişdir, lakin
sonralar məlum olmuşdur ki, fermentlər daha dəqiq təsir
göstərirlər.
Beləliklə
də Senger və Tuppi
bütün zəncirdə aminturşularının
növbələnməsi ardıcıllığını
başa düşmək üçün müxtəlif
fermentlərin təsiri nəticəsində əldə
olunmuş zəncir nümunələrini müqayisə
etmişdir. İki insulin zənciri üçün növbələnmə
ardıcıllığını müəyyən etmək
alimlər üçün heç bir çətinlik törətməmişdir.
Lakin çox uzunluğa malik olan insulin zənciri kimyəvi
analizə tabe olmurdu və buna
görə də insulin maddəsində aminturşularının növbələnməsi
ardıcıllığını müəyyən etmək
yalnız 1953-cü ildə mümkün olmuşdur. 1950-ci ildə
Tuppinin Kembrici tərk etməsindən sonra Senger iki polipeptid zənciri
arasında disulfid körpülərinin yerinin müəyyənləşdirilməsi
üzrə tədqiqatlarını davam etdirmişdir. 1955-ci ildə alim insulin molekulunun
son tamamlanmış strukturunu
elmi ictimaiyyətə təqdim etmişdir. Bu, tam ətraflı
öyrənilmiş ilk zülal molekulu idi. Qeyd etmək yerinə düşər
ki, Frederik Senger insulini davamlı surətdə tədqiq
etmiş ilk alimdir.
"Ümid etmək olar
ki, səylərimiz
bəşəriyyətə
böyük praktik xeyir verəcək"
Frederik
Sengerin kəşfi şəkərli diabetdən əziyyət
çəkən milyonlarla insanın əzablarını
yüngülləşdirmiş, eyni zamanda digər birləşmələrin
öyrənilməsinə də təkan vermişdir. Sengerə
qədər bir sıra alimlər elə bir üsul axtarıb
tapmağa çalışmışlar ki, zülalların
hansı qruplardan əmələ gəldiyini səhvsiz olaraq
müəyyən etmək mümkün olsun. Lakin hər bir cəhd
xırda nüanslara görə uğursuzluğa
düçar olmuşdur. Sadə
və anlaşılan təyinetmə metodunun tapılması
heç cür mümkün deyildir. Problemin həlli az qala əl
altında idi. Məlumdur ki, zülal bir sıra
aminturşularından ibarətdir. Bütün tapmaca isə
onların birləşməsi üsulu ilə bağlı idi.
Senger əyani olaraq bu prosesin necə
baş verdiyini nümayiş etdirmişdir. O, zülal
molekulunun daxili tərkibini göstərə bilmişdir.
Frederik
Sengerin tədqiqatları elmi ictimaiyyətin və Nobel
Mükafatları Komitəsinin diqqətindən
yayınmadı. Biokimya elminə yenilik gətirmiş F.Senger 1958-ci ildə kimya üzrə
"zülalların, xüsusən insulinin strukturunun öyrənilməsi
sahəsində xidmətlərinə görə" Nobel
mükafatına layiq görülmüşdür.
Özünün Nobel məruzəsində Senger elmi kəşfinin
böyük praktik əhəmiyyət
daşıdığını
demişdir:
"İnsulinin strukturunun kəşfi şübhəsiz ki, digər
zülalların tədqiq
olunmasına yol açır. Ümid etmək olar ki,
zülalların öyrənilməsi xəstəliklər
zamanı insan orqanizmində baş
verən dəyişiklikləri ayırd etməyə
kömək edəcək və bizim səylərimiz bəşəriyyətə
böyük praktik xeyir verəcək".
F.Sengerin
elmi tədqiqatları biokimya və yaranmaqda olan yeni elm sahəsi
- molekulyar biologiya üçün çox mühüm nəticələr
vermişdir. Onun apardığı elmi tədqiqatlar tamamilə
sübut etmişdir ki, zülallar peptid rabitəli zəncirdə birləşmiş
aminturşularından təşkil olunmuşdur. XX əsrin əvvəllərində
kimyaçıların çoxu hesab edirdi ki, zülallar qohum birləşmələrin
qarışığıdır. F.Senger bunun tam ziddinə
olaraq müəyyən etmişdir ki, zülal - unikal struktura
malik olan xüsusi kimyəvi maddədir. Və onun zəncirində
hər bir yer aminturşular tərəfindən tutulmuşdur.
O, eyni zamanda sübut etmişdir ki, fermentlər əvvəlcədən müəyyən
olunmuş yerlərdə peptid zəncirləri qıra bilərlər. Bu metodun tətbiqi
biokimyaçılara bir sıra
digər zülalların strukturunu öyrənməyə imkan
vermişdir.
"Mən
zövq aldığım elmi
həyatımı
davam etdirməyə başladım"
"Bu
mükafat mənim sonrakı karyeramda çox mühüm və
stimullaşdırıcı effekt təsiri
buraxmışdı. Mən mümkün qədər inzibati və
təhsil idarəçiliyi səlahiyyətlərindən
qaçmaqla bütün diqqətimi yalnız fundamental tədqiqatlara
yönəltməklə Kemricdə qaldım. Tədqiqatlarımın
nəticələrinin hamı tərəfindən qəbul
olunması məndə özünəinamı və təşəbbüskarlığı
daha da gücləndirdi və mən zövq aldığım
elmi həyatımı davam
etdirməyə başladım". Bu sözləri dahi alim birinci
Nobel mükafatını aldıqdan sonra bildirmişdir. Frederik
Sengerin elmi nailiyyətlərinin birmənalı qəbul
olunması ona bu sahədə apardığı eksperimentləri
davam etdirməyə və tədqiqatlar
üçün zəruri olan ən
yaxşı avadanlıqları əldə etməyə
və həm də öz ətrafında istedadlı gənc
alimləri toplamağa imkan verdi.
Frederik
Senger tezliklə Londondakı məşhur Kavendiş
laboratoriyasının biologiya şöbəsində genetika
sahəsində aparılan tədqiqatlara diqqət yönəltmişdir. Birinci Nobel mükafatını alana
qədər də alim bu sahə
ilə maraqlanırdı. Bu, bir tərəfdən də
onun DNT-nin struktur quruluşunu kəşf
etmiş alimlərdən Frensis Kriklə dostluğunun təsiri
altında baş vermişdir.
1962-ci
ildə Kembric Tibbi Tədqiqatlar Şurası tərəfindən
yeni molekulyar biologiya laboratoriyası
yaradılmışdır. Gələcəyin
nobelçi alimləri Maks Peruts, Con Kendrevu, Frensis Krik bu
laboratoriyada işləyirdi. F. Senger də zülal molekulunun tədqiqatları
sahəsində işlərini burada davam etdirmişdir.
Tezliklə Frederik Senger DNT və RNT molekullarında aminturşuları
ardıcıllığının müəyyən
olunması tədqiqatlarına başlamışdır.
F.Senger üçün insulin molekulunda ayrı-ayrı
qrupların növbələnməsinə dair heyrətləndirici
fakt aminturşularının yerləşməsinin unikal
prinsipinin mövcud olmaması ilə bağlı idi. Əslində
aminturşularının fizioloji fəaliyyəti bundan
asılı idi. F.Senger başa düşə bilmirdi ki,
zülal hansı
ardıcıllıqla birləşə bilər, lakin bir
şey məlum idi ki, bu sıralamanın müəyyən mənbəyi
olmalıdır. 50-ci illərin
ortalarında amerikalı bioloq Frensis Krik F.Sengerin kəşfinə
əsaslanaraq bəyan etmişdir ki, zülallarda
aminturşuları ardıcıllığını müəyyən
edən informasiyaları genlər daşıyır. 1958-ci ildə
amerikalı bioloq Robert Xoll nəqliyyat funksiyası
daşıyan RNT zəncirinin
ardıcıllığını müəyyən etməyə
cəhd etmişdir. Bu iş olduqca çətin olduğundan tədqiqatlar
1965-ci ilə kimi davam etmişdir. Xollun işləri Sengerdə
dərin təəssürat buraxmışdır. Lakin Senger
ardıcıllığın müəyyən olunması
üçün daha işlək metod axtarırdı.
60-cı illərin ortalarında Senger və onun həmkarları
belə bir texnologiya işləyib
hazırlamışdılar.
Fermentlərdən istifadə edən tədqiqatçılar
matrik RNT molekulunu daha kiçik zəncirlərə bölərək
onların hər birinin
ardıcıllığını
ayrılıqda izləmişdilər.
Daha sonra fraqmentlər arasında qarşılıqlı
münasibətin nəticələrinə əsasən bütün zəncir
üzrə ardıcıllıq müəyyən
olunmuşdur. Lakin bu cür yanaşma olduqca çox vaxt və
səbir tələb edirdi. Buna görə də Senger DNT-də
ardıcıllığın analitik müəyyən
olunması metodunu hazırlamağa qərar vermişdir. Senger
öz metodunu yalnız 1973-cü ildə hazırlaya
bilmişdir.
Sengerlə yanaşı amerikalı alimlər
Uolter Gilbert və Alan Meksam da nukleotid
ardıcıllığının müəyyən
olunması üzrə digər prosedur işləyib
hazırlamışdılar. İstər Senger
texnologiyası, istərsə də
Gilbert metodu gen mühəndisliyi sahəsində çox
mühüm alətə çevrilmişdir. Baxmayaraq ki, Senger
metodu uzun nukleotid ardıcıllıqlarında daha effektli hesab
olunur. 1978-ci ildə Senger və
onun həmkarları öz metodunu
nümayiş etdirərək DNT bakterial virusu zəncirində
5375 əsasın ardıcıllığını müəyyən
etmişdilər. Bu DNT zəncirinin ilk ətraflı oxunması idi. Zülallarda aminqruplarını
müəyyən edən Senger ilk dəfə zülal
molekulunun nizamlı struktura malik olmasını xəbər
vermişdir. O, ilk tədqiqatçı alim idi ki, zülalın
ilkin aminturşu ardıcıllığını müəyyən
edə bilmişdir. Eyni zamanda Senger sübut etmişdir ki,
zülalın nizamlı strukturu DNT-də genlərin
ardıcıllığı ilə oxşardır. Buna görə
də onlar eyni qanunauyğunluqlara tabe
olmalıdır.
1980-ci ildə Frederik Senger və Alan
Gilbert, Pol Berq nuklein
turşularında əsas ardıcıllığın müəyyən
olunması sahəsində xidmətlərinə görə
Nobel mükafatına layiq görülmüşlər.
İsveç Kral
Akademiyasının üzvü, professor B.Malstrem mükafatın təqdimolunma
mərasimində bildirmişdir ki, alimlər genetik
materialın biokimyəvi funksiyası və kimyəvi strukturu
arasında qarşılıqlı əlaqəyə dair bizim biliklərimizin daha da dərinləşməsinə yol
açan elmi kəşfə imza atmışlar.
Frederik Sengerə ikinci Nobel
mükafatını qazandırmış bu kəşf
"İnsan genomu" layihəsinin həyata keçirilməsində
başlıca rol
oynamışdır.
Alimin gənc
tədqiqatçılara nəsihəti
1980-ci ildə
Stokholmda ikinci Nobel mükafatını alarkən alim ziyafət
süfrəsində etdiyi çıxışında
üzünü elm yolunu
seçmiş tədqiqatçılara və tələbələrə
tutmuşdur: "22 il əvvəl mən burada olarkən
1958-ci ilin məzunlarına üz tutaraq dedim ki, baxmayaraq
ki, onda mənim 40 yaşım
var idi, - mən hələ də
özümü onlar kimi tələbə hiss edirəm. Bu
gün də həmin hisslərlə yaşayıram. Mən və
həmkarlarım bilik axtarışı ilə məşğul
olmuşdur. Biz müəllimlərimizdən öyrənmişik,
indi də öyrənirik və yenə də öyrənməkdə
davam edəcəyik. Biz elmi kəşflərimizi heç də
maddi sərvət və ya varlanmaq üçün etməmişik.
Məhz ona görə
etmişik ki, biz bu işə
maraq göstərmişik, biz bu işə qəlbən
bağlı olmuşuq və bu işi sevmişik. Bu işin nəticələrindən
çox güclü həyəcan keçirmişik. Çəkdiyimiz əmək buna dəyərdi".
Alim gəncləri elm, bilik əldə etməyə səsləmişdir.
"Elmi tədqiqatlar ən cəlbedici, ən maraqlı və
faydalı məşğuliyyətlərdən biridir. Bu, naməlum torpaqların kəşf
olunmasına bənzəyir, elm yolu
yeni ərazi tapmaq deyil, yeni biliklər əldə etmək
üçün səfərdir. Mən hələ gənc
idim, atam mənə əvvəllər
deyərdi ki, həyatda təqib etdiyi iki gözəl şey
var - gözəllik və həqiqət. Mən hesab edirəm
ki, Alfred Nobel elm və ədəbiyyat üzrə ali
mükafatları təsis edəndə özünü məhz
bu cür hiss etməliydi.
Sözün geniş mənasında yalnız incəsənət və
elm yolu ilə insan həyatını
zənginləşdirmək və gözəlləşdirmək
mümkündür ki, biz alimlər də tələbələrə
məhz bu yolu tövsiyə
edirik. Mən bu gün tələbələri təbrik
etmək istəyirəm, çünki gələcək
onların əllərindədir".
"Sevgi
və qarşılıqlı anlaşma"nın hökm
sürdüyü ailə
Frederik Senger 1983-cü ildə rəhbərlik
etdiyi Tibbi Elmi Tədqiqatlar Şurasından isfefa vermişdir.
Olduqca təvazökar, tənhalığı sevən alim
hazırda həyat yoldaşı ilə birlikdə Kembricdə
yaşayır. O, vaxtının çoxunu 1940-cı ildə
ailə qurduğu Marqaret Con Qau
ilə birlikdə öz
bağında keçirir.
Həyat yoldaşı elmi fəaliyyətlə məşğul
olmasa da, ona tədqiqatçılıq
işlərində çox kömək etmişdir. F.Sengerin
öz sözləri ilə desək,
M.Qau "ailədə sevgi və
qarşılıqlı anlaşmanı" qoruyub saxlamışdır. 1943 və
1946-cı illərdə onların iki oğlu, Robin və Piter,
1960-cı ildə Salli Van
adlı qızları doğulmuşdur. Frederik Senger əsas fəaliyyət
sahəsi ilə yanaşı, bağbanlığa və sakit
su hövzəsində qayıqçəkməyə də
böyük maraq göstərir.
1992-ci ildə "Wellcome Trust" təşkilatı dahi alimin şərəfinə
Senger Mərkəzi (Sanger Center) yaratmışdır. Bu
hazırda dünyanın ən böyük elm mərkəzlərindən
hesab olunur. Burada insan genomu üzrə elmi layihələr həyata
keçirilir. Frederik Sengerlə şəxsən tanış
olanlar onu alicənab, hədsiz dərəcədə səmimi,
xoşsifətli, mehriban və məftunedici, nəzakətli
insan kimi xarakterizə etmişlər.
Frederik Senger Amerika Biokimyaçılar Cəmiyyətinin
və Amerika Milli Elmlər Akademiyasının fəxri
üzvü, Lester, Strasburq, Kembric, Oksford kimi universitetlərin
fəxri professorudur. 1951-ci ildə Britaniya Kimya Cəmiyyətinin
Kordye-Morqan medalına, 1966-cı ildə Alfred Benzons Fondunun
Alfred Benzons mükafatına, 1969-cu ildə London Kral Cəmiyyətinin kral
medalına, 1971-1979-cu illərdə Qardner Fondunun xatirə
medalına, 1976-cı ildə Böyük Britaniya Xeyberi
Farmasevt Cəmiyyətinin xatirə medalına, 1977-ci ildə
London Kral Cəmiyyətinin Kopli medalına, 1979-cu ildə
fundamental tibbi tədqiqatlara görə nüfuzlu Albert Lasker
mükafatına layiq görülmüşdür.
Nüfuzlu "Science" jurnalının
versiyasına görə, Frederik Senger "görməyə
ümid etdiyiniz ən təvazökar insandır". Doğrudan da olduqca sakit
alim ömrü yaşayan Senger
onun üçün təsis olunmuş "cəngavər" ordenindən imtina etmiş, ona
"ser" deyə müraciət
olunması ilə razılaşmamışdır. Təqaüdə
çıxdıqdan sonra da F.Senger DNT sahəsində
özünün ən dərin biliklərini alimlərə və müəllimlərə
çatdırmağı unutmamışdır.
Dünya
elminə verdiyi töhfələrə görə hamı tərəfindən
qəbul edilməsinə və
nüfuzuna baxmayaraq Frederik Senger hədsiz sadəliyi və nəzakəti ilə
seçilmişdir. O, 65 yaşı tamam olanda gözlənilmədən
istefa vermiş, lakin tədqiqatlara ara verməmişdir. Senger
işlədiyi dövrdə kabinetinin önündə onun
şərəfinə xatirə lövhəsinin
asılmasına və dünya şöhrətli alim kimi fərdi kabinet-muzeyinin
yaradılmasına etirazını bildirmişdir. O, çox
vaxt yazdığı məktubları "Təvazökar"
təxəllüsü ilə imzalayır. Tələbələri
və həmkarları, tanışları ilə ünsiyyətdə
alim təmkinliyini və dost münasibətini həmişə
qoruyub saxlamışdır. Əsl alim öz əlləri ilə
qayğı göstərdiyi ağaclar və güllərlə
fəxr edir və bu günə qədər onun elmi kəşflərindən
danışılanda, o, sadəcə sıxılır.
Hazırladı: Oruc
MUSTAFAYEV
Yazıda Frederik Sengerin
adını daşıyan Sanger Centr Molekulyar Biologiya
İnstitutunun və Nobel Mükafatları Komitəsinin
materiallarından istifadə olunmuşdur.
Azərbaycan
müəllimi.- 2013.- 14 iyun.- S.5.