Universitet - iş dünyası əməkdaşlığına dair beynəlxalq konfrans

 

İyunun 7-də Qafqaz Universitetində bu ali təhsil müəssisəsinin və Türkiyənin Fatih Universitetinin birgə təşkilatçılığı ilə "Universitet - iş dünyası əməkdaşlığı" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycandan dövlət və özəl sektora aid müəssisələrin nümayəndələri, iş adamları, mütəxəssislər və tələbələrlə yanaşı qardaş Türkiyədən də xeyli mütəxəssis və iş adamı iştirak etmişdir.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Ferruh Tığlı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Rüfət Hüseynəliyev, TUSİAB İdarə Heyətinin sədr müavini Nəcməddin Tasbai, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, Fatih Universiteti Daimi İnkişaf Mərkəzinin müdiri Halil Zaim, Türk Hava Yolları Aviasiya Akademiyasının rəhbəri, professor Şahin Karasar beynəlxalq konfransın açılışında çıxış edərək onun əhəmiyyətini yüksək dəyərləndirmiş, universitet - iş dünyası əməkdaşlığının təsərrüfatın müxtəlif sahələrində mövcud olan problemlərin birgə həllində mühüm rol oynadığını bildirmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, belə bir yanaşma universitetin fəaliyyətini daha da səmərəli edir. Universitetdə həyata keçirilən fəaliyyətlərin iş dünyasının problemlərinin həllində müsbət rol oynaması isə iş adamlarının əməkdaşlığa maraq göstərməsinə səbəb olur. İş dünyasının təmsilçiləri olan şirkətlərin daim inkişaf etmə, böyümə maraqları universitetlərdə formalaşdırılmış ekosistemlərin imkanları ilə təmin edilir. Universitetlərdə sənayeçilərin maraqlarını təmin edən ekosistemlər isə universitet - iş dünyası əməkdaşlığının səmərəli nəticəsidir.

"Universitet və sənaye inkişafında qlobal inkişaflar", "Universitet və sənaye əməkdaşlığında təhsilin əhəmiyyəti: fürsətlər və təhdidlər", "İş dünyası baxımından universitetlə əməkdaşlıq", "Türkiyə-Azərbaycan əməkdaşlığında fürsətlər və təhdidlər" mövzuları əsasında müzakirələrin aparıldığı konfransda "Azərsun Holdinq" şirkətinin prezidenti Abdulbari Goozal, Türkiyə Hava Yolları Akademiyasının rəhbəri Şahin Karasar, Mərmərə Universiteti Daimi İnkişaf Mərkəzinin müdiri Mehmet Ersoy, Qafqaz Universitetinin prorektoru Şahin Durmaz və başqaları çıxış etmişlər.

Konfransda universitet - iş dünyası əməkdaşlığının müxtəlif sahələrində səmərəli inkişafın metodları, eləcə də qarşıya çıxan problemlərin həlli istiqamətində mütəxəssislər tərəfindən təqdimatlar olmuşdur.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2013.- 14 iyun.- S.6.