"Gərgin
məşqlərim, çəkdiyim zəhmət səmərəsiz
qalmadı"
XXX Yay Olimpiya
Oyunlarının bürünc
mükafatçısı Emin Əhmədovla söhbət
Emin Əhmədovun
yunan-Roma güləşi üzrə idman göstəriciləri:
2001-ci ildə İranda
yeniyetmələr arasında
keçirilən beynəlxalq turnirdə 42 kq çəki
dərəcəsində bürünc medal;
2002-ci ilin 17-19 may tarixlərində
Türkiyədə yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə 42 kq çəki
dərəcəsində
gümüş medal;
2002-ci ilin iyun ayında
yeniyetmələrin Avropa çempionatında 42 kq çəki
dərəcəsində
beşinci yer;
2008-ci ildə
"Qızıl Qran-Pri"
beynəlxalq turnirində 66 kq çəki dərəcəsində
bürünc medal və III yer;
2009-cu ilin Azərbaycan
kubokunda 66 kq çəki dərəcəsində
I yer;
2010-cu ilin Azərbaycan
kubokunda 74 kq çəki dərəcəsində III yer;
2011-ci ilin Azərbaycan
çempionatında 74 kq çəki
dərəcəsində III yer;
2012-ci ilin XXX Yay Olimpiya
Oyunlarında 74 kq çəki
dərəcəsində bürünc medal və III yer.
XXX London Yay Olimpiya Oyunlarında 74 kq
çəki ilə iştirak edən Azərbaycan güləşçisi Emin Əhmədov
yunan-Roma güləşi üzrə
üçüncü yeri qazanaraq Vətənə
bürünc medalla qayıtmışdır.
Azərbaycan
Respublikası Prezidentinin 31
avqust 2012-ci il tarixli sərəncamı
ilə Azərbaycan idmanının inkişafında göstərdiyi
xidmətlərə görə Emin Vidadi oğlu Əhmədov
"Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Biz
Eminlə Azərbaycan Güləş Federasiyasının
yunan-Roma güləşi üzrə respublika yığma
komandasının müasir tipli geniş məşq zalında
görüşdük. Beləliklə, səhifəmizin
bugünkü qonağı Emin Əhmədovu dinləyirik:
-
Dünyaya 6 oktyabr 1986-cı ildə Bakı şəhərində
göz açmışam.
Birinci
və ikinci sinifləri
Bakıdakı 205 nömrəli orta məktəbdə,
üçüncü sinifdən yeddinci sinfin axırına
kimi 73 nömrəli orta məktəbdə
təhsil almışam. 2000-2004-cü illərdə - yəni
səkkizinci sinifdən orta məktəbi bitirənə qədər
isə təhsilimi Respublika Olimpiya İdman Liseyində
davam etdirmişəm. İdman təmayüllü liseydə
oxuduğum dövrdə seçdiyim idman növü - yəni,
yunan-Roma güləşi üzrə yeniyetmələr
arasında keçirilən bütün yarışmalarda mütəmadi iştirak etmişəm.
- Ailənizdə
idmançı olubmu?
- Xeyr.
Biz ailədə üç uşağıq: Mən, bacım
və qardaşım. Evin ortancılıyam. Atam da, anam da idmana
aidiyyəti olmayan bir sahənin mütəxəssisləridir.
- Bəs yunan-Roma güləşinə bu
həvəs səndə haradandır?
- İdmanın bu növünə
maraq rəhmətlik Eldar
dayımdan mənə keçib. Hələ məktəbəqədər
yaşda olduğum zaman dayım əlimdən tutub həmişə
məni də özüylə məşqlərə
aparardı. Dayımın idmana çox böyük
marağı vardı. Sonra o, müharibəyə getdi,
düşmən həmlələrinə sinə gərdi və Qarabağ uğrunda gedən
döyüşlərdə şəhid oldu. İndi
Sumqayıt şəhərində dayımın - Qarabağ
şəhidi Eldar Əsədovun adına idman zalı fəaliyyət göstərir.
Hərdən fikirləşirəm ki, dayım elə cavan
yaşında şəhid olmasaydı, indi yəqin ki,
yunan-Roma güləşi üzrə bütün dünyada
tanınmış idmançılardan biri olardı.
Bilirsiniz, bizim əslimiz Qubadlı
rayonundandır. O Qubadlıdan ki, 20 ildən artıqdır ki, əsirlikdə
qalıb, düşmən tapdağında inləyir. Erməni
təcavüzkarları Qubadlını işğal edəndə
mənim cəmi yeddi yaşım
vardı. İndi iyirmi yeddi yaşım var.
İnanıram ki, Qarabağ problemi xalqımızın və
ölkə rəhbərinin səyi nəticəsində öz müsbət həllini
tapacaq.
- Torpağı işğal altında olan
bir gəncin hərbi xidmətə münasibəti?
- Hərbi xidmət elə bir müqəddəs
borcdur ki, o borcu alternativ heç nəylə əvəz etmək
olmaz. O ki qaldı özümə, 2004-cü ilin
oktyabrından 2006-cı ilin aprel ayına qədər sərhəd qoşunlarının
tərkibində - "N" saylı zastavada hərbi xidmətdə
olmuşam. Bizim zastava
respublikamızın cənubundakı dağlarda yerləşirdi. O dağlarda xidmət
etməyin, vaxtaşırı zastavalara ezam olunmağın
özü elə idmanla davamlı məşğul
olmağa bərabərdir. Xidməti tapşırıqları
icra etmək üçün bəzən piyada, bəzən də
atla hərəkət edərdik.
Dağ cığırları ilə
yuxarılara qalxmaq-düşmək həm
sağlamlıqdır, həm də adamı hər zaman formada saxlayır. Əgər mən
idman sahəsində qazandığım uğurları hərbi
xidmətimdən əvvəl əldə etmiş
olsaydım, yenə də
vaxt çatanda tərəddüd etmədən,
bir oğul kimi vətənim qarşısındakı borcumu
ödəməyə gedərdim.
- Ordudan qayıdandan sonra həyatını
necə qurmağı planlaşdırmışdın?
- Hərbi xidmətdən tərxis
olunduqdan sonra həyatımı idmana bağlamağı qət
etdim. Demək olar ki, bu sahədə hər şeyi
sıfırdan başlamalı oldum. Bezmədim, ruhdan
düşmədim. Gərgin məşqlərim, çəkdiyim
zəhmət səmərəsiz qalmadı.
- Məktəb illərinin nostalgiya dolu
xatirələri?
- Həqiqətən məktəb həyatı,
ilk təhsil illəri hər
zaman insanın xəyalında dolaşır. Müəllimlərimi
də, məşqçilərimi də hər zaman hörmətlə,
ehtiramla xatırlayıram. Təbii ki, onları bir-birindən
seçmirəm, fərqləndirmirəm.
Ancaq ilk ibtidai sinif müəllimim Əsli
xanımın yeri ürəyimdə
bir başqadır. Bəlkə də qazandığım
bütün nailiyyətlərimdə valideynlərim qədər
onun da öyünməyə haqqı
var. Mənim ilk müəllimim indi bir qədər
yaşlanıb. Vaxt tapıb hərdən yanına gedirəm,
görüşürəm, hal-əhval tuturam. Yəni
heç zaman onu yaddan çıxarmıram, ona
cansağlığı arzulayıram.
- Azərbaycanda idmana diqqət və qayğı qələbələrin
qazanılmasında əsas
amildir.
- Əlbəttə. Möhtərəm Prezidentimiz
Azərbaycanda idmanın yüksəlişinə xidmət
edən heç nəyi biz idmançılardan əsirgəmir.
Baxın, gördüyünüz bu məşq zalı yunan-Roma güləşilə məşğul
olan idmançılar üçün inşa edilib. Bu zalda məşq
edib beynəlxalq yarışlarda qalib gəlmək
üçün, Azərbaycan bayrağını
qaldırmağa nail olmaq üçün hər cür şəraitimiz
var.
Nəinki Bakıda, indi hətta ən ucqar
rayonlarımızda da müasir idman komplekslərimiz tikilib
istifadəyə verilib.
- Kim sevirsə idmanı...
- Bəli, kim sevirsə idmanı, onun saf
olar canı.
İdman elə bir sahədir ki, hansı
peşəni seçməyindən asılı olmayaraq hər
kəs öz fiziki sağlamlığının qeydinə
qalması naminə idmanla dost olmalıdır. İdman
insanı möhkəmləndirir, insanın qadir olduğu
gücünü, bacarığını, qabiliyyətini
üzə çıxarır. Kim özünə hansı
yolu seçirsə, o yolla da irəliyə gedə bilir.
Məsələn, yunan-Roma güləşi
mənim seçdiyim sahədur, bütün gücümü,
qüvvəmi, bacarığımı bu yolda əsirgəmirəm.
İdman artıq mənim həyat tərzimə çevrilib.
İldə ən azı iki dəfə beynəlxalq
yarışlarda iştirak edirəm.
Əgər dünyaya təzədən gəlsəydim,
yenə də idmanı özümə sənət seçərdim.
- Hobbiniz varmı?
- Üzgüçülük hobbimdir. Boş vaxt tapanda
üzgüçülüklə
məşğul oluram.
- Qalib gəlməyin şərtləri daha çox kimdən
asılıdır: öyrədəndən, yoxsa öyrənəndən?
- Mənə elə gəlir ki, öyrədənin
üzərinə daha böyük məsuliyyət düşür.
Hər bir elm sahəsini, hər bir peşəni, o cümlədən
də idmanın istənilən bir sahəsini uşaqlara sevdirmək, dərk
etdirmək, mahiyyətini açmaq əsas şərtdir. Elə
etmək lazımdır ki, öyrətdiyin şəxs sənin
ona öyrətdiklərini sevsin, bezib qaçmasın.
- İdmançının həyat tərzi?
- Şəxsən mən vaxtımın
demək olar ki, əsas hissəsini
məşqlərə sərf edirəm. Hər məşqdən
sonra mütləq dincəlmək, yorğunluq hissini
çıxarmaq lazımdır ki, növbəti məşqə
başlaya biləsən.
Boş vaxt tapanda da, təbii ki,
ata-anamın, bacı-qardaşımın yanında olmaq istəyirəm.
- Məşqçilərinizə
münasibətiniz?
- Bizim fərdi məşqçilərimiz
klublarda fəaliyyət göstərirlər. Bura isə Azərbaycan
Güləş Federasiyasının
yunan-Roma güləşi üzrə respublika
yığma komandasının məşq
zalıdı.
Əvvəl bizim məşqçilərimiz
türklər idi, hazırda isə iranlılardır. Məşqçinin
əsas işi bizim xırda texniki
səhvlərimizi görüb qeyd etmək, onu bizə
başa salıb aradan
qaldırmağa nail olmaqdır. Biz adətən məşqçilərimizin
qeydləri əsasında məşq edir, səhvlərimiz
üzərində işləyirik. Məşqçi kənardan
durub baxmalı, iki dəqiqə ərzində səhvlərimizi
bircə-bircə yazıb sonra
bizə deməlidir ki, biz də növbəti məşqimiz
zamanı həmin səhvlərin təkrarlanmasına yol verməyək.
İdman yeganə sahədir ki, burada
sözə deyil, əmələ üstünlük verilməlidir.
O məşqçi ki, öyrətdiyi idmançıya
qüsurları, texniki xətaları necə aradan
qaldırmağı başa salmaq əvəzinə "qorxma,
kişi kimi vuruş" deyir, onda, o, aciz məşqçidir.
Kim ki, sözə yox, məşqə, əmələ
üstünlük verir, onun yetirməsi hər zaman qalibiyyət
qazana biləcək.
- Qalib gəlməyin bir sirri varmı?
- Məşqlərlə yanaşı,
psixoloji cəhətdən də idmançı
özünü qalibiyyətə
kökləməlidir. Hər bir idmançı qalib gəlmək,
etdiyi məşqlərinin nəticəsini görmək istəyir.
İstədiyin məqsədə çatmaq üçün
gərək iradəcə möhkəm, prinsipial olasan.
- Güləşçi üçün
çəki problemi varmı?
- Təbii ki, idmançı hər zaman
formada qalmağı bacarmalıdır.
Yarışlarqabağı
çəkiyə nəzarət etmək xüsusilə
vacibdir.
Mən, ümumiyyətlə, indiyə kimi
çəki problemi ilə qarşılaşmamışam.
Yeniyetmələr arasında keçirilən yarışlarda
ilk dəfə 42 kq çəki ilə, sonralar 60 kq və
66 kq çəki ilə güləşmişəm.
Üç ilə
yaxındır ki, 74 kq
çəki ilə güləşirəm. Demək olar ki,
stabil çəkidəyəm. Onu da qeyd edim ki, heç bir
xüsusi pəhrizim yoxdur, siqaretdən, alkoqoldan hər zaman uzaqda durmağı bacarıram.
Çəki dərəcəsi insanın
özündən çox
asılıdır. Təbii ki, kim hansı çəki dərəcəsində
güləşmək istərsə, güləşə bilər.
Amma fərdi yanaşdıqda, nəzərdə
tutulmayan hər bir artıq kiloqram güləşçi
üçün əlavə problem yarada bilər.
- Emin, idmanın ailə həyatı
qurmağa bir maneçiliyi varmı?
- Bəzən deyirlər ki, ailə qurmaq
idman karyerasına son qoymaq deməkdir. Mən bu fikirlə qətiyyən
razı deyiləm. Doğrudur, mən özüm də hələ
ailə qurmamışam. Ancaq, zənnimcə idmançı
özünə nəzarəti hər zaman diqqətində
saxlaya bilirsə, onun idman sahəsindəki göstəricilərinə
istər ailənin, istərsə də övladın heç
bir maneçiliyi ola bilməz. İnşallah, yaxın gələcəkdə planlarımın sırasında ailə
qurmaq da var.
- Qalibiyyətin dadı necədir?
- Yarışlarda qalib gələndə Azərbaycan bayrağını
qaldırmaq şərəfini qazanırıq. Bilirsiniz, o anlar
necə də unudulmaz anlardı?! Bu səadət iki dəfə
mənə nəsib olub: 2001-ci
ildə İranda, 2002-ci ildə isə Türkiyədə
keçirilən yarışlarda.
Təsəvvür edin ki, mən hansısa
xarici ölkədə Azərbaycan bayrağını
qaldırıram, mənim valideynlərim, doğmalarım, həmvətənlərim
ekranda bu görüntüləri seyr edib fərəhlənirlər.
Çox qürurverici, xoş hisslər
yaşamışam o anlarda...
2012-ci ilin
XXX Yay Olimpiya Oyunlarının
nəticələrindən
sonra ölkə Prezidenti biz
idmançıları təntənəli
şəkildə qəbul etdi, bizimlə maraqlandı, əməyimizi
qiymətləndirdi.
Cənab Prezidentimiz İlham Əliyev tərəfindən "Tərəqqi"
medalına layiq görüldüm. Mənzillə təmin
olundum.
Hazırda Azərbaycan
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında
ali təhsil alıram.
- Emin, sabaha hansı arzularla gedirsən?
- Hərdən beynəlxalq
yarışlarda düşmən ölkənin
idmançıları ilə
qarşılaşdığım vaxtlar da olub. Bir dəfə
məğlub, iki dəfə isə qalib olmuşam.
Ümumiyyətlə, onlarda bir cəhəti
müşahidə etmişəm ki, sanki bizimlə tatamiyə
çıxmaqdan çəkinirlər. Özlərini bizim
yanımızda elə bil ki, gözükölgəli hesab
edirlər.
İdmanın özü də siyasətin
bir növüdür. Dünyada
prezidentlərdən sıravi vətəndaşlara qədər
hamı idmana maraq göstərir,
beynəlxalq yarışları izləyir.
Hər
hansı bir ölkənin bayrağı qalxan anda, bütün
izləyicilər o ölkənin adını eşidirlər.
İştirakçı ölkələrdən beynəlxalq
yarışmalara gələnlərin
bəzilərinin Azərbaycan
haqqında təsəvvürləri olmayıb. Ancaq
bayrağımız qaldırılan anlarda bir an əvvəl
barəmizdə məlumatsız olanlar da bizi alqışlara qərq
ediblər.
Bunları
niyə yada salıram?
Hər
bir normal insanın istəyidir
ki, işğaldan azad bir ölkənin vətəndaşı
olsun. O cümlədən mənim də.
Açığı bundan böyük arzum yoxdur.
Söhbəti yazdı:
Ellada UMUDLU
P.S.
Emin, siz idmançıların beynəlxalq yarışlarda
qaldırdıqları bayrağımız o gün olsun ki,
ordumuzdakı cəngavərlik salnaməsini yazacaq
oğullarımızın əllərilə Şuşadakı,
Laçındakı ən uca zirvələrdə
dalğalansın.
Azərbaycan
müəllimi.- 2013.- 14 iyun.- S.7.