Bizim qürur
yerimiz
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin şəhid tələbələri
"Torpaq
- uğrunda ölən varsa, Vətəndir!". Böyük
türk şairi və mütəfəkkiri
Tofiq Fikrətin bütün türk dünyası
üçün aforizmə çevrilmiş bu misrası Yer
üzündə yaşayan 200 milyondan çox türk
övladlarına hərbi çağırışdır, vətənpərvərlik
marşıdır. Doğma Azərbaycanımızın zorla
Qarabağ müharibəsinə cəlb edildiyi gündən elə
bu marşın qəhrəmanlığa
çağırış sədaları Azərbaycan Dövlət
Pedaqoji Universitetinin (ADPU) ibtidai hərbi hazırlıq və
fiziki təlim (indiki coğrafiya və
çağırışaqədər hazırlıq)
fakültəsini bitirib zabit rütbəsi alan məzunlarını
və eləcə də tələbələrini
Vətən torpaqlarının azadlığı uğrunda
döyüşlərə səfərbər etdi.
ADPU-nun
coğrafiya və çağırışaqədər
hazırlıq fakültəsinin məzun və tələbələrindən
Qarabağ müharibəsində həlak olanların sayı
30 nəfərdir. 1995-ci ildə adıçəkilən
fakültənin fəaliyyət göstərdiyi 3 saylı tədris
binasının həyətində şəhidlərin
adını əbədiləşdirən lövhə vurulub.
Ancaq təəssüf ki, abidə - kompleksdə onlardan ancaq 16
nəfərinin fotosurətini əks etdirmək mümkün
olub. Səbəb də budur ki, onların əksəriyyəti
işğal olunmuş rayonlardan olduğuna görə
hamısı haqqında ətraflı məlumat toplamaq, abidə
- kompleks üçün fotolarını əldə etmək
mümkün olmayıb. Yeri gəlmişkən, qeyd edək
ki, ADPU-nun şəhid olmuş məzun və tələbələrindən iki nəfəri
"Azərbaycanın Milli Qəhrəmanı" fəxri
adına, daha iki nəfəri isə
"Azərbaycan Bayrağı" ordeninə layiq
görülüb.
Onlarla siz də tanış olun:
İbrahimov M.M. (1959-1992-ci il).
Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı"
fəxri adına layiq görülmüşdür.
Quliyev M. (1952-1992). Ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri
adına layiq görülmüşdür.
Rzayev A.M. (1968-1993). Ölümündən
sonra "Azərbaycan Bayrağı" ordeninə layiq
görülmüşdür.
Bayramov M.Y. (1964-1990). Ölümündən
sonra "Azərbaycan Bayrağı" ordeninə layiq
görülmüşdür.
Məmmədov M.A.(1959-1994).
Ölümündən sonra "Azərbaycan
Bayrağı" ordeninə layiq
görülmüşdür.
Ələkbərov H.H. (1968-1992)
Salıfov İ.N.(1967-1992)
Qasımov N.T.(1961-1992)
Abbasov S.S. (1966-1992)
İsmayılov V.M.(1968-1993)
Əsədov İ.M.(1967-1992)
Qədirov E.Ə.(1961-1994)
Hüseynov E.A.(1972-1992)
İsmayılov İ.D. (1967-1995)
Bünyadov V.F.
Kərimov M.
Həmin çətin, qanlı-qadalı
günlərdə bu yazının müəllifi, eyni zamanda
baş müəllim R.Rəsulov, A.Əmiraslanov, Ə.Mehdiyev,
Ş.Allahquliyev, Y.İsmayılov, F.Fərzəliyev və
başqaları tələbələrlə birlikdə tərbiyəçi-müəllim
kimi döyüş bölgələrinə ezam
olunmuşduq.
1992-ci ilin fevralında tələbələrimizlə
təlim-məşqlərdə olduğumuz dövrü
yaxşı xatırlayıram. Tələbələrimiz Qəbələ
rayonundakı turizm bazasında yerləşdirildi. Ayxan adlı
türk zabitinin bilavasitə rəhbərliyi ilə ciddi hərbi
təlim-məşqlər keçirilirdi. Müxtəlif hərbi
döyüş xarakterli manevrlərin icrası, silahla rəftar,
onu işlətmək qaydaları, atıcılıq, səhər
saat 6-da dağlara qalxmaq, qalın meşələri yarıb
keçmək, meşə və dağlarda hücumetmə və
müdafiə şərti manevrləri, müxtəlif relyeflərdə
güllə atıcılığı, şərti
nişanalmalar, müxtəlif idman yarışları bu təlim-məşqlərə
daxil idi.
Biz müəllimlər də tələbələr
kimi hərbi geyimdə idik. Hərbin qayda-qanunlarına, əsasnamələrinə
ciddi riayət edirdik. Bir sözlə, tələbə-müəllim
münasibətləri ciddi tənzimlənir, eyni bir istiqamətə
yönəldilirdi.
Hərbi-fiziki hazırlıq məşqləri
hərbçilərin və müəllimlərin diqqət mərkəzində
və daimi nəzarətində olurdu. 60-80 sm qalınlıqda
qar düşməsinə baxmayaraq, hər gecə saat 2-3 radələrində
yataq otaqlarında yoxlamalar aparır, tələbələrlə
söhbət edir, zəruri tövsiyələrimizi verirdik. Tələbələr
də öz növbəsində bizi diqqətlə dinləyir,
arzu və təkliflərini bildirirdilər. Təlim-məşqlər
3 aya yaxın davam etdi. Sonra tələbələrimizdən
bir qismi təhsil almaq üçün universitetə
döndü, bir qismi isə Vətən torpaqlarını
qorumaq üçün döyüş bölgələrinə
yollandı. Təhsillərini davam etdirmək üçün
universitetə dönən tələbələr də təhsillərini
başa çatdırandan sonra Laçın, Şuşa,
Füzuli, Qubadlı uğrunda gedən döyüşlərə
qatıldılar.
1992-ci ilin may ayında Füzuli, Cəbrayıl,
Şuşa, Laçın rayonlarının cəbhə
bölgələrində cəmləşən məzunlarımızla
iş aparmaq, onların vəziyyətini öyrənmək məqsədilə
bir qrup müəllim könüllü olaraq həmin rayonlara
ezam olunduq. Onların arasında yenə bu yazının müəllifi,
eyni zamanda A.Əmiraslanov, Ə.Mehdiyev və başqaları da
var idi. A.Əmiraslanov Laçın, R.Rəsulovla mən isə
Füzuli və Cəbrayılın cəbhə bölgələrinə
getdik. Biz məzunlarımızın böyük ruh yüksəkliyi
ilə şəhər və kəndlərimizi müdafiə
etdiklərinin, düşmənin hücumlarına mətinliklə
sinə gərdiklərinin canlı şahidi olduq.
Coğrafiya
və çağırışaqədər hazırlıq
fakültəsində təhsil alan tələbələrin hər
yeni dərs ilinin ilk saatı yuxarıda qeyd etdiyimiz xatirə-kompleksin
önündə keçirilir. Xatirə-kompleksin önündə
Vətən torpaqlarının azadlığı uğrunda
canından keçmiş ADPU məzunlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilir, hərbçi-müəllim
ixtisasına yiyələnmək arzusunda olanlar ilk olaraq burada hərbçi-tələbə
andı içir, sələflərinin adına layiq
olacaqlarına söz verirlər.
Baloğlan QULİYEV,
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin idman fənləri kafedrasının
dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
Azərbaycan
müəllimi.- 2013.- 21 iyun.- S.7.